beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allahın yaranmışlara rəhmət təcəllası Muhəmməd(savavs)Tövrat və İncildə.

Tövratda
İslam Peyğəmbəri Qurani-kərimdə müsəlmanlar üçün ən gözəl ülgü kimi xatırlanmışdır. Bu böyük şəxsiyyətin barəsində 1400 illik İslam tarixi boyunca minlərlə kitab yazılmış, onun həyat və fəaliyyətinə, elmi və əxlaqi məziyyətlərinə müxtəlif baxımlardan nəzər salınmışdır. O həzrətin barəsində indiyə kimi Quran və İslam işığında kifayət qədər tədqiqatlar aparıldığı və Azərbaycan oxucuları bu materiallarla az da olsa, tanış olduqları üçün, biz bu böyük bayram münasibətilə məsələyə qeyri-ənənəvi və daha az işıqlandırılmış cəhətlərdən yanaşmağı lazım bildik. Aşağıda Həzrət Məhəmməd peyğəmbər (s) barəsində “Tövrat” və “İncil”də mövcud olan məlumatları diqqətinizə çatdırırıq.

Keçmiş peyğəmbərlərin kəlamında, habelə həmin kəlamlara yazılmış şərhlərdə yazılmışdı ki, Allahın sonuncu peyğəmbəri Ərəbistandan çıxacaq. Bu mənbələrdə Məhəmməd peyğəmbərin (s) bəzi nişanələri də aydın təsvir olunmuşdu. Məhz həmin mənbələrlə tanış olduqlarına görə, bir neçə nəfər yəhudi və xristian rahibi peyğəmbərimizi tanımış və ona iman gətirmişdi.
Musa (ə) Həzrət Məhəmməd (s) barədə müjdə verir
Tövratın «Təsniyə» (rusca «Vtorozakonie») kitabının 18-ci fəslində Allahın Həzrət Musaya (ə) söylədiyi sözlər verilir. Allah buyurur:
«Mən onlara (İsrail övladlarına) qardaşları arasından sənə (yəni Musaya) bənzər bir peyğəmbər təyin edəcəyəm; mən öz sözlərimi onun dili ilə deyəcəyəm; o yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək» («Təsniyə» kitabı, 18-ci fəsil, 18-ci cümlə).
Bəzi Bibliya şərhçiləri burada «Musaya bənzər» adlandırılan şəxsin Həzrət İsa Məsih (ə) olduğunu əsaslandırmağa çalışırlar. Lakin aşağıda göstərildiyi kimi, haqqında danışılan şəxs İslam peyğəmbəri Həzrət Məhəmməddir (s).
Məlumdur ki, Həzrət Məhəmmədin də mənsub olduğu ərəb milləti İbrahim peyğəmbərin (ə) oğlu İsmailin (ə) nəslindən törəyib. Bəni-İsrail isə İbrahimin (ə) digər oğlu İshaqın (ə) oğlu Yəqubun (ə) nəslindən ibarətdir. Demək, ərəblər və Bəni-İsrail mənşə etibarilə iki qardaşın törəmələri sayılırlar. Allah Həzrət Musaya (ə) xəbər verir ki, Bəni-İsrail üçün onların qardaşları arasından bir peyğəmbər seçəcək. Deməli, bu peyğəmbər ərəblərdən olmalıdır. Özü də elə bir peyğəmbər olmalıdır ki, missiyası yalnız bir milləti deyil, bir çox millətləri əhatə etməli və bəni-İsrail də ona tabe olmalıdır. İnsafla düşünün: göstərilən xüsusiyyətləri özündə daşıyan peyğəmbər Həzrət Məhəmməd (s) deyilmi?
Əlavə olaraq, bunu da qeyd etməliyik ki, Bibliyadakı: «Mən öz sözdərimi onun dili ilə deyəcəyəm; o yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək», - cümlələri Qurani-kərimin məşhur bir ayəsinin eynidir. Quranın «Nəcm» surəsinin 3-4-cü ayələrində Allah-təala Həzrət Məhəmməd peyğəmbərin (s) barəsində buyurur: «O, heç vaxt öz həvavü-həvəsi ilə söz deməz. Onun dediyi yalnız vəhydir».
Musa (ə) Məkkənin fəthini xəbər verir
Yenə həmin «Təsniyə» kitabının 33-cü fəslinin əvvəlində Həzrət Musa peyğəmbərin (ə) vəsiyyəti xatırlanır:
«Bu, Allah adamı Musanın ölümqabağı İsrail övladlarına verdiyi xeyir-duadır.
O dedi: «Rəbb Seynadan gəldi, onlara Sairdən göründü, Faran dağından təcəlla etdi və 10.000 nəfər müqəddəslə gəldi; onların sağ əlində Onun qanun məşəli var idi»» («Təsniyə» kitabı, 33-cü fəsil, 1-2-ci cümlələr).
