beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rac Kapur..

“Axı insan nə istəyir? Pul, mövqe, uğur. Lakin insan üçün vacib olan sabah başına nə gələcəyini və sabahın bugünkündən daha yaxşı olacağını bilməkdir. Qalan heç nə vacib deyil”… Bu sözlər Hindistanın Çarli Çaplini hesab edilən aktyor Rac Kapura aiddir. Rac Kapura hələ qayıdacağıq.

Puldan söz düşübsə, gəlin bu incə məqamda bir az dayanaq… Pulun heç bir əhəmiyyət daşımadığını iddia edən, bir az da dəqiq desək, onun əl çirki olduğu fikrini illər boyu insanların beyninə yeridən sovet hakimiyyəti üçün hind kinosu, sözün əsl mənasında, sərfəli idi, hətta belə desək, göydəndüşmə idi.

Hind kinosu heç bir inqilabi mesajlar ötürmür və yağış altında rəqslərin müşayiəti altında insanlara sadə, zərif və sadəlöhv sevgi aşılayırdı. Bütün bunlara rəğmən, hind kinosunun öz özəllikləri var və məhz bu özəlliklər sayəsində müəyyən bir qrup tamaşaçı hind kinosunu sevir, ona pərəstiş edir. Nədir bu özəlliklər? Bir məqamı da qeyd edək: Hind kinosuna ya baxırlar, ya da ümumiyyətlə, baxmırlar. Bu birmənalıdır.
Hind kinosu tamaşaçını gərginlikdə saxlamır, onu uzun-uzadı düşünməyə vadar etmir. Bəzi məqamlarda yüngül gərginlik baş qaldırırsa da, ani anda yağış yağır və qadın qəhrəman al-əlvan sarisi ilə yaşıllığın ortasında peyda olur və nazik səsi ilə oxumağa başlayır. Daha hər hansı bir gərginlikdən söz gedə bilərmi?..

Hind kinosundan az-çox başı çıxan insan “Kapur” soyadını gözəl tanıyır. Belə demək olarsa, hind kinosunun özəyi məhz bu soyadla qoyulub. Kapur – Rac Kapur özünəməxsus hind kinosunun memarı sayıla bilər. Rac Kapur 1924-cü ilin 14 dekabrında Peşavarda (Hal-hazırda Pakistanın ərazisidir.) sənətkar ailəsində dünyaya gəlib. Racın atası Pritxvirac Kapur tanınmış aktyor və rejissor, “Pritxvi tietrs” teatrının sahibi idi. Rac, qardaşları Şaşi (İllər sonra Şaşi Kapur da məşhur aktyor olur.) və Şammi ilə elə bu teatrdaca böyüyürlər. Artıq altı yaşından Rac atasının teatrında aktyor kimi çıxış etməyə başlayır.
Teatr aləminin bütün incəliklərini öyrənən biri üçün kino çətin olmamalı idi. Belə də olur. Atası Racın kinoya olan həvəsinə qarşı çıxmır, əksinə ona hər vəchlə yardım edir. Lakin kinoda Rac tək addımlayacaqdı...

Gözəl aktrisa Nərgislə Rac Kapur 1945-ci ildə Bombeydə tanış olur. Bu qadın Racın arzularının qadını idi.
“Od” adlı ilk filmində Rac, həmçinin, baş rolun ifaçısı kimi də çıxış edir. 17 yaşlı Nərgis isə onun tərəf müqabilini canlandırırdı. İki il sonra Kapur öz kinostudiyasını açır. Bir neçə ildən sonra “Rac Kapur filmz” kinostudiyası ölkənin ən gəlirli kinostudiyalarından birinə çevrilir. Hindistan kimi ölkədə bu təəccüblü deyil. Bir hindli acından ölsə də, son qəpiyini kinoya xərcləyəcək.

“Rac Kapur filmz” kinostudiyasında onlarla qız o yana-bu yana qaçırdı. Rac isə bu gözəllərə qarşı heç də laqeyd davranmırdı. Fəqət illər boyu onun ürəyində yalnız bir qadın idi – Nərgis. Lakin Racı artıq 16 yaşlı bibisinə adaxlamışdılar (Hindistan adət-anənələrinə görə bu normal sayılırdı.) Həyat yoldaşı Krişna Kapurdan Racın iki qız, üç oğul övladı dünyaya gəlir.

Rac Kapur və Krişna Kapur

Hind adət-ənənəsinə qarşı isə çıxmaq olmazdı. Sevməsən də, sona qədər xanımınla eyni yastığa baş qoyacaqsan. Ancaq bu heç də başqa qadınla yastığa baş qoymamaq demək deyil. Həyat yoldaşına gözəl katibəsi ilə xəyanət edərkən də, Rac heç bir vicdan əzabı çəkmir. Nərgis isə başqa məsələ, bu xanımı hər bir mənada sevməyə dəyərdi. Baxmayaraq ki, çəkiliş meydanında onlar bir-birini qırmağa da hazır idilər.

