beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İş həyatına rəng qatmağın yolları

Gördüyümüz işi nə qədər sevməyimizdən asılı olmayaraq stress altında işləmək hər birimizi yora, işdən bezdirə bilər. Bu kimi hallarla rastlaşmamaq üçün daim işimizə rəng qatmağa çalışmalıyıq. Unutmayaq ki, gün ərzində əhvalımızı idarə etmək bilavasitə özümüzdən aslıdır.
Bunun üçün hər şeydən əvvəl yola çıxarkən əhvalınızı müsbətə kökləyin. Günə yaxşı başlamaq üçün o qədər çox hazırlaşmağınıza ehtiyac yoxdur. Səhər ən sevdiyiniz, amma bir o qədər də rahat geyiminizi geyinib ayna qarşısında özünüzə gülümsəyin. Unutmayın ətrafdakılara təsir etməyin ən asan yolu özünə inanmaqdır. Nə olur olsun, özünüzə inanın. Səhər yeməyindən sonra artıq yola çıxa bilərsiniz. Əgər musiqi dinləməyi sevirsinizsə, yolda ən çox sevdiyiniz pozitiv musiqilərə qulaq asın və ya heç nə etmədən sakit formada yolunuzu gedin. Bir sözlə, nə sizi xoşbəxt edirsə, o işi görün.

Zövqlü bir ofis mühiti yaradın
Gününüzün təxminən 8-9 saatını iş yerində keçirirsiniz. Ofisinizdə olan ən xırda əşya belə sizin ovqatınıza bu və ya digər dərəcədə təsir edir. Buna görə də xüsusən öz iş stolunuzu maraqlı əşyalar (rəngarəng qələmlər, kağızlar, suvenirlər, sevdiyiniz insanların şəkilləri, dibçəklər) ilə bəzəyin. Başlanğıcda bu sizə mənasız hərəkət kimi görünə bilər, amma zamanla özünüz bunun işinizə necə müsbət təsir etdiyini görəcəksiniz.

İşlərinizi planlı şəkildə qurun
İş həyatında tarazlıq yaratmaq çox önəmlidir. Bu isə insandan təşkilatçılıq bacarığı tələb edir. İşlərinizi əhəmiyyətlilik dərəcəsinə görə qruplaşdırmağa çalışın. Özünüz üçün prioritet işləri seçin, hansını nə vaxt edəcəyinizi planlaşdırın. Yalnız bu halda uğur əldə edə bilərsiniz.

Fasilə verin
İşinizin sizi yormağa başladığını düşündüyünüz an işlə bağlı bütün fikirlərinizi kənara qoyub istirahət edin. Bu istirahətdən maksimum dərəcədə yararlanmaq üçün isə bir əlinizi kürəyinizə aparın, sinənizi bir şar kimi təsəvvür edin. Şarı doldururmuş kimi sinənizi asta-asta hava ilə doldurun. Bu məşqləri gündə 2-3 dəfə etməyiniz məsləhətdir.
Əgər imkanınız varsa, bu fasiləni çöldə, təmiz havada gəzərək də qiymətləndirə bilərsiniz.


Tarix: 07.01.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 37 Bölmə: Biznes klass