beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Bunu qadınlar tərcümeyi-halları kimi əzbərləməlidir"

"Allah xoşbəxt eləsin”, "Bir yastıqda qocalın”-gözəl xeyir-duadır, hə?! Nişan, toy günləri səbəbkarlara bu kimi gözəl arzular ünvanlanır...





Zaman yavaş-yavaş karvanını çəkib aparır, bu xeyir-dualar ya həyata keçir, ya da "qışda paltar sərilən iplərdə intihar etmiş buzlar kimi” insanların dodaqlarında donub qalır. Yollar yarıda ayrılır; yastıq bu "qocalığın” şahidi olmur; bir ev insan nəfəsinə həsrət qalır; bir ocaq sönür; çox vaxt neçə-neçə uşaq gözüyaşlı qalır, ata qayğısı görmür... Toz basmış mebellər, dağınıq yataq, bulaşıq qablar, soyuq divarlar haqda düşündünüzmü heç? Onların yaratdığı qorxunc mənzərəni göz önünə gətirdinizmi? Ya körpələrin tumara həsrtət saçları, yaşlı gözləri, həmişə "atam hanı” sualına baxışlarınızda cavab axtarmaları... Həyatın elə metafizik qanunauyğunluqları var ki, onlara adaptasiya olmaq çətin olur-bir insanın öz sevgilisinin gözlərindən oxuduğu xoşbəxtlik əsərlərini sonra divar kağızlarında axtarmaq kimi...

***

Bir müddət öncə toy məclisində deyib-gülüb, şənlənib, xeyir-dua verdiyimiz, "dünya evi”nə qədəm qoyduqları üçün təbrik etdiyimiz ailənin dağıldığı xəbərini eşidirik. Təməli möhkəm olmayan həmin "dünya evi”nin bir otağı uçur. Eynən məhvərindən çıxan dünyanın özü, zəlzələdən dağılan bir bina kimi... Bu zaman təsəllilərimiz "daldan atılan daş” misalı yersiz olur, heç bir əhəmiyyət kəsb etmir. Niyə o "otağın” özülü qoyulanda "xeyir-dua” verməyi unutduğumuzu da düşünə bilmirik. İndisə hər kəs taleyin söndürdüyü ocağın külü ilə oynamaqdadır...

***

Ailədaxili münaqişələr zamanı, ailələr dağıdıqdan sonra ən böyük zədəni uşaqlar alır. Hətta o dərəcədə ki... Nümunəyə baxaq: Nobel mükafatçısı Mario Varqas Lyosanın atası ilə anasının boşanması onu yazıçı edib. O, körpəliyindən atasız böyüyür. Özü müsahibələrinin birində atasının anası ilə barışdıqdan sonra onun həyatına necə təsir etməsini belə nəql edir: "Mən qorxu və tənhalıqla tanış oldum. Heç vaxt döyülməmişdim və birdən atam tərəfindən amansızca döyüldüm. Bu insan mənə tamamilə yad idi və dərhal ona nifrət etməyə başladım. O məni çox sevdiyim babamdan və nənəmdən ayırmışdı. Yaşantılarım mənim üçün yalnız şəxsi yox, həm də yazıçıkimi təcrübə verdi. Atam çox avtoritar və amansız idi. O, kitabla bağlı olan hər şeyə nifrət edirdi. Anamın ailəsində mən istedadlı uşaq sayılırdım. Bir şeir və ya hekayə yazanda onu bayram edirdim. Atam bundan xəbər tutanda dedi ki, yazıçılar pozğun və homoseksualdırlar. O, mənə yazmağı qadağan etdi və hərbi məktəbə göndərdi. Bununla da o, ilk romanım üçün material verdi... Yazmaq atamla yaşadığım zaman itirdiyim azadlığımı geri verdi.”

***

Ailələrin dağılması daha çox üç amillə-maddi sıxıntı, xarakterlərin fərqliliyi və seksual uyğunsuzluq ilə əlaqələndirilir. Komplekslərdən azad ola bilməməyimiz üçüncü amili çox vaxt "xarakterlərin üst-üstə düşməməsi” arqumentinin arxasında gizlədir-ər və arvad abırlarına qısılıb bunu açıb-ağartmırlar. Mütəxəssislərin apardığı araşdırmalara görə, boşanmaların təxminən 30 %-i seksual uyğunsuzluq zəminində baş verir.

