Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bakı qəzası

Haqqında
Rusiya imperiyası Bakı xanlığını işğal etdikdən (1806) sonra xanlıq üsuli-idarəsini ləğv edib, onu əyalətə çevirmişdi. 1840-cı il 19 aprel inzibati islahatı nəticəsində inzibati cəhətdən Xəzər vilayətinə daxil olan Bakı qəzası yaradıldı. Çar I Nikolayın 1846-cı il 14 dekabr tarixli fərmanı ilə Şamaxı quberniyası yaradıldıqda Bakı qəzası həmin quberniyanın tərkibinə verildi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzinin Bakıya köçürülməsilə eyni adlı quberniyanın qəzası oldu. 1888-ci il 10 may tarixli qərara əsasən Bakı qəzası Balaxanı-Sabunçu, Maştağa və Saray məntəqələrinə bölündü. 1906-cı il 28 oktyabr tarixli fərmana görə Bakı və onun ətrafındakı fabrik-mədən rayonları əsasında Bakı qradonaçalnikliyi (Bakı şəhər rəisliyi) təşkil edildikdə qəzanın tərkibində ancaq kənd icmaları qaldı. Bakıda sovet hakimiyyəti qurulduqdan sonra S.Şaumyanın daşnak-bolşevik rejimi qəzalarda, o cümlədən Bakı qəzasında da möhkəmlənməyə can atırdı. 1918-ci il 28 mayda yaranan Azərbaycan Xalq Cümhuriyyətinin öz hakimiyyətini bütün ölkə ərazisində bərqərar etmək siyasəti uğurla nəticələndi. Həmin il 15 sentyabrda Bakı şəhəri azad edildikdən sonra Bakı qəzasında da Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyəti quruldu. Qafqaz təqviminin (1917) məlumatına görə, Bakı qəzasının sahəsi 2610,22 kv. verst (2,77 min kv.km), əhalisi 15746 nəfər (o cümlədən, 533 nəfəri müvəqqəti yaşayan) idi. Qəzanın bütün əhalisi azərbaycanlılardan ibarət idi. Bakı qəzasının təsərrüfat həyatında əkinçilik, bağçılıq və üzümçülük əsas yer tuturdu. 1920-ci il 28 apreldə XI Qızıl Ordu Bakını işğal etdikdən sonra qəzada Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətinə son qoyuldu. Bakı qəzası 1929-cu ildə ləğv edildi.


Tarix: 21.01.2015 / 17:57 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Bakı quberniyası
loading...