Musanın (ə) vəsiyyətində üç məkan adı çəkilir: Seyna, Sair və Faran dağı. Seyna – həzrət Musanın (ə) özünə vəhyin gəldiyi dağın adıdır. Musaya (ə) bu dağda Tövrat nazil edilmişdi. Sair – İsa Məsih peyğəmbərin (ə) vəhy aldığı yerin adıdır. Maraq doğuran sual bundan ibarətdir ki, bəs Faran dağı harada yerləşir?
Faran dağının yeri barədə dəqiq məlumat almaq üçün yenə Tövratın mətninə müraciət edirik. Bibliyanın «Təkvin» kitabında (rusca «Bıtie») Həzrət İbrahim (ə) tərəfindən həyat yoldaşı Hacərlə körpə İsmailin (ə) səhraya atılması təsvir edilir. Həmin hadisənin sonunda belə deyilir:
«Və Allah yeniyetmə İsmail ilə idi; o böyüdü, səhrada yaşamağa başladı və oxatan oldu. O, Faran səhrasında yaşadı; anası onun üçün Misir torpağından arvad aldı» («Təkvin» kitabı, 21-ci fəsil, 20-21-ci cümlələr).
İnkaredilməz həqiqətdir ki, Həzrət İbrahim (ə) Hacərlə İsmaili (ə) Məkkə ətrafındakı səhrada azdırmışdı. (Əlbəttə, hələ o zamanlar Məkkə şəhəri yaşayış məskəni deyildi). On dörd əsrdir ki, hacılar Məkkə ətrafındakı Mərvə və Səfa təpələri arasında yeddi dəfə qaçaraq, susuz İsmail (ə) üçün su axtarmaq məqsədilə vurnuxub o tərəf-bu tərəfə qaçan hacərin hərəkətlərini təkrar edirlər. Həmin gün Allahın mərhəməti sayəsində körpə İsmailin (ə) ayağı altından çağlayıb axmağa başlamış Zəmzəm çeşməsi barədə kim eşitməyib? Hacərlə İsmailin (ə) Kəbəyə bitişik məzarları da onların məhz indiki Məkkə ərazisində yaşadıqlarını göstərir. Demək, «Bibliya»da adı çəkilmiş Faran səhrası Məkkə ətrafındakı ərazidir. Elə isə Faran dağının da Həra dağı ilə eyni olması şübhəsizdir. Beləliklə, aydın oldu ki, Rəbbin Faran dağından təcəlla etməsi – Həra mağarasında Həzrət Məhəmməd peyğəmbərə (ə) vəhy nazil olmasıdır.
Musanın (ə) vəsiyyətinin ikinci hissəsində xəbər verilir ki, Rəbb 10.000 nəfər müqəddəslə Farana gələcək. Hicrətin 8-ci ilində həqiqətən bu hadisə baş verdi: Həzrət Məhəmməd peyğəmbər (s) 10.000 nəfərlik qoşunla hərəkət edib Məkkə şəhərini tutdu. Musa (ə) özündən əsrlərlə sonra baş verəcək hadisələri peyğəmbərlik zəkası ilə irəlicədən görərək üstüörtülü şəkildə xəbər verirdi. Rəbb Allahın 10.000 nəfərlə Məkkəyə girəcəyi barədə xəbər həqiqi deyil, məcazi mənada qəbul edilməlidir. Müsəlmanlar tərəfindən Məkkənin fəthi zamanı şəhərə Allahın özü deyil, onun varlığına inam və məhəbbətlə dolu insanlar daxil oldular. Məkkəni fəth edənlərin hər biri öz qəlbində Allahı gətirdi. Həmin əlamətdar hadisədən sonra bütpərəstlərin müqaviməti qırıldı və Allahın «od saçan qanunu» - İslam şəriəti bütün Ərəbistana hakim oldu.
Burada mötəbər dualarımızdan birinin əsrarəngiz cümlələrini xatırlatmaq yerinə düşər. İmam Məhəmməd Baqir (ə) və İmam Cəfər Sadiqdən (ə) rəvayət edilən «Simat» duasında buyurulur: «İlahi, Seyna dağında zahir olmuş, bəndən və rəsulun Musa ibn İmranla (ə) danışdığın böyüklüyünə xatir! Sairdəki görüntünə (təcəllana) xatir! Faran dağındakı zühuruna xatir!..» Görünür, imamlar bu duada «Məkkə» deyil, «Faran» kəlməsini işlətməklə müsəlmanların diqqətini Tövrata doğru yönəltmək və keçmiş peyğəmbərlərin müjdəsi ilə onları tanış etmək istəmişlər.
