beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

"Klon" serialı..

Mərakeşin gözəl, ekzotik görünüşləri, onların fonunda unudulmaz məhəbbət əhvalatı, insanın klonlaşdırılması, narkotiklər və müsəlman mədəniyyəti... "Lider" telekanalı ilə nümayiş etdirilmiş məşhur Braziliya telenovellasının - "Klon"un əsasını bunlar təşkil edir. "Klon"un tamaşaçıların böyük marağına səbəb olmuşdu.
Telenovellanın müəllifi Qloriya Perez öz əhvalatında nə siyasətə, nə də dinə toxunmadığını deyir. Amma buna baxmayaraq, serial premyerasından sonra kifayət qədər narahatlığa əsas verdi. Premyeraya təxminən iki həftə qalmış Nyu-Yorkda terror aktları baş verdi. Heç kim bilmirdi ki, müsəlman ölkəsinin təsvir edildiyi telenovellanı publika necə qarşılayacaq. Amma telenovella bəzi məqamlara - müsəlmanların terrorçu olmadığına - aydınlıq gətirməkdə kömək edir.
Qloriya Perez və telenovellanın rejissoru Jayme Moncardinonun qarşısında heç də asan olmayan vəzifə dururdu. Onlar tamaşaçı marağını 20 saatlıq telenovellaya cəlb etməli idilər. Çünki bundan əvvəlki "Möcüzələr limanı" teleserialı yüksək reytinq qazanmamışdı.
Klon serialı (O Clone)Maraqlıdır ki, əvvəlcə "Qlobo" (Braziliyanın teleseriallar istehsal edən məşhur telekompaniyası - red.) rəhbərliyi bu serialı efirə buraxmağı qəti qadağan etmişdi. Baş direktor Marluse Dias da Silva insanın klonlaşması, müsəlmanlıq və narkotika kimi mövzulara toxunan novellanın uğuruna inanmırdı. Müəllif və rəhbərlik arasındakı qarşıdurma düz bir il çəkdi. Bu müddətdə isə "Klon"un əvəzinə ekrana "Möcüzələr limanı" çıxdı. Xeyli gözləmədən sonra Qloriya, nəhayət, rəhbərliyin razılığını alır. Amma novellaya qarşı hücumlar uzun müddət davam edir. Qloriya Perez çəkilişlərdən əvvəl - aktyorların seçimi mərhələsində də çətinliklərlə üzləşib: "Mənim novellamda oynamaq istəmirdilər. Onlar tamamilə əsassız səbəblər gətirirdilər".
Qloriya arzuladığı aktyor truppasını tamamilə dəyişməli olduğuna çox təəssüf edirdi. Üstəlik onun fikrində tutduğu rejissor Denize Sarase də müsəlmanlarla bağlı əhvalatı bəyənməyərək, işdən imtina edir. Rejissor necə yanıldığını isə serialın görünməmiş uğurundan sonra anlayır. Telenovellanın baş qəhrəmanlarını Murilu Benisio və Covanna Antonelli ifa edir, rejissor işi isə Jayme Moncardinaya həvalə edilir. "Klon"un qəhrəmanları qısa müddət ərzində bütün dünyada tanınırlar.

Çəkilişlər

Çəkilişlər beş ay çəkir. Hade və Lukasın tanışlıq yeri Mərakeş müəyyən edildikdən dərhal sonra çəkiliş qrupu və əsas aktyor truppası ora yollanır. Aktyorlar müsəlmanların necə yaşadığını öyrənməli və ən başlıcası çəkiliş vaxtı özlərini onlardan biri kimi hiss etməliydilər. Onlar Mərakeşdə 40 gün qalır və Saxara səhrasında Faringeyt şkalası ilə 127 dərəcə istidə çəkilişlər aparırdılar. Bir günə 10 səhnə çəkən qrupun ən çox yadında qalan ayaqqabılarının istidən döşəməyə necə yapışması, əsas səhnələrin çəkildiyi çadırların yanında yaşayan zəhərli ilanlar oldu. Təbii ki, qonaqpərvər mərakeşlilər və onların adət-ənənələri də unudulmaz təəssüratlar idi. Çəkiliş qrupunun bir hissəsi isə süni mayalanma klinikalarına gedərək, genetiklərlə söhbət edirdilər.


Mərakeşdən Rioya qayıdan qrup novellanın digər seriyalarını "Qlobo" studiyasında davam etdirir. "Projak" studiyasında Mərakeşin Fəz şəhərinin küçələrini əks etdirən 830 kvadratmetrlik ssenoqrafik şəhər qurulur. Mərakeşdə çəkilən ilk seriyaların hər biri "Qlobo"ya 100 min reala başa gəlirdi. Amma serialın efir vaxtına yerləşdirilən reklamın 30 saniyəsi 150 min real dəyərində idi.


