beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Abbasqulu ağa Bakıxanov - Bədii yaradıcılığı

Bədii yaradıcılığı
Abbasqulu ağa Bakıxanov çoxcəhətli bədii və elmi yaradıcılığa malikdir. Bədii əsərləri arasında "Riyazül-Qüds", "Mişkatül-ənvar"adlı poeması, "Qüdsi" təxəllüsü ilə yazdığı qəsidə, qitə, qəzəl, rübai, məsnəviləri, avtobiorafik şeirləri, mənzum hekayələri, təmsilləri öz əksini tapmışdır.

Poemaları
A.Bakıxanovun Varşavada olarkən yazdığı "Meraci-xəyal" ("Xəyalın uçuşu"),"Məclisi-firəng" ("Firəng məclisi") poemaları xüsusi əhəmiyyət kəsb edir. Fars dilində yazılmış bu poemalar avtobioqrafik səciyyə daşıyır. Onlar öz məzmununa, bədii strukturuna, dil və üslub xüsusiyyətlərinə görə klassik Şərq ədəbiyyatında geniş yayılmış "Şikayətnamə"ləri, "Ərzi-hal"ları xatırladır. Qüdsi bu poemalarında Varşavadakı həyat tərzini, məşğuliyyətini, mənəvi-əxlaqi düşüncə, axtarış və iztirablarını və nəhayət, Şərq və Qərb dünyası barədə görüşlərini təqdim etmişdir.

Yaradıcılığının ilk illərində onun dünyagörüşü üçün dini sxolastika və mistika səciyyəvi idisə, bu əsərlərinə dini mistikadan çox uzaqlaşır.

A.Bakıxanov "Firəng məclisi" poemasında həyat təcrübəsi çox məhdud olan bir gənc zadəganın günlərini əyan məclislərində, eyş-işrətlə keçirən, sərbəst, mənasız həyat sürən ərli gözəl bir xanıma aşiq olması, onun uğursuz məhəbbət macəraları, keçirdiyi hiss və həyəcanları, mənəvi iztirabları romantik üslubda əks olunub. Poemalarından aydın görünür ki, o, Avropa zadəgan təbəqələrində hökm sürən sevgi, ailə münasibətlərini, əxlaq normalarını bəyənməmişdir. Lakin o, Avropa zadəgan təbəqələrinin məişətini və adət-ənənələrini təsvir edərkən tünd satirik boyalara müraciət etməmişdir. O, belə hesab edirdi ki, hər bir xalqın özünəməxsus həyat tərzi, adət-ənənələri, əxlaq normaları vardır və onlar həmin xalq üçün xoşdur, əzizdir.

Şair "Firəng məclisi" poemasını mənalı, ibrətamiz bir sonluqla bitirir:

Həqiqət axtarana lazımdır möhkəm dəlil,
Haqqı rədd ya qəbulla anlamaq mümkün deyil.

Yaxşıya da pisədə bir pərdə çəkilmişdir
Özgəyə ayıb tutmaq özü də ayıb işdir.

Təsəvvürdə, təftişdə zənn etmə düz yoldasan,
Təkcə sən öz əqlinə arxalanma heç zaman.

Ağılla dərk edirik nöqsan cəhətləri biz,
Nöqsanını dərk edən ağıllıdır şübhəsiz.

— "Firəng məclisi"

"Xəyalın uçuşu" poemasında isə şair Rusiyanı səyahət edərək Lehistana (Polşaya) getməsindən və bir neçə ay Varşavada yaşayaraq şəhərin ağıllı, savadlı, mötəbər dövlət nümayəndələri və alimləri ilə tanış olmasından, yüksək zadəgan məclislərində iştirak etməsindən bəhs edir. Polşanın baş hakimi vəzifəsində çalışan Paskeviçi yüksək ləyaqətə malik olan dövlət xadimi kimi tərifləyir, polyak zadəgan xanımlarının gözəlliyinə məftun olduğunu bildirir.

Şair Varşavada maraqlı, mədəni bir mühitə düşməsinə baxmayaraq buradakı həyatından, taleyindən razı deyildir. O, burada mənəvi rahatlıq tapa bilməyib, ağır mənəvi iztirablar keçirir. A.Bakıxanov Varşavada keçirdiyi bu daxili mənəvi təlatümü, ruhi sıxıntıları əsərdə maraqlı bir şəkildə əks etdirmişdir.

Poemada öz doğma diyarının, kəndinin parlaq, əlvan, romantik boyalarla təsvir və tərifini verən şair bu əsərini vətənpərvər misralarla bitirir:

Bir əhd etdim xəyalıma bu axşam,
Bu səfərdən əgər mən sağ qayıtsam,
O guşədə sakit qərar tutaraq,
Yaşayaram qovğalardan mən uzaq.
Qalan ömrü keçirərəm firavan
Şükr edərəm Allahıma hər zaman.
Qüdsi, xoşdur Əmsar adlı məskənin,
Şəhərlərdən çox üstündür öz kəndin.

Təmsilləri
"Tülkü və qoyun", "Qurd və ilbiz", "Yersiz iftixar" kimi təmsillərin müəllifidir. A.Krılovun "Eşşək və bülbül" təmsilini tərcümə etmişdir.


Onun "Tatar nəğməsi" adlı şeiri polyak şairi Lado Zablotski tərəfindən polyak dilinə çevrilmişdir.


Tarix: 09.02.2015 / 18:49 Müəllif: Feriska Baxılıb: 143 Bölmə: Azərbaycan tarixçiləri