beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məşədi Cəmil Əmirov

Məşədi Cəmil Əmirov (1875, Şuşa — 1928, Gəncə) — tarzən, bəstəkar, musiqi xadimi.Mündəricat
1 Həyatı
2 Şəkillər
3 Mənbə
4 Həmçinin bax


Həyatı

Məşədi Cəmil Əmirov Azərbaycan musiqi mədəniyyəti tarixində görkəmli xidmətləri olan simalardan biridir. O, gözəl tarzən, istedadlı bəstəkar və mahir müğənni olmuşdur. M.C.Əmirov 1875-ci ildə Şuşada anadan olmuş və ilk təhsilini mədrəsədə almışdı. Onun uşaqlığı və gənclik illəri ehtiyac içində keçmişdir. On iki yaşında ikən atası Kərbəlayi Əmiraslan bəyi itirən Məşədi Cəmil altı nəfərlik ailəni dolandırmaqda anası Məşədi Yaxşı xanıma kömək etmək üçün Şuşanın Torpaq meydanında bişmiş noxud satmağa başlayır və buna görə də təhsilini yarımçıq dayandırır.

Məşədi Cəmil kiçik yaşlarından Azərbaycan xalq musiqisinə, xüsusən də tara böyük maraq göstərir. Lakin Məşədi Yaxşı xanım oğlunu bir dərzinin yanına şagird qoyur. Məşədi Cəmil tezliklə Şuşada bir dərzi kimi məhşurlaşır və hətta özünə dükan da açır. O, Şuşanın Çöl-qala hissəsində özünə iki mərtəbəli bir mülk də tikdirir. Bir dəfə Şuşadakı toy tarzənlərindən biri Məşədi Cəmilin yanına gələrək ona bir paltar tikdirir. Məşədi Cəmil isə bu paltarın qarşılığında tarzəndən ona tarda bir neçə mahnı çalmağı öyrətməyi xahiş edir və bundan sonra Məşədi Cəmil həyatını musiqi ilə bağlayır. Dövrün bir çox sənətkarları kimi Məşədi Cəmil də böyük musiqişünas Nəvvabdan klassik Azərbaycan muğamlarının sirlərini öyrənir. Məşədi Cəmil Şuşa məclislərində ilk dəfə Qaragöz Zülfüqarla çalıb-oxumağa başlayır. 1907-ci ildə Məşədi Cəmil o dövrdə Qafqazın ən böyük mədəni mərkəzlərindən biri olan Gəncə şəhərinə köçür. Məşədi Cəmil Gəncə məclislərində Məşədi Məhəmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, sonralar isə Bülbülü və Seyid Şuşinskini müşaiyət edir.

1910-cu ildə Məşədi Cəmil bir qrup musiqiçi ilə Riqa şəhərindəki "Qrammafon" şirkətinə dəvət olunur. Burada o, bir sıra muğam və xalq mahnılarını vala yazdırır. 1911-ci ildə musiqi təhsili almaq üçün Türkiyənin İstanbul şəhərinə gedir. İki ilə yaxın İstanbulda yaşayır və təhsil alır. Məşədi Cəmil Türkiyədə Azərbaycan musiqisinin qızğın təbliğatçısı kimi çıxış edir. Türkiyəlilər tarı sinədə çalmağı ilk dəfə Məşədi Cəmildə görürlər. Türkiyənin "Şəhbal" jurnalı Məşədi Cəmil və Azərbaycan musiqisi haqqında böyük bir məqalə və Məşədi Cəmilin tarla şəklini dərc edir.

Məşədi Cəmil həm də Azərbaycan musiqi tarixində muğamları ilk nota salanlardandır. O, 1912-ci ildə Heyratı muğamını nota salıb "Şəhbal" jurnalında nəşr etdirir. 1913-cü ildə Gəncəyə dönən Məşədi Cəmil özü ilə [kaman]] və ud da gətirir. 1915-ci ildə uzun çalışmadan sonra Məşədi Cəmil "Seyfəl-mülk" operasını yazır və əsəri səhnələşdirmək üçün bir çox sənətkarları Gəncəyə dəvət edir. Operanın qəhrəmanlarından olan gənc Səadət xanımın rolunu oynamaq üçün incə səsli bir qız lazım idi. Lakin ifaçı tapılmırdı. Nəhayət Bülbül bu rolu oynamaq üçün razılaşır. Opera Gəncədə iki dəfə oynanıldıqdan sonra Tiflisə dəvət alır və 1916-ci il 3 iyunda Tiflis Kozyanın teatrında (indiki Gürcüstan Dövlət Opera və Balet teatrı) səhnələşdirilir. Operanın quruluşçu rejissoru Sidqi Ruhulla olur. Tiflis səfərindən sonra opera İrəvanda səhnələşdirilir. Gəncəyə döndükdən sonra şəhərdə musiqi məktəbi açmaq istəyən Məşədi Cəmilə Çar Rusiyası icazə vermir. Lakin Məşədi Cəmil muğam kursu açır. Seyid Şuşinski, Bülbül, Zülfü Adıgözəlov, Əli Cavad oğlu, Əbdürrəhman Fərəcov və Musa Şuşinski kimi sənətkarlar bu kursdan faydalanır. SSRİ qurulduqdan sonra Məşədi Cəmil Gəncədə darm truppası yaradır. 1923-cü ildə isə uzun mübarizədən sonra Məşədi Cəmil nəhayət ki, Gəncədə musiqi məktəbi açmaq üçün iczə alaır və elə ilk ildə məktəbə 39 tələbə qəbul edilir. Məşədi Cəmilin oğlu Fikrət Əmirov, Qənbər Hüseyinli, Telman Hacıyev və başqaları bu məktəbin yetirmələridir. Məşədi Cəmil Əmirov 1923-cü ildə "Namuslu qız" operettasını yazır və bu əsər də Gəncədə uğurla tamaşaya qoyulur. Böyük və ustad sənətkar Məşədi Cəmil Əmirov 1928-ci ildə Gəncədə vəfat edir və bu şəhərdə də dəfn olunur.


Tarix: 27.01.2013 / 14:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Bəstəkarlar Və Müğənnilər