beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qədr gecəsi nədir?

İslami hədislərə əsasən, belə ehtimal edilir ki, Ramazan ayının 19-21-23-cü gecəlrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecədir. Bu haqda Allah-Taala Quranda belə buyurur:

“Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!” (Qədr surəsi, ayə 1)

Beləliklə, bu mətləb ayrı-ayrı surələrdə müxtəlif şəkillərdə açıqlanır. Məsələn, Bəqərə surəsində buyurur:

“(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir.” (Bəqərə, 185).

Qeyd etdiyimiz bu ayəlrdən nəticə alırıq ki, Qədr gecəsi mübarək Ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gecə olduğu haqqında Allah-Taala “Duxan” surəsində belə buyurur:

“Biz Quranı mübarək bir gecədə nazil etdik”.(Duxan surəsi, ayə 3)

Bu ayədən də Quranın Qədr gecəsi nazil olması məlum olur. Bu zaman belə bir sual ortaya çıxır ki, əgər Quran Qədr gecəsi nazil olmuşsa, bəs Peyğəmbərin (s) peyğəmbərliyi müddətində Ona nazil olan ayələr nədir?

Cavab olaraq deməliyik ki, Qurani-Kərim iki dəfə nazil olub: 1-ci dəfə Quran bütövlükdə Peyğəmbərin mübarək qəlbinə nazil olmuş, 2-ci dəfə ayə-ayə, surə-surə o Həzrətə nazil olmuşdur. 2-ci nüzul haqqında Allah-Taala belə buyurur: ”(Ya Peyğəmbər!) İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik”. (İsra, ayə 106)

Quran baxımından Qədr gecəsinin fəziləti

Qədr gecəsi başqa gecələrdən fərqlənir və böyük üstünlüklərə malikdir. Allah-Taala bu haqda buyurur: ”Sən nə bilirsən ki, Qədr gecəsi nədir? Qədr gecəsi min aydan daha xeyirlidir”.(Qədr surəsi ayə 2-3)

Hər kəs Qədr gecəsi ixlasla ibadət edərsə onun bu gecədəki ibadəti 1000 ayın (təqribən 84 il) ibadətindən üstün və fəzilətli olar.

Qədr gecəsi hədislərdə

İslami rəvayətlərdə Qədr gecəsinin fəziləti haqqında çoxlu hədislər nəql olunmuşdur. Bunu da demək lazımdır ki, İslam peyğəmbərindən əvvəlki peyğəmbərlərin dövründə onlar üçün Qədr gecəsi təyin edilməmişdir.

Bir gün Həzrət Peyğəmbər öz səhabələrinə İsrail tayfasının uzun ömürlü olması və onların 80 illik və daha artıq ibadətlərindən söhbət açdıqda onlar qibtə edərək dedilər: “İlahi! Nə olaydı, bizə də uzun ömr əta edəydin və biz də bütün ömrümüzü Sənə ibadət etməyə həsr edəydik!” Beləliklə, Allah-Taala Həzrət Peyğəmbərə bu ayəni nazil etdi:

“Qədr gecəsi min aydan daha xeyirlidir!” (Qədr surəsi, ayə 3). Allah bununla deyir ki, ey Mənim Peyğəmbərim, Mən sənin ümmətinə uzun ömr verməmişəm, lakin əvəzində onlar üçün gecələr içində bir gecə təyin edir və adını da Qədr gecəsi qoyuram. Kim o gecəni ibadətlə məşğul olarsa, ona 1000 ayın ibadətinin savabından artıq savab verərəm.

“Qədr gecəsi min aydan daha xeyirlidir” ayəsinin ardınca Allah buyurur: “ O gecə (Qədr gecəsi) mələklər və Ruh (Cəbrail) Rəbbinin izni ilə yerə enərlər” (Qədr surəsi, ayə 4)

O gecə mələklər yer üzünə enib Allahın aləmdə insanlara və cinlərə təyin etdiyi imamı, canişini ziyarət edərlər. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, hər dövrün bir imamı vardır. Allah hər bir zamanda peyğəmbərlər göndərmiş, İslam peyğəmbərindən sonra isə o Həzrətin yolunu davam edən imamlar göndərmişdir. Bu zamanın imamı da Həzrət Mehdidir və mələklər onu ziyarət edərlər.

Qədr gecəsi mələklər və Ruh Rəbbin izni ilə həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək hər bir işi icra etmək üçün Allah dərgahından əmrlər alaraq yerə enərlər. Bir nəfər İmam Baqirdən (Ona salam olsun) soruşdu: “Ey Allahın hüccəti, Qədr gecəsinin Ramazan ayının hansı gecəsi olduğunu bilirsənmi?” İmam Baqir (Ona salam olsun) buyurdu: ”Əlbəttə bilirəm. O gecə bütün mələklər yerə enərək bizi ziyarət edirlər”.

Hədisdən aydın olur ki, yer üzü heç vaxt hüccətsiz qalmayıb və Qiyamət gününədək də hüccətsiz olmayacaq və hər il Qədr gecəsi mələklər yer üzünə enib Allahın insanlar üçün təyin etdiyi İmamı ziyarət edib salamlayarlar. İslam peyğəmbərinin dövründə də mələklər Qədr gecəsi yer üzünə enib o Həzrəti ziyarət edirdilər. Həzrət Peyğəmbər (Salam olsun Ona və pak əhli-beytinə) buyurmuşdur:” Qədr gecəsi mələklər göydən yerə enib məni ziyarət edirlər. Məndən sonra Qədr gecəsi mələklər Əlini ziyarət edəcəklər. Əlidən sonra isə onun on bir övladını ziyarət edəcəklər”.

Allah-Taala Qurani-Kərimdə buyurur:

“O gecə dan yeri sökülənə kimi salamatlıqdır (əmin-amanlıqdır)” (Qədr surəsi, ayə 5). Yəni Allah Qədr gecəsi insanların dualarını qəbul edir və mələklər yerə enib insanları salamlayırlar. Qədr gecəsi gözəl bir gecədir və Allah-Taala o gecədə mərhəmət, sağlamlıq və əmin-amanlıq nazil edir.

Allah ibadət və dualarınızı qəbul etsin!


Tarix: 08.01.2013 / 11:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 746 Bölmə: Quran Haqqında