beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslamda tövriyə...
İslamda tövriyə...

Yalan Quran ayələrində , rəvayətlərdə yasaq olunan, pislənən mövzulardandır və böyük günahlardan hesab olunur. Hazırki cəmiyyətimizin bədbəxtliklərinin, problemlərinin, nizamsızlıqlarının böyük əksəriyyəti yalanın doğurduğu nəticədir. Əhli-beyt (ə) imamlarından gələn bəzi hədislərdə yalan digər günahların açarı kimi göstərilmişdir.
Lakin eyni halda bəzi müstəsna hallar qarşıya çıxır ki, əgər insan orada yalan danışmasa, doğru olanı desə, böyük fitnə-fəsad meydana gələcək. Bir halda ki, doğru olanı deməsə, fitnə alovu sönəcək.
İslam qanunları da bu əqli hökmü təsdiq edir və bu kimi müstəsna hallarda zərurət səbəbilə yalan danışmağa icazə verir. Lakin iki məsələyə mütləq diqqət yetirmək lazımdır:
Birincisi budur ki, bu məsələ tam olaraq müstəsna haldır və yalan danışmağa yalnız xüsusi şəraitdə icazə verilir. Bəziləri “məsləhətli yalan” məsələsini əsas götürərək, səbəbsiz və ya öz şəxsi mənafelərinə çatmaq üçün bu çirkin əmələ məsləhətr adı qoyub həyata keçirməməlidirlər.
İkincisi, İslam yalan məsələsinə o qədər əhəmiyyət verir ki, hətta bir sıra hallarda zərurət üzündən yalan danışmalı olduqda belə “tövriyə” etməyi əmr edir.
“Tövriyə”, “tövsiyə” modelindədir. Bəzən ona “məariz” də deyilir. Lüğət mənası gizlətmək, örtmək, sirri ifşa etməməkdir. Terminologiyada isə (dini mətnlərdə, fəqihlərin əsərlərində) “tövriyə”, danışanın dediyi sözdə dinləyicinin başa düşdüyündən başqa məna nəzərdə tutmasına deyilir.
Demək, tövriyədən məqsəd budur: Bəzi zəruri hallarda yalan danışmaq əvəzinə elə bir cümlə deyilir ki, dinləyici öz fikrincə ondan tamam başqa şey başa düşür. Bir halda ki, dinləyici tamam başqa şey nəzərdə tutmuşdur. Quran ayələrində heç bir məsləhətli yalan və tövriyə yoxdur. Yəni Quran ayələri və ilahi hökmlər üçün belə bir zərurətin mənası yoxdur.
“Tövriyə” sözünün Quranda işlənməməsinə baxmayaraq, təfsirlərdə və hədislərdə bir çox ayələr “tövriyə”nin nümunələrindən hesab olunmuşdur. Burada xüsusilə “Saffat” surəsinin 88-89-cu ayələrini qeyd etmək olar: (İbrahim) Ulduzlara bir nəzər saldı və (ətrafındakıları özündən uzaqlaşdırmaq məqsədilə) dedi: “Mən xəstəyəm!”
Həzrət İbrahimin (ə) bütləri sındırdıqdan sonra betpərəstlərə dediyi sözləri şiə və əhli-sünnə təfsirşiləri tövriyə kimi qiymətləndirmişlər.
Təfsirçilər Yusifin (ə) qardaşlarının oğurluqda ittiham olunduğu ayəni (“Yusuf”, 70) də “tövriyə”nin nümunələrindən hesab etmişlər. Onların fikrincə, oğurluqda məqsəd Yusifi (ə) atalarından oğurlamaq və ya sualdır.
Hədislərdə “tövriyə” müxtəlif cəhətlərdən diqqətə alınmışdır. Hədislərə görə, bəzən çox mühüm məsləhətlər meydana gəlmişdir ki, onların şərti olaraq peyğəmbərlər (ə), imamlar (ə) bir sıra məsələlər haqqında məcazi formada və ya tövriyə ilə danışmışlar. Bundan başqa hədislərdə tövriyənin bəzi əməlisalehlər tərəfindən də həyata keçirildiyi bildirilir. Misal üçün, Həzqil və Ali-Firon mömini tövriyə etməklə özlərini Firona pərəstişdən xilas etmişdilər.
Həmçinin bəzi hədislərdə Peyğəmbərin (s) həyat tərzində də tövriyənin icazəli olunduğunu görürük. Hədislərdə bildirilir ki, o həzrət (ə) səfər və ya döyüş qərarına gəldikdə öz niyətini gizlədir, düşmənlərin bilməsindən ehtiyatlanırdı. İmamların (ə) və ardıcıllarının həyat tərzində də tövriyə zərurət hallarında təqiyyə etməyin bir yolu kimi qəbul olunmuşdur.
Fiqhi kitablarda tövriyə ilə bağlı bu məsələ önə çəkilir ki, tövriyə yalan sayılır, yoxsa yox?
Bir sıra fəqihlər, o cümlədən Şeyx Ənsari bu qənaətdədirlər ki, tövriyə yalan hesab olunmur. Nə adi xalq arasında ona yalan deyilir, nə də İslam hədislərində onu yalana qatmışlar. Əksinə, bir sıra hədislərdə yalandan fərqləndirlir.
İmam Sadiqdən (ə) nəql olunan bir hədisdə deyilir: Bir nəfər qapı ağzına gəlib, evə girmək üçün icazə istədi. (Onun içəri keçməsinə mane olmaq sitəyən) Ev sahibi kənizinə deyir: “De ki, burda deyil (onun məqsədi kənizin dayandığı yer idi)”. İmam (ə) buyurdu: “Bu, yalan deyil”.
Lakin nəzərdən qaçırmaq lazım deyil ki, tövriyə, hətta yalanın nümunələrindən olmadığı hallarda belə yalanın döğurduğu pis nəticələri doğurur. Xalqı cəhalətə, yanlışa sürükləməyə səbəb olur. Bu baxımdan bəzən günaha çevrilməsi mümkündür. Lakin belə bir nəticə doğurmayacağı və yalanın nümunələrindən olmadığı təqdirdə haram olduğuna heç bir dəlil yoxdur. İmam Sadiqin (ə) sözügedən hədisi bu qəbildəndir.
Demək, tövriyə üçün yalnız yalan olmamaq kifayət deyil. Əksinə, digər fəsadlar da nəzərə alınmalıdır. Əlbəttə, zərurətin yalan danışmağı tələb etdiyi hallarda tövriyə mümkün olduğu qədərincə tövriyə etmək lazımdır ki, yalanın nümunələrindən olmasın. Din öndərlərinin sözlərində xalqın canını, malını qorumaq zərurətinin, ixtilafları, fitnələri yatızdırmaq zərurətinin tələbi ilə tövriyə etmək olar və bu, yalan hesab olunmur.
Bir məsələni də yaddan çıxartmaq lazım deyil ki, insanın vəzifəsinin məsləhətli yalan və ya tövriyə olduğu hallarda doğrunu deyərsə, günah etmiş olur və bu səbəbdən qarşıya çıxacaq hər bir fəsadın məsuliyyəti onun üzərinə düşür.


Tarix: 10.06.2015 / 16:38 Müəllif: Aziza Baxılıb: 253 Bölmə: Maraqlı melumatlar