beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bürclərə uyğun ailə həyatı qurmaq olarmı?

Mövzunun adından, yəqin, elə düşündünüz ki, bu dəfə sizə hansı bürcə aid insanla ailə həyatı qurmağın məsləhət olduğunu tövsiyyə edəcəyik. Əsla… düz deyiblər, ailə həyatı qurmaq çox çətin məsələdir. Belə bir addım atmazdan öncə bir sıra məsələləri götür-qoy edirik. Görəsən, xasiyyətimiz tutacaqmı? Ailəmiz nə dərəcədə möhkəm olacaq? O mənə xəyanət edə bilərmi? və s. və ilaxır bu tip suallar daima beynimizi məşğul edir. Diqqətimizdən yayınmayan əsas məsələlərdən biri ailə həyatı quracaq cütlüyün bürclərinin nə dərəcədə tutuşmasıdır. Evliliklə bağlı mediada yayımlanan yazıların bir çoxunda da oxucular üçün bu məsələnin ciddi önəm daşıdığını gördük. Bürclərə görə ailə həyatı qurmaq nə dərəcədə düzgündür?

Astroloq Səbuhi Rəhimli bu haqda danışır. O, iki gəncin ailə həyatı qurması üçün astroloji proqnozların da rolunun az olmadığını vurğulayır: “Ailə qurmaq insan həyatının ən məsuliyyətli və deyərdim ki, həlledici məqamıdır. Böyük hazırlıqlardan, risklərdən, təcrübələrdən keçmək lazım gəlir. Evləndikdən sonra da müəyyən zamanlarda ağır sınaqlardan keçməli olursan. İki sevənin yollarının birləşdirilməsində astrologiya elminin rolu az deyil”.

20 ildir ki, bu işlə məşğul olduğunu söyləyən S.Rəhimli bununla yanaşı qeyd edir ki, uğurlu ailə üçün astroloji proqnozlar kifayət etməz: “Mən 20 ilə yaxındır ki, bu sahə ilə peşəkarcasına məşğul oluram. Amma nə kitablarımda, nə qəzetimdə, nə də ki müsahibə və teleçıxışlarımda hansı bürclə hansı bürcün uyğun gəlib-gəlməməsi haqqında bir kəlmə də deməmişəm. Çünki sevgi uyğunluğu üçün astroloji bilgilər kifayət etmir.

Məndən bu barədə soruşanda deyirəm ki, bunun üçün ilk növbədə sevgi və anlayış lazımdır. Bilirsiniz, hər bir fərd ayrı-ayrılıqda bir dünyadır. Onun yaşadığı mühit, ailə vəziyyəti, valideyn, evin neçənci uşağı olması, fərdi xarakteri, peşəsi, yaşadığı ölkə, bölgə, hətta neçənci mərtəbədə qalması belə onun xarakterinin formalaşmasında başlıca rol oynayır. Məsələn, biri qaba, kobud, savadsız və yalnız küçə “qanun”ları ilə yaşayır, digəri isə romantik bir şairdirsə, bu zaman onların hansı bürcə mənsub olmaları mənasızdır. Biri Laçından, digəri Lənkərandan olduqda belə müəyyən problemlər yaşana bilər. Çünki hər bir bölgənin öz adət-ənənələri var, gəlinə münasibət fərqlidir, hətta məişət qaydaları da oxşar deyil. Necə ki, bəzi qadınlar ərlərinin başqa qadınlarla yaxın əlaqəsinə adi baxıb “onsuz da bütün kişilər bunu edirlər” deyir, bəziləri də ərlərinin hansısa qadına adi salam verməsindən hiddətlənərək boşanma həddinə çatırlar”.

S.Rəhimli qeyd edir ki, ailə həyatı qurarkən bir sıra məsələlər, qarşı tərəfin psixoloji durumu, genetik daşıyıcıları kökündən araşdırılmalıdır: “Ailə həyatı qurarkən ilk növbədə insanların psixoloji durumunu öyrənmək, onun genetik daşıyıcılarını bilmək lazımdır. Astrologiyanın elmi qanadında bürclərin nikah uyğunluğu barədə izah yoxdur. Evlilik prosesində biz hər iki gəncin doğum saatına qədər dəqiq öyrənib, onların fərdi qoroskoplarını qururuq. Onların uyğun gələn və gəlməyən xüsusiyyətlərini sadalayırıq. Hər ikisinə bir-birinə nədə güzəştə getməli olduqlarını, hansı periodlarda çətinlik gözlənildiyini deyirik.