Məşhur “Avara” filminin ssenarisi hazırlanmışdı. Çəkiliş üçün isə kifayət qədər pul tələb olunurdu. Aktyorun fədakar həyat yoldaşı zinət əşyalarını girov qoyur, lakin bu da kifayət etmir. Cəsarətli bir prodüser də tapılmamışdı. Heç kim filmin uğur qazanacağına inanmırdı. Rac artıq özü də yavaş-yavaş inamını itirməyə başlamışdı. Filmin uğur qazanacağına inanan yeganə bir kəs vardı – Nərgis… “Bilirəm ki, sənə pul lazımdır” – Nərgis ümidsiz halda qarşısında dayanan Raca deyir. “Həm də mən gəlir əldə etmək istəyirəm. Bu filmin uğur qazanacağına isə əminəm.”


Nərgis yanılmır, 1951-ci ildə ekranlara çıxan “Avara” filmi hind tamaşaçısının qəlbini fəth edir. Bu film keçmiş sovet respublikalarında nümayiş olunan ən məşhur hind filmlərindən idi. Bu film aktyorun vizit kartına çevrilir. Filmdə əsas məqsəd yaxşının pis üzərində qələbə çalmasını tamaşaçıya nümayiş etdirməkdir. Kasıb və varlı qarşıdurması, kasıbın kasıb olmasına rəğmən, ləyaqəti, qüruru yenə də hər şeydən üstün tutulur.
Rac Kapurun 1955-ci ildə işıq üzü görən “Cənab 420” filmi də süjet etibarilə “Avara”ya çox bənzəyirdi.
Sosial mövzuda olan bu filmin də süjet xəttini kasıb, kimsəsiz birinin qazanc yolu kimi quldurluğu seçməsi təşkil edir. Bu filmin də qəhrəmanı əslində, müsbət qəhrəman kimi təqdim olunur tamaşaçıya. Çünki hər iki qəhrəman üçün quldurluq sənət yox, çıxış yoludur – aclıqdan çıxış yolu...

1956-cı ildə bütün Sovet ölkələrində, o cümlədən, ölkəmizdə populyar olan Rac Kapur “Hind filmləri festivalı” çərçivəsinə Bakıya səfər edir. Bu arada hindli aktyorla məşhur ifaçımız Rəşid Behbudovun sıx dostluq münasibətlərini də qeyd etməyimiz yerinə düşür. İki incəsənət nümayəndəsinin dostluğundan isə gözəl bir şey yoxdur…

1956-cı ildən Nərgislə Rac Kapurun yolları ayrılır. Nərgis digər rejissorlarla çalışmağa başlayır.
Bir aktyor kimi neçə illik tərəf müqabilini, bir rejissor kimi isə istedadlı aktrisasını itirmək Rac Kapur üçün çox çətin idi.
Nərgis üçün isə çətin olan sevdiyi kişinin heç zaman onun həyat yoldaşı olmayacağını anlamaq idi...
“Nərgis, bir onu bil ki, bu kinostudiya mənim olmaqla yanaşı, həm də sənindir. Buranın qapıları sənə daim açıqdır” – Rac Kapur Nərgislə vidalaşarkən söyləyir. Lakin Nərgis bu qapını bir daha açmır…
(Nərgis 1981-ci ildə 51 yaşında ikən xərçəng xəstəliyindən vəfat edir.)
Rac Kapur və Nərgis

Məşhur hindli aktyorun digər uğurlu filmləri arasında “Qanqın axdığı ölkə” (1960-cı il), “Sanqam”ı (1964-cü il) qeyd etmək olar. 1970-ci ildə ekranlara çıxan “Mənim adım kloundur” filminə Kapur böyük ümid bəsləsə də, nəticə gözləntilərdən daha ağır olur. Film uğursuzluğa düçar olur.

Bir müddət Rac Kapur içkiyə qurşanır, lakin zamanında özünü toplaya bilir. Fəqət astma xəstəliyi aktyoru əldən salmışdı. 1988 –ci ildə növbəti mükafatını almalı idi. Hindistan prezidenti aktyora olan hörmətini nümayiş etdirmək üçün özü şəxsən mükafatı təqdim etməyi düşünürdü. Lakin zala daxil olar-olmaz Kapur huşunu itirir. Dərhal xəstəxanaya çatdırılan aktyoru pərəstişkarları bir dəqiqə də olsun tək buraxmırlar. Dünyanın ən məşhur hindli insanı – 63 yaşlı Rac Kapur 1988-ci ilin 2 iyununda dünyasını dəyişir.

Hər bir hindli üçün bu gün matəm günü idi. Onlar öz sevimli kumirlərini, optimist, həyatsevər “Avara”larını itirmişdilər...


Tarix: 28.11.2014 / 11:29 Müəllif: Aziza Baxılıb: 342 Bölmə: Filimler