beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əsirlikdə qətlə yetirilənlər

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında toplanmış faktlar Ermənistan Respublikasının əsirlikdə olan Azərbaycan vətəndaşlarına qarşı münasibətdə beynəlxalq hüquq normalarını tapdaladığını, o cümlədən "Müharibə qurbanlarının müdafiəsinə dair" 1949-cu il tarixli Cenevrə Konvensiyalarının həyata və ya şəxsiyyətə qəsd etmək, hər hansı şəraitdə öldürmək, şikəst etmək, qəddarcasına rəftar etmək və ya işgəncə vermək,insan ləyaqətinə toxunmaq kimi tələblərini kobud surətdə pozduğunu sübut edir.

Ermənistanın Azərbaycana hərbi təcavüzü zamanı dinc əhalinin kütləvi şəkildə öldürülməsi, Ermənistan Respubilkasında və Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində əsirlikdə saxlanılmış Azərbaycan vətəndaşlarının dəhşətli işgəncələr və mənəvi əzablara məruz qalması, amansız rəftar və ləyaqəti mütəmadi alçaltmaqla özünüöldürmə dərəcəsinə çatdırılması, soyuqqanlılıqla qətlə yetirilməsi, yaxud verilmiş işgəncələr nəticəsində vəfat etməsi söylədiklərimizə əyani sübutdur. Aşağıda bu faktların bir qismi göstərilir:

Erməni silahlı birləşmələri Xocavənd rayonunun işğalı zamanı (17.02.1992) Qaradağlı kəndindən girov götürdükləri 117 nəfər kənd sakinindən 80-ə yaxınını yerindəcə güllələmişlər. Bu barədə kənd sakinləri Seyyur Xanlar oğlu Nağıyev, Şahruz Əmirxan oğlu Əliyev və digərləri şahidlik edirlər.

Xocavənd rayonu Qaradağlı kənd sakini Həqiqət Yusif qızı Hüseynova ermənilərin 1992-ci ilin fevralında 10 nəfər həmkəndlisinin diri-diri yandırmalarının şahidi olmuşdur.

1993-cü ilin aprel ayının 1-də Ermənistan silahlı birləşmələriinin Azərbaycanın Kəlbəcər rayonuna genişmiqyaslı hücumu zamanı Ermənistanın Vardenis rayonundakı qərargah radiostansiyasından ("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan") bölgədəki bütün səyyar radiostansiyalara çatdırmaq üçün təcili əmr verilmişdir. Əmrdə əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarını, o cümlədən qocaları, qadınları və uşaqları təcili məhv edib basdırmaq tələb olunurdu. Tələsikliyə səbəb azərbaycanlılar barəsində törətdikləri vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlətmək olmuşdur. Erməni hərbi birləşmələri komandirlərinin efirdəki bu radiodanışığının mətni Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin radioəkskəşfiyyat xidməti tərəfindən 1993-cü ilin aprel ayının 6-7-də lentə alınmışdır.

Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin 15 dinc sakini ermənilər tərəfindən yerindəcə qətlə yetirilmişdir. Bunların arasında Məhəmməd Əmralıyev, Surxay Əmralıyev, Çingiz Əmralıyev, Aygün Əmralıyeva, Büsat Əhmədova və Çiçək Həsənova də olmuşdur. Bu barədə Xasay Məhəmməd oğlu Əmralıyev və Binnət Abduləli oğlu Əhmədov şahidlik edirlər.

İmarət Məmişovanın ifadəsinə görə, o Kəlbəcər rayonunun işğalı zamanı iki az-yaşlı uşağı ilə girov götürülmüşdür. İmarət Məmişovanın gözləri qarşısında ermənilər səkkiz mülki şəxsi, o cümlədən, onun səkkiz yaşlı oğlu Talehi güllələmiş və meyidləri yandırmışlar. Bundan sonra ermənilər onun özünü, 10 yaşlı oğlu Yadigarı, digər qadın, uşaq və qocaları Xankəndinə apararaq dəhşətli işgəncələrə məruz qoymuşlar.

Erməni girovluğundan 1994-cü ildə azad edilmiş Əhmədovlar ailəsinin şəhadətinə görə, 17 avqust 1993-cü il tarixdə ermənilər Füzuli rayonu Qacar kəndinin 25-dək dinc sakinini onların gözləri qarşısında güllələmişlər.

Erməni girovluğunda olmuş Həsən Məcid oğlu Hüseynov 1993-cü ildə Horadiz-Füzuli yolunda 40-dək dinc əhalinin ermənilər tərəfindən öldürüldüyünü bildirir.

16 fevral 1994-cü ildə Ermənistan Respublikası Xarici İşlər Nazirliyi guya qaçmağa cəhd edərkən atışma zamanı 8 azərbaycanlı hərbi əsirin öldürüldüyünü bəyan etmişdir. Bakıda meyidlər üzərində keçirilən məhkəmə tibbi ekspertizası zamanı Beynəlxalq Hüquq və Sosial Təbabət Akademiyası Rəyasət Heyətinin və Böyük Britaniyanın "Həkimlər insan hüquqları uğrunda" təşkilatının üzvü, professor Derek Paunder azərbaycanlı hərbi əsirlərin eyni silahdan (tapança) gicgah nahiyəsinə yaxın məsafədən açılan atəş nəticəsində qətlə yetirildiyini bildirmiş və əsirlərin guya "qaçmağa cəhd edərkən" öldürülməsi fikrini rədd etmişdir.

