beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir-birindən maraqlı hekayələr

Həyatınıza yön verəcək ibrətli hekayələr.

Hökümdarın başmağı
Belə rəvayət edirlər ki, böyük bir məmləkətə başçılıq edən bir hökümdar var imiş. Bir gün hökümdar qərara gəlir ki, piyada uzun bir səfərə çıxısın. Belə də edir. Məmləkətini qarışbaqarış gəzir. Geri qayıtdıqdan sonra görür ki, daş-qalaqlı yolda gəzməkdən ayağı şişib. O saat belə bir qərar çıxarır ki, ölkəsinin bütün yolları dəri ilə döşədilsin. Lakin vəzirlərindən biri ona bundan daha gözəl və faydalı məsləhət verir. Hökümdara tövsiyə edir ki, bütün məmləkəti dəriyə bürüməkdənsə, sadəcə ayağına geyindiyi çarığın altına dəri tikmək daha məqsədə uyğundur.
Bu hekayədən götürəcəyimiz ibrət odur ki, əgər dünyada xoşbəxt yaşamaq istəyirsənsə, bir dəfəyə bütün dünyanı dəyişməyə çəhd göstərmə. Dəyişikliyə özündən başla. Bundan sonra dünyanı dəyişməklə məşğul ol.

Elan yazılan lövhə və kor insan
Bir gün kor kişi bir imarətgahın kandarında papağını qarşısına qoyub digər tərəfinə isə "Mən koram. Xahiş edirəm mənə kömək edin", -sözləri yazılmış bir lövhə qoyub oturubmuş. Həmin an onun yanından bir nəfər keçir. Dayanan kor kişinin qarşısındakı papağın içinə baxanda görür ki, orada çox az miqdarda pul var. Həmin şəxs cibindən bir miqdar çıxarır və onun papağına qoyur. Daha sonra kor kişidən icazə almadan onun qarşısındakı lövhəni götürüb, ora başqa bir cümlə yazdıqdan sonra onu yerinə qoyub, yoluna davam edir. Bir müddət sonra kor kişi hiss edir ki, papağı yavaş-yavaş pulla dolmağa başlayır. Hiss edir ki, bu, lövhədə yazılan yazı ilə bağlıdır. Kor yoldan keçən bir nəfəri saxlayıb, ondan lövhədə nə yazıldığını soruşur. Həmin adam ona yazılan bu sözləri oxuyur: "Artıq bahar ayı gəlmişdir. Ancaq biz, onun gözəlliyini görə bilmirik".
Bu hekayə bizlərə sanki bunu deyir: "İşlərin istədiyin kimi getmirsə, sahib olduğun digər vasitələrdən də istifadə et".

Qartalın arzusu
Hündür bir dağın təpəsində bir qartal yaşıyırmış. O, öz yuvasını bir ağacın üzərində salır. Bundan sonra isə dörd yumurta qoyur. Günlərin birində baş verən dəhşətli zəlzələ yuvadakı yumurtalardan birini bir toyuq yuvasına salır. Toyuq qərara gəlir ki, bu qartal yumurtasını qorusun və ona qayğı göstərsin. Belə də edir. Günlərin birində həmin yumurtadan gözəl bir qartal balası çıxır. Ancaq bu qartal toyuqların içində böyüdüyü üçün özünü toyuq hesab edir. Bir gün toyuqlarlar birgə sahədə dənləyərkən, göydə bir dəstə qartalın uçduğunu görür. Bu vaxt o, digər qartallar kimi göylərə uçmağı arzulayır. Bu anda ətrafda gəzişən digər toyuqların istehzalı gülüşləri ilə qarşılaşır. Toyuqlar ona belə deyirlər: "Heç də uçmağı arzulama. Sən toyuqdan başqa bir şey deyilsən. Heç bir zaman da o qartallar kimi hündürdə uça bilməyəcəksən".
Bundan sonra qartal balası hündürdə uçmaq arzusundan əl çəkir. Onu qəm-kədər bürüyür. Toyuqlar kimi uzun yaşadıqdan sonra, ölür.
Bu hekayədən necə ibrət ala bilərik? Unutma, əgər sən hal-hazırda yaşadığın mənfi düşüncələrə ilişib qalsan, onların əsirinə çevriləcəksən. Bu, sənin içində olduğun mənfi düşüncələrə inamından qaynaqlanacaq. Əgər qartalsansa, uğur səmasında hər zaman ucalarda olmağı arzu et. Arzularının səsinə qulaq as. Toyuqların sözünə (Ətrafındakıların sənin arzularını məsxərəyə qoymağa imkan vermə) əsla qulaq asma. Yadda saxla ki, istədiklərini reallaşdırmaq gücü və enerjisi səndə mövcuddur. Təbii ki, Allahın istəyi və iradəsi çərçivəsində arzuların yerinə yetə bilər. Bil ki, şəxsiyyətinə və arzularına şəxsi baxışın sənin uğurunu təyin edir. Səni müvəffəqiyyətsizliyə düçar olmaqdan xilas edir. Nəfsini hər zaman cilalamağa çalış. Özünə hörmət və düşüncələrin səni başqalarının yanında hörmətli edəcək. Bu, səni uğura aparacaq yoldur. Sənin şəxsiyyətini və qabiliyyətini gücləndirəcək insanlarla dostluq et.

Qandinin ayaqqabısı
Əgər sənin ayaqqabının bir tayı hündür bir yerdən düşsə, yaxudda yoxa çıxsa, digər tayını nə edərdin? Bu hekayəni diqqətlə oxuyun.
Bir gün Mahatma Qandi qatara çatmaq üçün sürətlə qaçır. Qatar sürətini artırdığı bir vaxtda, o, qatara qalxır. Bu anda ayağındakı ayaqqabının bir tayı relslərin üzərinə düşür. Artıq ayaqqabını götürə bilməyəcəyini bilən Qandi, ayağındakı digər ayaqqabını da qatardan atır. Bunu görən dostları, təəccüblənərək ondan niyə belə etdiyini soruşurlar.
Qandi isə dahiyanə şəkildə onlara cavab verir: "Düşündüm ki, ayaqqabımın birini saldımsa, onu hər hansısa bir kasıb tapa bilər. Əgər birini tapsa, ona heç bir fayda verməyəcək. Mənə də ayağımda olan cüt heç bir fayda verməyəcək. Ona görə də, hər iksini də atdım ki, onları tapan kasıb bir insan hər ikisindən faydalana bilsin".
Bundan alacağımız ibrət budur ki, əlimizdən çıxan hər hansısa bir nemət, başqasının əlinə keçəcək. Bu da ona xoşbəxtlik gətirə bilər. Gəlin biz də onun sevinci ilə sevinək, əlimizdən çıxan nemətlərə üzülməyək.


Tarix: 01.12.2014 / 14:45 Müəllif: Aziza Baxılıb: 179 Bölmə: Maraqli Hekayeler