beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lənkəran qəzası

Tarixi
Hələ çar I Nikolayın dövründə (1825-1855) həyata keçirilmiş 1840-cı il 10 aprel qanunu ilə Talış əyalətinin əsasında yaradılmışdı. Lənkəran qəzası 1841-46 illərdə Kaspi vilayətinin tərkibinə daxil idi. 1846 il 14 dekabr tarixli fərmanla Şamaxı quberniyası təşkil edildikdə, onun tərkibinə qatılmışdı (1859 il Şamaxı zəlzələsindən sonra mərkəzi Bakıya köçürüldüyündən Bakı quberniyası adlandırılmışdı). Qəzanın mərkəzi Lənkəran Şəhəri idi Qəza Səbican, Lənkəran, Ərkivan məntəqələrindən və Muğan pristavlığından ibarət idi. Burada qəza idarəçi sistemi fəaliyyət göstərirdi.

Qafqaz təqviminin (917 məlumatına görə, qəzanın ərazisi 4726,88 kv.verst idi. Lənkəran qəzasmda yaşayan 185518 nəfər əhalinin 183583 nəfəri yerli sakinlər, 1935 nəfəri müvəqqəti yaşayanlar, 96904 nəfəri kişi, 88614 nəfəri qadın idi. Qəza əhalisinin 170 min nəfərə qədəri müsəlman idi. Çarizmin köçürmə siyasəti nəticəsində Lənkəran qəzasının əhalisinin tərkibində rusların sayı artmışdı. Həmin məlumata görə, qəzada 16206 nəfər rus qeydiyyata alınmışdı (onların 6974 nəfəri Pravoslav|pravoslav]], 9232 nəfəri sektant idi). Lənkəran şəhərində ümumi olaraq 17801 nəfər yaşayırdı. Qəzanın təsərrüfat həyatında taxılçılıq, çəltikçilik, balıqçılıq əsas yer tuturdu.

Fevral inqilabından (1917) sonra Lənkəranda sovetlər yarandı. Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ keçirmiş Bakı Soveti quberniyaya daxil olan qəzaların, o cümlədən Lənkəran qəzasının zor gücünə sovetləşdirilməsinə çalışırdı. 1918-ci il aprelin 12-də Bakı Soveti Lənkərana 280 nəfərlik silahlı dəstə göndərdi və aprelin 14-də qəzada sovet hakimiyyətinin qurulması elan olundu, lakin 1918 il avqustun 4-də Lənkəran qəzasında sovet hakimiyyəti süqut etdi. Burada sağ eserlərlə "Muğan Müvəqqəti hərbi diktaturası və ya "Beşlər diktaturası" yaradıldı. "Muğan hökuməti" antiazərbaycan siyasəti yeridir, denikinçilərin Cənubi Qafqazda ağalığını təmin etməyə çalışırdı. Bolşeviklər də Lənkəranda hakimiyyəti ələ keçirməyə cidd-cəhd göstərirdilər. Rusiya Kommunist (bolşeviklər) Partiyası Qafqaz Diyar Komitəsi Lənkəranda gizli radiostansiya təşkil etmiş, sovet hakimiyyəti tərəfdarlarına hərbi və maddi kömək göstərmişdi. "Muğan hökuməti" 1919 il aprelin 25-də yıxıldı, Muğan Sovet Respublikası (1919-cu il 25 aprel - 27 iyul) quruldu. Muğan Sovet Respublikası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. Bəzi sosialist tədbirlərinə baxmayaraq, Muğan Sovet Respublikası xalq arasında nüfuz qazana bilmədi və iyulun 27-də süquta uğradı. Lənkəran qəzasında hakimiyyət Muğan qüvvələrinin əlinə keçdi. Ölkənin ərazi bütövlüyünün bərpasına xüsusi önəm verən Cümhuriyyət Hökuməti Lənkəran qəzasında öz hakimiyyətinin qurulması uğrunda fəal mübarizəyə başladı. Bu məqsədlə xüsusi dəstə təşkil olundu. Hərbi nazir Səməd bəy Mehmandarov iyulun 23-də Lənkəran qəzasının sakinlərinə müraciət imzaladı. Müraciətdə deyilirdi: "Vətəndaşlar! Azərbaycan Cümhuriyyəti hökumətinin iradəsi ilə mən Lənkəran qəzasına dəstə göndərirəm. Vətəndaş müharibəsinə birdəfəlik son qoymaq, qayda-qanun yaratmaq, sizi dinc əhaliyə əzab verən zorakı dəstələrdən və qatillərdən azad etmək işi bu dəstəyə tapşırılıb. Azərbaycanın ayrılmaz hissəsi olan qəzada məskunlaşmış bütün millətlərə ədalətli münasibət bəsləyən Azərbaycan qoşunları sizin yanınıza qanunçuluğun daşıyıcısı kimi gəlirlər... Bununla bərabər, məlum edirəm ki, sovetlər, komitələr və ya "Muğan respublikası" adı altında hər hansı özbaşına təşkilatın yaradılmasına yol verilməyəcəkdir...".

Lənkəran əməliyyatı uğurla başa çatdı. Avqustun sonunda Lənkəran dəstəsi qarşıya qoyulan vəzifəni yerinə yetirdi. 1919-cu ilin avqustundan Lənkəran qəzasında Azərbaycan Xalq Cümhuriyyətinin suveren hüquqları bərpa edildi. Aprel işğalından (1920) sonra Cümhuriyyət hakimiyyətinin süqutu nəticəsində 1920 il mayın 3-də Lənkəran qəzasında yenidən sovet hakimiyyəti quruldu. Azərbaycanın rayonlaşdırılması ilə əlaqədar olaraq, Lənkəran qəzası 1929 ildə ləğv edildi.


Tarix: 21.01.2015 / 17:59 Müəllif: Feriska Baxılıb: 119 Bölmə: Bakı quberniyası