Girovluqdan qayıtmış Niyaz Balay oğlu Zeynalov bildirir ki, ermənilər girov götürdükləri, Şuşa rayonu Quşçular kənd sakinləri 1910-cu il təvəllüdlü Səriyyə Tağı qızı Zeynalovanı, 1920-ci il təvəllüdlü Yeganə Dadaş qızı Mədətovanı və Mövsüm Əbdülrəhim oğlu Əhmədovu 11 fevral 1992-ci il tarixdə diri-diri yandıraraq qətlə yetirmişlər.

61 yaşlı keçmiş girov Budaq Əli oğlu Alışanov erməni əsirliyində 5 azərbaycanlının Drmbon kəndində (Dağlıq Qarabağ) ağır fiziki işlərdə qul kimi istifadə edilərək öldürdüyünün şahidi olmuşdur.

Əsirlikdən azad edilmiş İsrayıl Sarif oğlu İsmayılov təsdiq edir ki, ermənilər girov götürdükləri üç azərbaycanlının başını erməni qəbri üstündə kəsmişlər.

Laçın rayonunun sakini Səmayə Kərimova 2 yaşlı qızı Nurlanəyə və özünə verilən işgəncələrə dözməyərək erməni əsirliyində intihar etmişdir.

18 may 1992-ci il tarixdə Laçın rayonunun işğalı zamanı ailələri ilə birlikdə girov götürülmüş 1977-ci il təvəllüdlü Taleh Mədət oğlu İbişovun bildirdiyinə görə, ermənilər onun atası Mədət Əvəz oğlu İbişovu və bacısı, 1967-ci il təvəllüdlü Yeganə Mədət qızı İbişovanı vəhşicəsinə öldürmüşlər.

1973-cü il təvəllüdlü İlham Nəsirov əsirlikdə uzun müddət ac-susuz saxlanıldığından 23 noyabr 1993-cü il tarixdə Yerevan hərbi hospitalında kəskin kaxeksiya diaqnozundan vəfat etmişdir.

Erməni əsirliyində ölmüş 20 yaşlı Fərhad Rəhman oğlu Atakişiyevin meyidinin qalıqlarının məhkəmə-tibbi ekspertizası sübut etmişdir ki, o müntəzəm döyülmələr və ağır işgəncələr nəticəsində qətlə yetirilmişdir

Yardımlı rayonu sakini Heydər Heydərov Şuşa həbsxanasında ermənilər tərəfindən verilmiş müntəzəm işgəncələr nəticəsində ölmüşdür. (24.12.1994) Bu barədə keçmiş əsirlər Həbib Əliyev, Əvəz Muxtarov, Əbulfət Qasımov və digərləri şahidlik edir.

Erməni əsirliyində olan Xocalı şəhər sakini Faiq Şahmalı oğlu Əliməmmədov Gəncə şəhərinin adını "Kirovabad" demədiyinə görə, erməni hərbçisi tərəfindən güllələnmişdir. Bu barədə Zülfi İbrahim oğlu Məmmədov, Məmməd cümşüd oğlu Məmmədov və digərləri şahidlik edir.

Əsirlikdən azad edilmiş Abuzər Manafovun, Həsən Hüseynovun və Aydın Əziz oğlu Məhərrəmovun ifadəsinə görə, 14 fevral 1994-cü il tarixdə Şuşa həbsxanasında saxlanarkən Kolya, Slavik və Qor adlı nəzarətçilər əslən Beyləqan rayonundan olan İlqar Ənvər oğlu Qurbanovu müntəzəm işgəncələr verərək öldürmüşlər.

1962-cı il təvəllüdlü Şəmkir rayon sakini Fikrət Həsən oğlu Hüseynov müntəzəm döyülmələr və işgəncələr nəticəsində 28 iyun 1993-cü il tarixdə erməni əsirliyində vəfat etmişdir. Əsirlikdən azad edilmiş Bəxtiyar İbrahim oğlu Tağıyev və Mətləb Şiraslan oğlu Allahverdiyev bu faktın şahidləridir. Bakıda keçirilmiş məhkəmə-tibbi ekspertizası zamanı Fikrət Həsən oğlu Hüseynovda qabırğa sınıqları aşkar edilmişdir.

Əsirlikdən azad edilmiş Zöhrab Nadir oğlu Heydərov 21 may 1993-cü il tarixdə Şuşa həbsxanasında, 1973-cü il təvəllüdlü Zahid Nəsibulla oğlu Əmrullayevin erməni nəzarətçiləri tərəfindən boğularaq qətlə yetirildiyini bildirmişdir.

Girovluqdan azad edilmiş Maşallah Bəndəliyev bildirmişdir ki, 1992-ci ilin mayında Xankəndində qaracda saxlanılarkən qaracın sahibi Mero və Sarkisyan Vazqen adlı digər erməni bir nəfər adını bilmədiyi lal girova əvvəl müxtəlif dərəcəli işgəncələr vermiş, sonra isə onun başını kəsmişlər.


Tarix: 08.01.2015 / 14:15 Müəllif: Feriska Baxılıb: 174 Bölmə: Qarabağ müharibəsi