beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər qadına 5 dost

Görəsən, biz qadınlar ömrümüz boyu neçə dosta ehtiyac duyuruq? Hər birimiz bilirik ki, dost olmadan, dostluq hissini dadmadan yaşamaq mümkün deyil. Hər kəsin dosta, dostluğa ehtiyacı olur. Tədqiqatlara görə, hər bir insan uşaqlıq çağlarından etibarən həyatı boyunca ən az beş dosta ehtiyac duyur. Məhz həmin 5 dostun kimliyi və həyatımızdakı əhəmiyyətli rolu haqda yazacağam.

1. Orta məktəb dostu

Evindən, adət etdiyi oyuncaqlarından, valideynlərindən kənar bir dünyaya ilk addımını atan uşağa dost çox lazımlıdır. Dostu sinif yoldaşı olarsa, birlikdə "yad dünyaya” daha tez alışar və çətinlik çəkmədən sıxıntılarından xilas olar. Məhz dostunun da hər gün tezdən oyanıb məktəbə gəlməsini, dərsdən sonra evinə tələsməsini görməsi, bilməsi olduqca vacibdir. Bu yaşlarda qurulan dostluq insanın həyatında xüsusi yer tutur.

2. Universitet dostu

Uşaqlıq çağı bitdikdən sonra gənc qızın həyata hazır olması və bu həyatın verə biləcəyi sınaqlardan məharətlə çıxa bilməsi üçün dosta ehtiyacı var. Eyni zamanda ilk sevgi hissi ilə bu yaşlarda tanış olduğundan sirdaşa, qəlb dostuna, etibar edə biləcəyi bir insana ehtiyac duyur. Çox vaxt gənclik çağında qızlar ana və bacısına etiraf etməyə çəkindiklərini dostuna deyə bilir. Bəzən bu illərdəki dostluq əbədi olur, bəzən isə qısa ömürlü. Yetər ki, düzgün insanla uyğun vaxtda dostluq etmiş olasan.

3. Ananın dostu

Bir qadın üçün həyatında ilk dəfə analıq hissi ilə tanış olmaq çox gözəldir. Yuxusuz gecəsi və gündüzü olan yeni ananı anlaya biləcək, onunla bənzər həyatı yaşayan ana ilə dostluğa ehtiyacı var. Yuxusuzluqdan əziyyət çəkməmək üçün çarə axtarmaqda, körpəsinə qulluq etməkdə çətinlik çəkdiyi bəzi məqamlar haqda soruşa biləcəyi, məsləhət ala biləcəyi insana ehtiyac duyur. Körpəsi ilə hər gün gəzəcəyi yaxın parklarda yeni ana olmuş qadınlarla daha tez ünsiyyət qurar, dost olarlar. Bu dostluqlar bəzən uzun ömürlü, bəzən də qısa ömürlü hesab edilir.

4. İş dostu

Qadınlar iş həyatında fərqli təbiətə malik insanlarla ünsiyyət qurub, fikir paylaşırlar. Əlbəttə, hər bir iş yerində hər kəslə münasibət eyni olmur. İş yoldaşı kişi və ya qadın ola bilər. Onlarla həftə içi ən az beş gününü paylaşır, birlikdə nahar edir, çiyin-çiyinə işləyirlər. İş dostluğu qadın və ya kişi olmağından asılı olmayaraq qısa ömürlü dostluq hesab edilir.

5. Dar günün dostu

Hər bir insanın həyatında arzuedilməz hadisələr yaşanır. Məsələn: ölüm, xəstəlik, boşanma, ayrılıq və s. Məhz belə anlarında insan öz yanında dərdinə şərik çıxacaq, ona dəstək ola biləcək dosta ehtiyac duyur. Və əgər belə bir anda yanınızda dostunuz varsa, sizə dayaq olursa, demək həmin dost bütün bu sadaladığım dostlardan da dəyərli və yaxındır. Məhz dar günün dostu həyatımızda qazana bildiyimiz əsl dostumuz hesab edilir.


Tarix: 10.01.2015 / 11:53 Müəllif: Aziza Baxılıb: 174 Bölmə: Qadın dünyası