Amma yenə də tam olmur. Çünki müəyyən zaman kəsiklərində insanların fərdi psixologiyası üzə çıxır və gözləntilərin əksi ola bilir, çünki iradəvi hallar var ki, bunu da heç bir elm izah edə bilmir, hətta psixologiya da. Əgər saat qoroskopunda bu qədər mürəkkəblik olursa, ümumi bürclərdən danışmaq gülüncdür. “Filan bürclə filan bürc tuturmu?” sualına həmişə gülmüşəm. Cəmi 12 bürc var, məgər hamısı birmənalı şəkildə yaxşı və ya pis ola bilir? Bilirsiniz, insan adi bir məsələdə min dəfə götür-qoy etdiyi təqdirdə heç vaxt nəzərdə tutduğu nəticə tam alınmır. Əgər bu sevgi və ailədirsə, heç kim ona təminat verə bilməz. Həmişə deyirəm ki, məhəbbət Allahdan sonra dərk etmədiyimiz ikinci qüvvədir”.

Sevgidən söz salaraq onun heç bir tərifə sığmadığını deyən S.Rəhimli üçün bu anlayış fərqlidir. O düşüncələrini misallarla izah edir: “Sevgi elə bir duyğudur ki, onun açması heç bir elm tərəfindən tam göstərilməyib. Nə psixologiyada, nə bədii ədəbiyyatda, nə də müşahidə təcrübəsində sevginin tərifi oxşar tərzdə verilə bilmir. Çünki bu, barmaq izlərində olduğu kimi hər bir fərdin də məhəbbət müstəvisinə baxışı, ona yanaşması və yaşaması tam fərqlidir. Sevgi insanı dəli də edir, dahi də; mağaraya, səhralara da yönəldir, taxt-taca da; eşq də verir, bəla da. Hətta bunların da tərzi bir-birindən fərqli olur. O üzdən heç kim sevginin tərifini dəqiq verə bilməz, nəinki elmi izahını. Çünki bu, ruhla bağlıdır, ruhu isə heç peyğəmbərlər də izah edə bilməyiblər. Günümüzdə də görürük ki, birisi sevgi münasibətlərini “hind məhəbbəti” adlandırır, bəziləri isə “sevgi-zad boş şeydir” deyir. Hər kəs haqlıdır, həm də haqsız”.

Məhəbbətin də təzadlı olduğunu deyən S.Rəhimli üçün o, çox böyük məfhumdur: “Məhəbbətin qəribə təzadları da var. Məsələn, bəlkə də Fərhada desəydilər ki, el-oba susuzluqdan əziyyət çəkir, get Bisütun dağını yar, su gəlsin – getməzdi. Amma Şirinin eşqinə gecəsini gündüzünə qatıb bunu etdi. Ayların sultanı Ramazanın Qədr gecəsində oyaq qalıb Allahla bir olmaq, dualar etmək, İlahi Eşqə mübtəla olmaq buyrulur. Amma çoxları bunu bacarmayıb yatırlar. Qəribəsi odur ki, insan birini sevəndə günlərlə yuxusuz qalıb, ağlagəlməz eşqə mübtəla olur, ruhu pərvazlanır”.

Cinsi münasibətlərin də ailə həyatına təsir etdiyini deyən ekspert ailə həyatı qurarkən sırf astroloji proqnozlara uyğun addım atmağın mənasız olduğunu deyir: “Bu da cütlüklərin uzun müddət bir yerdə qalmasına rəvac verir. İqtisadi durum, siyasi gedişat, populyar olan Qərbə inteqrasiya kimi hallar bütün həyatımıza təsir etdiyi kimi, ailəmizə də təsirsiz ötüşmür. Əgər faiz nisbətində götürsək, astrologiya burada 25-30 faiz təşkil edir. Amma tam mənasıyla buna köklənmək, söykənmək ağılsızlıq olardı. Düzdür, astroloji uyğunluq olur, eyni ünsürlü bürclərdə cazibədar enerji, oxşar baxışlar var, amma yuxarıda sadaladığım amillər neqativ yönümlü olursa, bu, öz əhəmiyyətini itirir. Yəqin ki, hamınız “Titanik” filminə baxmısınız. Oradakı qızla oğlanın bürc uyğunluğu neqativ olsaydı belə, onları elə bir hadisə birləşdirirdi ki, ömür boyu xoşbəxt yaşaya bilərdilər. Fikrim odur ki, evlənərkən konkret bir detala söykənmək olmaz. Əvvəlki dönəmlərdə valideynlər daha çox qərar verərdi, uşaqları öz dost-aşnasının, qohumlarının övladıyla evləndirərdilər. Gəlin-qaynana münasibətlərində aparıcı mövqe qaynanada olurdu. Bu gün isə belə bir münasibət az qala yoxdur. Evlənməli olan qızların yarıdan çoxu qaynana ilə birgə yaşamaq istəmir.

Əvvəllər boşanmaq mövzusu ümumiyyətlə nadir hal idi. Amma bu gün adi bir mübahisədən gəlin asanlıqla çıxıb gedir. İndi az qala qaynanalar gəlinin başına dolanırlar. Bütün bunların astroloji bilgilərə təsiri yoxdur”.


Tarix: 24.11.2014 / 15:56 Müəllif: Aziza Baxılıb: 182 Bölmə: Burcler haqqinda çox şey