beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Anardan "Daşlama". Biyabirciliq

FİKRƏT QOCAYA

Əzizim Fikrət! Vaxtiylə sənə ithaf etdiyim bu şeiri bir neçə bənd əlavə etməklə mətbuata verməyə əşəddü-ehtiyac duydum.

Dostum: “məndən demək!” – dedin,
Sözü adama deyərlər.
Söz qanmayan sözmü qanar?
Əzvaylara, cahillərə söz söyləməkdən nə çıxar.
Beləsinə söz deməyin məgər bir mənası vardır?
Öz-özünə murdar deyən
Elə murdar ki, murdardır.

Qaraçı ləçərlər kimi
Həyasız və tərbiyəsiz
Çızma-qaraları yazar.
Yazısında hər sözu də
Elə murdardır ki, murdar.

Əliyevi bəyənməyib
Sərkisyana yalmanana
Millətini, qeyrətini
Qrant verənlərə satana,
ölkəsinin hər uğuru
gözünə ox tək batana,
düşmənlərin sözlərinə
çəpik çalıb əl çalana ,
Nə deyəsən, qandırasan,
İnan, bu iş deyil asan.

Hamıya çirkab atmaqda
Bir-birləriylə yarışır.
Görəsən, bunlar nə üzlə
Vətəndən, xalqdan danışır.
Kim beləsin xalqa vəkil edib, haçan,
Belə avam vəkil olar, belə vəkil olar nadan?

Yüz bir dəfə tutu quşu
eyni şeyi deyən kimi
“Xalqsız xalq şairi” deyir,
Axı özü bu ad üçün cəfa çəkir, sino gedir.
Buna yaman tamarzıdır,
Eyni sözü təkrar demək
Bir sübutdur, bir arzudur.

Şeirsiz şairlər, yazısız yazar
Gedib bir rayonda birisin tapar.
O da zavallını yazıçı sayar,
Bu da qürrələnib buna inanar.

Gəl çıxaq şəhərə, kəndə
Görək xalq kimi tanıyır.
Kimi sevir, əzizləyir,
Kimlərdən düz söz gözləyir.
Söyüş, təhqir, böhtan, yalan
Sizsiz deyən, sizsiz yazan.
Qovrulub nifrətdən, kindən
Özünüzdən çıxsanız da
Heç vaxt çıxara bilməzsiz
Bizi xalqın ürəyindən.

Haçan, necə yığdırıblar
İçlərinə bunca zəhər,
bunca irin, bunca çirkab.
Axır bir gün özləri də
bu çirkabda boğulacaq,
Çirkə çıxıb yox olacaq.

Eyni sözu yüz bir dəfə
Elə hey təkrar edirlər,
bir-birinə ötürürlər.
bundan başqa çiy beyinlər
Məgər bir şey tapa bilər.
“Yaxşı padşahın nağılı”
Olub dillərində əzbər.
Gör dünyanın nə günüdür
Özü buyruq qulu olan
Özgəsinə deyir nökər.
“İstəyinə çatmayacaq
min il də belə qalalar,
Belələrin saxlamazdı,
qapısında nökər kimi
bizim əsl bəy babalar”.

11 aprel, iki min on iki, gecə saat iki.

Yerimizə göz tikənlər,
Həsədlimizi çəkənlər,
Heç bir şey qura bilməyib
ancaq dağıdan, sökənlər,
İstedaddan qısır olan,
qəlbi paxıllıqla dolan,
Hər yerə nifaq səpənlər,
ədavət, pislik əkənlər,
Şər atıb söyüş biçənlər
Qoy yazsınlar yüz yol, min yol.
Dostum, buna fikir vermə
Yolunla get, işində ol.

Qrant verənə, iş verənə,
Müdirinə, sahibinə,
qəzetin redaktoruna
Min sifətlə yaltaqlanıb
boşqabları yalayanlar,
köləliklə yaşayanlar,
Yiyəsinin aftafasın daşıyanlar,
Gündəyməzdə çiban kimi
birdən çıxıb pırtlayanlar,
Kimisə infarkt etməkçün
ürəkləri partlayanlar,
Boyat, nimdaş yazılarla
Qəzetləri qıcqırdanlar,
Qısqırdılan biçarələr
və onları qısqırdanlar
Yalnız bir şey gözləyirlər;
Əcəl gəlib, ölüm gəlib
kimlərisə aparacaq.
Ölənlərin işi, yeri,
adı bunlara qalacaq.
Dirilərlə bacarmırlar
Ümidləri əcələdir,
Bunların da bacardığı,
imkanı, gücü belədir.
Hər kəsi pisləyər, şərlər,
Ölümüzü yumaq üçün
Növbə tutan mürdəşirlər.

Dostum, məhəl qoyma buna
Yolunla get, işində ol.
Dirilər diri qalacaq
Əzrail gəlsə də yüz yol.

Müalicəsin bitirmədən
Biri dəlixanadan qaçıb,
Qəzetlərdən qovulubdur.
İnternetdə yerin tapıb
Başqasının uğurundan
çöpə dönür, arıqlayır,
“dərdini” ovutmaq üçün
pivə içib qatıqlayır.
Gecə-gündüz marıqdadır
pusur hər addımımızı,
təzədən də olur dəli
hər görəndə adımızı.
Heyvərə Sirkə Badımcan
Unutmasın bunu ancaq
Sirkə çox tünd olan zaman
Öz qabını çatladacaq.

Şər atmaqda yarışsınlar,
Danışsınlar boş-boş, bol-bol.
Məhəl qoyma sən bunlara
Yolunla get, işində ol.

Havalar da durulacaq
Xoş günlər də qurulacaq.
Bizdən yazanlar da axır
Yazıb, yazıb yorulacaq.

3 avqust – 20 sentyabr 2003

Bu Daşlama nömrə Birdir
Amma dostum, bunu bil ki,
Əl çəkməsələr bizlərdən
Gələcək Daşlama İki-
daha iti, daha kəskin.

12 aprel 2012


Tarix: 24.03.2013 / 22:15 Müəllif: [Ram] Baxılıb: 537 Bölmə: Maraqli Hekayeler