Avvakum peyğəmbər (ə) İslamın inkişafı barədə xəbər verir
Bibliyada sayca 35-ci yerdə duran «Avvakum peyğəmbərin kitabı»nda da Məkkə ətrafından zühur edəcək peyğəmbər haqqında məlumat verilmişdir:
«...Müqəddəs şəxs Faran dağından zühur edəcək. Səma onun böyüklüyü ilə örtüldü, yer isə onun şərəfi ilə doldu... O qalxdı və yeri titrətdi, baxdı və xalqları vahiməyə saldı. Əsrlik dağlar yıxıldı, ilkin təpələr dağıldı. Onun yolları əbədidir» («Avvakumun kitabı», 3-cü fəsil, 3-6-cı cümlələr).
Göründüyü kimi, Avvakum peyğəmbər də Həzrət Məhəmmədin (s) ilahi risalətinin Məkkədən başlanacağını bilirmiş. Onun 1200 il öncədən verdiyi xəbərlər həyata keçdi. Həzrət Məhəmmədin (s) əzəməti qarşısında ən adlı-sanlı hökmdarlar, alimlər və cəngavərlər özlərini itirib məğlub oldular. Əsrlik dağlara və qədim təpələrə bənzədilən nəhəng imperiyalar müsəlman qoşununa baş əydi. Sasani və Bizans imperiyaları kimi azman dövlətlər İslamın bayrağı qarşısında diz çökdü. İslamın və onun böyük peyğəmbərinin şöhrəti dünyanı bürüdü.Həzrət Məhəmməd peyğəmbərin (s) şəriəti qiyamət gününədək öz gücünü saxlayır. Elə buna görə də Avvakum peyğəmbər buyurur: «Onun yolları əbədidir». Yəni Məhəmməd peyğəmbərin (s) gətirdiyi İslam dininin şöhrəti unudulmaz, hökmü qeyri-məhdud, qanunları ləğvedilməzdir.
İncildə
Bibliyada «Süleymanın nəğmələr nəğməsi» kitabı Həzrət Süleyman peyğəmbərin (ə) öz xəyali sevgilisi barəsində qoşduğu şerlərdən ibarətdir. Təsvir olunan sevgili obrazının xüsusiyyətlərindəki ziddiyyətlər bunu söyləməyə imkan verir ki, şerlərin mətni xeyli təhrif olunub dəyişdirilmişdir. Kitabın 5-ci fəslinin 16-cı cümləsində Həzrət Süleyman (ə) öz xəyali sevgilisini bu sözlərlə vəsf edir:
«Onun sözləri şirindir, o tamamilə lütfdür. Bax budur mənim məhbubum və mənim dostum, ey Yerusəlim qızları!»
Bu cümlə oxucuya bəlkə də adi görünə və qadın üçün yazılmış təsiri bağışlaya bilər. Səbəb – həmin cümləni orijinalda deyil, tərcümədə oxumağımızdır. Həzrət Süleymanın (ə) sözlərinin yəhudicə orijinalına diqqət yetirsək, aydın olar ki, bunlar adi insani hisslərin təsiri altında qadın cinsi üçün deyilməmişdir. Bu sözlərin dərin irfani məna yükü vardır və bizim araşdırdığımız mövzuya tamamilə uyğundur. Orijinalda cümlə belə səslənir: «Hikku məmtəqqim, vi kulu Məhəmmədim, zih dudi vi zih rii, binut Yiruşalam!» Demək, Süleyman peyğəmbər Allahın sonuncu rəsulu Məhəmməd əleyhissəlamı ən gözəl ifadələrlə vəsf edir və ruhani aləmdə onu «məhbubum», «dostum» adlandırırmış. Hazırki Bibliya mətnlərində «lütf» kimi tərcümə olunmuş kəlmə isə əslində İslam peyğəmbərinin adından savayı bir şey deyilmiş.
Təsəlliverici yox, Əhməd!
«Məryəmin oğlu İsa dedi: «Ey Bəni-İsrail, mən Allahın sizə göndərdiyi peyğəmbərəm. Məndən öncəki Tövratı təsdiqləyirəm və məndən sonra gələcək Əhməd adlı peyğəmbərlə sizi müjdələyirəm»» («Səff» surəsi, 6-cı ayə).
Həzrət Məhəmməd peyğəmbər (s) barəsində xəbərlər yalnız Əhdi-Ətiqdə (Qədim Əhddə) deyil, İncildə də qalmışdır. Biz kilsə tərəfindən qeyri-qanuni elan olunmuş Barnaba İncili barədə danışmayacağıq. Yalnız kilsənin qanuni mətnlərdən biri kimi tanıdığı İohann İncilindəki əlamətləri araşdıracağıq.
