beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Göyçay qəzası

GÖYÇAY QƏZASI - Bakı quberniyası tərkibində inzibati-ərazi vahidi. Göyçay qəzası Zaqafqaziya və Qafqaz diyarının idarəçiliyində dəyişikliklər haqqında 1867 il 9 dekabr tarixli çar fərmanı əsasında yaradılmışdı. Göyçay qəzasının mərkəzi Göyçay yaşayış məntəqəsi idi. Qəza idarə sistemi mövcud idi. Qafqaz təqviminin (1917) məlumatına görə, Göyçay qəzasının sahəsi 4676,58 kv.verst idi. Qəza əhalisinin (134,098 min nəfər) 127650 nəfəri yerli sakinlər, 6448 nəfəri müvəqqəti yaşayanlar idi. Əhalinin 112,6 min nəfərini azərbaycanlılar, 17,2 minini ermənilər, 3,3 minini ruslar təşkil edirdi. Qəza əhalisinin 73891 nəfəri kişi, 60207 nəfəri qadın idi. Əhali kənd təsərrüfatı ilə məşğul olurdu. Kustar sənaye sahələri (xalçaçılıq, ipəkçilik və s.) inkişaf etmişdi. Oktyabr çevrilişindən (1917) sonra Bakıda hakimiyyəti ələ keçirən daşnak-bolşevik güruhundan ibarət olan Bakı Soveti bütün Azərbaycan ərazisində möhkəmlənməyə çalışırdı. Buna görə də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və onun 1918 il iyunun ortalarında Gəncəyə köçməsi daşnak S.Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetini narahat edirdi. Odur ki, S.Şaumyan Sovet Rusiyasına arxalanaraq, Cümhuriyyət Hökumətini aradan qaldırmaq üçün Gəncəyə hücuma keçməyi qərara aldı. Türk-Azərbaycan hərbi qüvvələrindən ibarət olan Qafqaz İslam Ordusu ilə Bakı Xalq Komissarları Sovetinin hərbi qüvvələri arasında həlledici döyüşlər Göyçay qəzası ərazisində baş verdi. İlk döyüş iyunun 16-18-də Göyçaydan 20 verst şərqdə yerləşən Qaraməryəm kəndi yaxınlığında oldu. Lakin burada üstünlük düşmənin əlinə keçdi. Vəziyyəti belə görən Nuru paşa, Əlağa Şıxlinski və 5-ci diviziyanın komandiri Göyçaya yola düşdü. Qələbə üçün ciddi tədbirlər görüldü. İyunun 27-30-da Göyçay və Qaraməryəm ətrafındakı döyüşlərdə daşnak-Sovet ordu hissələri məğlubiyyətə uğradıldı (bax Qaraməryəm döyüşü). Bu qələbə cəbhədəQafqaz İslam Ordusunun xeyrinə dönüş yaratdı. İyulun 10-da Kürdəmir, 14-də isə Kərrar stansiyası düşməndən azad olundu. Göyçay qəzası azad edildikdən sonra burada dinc quruculuq işlərinə başlandı. Azərbaycan Parlamenti 1919 il noyabrın 3-də Göyçay şəhərində realnı məktəb açmaq üçün qanun qəbul etdi. Bu məqsədlə müvafiq maliyyə vəsaiti ayrıldı. 1920 il martın 4-də Göyçay şəhərinin seldən qorunması üçün qanun layihəsi hazırlandı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəzərdə tutulan bütün bu tədbirləri həyata keçirməyə imkan vermədi. Göyçay qəzası 1929 ildə Azərbaycan Sovet Sosialist Respublikasının rayonlaşdırılması ilə əlaqədar olaraq ləğv olundu.


Tarix: 21.01.2015 / 17:58 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Bakı quberniyası