Psixoloq Mətanət Həsənovanın fikirlərinə diqqət yetirək: "Boşanma halları müxtəlif səbəblərdən olur. Son dövrlər bu tendensiyanın arealı bir az da genişlənib. Artıq virtual aləm real həyata nüfuz etməkdədir. Sosial şəbəkələr də ailələrin dağılmasına bilavasitə öz təsirini göstərir. Statistika göstərir ki, boşanmaların çoxu intim uyğunsuzluq üzündən baş verir. İkinci sırada kənar müdaxilələr, üçüncü sırada isə maddi vəziyyət durur. Tərəflərin kompromisə getməsini stimullaşdırmaq lazımdır. Ailəsini qorumaq istəyən kəs kompromisə getməyi, çıxış yolu tapmağı bacarmalıdır. Gərəkirsə, psixoloqlara müraciət etsinlər. Və bir nüansı da unutmasınlar ki, ocağı söndürmək yox, istisinə qızınmaq lazımdır. Uşaqları ata-anasız böyütməsinlər...” Mətanət xanım seksual uyğunsuzluq üzündən dağılan ailələri dövrün bəlası hesab edir: "Tibb nə üçündür bəs? Həkimə müraciət etsinlər. Müalicə olunsunlar. Niyə ailələrini dağıdırlar ki? Bundan başqa, xasiyyətlərin üst-üstə düşməməsini tədbirini öncədən görmək lazımdır. Hər iki tərəf bir-birini dərindən tanımalıdı. Nədən xoşlanıb, nədən xoşlanmadıqlarına qədər bilməkləri məqsədəuyğundur. Valideynlər də bu işdə rol oynamalıdırlar. Qızların bu kontekstdə azadlıqları məhdudlaşdırılmamalıdır. İmkan yaratmaq lazımdır ki, ərə gedəcəkləri oğlanın xarakterinə dərindən bələd olsunlar. Təbii, bu azadlıqdan sui-istifadə etməyin zərərini anlatmaq şərtilə.”

***

Bunu bütün qadınlar öz tərcümeyi-halları kimi əzbərləməlidir




Bu da faktdır ki, nikahla bağlı institutlar demək olar ki, fəaliyyətsizdir. Ailələrin dağılmasının qarşısını almaq üçün yeni qurulan ailələrə sosial güzəştlərin olunmasını təmin etmək lazımdır. Bu müstəvidə proqramlar həyata keçirilsə, ən azından maddi sıxıntı zəminində ailələrin dağılmasının qarşısı alınar. Bundan başqa, nümunələr, qadınla kişinin münasibətlərinin tənzimlənməsini məqbul hesab edir. Həmsöhbət olduğum nümunəvi ailələrin qadınları ailələrinin qorunması üçün hər iki tərəfin məsuliyyət daşıdığını dedilər:

- Hər iki tərəf özünə münasib insanla ailə qurmalıdır;
- Sevgi önəmlidir. Sevgi olmayan yerdə xoşbəxtlik axtarmağa dəyməz;
- Qadın həyat yoldaşını daxili və xarici gözəlliyi ilə ovsunlamalıdır, daim əri üçün sirli qalmalıdır. Xarici gözəllik çox önəmlidir-bunu bütün qadınlar öz tərcümeyi-halları kimi əzbərləməlidir.
- Qadın da, kişi də gigiyenaya xüsusi diqqət yetirməlidir. İntim həyata diqqətlə yanaşılmalıdır. Seksual istəklər bir-birini tamamlamalıdır;
- Möhkəm ailə qarşılıqlı hörmət və ehtirama söykənir. Hər iki tərəf bir-birinin ailə üzvlərinə, qohum-əqrəbasına da öz doğmaları kimi yanaşmalıdır. Bir-birilə dost, sirdaş olmalıdır;
- Qadın süfrə hazırlayanda fantaziyasını işə salmalıdır. Kişilərin yemək məsələsinə həssaslığının aksioma olduğu unudulmamalıdır;
- Kişilər deyingən, pinti, baxımsız qadınları, qadınlarsa xəyanətə, içkiyə meylli kişiləri sevmir;
- Bir-birlərinin sevmədiyi nəyisə etmək lazım deyil-qətiyyən olmaz!
- Güzəştə getməyi bacarmalıdırlar;
- Səbrli olmalıdırlar...

***

Hər dağılan ailə sönən bir ocaqdır-külü ilə oynamaq yox, istisinə qızınmaq lazımdır. Ocağınız gur yansın!..


Tarix: 25.11.2012 / 18:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 3032 Bölmə: Maraqli Melumatlar ve gozellik sirleri