Murilu Benisio (Lukas, Dieqo, Leonardo)

Murilu Benisio(Benicio) 1972-ci ildə Rio-de-Janeyroda çoxuşaqlı ailədə doğulub. Onun özündən başqa dörd qardaşı var. Məktəbdə dərslərini pis oxuyub. Həmişə dərsdən qaçaraq, futbol oynamağa gedib. İmtahanları isə sinif yoldaşlarının köməyilə verib. Qız rəfiqələri bu işdə ona çox yardımçı olublar. Dərslərini pis oxusa da, incəsənətə böyük marağı olub. Səkkiz yaşında Çarli Çaplinin "Böyük şəhərin işıqları" filminə baxıb və Çaplin kimi olmaq qərarına gəlib. Onun etdiklərini öyrənmək, insanları həyəcanlanmağa, gülməyə və ağlamağa məcbur etmək istəyib. İndi də Çaplinə pərəstiş edən Murilu müsahibələrində Çaplinin ətdən və sümükdən ibarət adi insan olmadığını deyir: "Onun öz bədəni üzərində xüsusi hakimliyi var idi və hətta rəqqaslar ona qibtə edirdilər".
Murilo Benício (Lucas player Clone)


Aktyor olmaq qərarına gələn Murilu 11 yaşında teatr məktəbində məşqlərə başlayır. 18 yaşında isə səhnə sənətini və ingilis dilini öyrənmək üçün ABŞ-a yollanır. Üç il San-Fransiskoda təhsil alan gənc oğlan səhərlər işləyir, axşamlar isə oxuyurdu. Atasının "Braziliya bankı"nın sahibi olmasına baxmayaraq, Murilu ofisiant, barmen, bağban, pitsa satan, qəzet paylayan və s. belə işlərdə çalışırdı. Bununla o, sərbəstliyini və pul qazana biləcəyini sübut etmək istəyirdi. 21 yaşında isə müvəqqəti olaraq Braziliyaya qayıdan Murilu burada həmişəlik qalır. Dostlarından biri onu "Qlobo" studiyasının yeni telenovellalarından birinə çəkilişə dəvət edir. 1993-cü ildən Murilu peşəkar kino, televiziya və teatr aktyoru karyerasına başlayır. 1996-cı ildə isə aktrisa Alessandre Neqrini ilə evlənir. Onların nikahı xoşbəxt hesab edilsə də, 1997-ci ildə "Məhəbbət naminə" telenovellasının çəkilişləri zamanı Murilu və Alessandrenin münasibətləri korlanır. Murilunun məşhur aktrisa Karolino Ferraz ilə məhəbbət macərası barədə söz-söhbətlər gəzir və tezliklə onlar ailə qururlar. Benisio və Ferraz cütlüyü Braziliyada ən gözəl duet hesab edilsə də, səs-küylü qalmaqallarla ad çıxarmışdı. Karolino fotokameralar qarşısında məşhur adamlarla olan münasibətlərini nümayiş etdirirdi. Temperamentli Murilu isə qısqanclığını gizlədə bilmirdi. Nəticədə onlar ayırılırlar. Bu dövr ərzində Murilu çoxdankı arzusunu həyata keçirir. Teatrda ifa etdiyi rollardan birinə görə Braziliyanın ən yüksək mükafatına - "Mambembe"yə layiq görülür.
1999-cu ildə Penelopa Krus ilə "Feminist" filminə çəkildikdən sonra onu "Braziliyanın Banderası" adlandırırlar.
Murilu çox hissiyyatlı adamdır. Ağlamaq üçün (emosianallığından) kinoya getməyi xoşlayır. O, həyəcanlananda ağladığını və bundan utanmadığını deyir. Həyatda onun üçün ən başlıcası beş yaşlı oğludur. Ədəbsizlik, hörmətsizlik və ədalətsizliyi sevmir. İdman növlərindən tennislə məşğul olur.

Covanna Antonelli (Hade)

