beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İsrail kinosu

İsrail bir dövlət kimi gənc olduğundan onun kinosu da cəmi yarım əsrdir yaranıb. Lakin dünya kino aləmində rejissorları və özünəməxsus filmləri ilə tanına bilib. Amerika və Avropa ilə müqayisədə İsrail kinosu hələ formalaşma mərhələsindədir. Yaranmasının ilk illərində kinematoqraf İsrail dövlətinin ideologiyası və tarixinin təbliği ilə məşğul idi. Filmlər milli dirçəliş, müstəqillik uğrunda müharibə (1948), terrorizmlə mübarizə mövzularında çəkilirdi. Həmçinin İsrail cəmiyyətinin iç problemləri - icmalararası konfliktlər, repatriasiya (dünyanın müxtəlif yerlərində yaşayan yəhudilərin İsrailə köçməsi) və yeni repatrianların ölkənin həyatına qoşulması ilə bağlı yaranan münasibətlər və problemlər də kinonun diqqətindən kənarda qalmamışdı. İsrail kinosunun bu dövrü «sinonist realizmi» adlanır. Hər bir rejissor, ilk növbədə, yəhudi cəmiyyətinə olan vətənpərvərlik borcunu ödəməyə çalışırdı. Həmin illərin kino sənayesi bir nəfərin - ilk İsrail bədii filmi «Avara»nı çəkmiş rejissor Natan Akselrodun səyləri hesabına yaşayırdı.
Bu hal 1952-ci ilə qədər davam edir. 1952-ci ildə Həmkarlar İttifaqında kinematoqrafiya şöbəsi təsis edilir. 1954-cü ildən həmin şöbəyə İqalem Əfrati başçılıq edir. Paralel olaraq İsrail ordusunda da analoji şöbə yaradılır.
50-ci illərdə çəkilən filmlər də təbliğat xarakteri daşıyırdı. Aqrar sahə, səhranın yaşıllaşdırılması ən əsas mövzu idi. Ordu və repatriasiya mövzuları isə hələ də birinci yerdə gedirdi. Bir qayda olaraq bu filmlər şəxsi vəsaitin - Milli İnkişaf Fondunun (Keren Kayemet) hesabına istehsal olunurdu (Müstəqillik uğrunda aparılan müharibədən bəhs edən və ictimaiyyət arasında böyük maraq doğurmuş «24-cü hündürlük cavab vermir» filmi də bu fondun sponsorluğu ilə çəkilib).
50-ci illərin sonlarında situasiya kökündən dəyişdi. İsrail dövlətinin əsasının qoyulduğu ilk gündən yeni repatrianların qəbulu prioritet istiqamətlərdən idi. Asiya və Şimali Afrikadan gələn repatriasiya dalğası kinoteatrlara gələnlərin tərkibinə nəzərəçarpacaq təsir etdi. Yeni israillilər ivrit dilini təmiz bilmirdilər və köhnələr, xüsusilə də Avropadan köçmüş yəhudilər tərəfindən ayrı-seçkiliyə məruz qalmışdılar. Bundan başqa, ölkədə İsraildə doğulub-böyümüş yeni nəsil formalaşırdı. 60-cı illərdə dövlətin də kino sənayesinə dəstəyi gücləndi.
Dövlət «Made in İsrail» yarlıqlı istənilən filmin xərclərini öz boynuna götürməyə hazır idi və bu, kino sənayesinə şəxsi investorların marağını qat-qat artırdı. Filmlər həm məzmun, həm də formaca dəyişdi. Prokatda təbliğatçı filmlərin sayı məhdudlaşdı, yeni janrlı filmlər- komediyalar, döyüş filmləri, melodramlar, uşaq filmləri və s. peyda olmağa başladı.
Rejissor Amos Kenanın 60-cı illər İsrailinə parodiya kimi çəkdiyi «Ayda deşik» filmi Kann festivalında kinotənqidçilərin mükafatını qazandı.
70-ci illər İsrail kinematoqrafiyasında «Burekaslar» adlı cərəyanın yaranmasıyla əlamətdar oldu. «Burekas» - ivrit dilindən tərcümədə «yağlı kökə» deməkdir. Yəhudilər onu dini mərasimlərdə hazırlayırlar. Belə hesab olunur ki, onun xəmirinə dünyadakı bütün problemlər qarışdırılıb. Bu cərəyana aid filmlərdə adətən köhnə ənənələrə sadiq sadə israillilərdən, onların məişətindən danışılırdı.
1977-ci ildə İsrail kinosunda daha bir yeni cərəyan yarandı. Bu cərəyana aid edilən filmlərdə 1973-cü ildə başlamış oktyabr (Yom-Kippur müharibəsi) hadisələrindən bəhs olunurdu. Filmlərin xarakterik cəhəti onlarda yeni texnologiya və stilin tətbiqi idi. Həmin filmlər İsrail Maarif və Mədəniyyət Nazirliyinin sifarişi və vəsaiti hesabına çəkilirdi. Büdcənin cüzi olmasına baxmayaraq, israilli rejissorlar ortaya çox maraqlı işlər çıxara bilirdilər. Yeni kinonun əsas qəhrəmanı düşməndən xarizmatik qəhrəmana çevrilən fələstinli ərəb idi. Həmin dövrdə istehsal olunmuş «Daniel Vaks hardadır?» (rej. Avraam Efner), «Divarın arxasında» (rej. Uri Baraş, 1984), «Hamsin» (rej. Daniel Vaks, 1982) belə filmlərdən idi. Bu filmlərdə ərəb-yəhudi konflikti sonu görünməyən milli faciə kimi təsvir edilirdi.
90-cı illərin əvvəllərində İsrail kinematoqrafiyasında iki mühüm tendensiya yarandı:
I. Ərəb-İsrail konflikti mövzusu tədricən sönükləşməyə və yerini başqa problemlərə verməyə başladı;
II. İsrail kinosu qətiyyətlə ictimai problemlərdən şəxsi problemlərə keçid etdi.
«Şuru» və «Təl-Əviv əhvalatları» kimi komediyalar yarandı. Sonuncu filmdə o vaxta qədər İsrail kinosunda işlənməmiş feminizm mövzusuna toxunulmuşdu. Bu dövr «plüralist realizm» adını aldı. İdeoloji xətdən imtina onunla nəticələndi ki, kommersiya kinosu və televiziyası inkişaf etməyə başladı. İsrail kinofilmləri bir-birinin ardınca beynəlxalq aləmdə çoxdan gözlədiyi uğuru qazandı.
Rona Xavilionun «Yerusəlim-fraqmentlər» filmi Yaponiyada Yamaqata festivalının baş mükafatını və Berlin kinofestivalında kinotənqidçilərin mükafatını qazandı. Təl-Əviv Universitetinin kino fakültəsinin məzunu Dover Koxaşvilinin qısametrajlı «Qaydalara uyğun» filmi Kannda II yeri tutdu. Rejissor Arik Kaplunun «Yananın dostları» filmi Karlovı-Vari festivalının I mükafatına, Amos Gitayın «Kadoş» filmi isə Kann Kinofestivalının ən yüksək mükafatına layiq görüldü.

