Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fəaliyyəti

Fevral inqilabından sonrakı ilkin mərhələdə komitə və yerlərdəki milli qurumlar Azərbaycan milli hərəkatının təşkiledici və əlaqələndirici mərkəzi funksiyasını yerinə yetirirdi. Komitənin mətbuat orqanının nəşri haqqında "Kaspi" qəzetinin redaksiyası ilə əldə edilən razılığa əsasən, 1917-ci il 30 aprel tarixli 95-ci sayından etibarən qəzetin 4-cü səhifəsi "Bakı müsəlman ictimai təşkilatları komitəsinin xəbərləri" adı ilə çıxmağa başladı. "Xəbərlər"in müvəqqəti redaktoru iyunun 9-dan Ceyhun Hacıbəyli oldu.

Qafqaz müsəlmanlarımın qurultayında (1917) Qafqazda müsəlman milli komitələrinin və onların rəhbər orqanla-rının təşkili haqqında qəbul edilən qərara görə, Cənubi Qafqaz üzrə Mərkəzi Büronun yaradılması Bakı Müsəlman İctimai Təşkilatlarının Komitəsinə tapşırılmışdı. Bu qərarı gerçəkləşdirmək üçün komitə Bakı Müsəlman İctimai Təşkilatları Şurasına çevrildi.

Şuranın tərkibinə əlavə olaraq müxtəlif müsəlman milli partiyalarının, ictimai-siyasi təşkilatların, mədəni-maarif müəssisələrinin və həmkarlar ittifaqlarının üzvləri daxil edildi. Şuranın tərkibinə siyasi partiyaların hər birindən üç, həmkarlar ittifaqlarının hər biri iki, rayon komitələri bir, mədəni-maarif və xeyriyyə cəmiyyətləri hər biri iki nümayəndə göndərdilər. Bundan əlavə, şəhər və kənd kooperativlərinin, neft sənayeçilərinin, tacirlərin, ziyalıların, tələbələrin, ruhanilərin, Bakı qarnizonu müsəlman əsgərlərinin təmsilçiləri Şuranın tərkibinə daxil oldular. 33 nəfər üzvdən ibarət bu şuranın tərkibinə hümmətçilər daxil edilmədilər. Şuraya nümayəndələrin seçkiləri gizli səsvermə ilə aparılırdı. Bakı Müsəlman İctimai Təşkilatları Şurasının rəhbər orqanları Komitə və İcraiyyə bürosu olmuşdur. 1917-ci il iyulun 12-də Komitənin sədri Əlimərdan bəy Topçubaşov, onun müavinləri Məmməd Həsən Hacınski və Məhəmməd Əmin Rəsulzadə, katibi isə Mir Həsən Vəzirov seçildilər. Azərbaycanın gələcək quruluşu problemi komitənin fəaliyyətində başlıca məsələ olmuşdur. Müsəlman milli komitəsinin sədri Əlimərdan bəy Topçubaşov 1917-ci il avqustun 12-də Moskvada A.F.Kerenskinin sədrliyi ilə keçirilən ümumrusiya müşavirəsində iştirakı zamanı, Rusiya müsəlmanları adından çıxış etmiş, həmin mərhələdə Rusiya müsəlmanlarının milli-mədəni muxtariyyət məsələsini, Müəssislər məclisi toplaşandan sonra isə müsəlman xalqlarının öz müqəddəratını təyin etməsi haqqında məsələ qaldıracaqlarını bildirmişdi.

Komitə əhalini narahat edən bir çox məsələlərlə məşğul olmuşdur: ticarət, kənd təsərrüfatı, təhsil və s. Kadr məsələlərinin həllinə də müdaxilə etmişdir. Belə ki, Müsəlman Komitəsi Petroqradda Qafqaz işləri üzrə komissarlıqda ermənipərəstliyi ilə məşhur olan Yevanqulovun təyinatına qarşı çıxmış, antimüsəlman mövqeyi ilə seçilən V.N.Taranovskinin və başqalarının hökumət strukturlarından kənarlaşdırılması məsələsini qoymuşdur. Müsəlman Komitəsinin aktiv fəaliyyəti sayəsində Azərbaycanın icra strukturlarının əksəriyyətinə azərbaycanlılar yerləşdirilmişdi.

1917-ci il sentyabrın 5-də Bakı Müsəlman İctimai Təşkilatları Şurasına əlavə seçki keçirilmiş, şurada fəhlə və kəndli nümayəndələrinin sayı artmışdı. Lakin onların sayının yeni qaydaya görə 60 nəfər nəzərdə tutulduğu halda, 25 nəfər olması eser, "Hümmət", "Birlik" təşkilatlarının etirazına səbəb oldu. Seçilənlər arasında ziyalıların nümayəndələri də vardı. Şuranın mədəni-maarif bölməsi seçilmişdi. "Qaladakı Xan sarayı"nı (Şirvanşahlar sarayı) müsəlman komitəsinin sərəncamına vermək təklif olundu.


Tarix: 07.01.2015 / 18:31 Müəllif: Feriska Baxılıb: 80 Bölmə: Bakı Müsəlman İctimai Təşkilatları Komitəsi
loading...