1976-ci il martın 18-də Rio-de-Janeyroda doğulub. Covanna Antonelli çox yaradıcı bir ailədə dünyaya göz açıb. Onun atası Gilton Prado məşhur opera müğənnisi, anası Şeyla Antonelli isə peşəkar balerinadır. Giovanna Antonelli(Hade),Джованна АнтонеллиValideynləri qızlarının da tezliklə uğur və şöhrət yolunu tutması üçün əllərindən gələni edirlər. Odur ki, onu uşaq vaxtından balet məktəbinə qoyurlar. Həmin dövrdə Covanna həm də uşaq teatrının tamaşalarında çıxış edirdi. 11 yaşında isə o, məşhur Braziliya teleşoularından birinin rejissorunun diqqətini cəlb edir. Tezliklə, Covanna məşhur aparıcı ilə birgə televerilişdə çıxış etməyə başlayır. Tədricən ulduza çevrilməyə başlayan balaca qızcığaz 1994-cü ildə "Tropikanka" teleserialına çəkilir. Sonra digər telenovellalar gəlir və nəhayət, "böyük kino"ya yol açılır.
Əsl şöhrəti və tamaşaçı sevgisini isə Covanna 2000-ci ildə "Ailə bağları" teleserialında ifa etdiyi Kapitu rolu ilə qazanır. Aktrisa televiziyada əldə etdiyi uğurlara baxmayaraq, teatra gedir və orada İisusdan bəhs edən pyesdə Mariya Maqdalina rolunda oynayır. Elə bu ərəfədə o, "Qlobo"nun yeni layihəsi - "Klon" serialının çəkilişlərinə dəvət alır. Hade roluna əvvəlcə Letisiya Spiller dəvət edilmişdi. Amma o, teleserialın uğur qazanmayacağını düşünərək, roldan imtina etmişdi. Braziliyada tərbiyə almış müsəlman qızı obrazını isə Covanna ilk tanışlıqdan bəyənir. Aktrisa vaxt itirmədən Şərq mədəniyyətinin ənənələri və kitabları ilə maraqlanmağa başlayır. Bu vaxta qədər tanış olmadığı rəqsləri öyrənir. O, gündə 10 saat məşq edir. Xoşbəxtlikdən əziyyəti hədər getmir. O, növbəti və böyük uğurunu əldə edir. Bunu ona "Klon" serialındakı baş qadın rolu gətirir. Bu rolla o, "Qlobo" telekompaniyasındakı yeni və parlaq ulduz statusunu möhkəmlədir. Seriallarla paralel olaraq, o, filmlərdə də çəkilirdi. Və indi Covanna Antonellinin adı Braziliyada uğurun sinonimi kimi işlədilir. O, rejissorlardan, dramaturqlardan, onu model kimi görən parfümeriya və kosmetika kompaniyalarından ardı-arası kəsilməyən dəvətlər alır. Aktrisanın sözlərinə görə, ona həftədə orta hesabla iyirmi müxtəlif təklif gəlir. Amma məşhurluq onun həyat tərzinə xüsusi təsir göstərməyib. O, kinoya, mağazaya, kafe və restoranlara əvvəlki qədər sərbəst gedib-gəlir. Boş vaxtlarında qonaq getməyi və dostlarını evində qəbul etməyi çox sevir. Covanna sakit və təmkinlidir. Yalançı adamları və dedi-qoduları sevmir. Belə şeylər onun əhvalını poza bilər.
Hesab edir ki, şöhrətpərəstliyi kifayət qədərdir və həddini aşmır. Gözəl və qamətli görünmək üçün heç nə etmir, sadəcə olaraq, ehtiyac hiss edəndə pəhriz saxlayır. Sevimli ətiri kimi "Scare"in adını çəkir. Düyünü, bifşteksi, paxlaları və fransızsayağı kartof-frini çox xoşlayır. Repi sevən Covanna gec yatmağa və gec də oyanmağa vərdiş edib. Ana olmaq arzusu ilə yaşayır.
Covanna "böyük kino"nu çox sevir və təkcə çəkilməklə kifayətlənmək fikrində deyil. O, gələcəkdə özünü özünü quruluşçu rejissor kimi də sınamaq istəyir.


"Klon"dan sonra o, bekar oturmayaraq, yeni, tamamilə fərqli bir rol üzərində çalaşmağa başlayır. "Günahın rəngi" serialında Covanna Hadedən çox fərqlənən Barbara rolunu ifa edir. Bu rol üçün o, saçlarını kəsdirməli və saraltmalı olur. Zahiri görünüşünü dəyişməklə yanaşı, telenovella müəlliflərinin tələbi ilə 7 kiloqram arıqlamağa da razılaşır. Braziliyalılar müxtəlif müsabiqələr keçirməyi çox sevirlər. Hətta stomatoloqlar belə hər il yığışaraq, ilin ən gözəl gülüşünü seçirlər. Belə bir "tibbi" nominasiyanın qalibi adətən, Braziliyanın ən gözəl və ən məşhur qadınları olur. Vaxtilə "İlin gülüşü" adını Letisiya Spiller, Şuşa, Ana Paula Arozio, Tais Arauqo, Silviya Pfeyfer və Qloriya Pireş daşıyıblar. Ötən il isə bu müsabiqənin qalibi Covanna Antonelli olub.


Hade - Lukas duetindən Covanna - Murilu cütlüyünə
Uğurlu karyerasına baxmayaraq, Covanna şəxsi həyatında bu göstəriciyə hələlik çata bilməyib. Onun Rikardo Medina ilə uğurlu görünən nikahı "Klon" serialının çəkilişləri zamanı pozulub. Teleserialın çəkilişləri tamamlandıqdan sonra isə Covanna Antonelli və Murilu Benisiu biri-biri üçün darıxmağa başladıqlarını hiss edir və onlar ayrılıqda yaşaya bilməyəcəklərini anlayırlar. Cütlük barəsində çoxlu şayiələr gəzməyə başlayır, hətta onların gizli nikah bağladıqları barədə də söz-söhbət yayılır. Amma Covanna və Murilu toy etməyərək, üç il vətəndaş nikahında yaşadıqdan sonra ayrılırlar.


Tarix: 28.11.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 298 Bölmə: Filimler