beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

7 saniyədə işə qəbul olunmaq

Bəzən iş görüşünə aylarla hazırlaşmağınıza baxmayaraq, işəgötürən tərəf sizə sadəcə bir neçə dəqiqə vaxt ayırır. Qısa zaman ərzində özünüzü tanıtmaq üçün sizə yetərincə vaxt ayrılmadığını düşünürsünüzsə, yalnış fikirdəsiniz. Çünki çox vaxt sizin müraciət etdiyiniz şirkətə gün ərzində onlarla insan iş üçün müraciət edir. Sizi işə qəbul edən şəxslər isə artıq insan sərrafına çevrildiklərindən iş görüşü zamanı yalnız danışığınıza deyil, bütün davranışlarınıza hətta geyiminizin hər incə detalına belə diqqətlə yanaşırlar. Buna görə də görüşün ilk yeddi saniyəsində artıq sizi işə qəbul edib-etməmək mövzusunda dəqiq qənaətə gəlirlər. Yəni, yeddi saniyə ərzində asanlıqla işə qəbul oluna bilərsiniz. İndi bununla bağlı sizə bir neçə məsləhət vermək istəyirik.
İnsanlarda yaratdığınız ilk təəssurat çox önəmlidir
Araşdırmalar göstərir ki, biriylə tanış olduğunuz zaman onun haqqında yaranan təəssuratınızın 93%-i həmin şəxsin görünüşü, bədən dili ilə bağlı olur. Sizin onun haqqında müəyyən fikrinizin formalaşması baxımından sözlərin əhəmiyyəti isə 7%-dir. Bir insanla ilk tanışlığınız telefon danışığı ilə baş tutduğu zaman isə onun haqqında müəyyən fikrinizin formalaşması üçün sözlərin əhəmiyyəti 30, səs tonunun əhəmiyyəti isə 70%-dir. Yəni qarşı tərəf üçün nə dediyiniz deyil, onu necə dediyiniz önəmlidir.

İstifadə etdiyiniz ilk 12 sözü diqqətlə seçin
İnsanların sizin haqqınızda müəyyən fikrinin formalaşmasında istifadə etdiyiniz sözlərin əhəmiyyəti az olsa da, bu zaman danışığa başlayarkən maksimum dərəcədə xoşdil, incə olmağa çalışın. Məsələn, sözlərinizə sizi bu gün vaxtından ayırıb qəbul edən şəxslərə təşəkkür edərək başlayın.

Qarşınızdakı insana adı ilə müraciət edin
Bir insana qarşı göstərəcəyiniz ən incə münasibət ona öz adıyla müraciət etməyinizdir. Yeni tanış olmağınıza baxmayaraq, qarşınızdakı insan da sizdən bu münasibəti gördüyünə məmnun olacaq.

Saçınıza diqqət yetirin
Yuxarıdakı maddədə ilk görünüşdə xarici görünüşün əhəmiyyətindən danışdıq. Xarici görünüşə fikir verərkən insanın diqqətini çəkən ən önəmli hissə üz və saçdır. Unutmayın ki, sizi qəbul edən şirkətlər ilk olaraq sizin başınızın içini deyil, üstünü görürlər. Heç bir şirkətin işə qəbul qaydalarında isə “Saçları dağınıq, səliqəsiz insanlara üstünlük verilir” kimi bənd yoxdur.

Ayaqqabılarınızın təmiz olmasına diqqət edin
İnsanların üzünüzdən sonra baxdıqları ikinci nöqtə ayaqqabılarınızdır. Siz bu məqama o qədər də diqqət yetirməyə bilərsiniz, amma ayaqqabılarınız səliqəsiz olduğu halda sizi işə qəbul edənlər incə detallara qarşı diqqətsiz olduğunuzu düşünəcəklər.

Sürətli yeriyin
Araşdırmalar göstərir ki, cəld yeriməyi bacaran insanlar digərlərinə nisbətən 10-20% daha enerjili olurlar. Elə işəgötürənin axtardığı işçi modeli də məhz belə insanlardır. Buna görə də ən azından sizi müsahibəyə dəvət edən insanların yanında daha cəld, çevik hərəkət etməyə çalışın.

Yaxşı əl sıxmağı öyrənin
Potensial işəgötürənlə tanış olduğunuz zaman ilk etdiyiniz hərəkət əl uzatmaq, görüşməkdir. Əksər iş adamları üçün yaxşı əl sıxmağı bacaran şəxs həm də özündən əmin biridir. Buna görə də hələ söhbətə başlamazdan əvvəl sizi işə qəbul edənlə görüşən zaman onun əlini tam olaraq tutub özünüzdən əmin şəkildə sıxmağınız lazımdır.

Bədən dilinizdən bacardığınız qədər yaxşı istifadə edin
İnsanlarda özünüz haqqında müsbət təəssurat yaratmağın digər bir yolu da təbəssümdür. Bundan başqa görüş zamanı işə qəbul edənlə göz təması qurmağınız və onun sözlərini tam diqqətlə dinlədiyinizi hiss etdirməyiniz qarşı tərəfdə sizin haqqınızda müsbət təəssurat yaradacaq. Buna görə də çalışın ki, söhbətə xırda müdaxilələrinizlə qarşınızdakı insana onun danışdıqlarından xəbərdar olduğunuz, bu mövzu ilə yaxından maraqlandığınız mesajını ötürəsiniz.

Əvvəldə də qeyd etdiyimiz kimi bəzən bir müsahibəyə aylarla hazırlaşırırq. Bəzən isə heç təsəvvür etmədiyimiz yerdə potensial işəgötürənlə qarşılaşırıq. Buna görə də çalışmaq lazımdır ki, hər zaman belə süprizlərə hazır olaq və istədiyimiz işi əldə etmək üçün maksimum dərəcədə çalışaq.


Tarix: 07.01.2015 / 12:29 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Biznes klass