beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həmzə Mirzənin “ali divanın vəkili” təyin edilməsi

1578-ci ildə II Şah İsmayılın ölümündən sonra Qəzvin sarayında gərgin vəziyyət yaranır. Qızılbaş tayfaları (bir tərəfdən ustaclı və şamlı, digər tərəfdən, türkman və təkəli) arasında qanlı düşmənçilik tezliklə yeni qüvvə ilə alovlanacaq vəziyyətə gəlir. Lakin vəzir Mirzə Salman və çox nüfuzlu, müdrik şəxs olan Xəlil xan Əfşar toqquşmaların qarşısını dərhal almaq qərarına gəlirlər. Qəzvinin saray meydanına ən böyük əyanlar və tayfa əmirləri çağırılır. Burada türkman tayfasının qoca başçısı Əmir xanla ustaclı tayfasının gənc rəhbəri Pirə Məhəmməd xanın “barışdırılması” hadisəsi baş verir. İskəndər bəy Münşinin təbirincə desək, onlar “ata və oğul” müqaviləsi bağladılar. Digər əmirlər də onlardan nümunə götürdülər. Sonra taxt-tac varisi məsələsini həll etməyə başladılar. Bir çox namizədlər irəli sürülsə də (o cümlədən Məhəmməd Mirzənin oğulları olan 11 yaşlı Həmzə Mirzə Səfəvi və 9 yaşlı Abbas), iri tayfaların əmirləri Həmzə Mirzə Səfəvinin atası Məhəmməd Mirzənin namizədliyi üzərində dayandılar.

Məhəmmədin Qəzvində tacqoyma mərasimi hicri 985-ci il zülhiccənin 5 (1578-ci il fevralın 13)-də oldu. İlk əvvəl şahın düşmənləri məhv edildi. Onun 30 yaşlı bacısı Pərixan xanım fevralın 17-də edam edildi. Pərixan xanımın dayısı Şamxal Sultan hiylə ilə ələ keçirildi və öldürüldü. Taxt-tacın varisi ola biləcək şəxsin, II Şah İsmayılın bir yaşlı oğlu Şahşücanın da məhv edilməsi “yaddan çıxarılmadı”. Məhəmməd Xudabəndənin taxta çıxmasının ilk günlərindən etibarən, onun arvadı Məhdi Ülya “tam əzəmət və müstəqilliklə dövlət və padşahlıq işlərini öz əlinə aldı”. Onun oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun”.


Tarix: 08.01.2015 / 02:03 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Həmzə Mirzə Səfəvi