Həzrət İsa Məsihin (ə) öz həvariləi ilə son görüşü İohann İncilində ətraflı təsvir olunmuşdur. İsa (ə) yemək süfrəsi arxasında həvarilərlə halallaşıb onlara son tapşırıqlarını verirdi. İsanın (ə) sözləri tərcümədə belə səslənir: «Mən də Atadan (burada Allah nəzərdə tutulur) xahiş edərəm, o sizə başqa Təsəlliverici göndərər ki, əbədi olaraq sizinlə qalsın» (14-cü fəsil, 16-cı cümlə). «Ata tərəfindən sizə göndərəcəyim Təsəlliverici, yəni Atadan çıxan həqiqət ruhu gəldiyi zaman məni təsdiq edəcəkdir» (15-ci fəsil, 26-cı cümlə).
«Mən sizə düzünü deyirəm: mənim getməyim sizin üçün daha yaxşıdır. Çünki mən getməsəm, Təsəlliverici yanınıza gəlməyəcək. Əgər mən getsəm, onu sizə göndərərəm. O gələndə dünyadakı günahları, yalanları və haqsız hökmləri ifşa edəcək... O, yəni həqiqət ruhu gələndə sizi həqiqətə doğru hidayət edəcək. Çünki o özündən danışmayacaq, yalnız eşitdiyini deyəcək və gələcək barədə xəbər verəcək» (16-cı fəsil, 8-ci və 13-cü cümlələr).
Əvvəla, bunu deyək ki, o biri İncillər kimi İohann İncili də hal-hazırda yunan dilindədir. Halbuki Həzrət İsa (ə) və onun şagirdləri yunan yox, arami dilində danışırdılar. Demək, İncillərdəki heç bir söz İsanın (ə) dilindən çıxan kəlmələrin orijinalı deyildir. İohann İncilindəki Həzrət İsanın (ə) sözləri də (əgər həqiqətən onundursa) yalnız tərcümədir.
İohann İncilinin yunanca mətnində işlənmiş «Paraklitos» sözü «Təsəlliverici», bəzən isə «müdafiəçi, vəkil» kimi mənalandırılmışdır. Əslində isə «Paraklitos» sözü leksik baxımdan yunan dilinin tam ziddinədir və «Periklitos» kəlməsinin eybəcər hala salınıb dəyişdirilməsi nəticəsində yaranmışdır. İohann İncilinin ilkin yunan variantında «Priklitos» ifadəsi işlənmiş, sonralar qərəzli məqsəd üzündən dəyəşdirilib «Paraklitos» şəklinə salınmışdır.
Görəsən, bu təhrifin səbəbi nə olmuşdur? Bircə sözü dəyişdirməyin əhəmiyyəti çox böyükdürmü? Sonuncu suala tam cəsarətlə müsbət cavab verə bilərik. Bəzən uzun cümlələrin içində bircə sözü dəyişmək, yaxud yox etmək həmin cümlələrin məzmununda həlledici rol oynaya bilər.

Yunan dilindən tərcümədə «PERİKLİTOS» (PERIQLYTOS) «çox bəyənilmiş, çox təriflənmiş» mənalarını bildirir. Heç təsadüfi deyildir ki, bu sözlərin ərəb dilində qarşılığı «Əhməd»dir. «ƏHMƏD» də «çox təriflənmiş, çox həmd edilmiş» deməkdir. Deməli, Həzrət İsa (ə) həvarilərinə xitabən nitq söyləyərkən İslam peyğəmbərini ən məşhur ləqəbi ilə «Əhməd» adlandırmışdır. İncil qələmə alınarkən bu söz yunan dilinə «Periklitos» kimi tərcümə olunmuş, daha sonra təhrif edilərək «Paraklitos» (Təsəlliverici) şəklinə salınmışdır.

Bəli, bu həmin Məhəmməd peyğəmbər (s) – Əhməddir ki, Həzrət İsa (ə) onun insanlarla əbədi qalacağını (yəni şəriətinin əbədi olacağını), bəşəriyyəti doğru yola və həqiqətə sarı hidayət edəcəyini, günah və yalanların, haqsız hökmlərin iç üzünü açacağını, özündən deyil, Allah adından vəhylə danışacağını müjdə vermişdir.

Deyilənlər bir daha sübut edir ki, həqiqəti tamamilə aradan götürmək və izini itirmək mümkün deyildir. Bibliya mətni nə qədər təhrifə məruz qalsa da, «Allahın kəlamını pula dəyişmiş» rahiblər tərəfindən nə qədər dəyişdirilsə də, hələ bəzi həqiqətləri öz səhifələrində qorumaqdadır. İslam dininin yüksəlişi və qüvvətlənməsi naminə belə sirli həqiqətlər açılmalı və insanlara çatdırılmalıdır.


Tarix: 27.04.2013 / 15:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 502 Bölmə: Peyğəmbərlərin Həyatı