Bütün qazanılan uğurlara baxmayaraq, 90-cı illər İsrail kinosu üçün həm də böhran illəri kimi xarakterikdir. Kinonun inkişafı ölkə iqtisadiyyatının vəziyyətilə birbaşa bağlı olduğundan, 90-cı illərdə kinoya şəxsi kapital qoyuluşu çoxaldı. Lakin bu vəsaitin çox hissəsi kommersiya filmlərinin istehsalına sərf edilirdi. Odur ki, İsrail kinosu sürətlə kommersiyalaşırdı. İsrail kinosunun birtərəfli inkişafından narahat olan Haim Şarir, Yonatan Aroh, Dan Faynar kimi yaşlı nəslə mənsub, tanınmış İsrail rejissorları dövlətdən kinoya diqqətin artırılmasını, yeni ictimai fondların yaradılmasını tələb edirdilər. Məsələ bunda idi ki, İsrail kinosu qısa vaxt ərzində qazandığı beynəlxalq uğurlara baxmayaraq dünya kino aləmində aktual deyildi. Ona görə də mədəniyyətin inkişafı üçün cavabdeh olan şəxslər, sponsorlar kinoya əyləncə kimi baxırdılar və kinofilmlərin istehsalına sərf olunan vəsaiti hədər xərc hesab edirdilər.
Hazırda isə İsrail cəmiyyəti əvvəlki illərdə olduğundan daha açıq və demokratikdir. ABŞ-da, Avropada 10-20 il əvvəl baş verənlər İsraildə indi baş verir - seksual azadlıq, radikal feminizm və s. Bu gün İsrail vaxtilə bütün dünyanın keçdiyi sosial aktivliyin dolub-daşma mərhələsindədir. Bəzi konkret mövzulara qoyulan senzura tədricən zəifləyir. Erotik janrlı filmlər yaranır. Bu janrın ilk qaranquşusa ilk gündən qızğın mübahisə və müzakirələrə səbəb olmuş «Qara banan» filmi idi. İndi isə demək olar ki, bütün filmlərdə epizodik də olsa, homoseksual obrazı var.

Heç bir tərəf günahkar deyil
İsrail kinosunun inkişafında müştərək kinolayihələrin xüsusi yeri var. Bir qayda olaraq, internasional tərkibli layihələr həm tamaşaçılar, həm də kino tənqidçiləri tərəfindən böyük maraqla qarşılanır. Dunya kinosunda bu təcrübə xeyli vaxtdır ki, öz təsdiqini tapıb. Şübhəsiz ki, bir neçə ölkə kinematoqrafçılarının birgə film çəkməsilə artıq heç kimi təəccübləndirmək mümkün deyil - əgər tərəflərdən biri ərəb, digəri isə İsrail olmasa. Bu böyük layihənin ilk filmi «Cənnət indi» adlanır. İsrail televiziyası filmin mümkün qədər geniş auditoriya toplaması üçün reklam işini öz boynuna götürüb və zəhməti hədər getməyib. Lakin israillilərin filmə münasibəti birmənalı olmayıb. Əksər İsrail vətəndaşları filmin istehsalında İsrailin də iştirakını özlərinə təhqir kimi qəbul ediblər. Doğrudur, 70-80-cı illərdə də bu tip filmlər çəkilib və «Cənnət indi» filminin qəhrəmanı da terrorçu ərəbdir. Lakin öz sələflərindən fərqli olaraq o, dəyişikliyə məruz qalmır. Əksinə, öz baxış bucağından əməllərində haqlı olduğunu isbat edir. Filmin ideyası belədir: heç bir tərəf günahkar deyil, nə partladan, nə də ölən - vəziyyət belə gətirib.


Tarix: 28.11.2014 / 11:11 Müəllif: Aziza Baxılıb: 212 Bölmə: Filimler