beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üst Paleolit

Arxeoloji araşdırmalar göstərir ki, təqribən 40-35 min il bundan əvvəl Azərbaycanda Мustye mədəniyyəti Üst Paleolit mədəniyyəti ilə əvəz olunmuşdur. Bu dövrdə daşın işlənmə texnikasında müəyyən yeniliklər yaranmış, prizmatik nukleuslardan və basma retuşdan istifadə edilmişdir. İqlimin dəyişməsi və mülayimləşməsi bitki və heyvanat aləmində, habelə ictimai həyatda dəyişikliklərin baş verməsi ilə müşayət olunmuşdur. Buzlaqların geri çəkilməsi nəticəsində qədim dünyanın bir çox bölgələrində, o cümlədən Avropada insanlar mağaralardan çıxaraq açıq düşərgələrdə məskən salmışlar.

Qafqazda Üst Paleolit düşərgələrinə başlıca olaraq mağaralarda rastlanmışdır. Azərbaycanın Üst Paleolit düşərgələri həm mağaralarla, həm də açıq düşərgələrlə təmsil olunmuşdur. Üst Paleolit dövrünə aid əmək alətləri Damcılı, Yataq yeri, Zar, Hişkədərə, Qobustan düşərgələrindən tapılmışdır. Bu dövrdə nəhəng maral və mağara ayısının kökü kəsilmiş, insanlar daha çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. heyvanları ovlamışlar.

Damcılı mağarasında maddi-mədəniyyət nümunələri qarışıq olduğundan Üst Paleolit dövrünün əmək alətləri tipoloji metod əsasında müəyyənləşdirilmişdir. Damcılıdan Üst Paleolit dövrünə aid qaşovcuqlar, kəsici alətlər, bizlər, bıçaq tipli alətlər aşkar olunmuşdur. Əmək alətlərinin hamısı çaxmaqdaşı və obsidiandan hazırlanmışdır.

Zar mağarası Gədəbəy rayonunda Şahdağ və Мurovdağ silsiləsi arasında, Tərtər çayının sol tərəfində, dəniz səviyyəsindən 2190 m yüksəklikdə yerləşir. Мağara xəzinə axtaranlar tərəfindən qismən dağıdılmışdır. Dağıdılmış sahədə М.М.Мənsurovun apardığı araşdırmalar zamanı obsidiandan hazırlanmış 152 əşya aşkar edilmişdir. Onlar istehsal tullantılarından, qəlpələrdən, nukleuslardan, itiuclulardan, qaşovlardan, iskənələrdən, vərdənə və s. alətlərdən ibarətdir. Tapıntılar arasında bütün parametrlərinə görə Üst Paleolit dövrünə uyğun olan qaşovlar, yarpaqşəkilli itiuclular, retuşla işlənmiş lövhələr, qarmaqşəkilli alətlər vardır. Zar mağarasının əmək alətləri tipoloji və texnoloji səviyyəsinə, qəlpələrin morfologiyasına görə Мustye mədəniyyətinin ikinci mərhələsini və Мustyedən Üst Paleolitə keçidi əks etdirir. Obsidian kompleksi ilə fərqlənən Üst Paleolit düşərgəsinin Vyurm dövrünün sonunada yüksək dağlıq ərazidə aşkar olunması olduqca maraq doğurur.

Üst Paleolit dövründə əmək alətlərinin hazırlanmasında yeni materialdan istifadə edilməsi mühüm hadisələrdən biri idi. Sümükdən hazırlanmış itiuclular, qarpunlar, külünglər, miniatür deşikli iynələr Üst Paleolit dövründə geniş yayılmışdı. Azərbaycanın Üst Paleolit düşərgələrində aparılan qazıntılar zamanı yaşayış binalarının qalıqları aşkar edilməmişdir. Araşdırmalara əsaslanaraq demək olar ki, bu dövrdə mağaralarla yanaşı, qayaaltı sığınacaqlardan və qazma tipli evlərdən də istifadə edilmişdir.

Üst Paleolit dövründə müəyyən arxeoloji komplekslərlə fərqlənən arxeoloji mədəniyyətlər yaranır. Lakin Azərbaycanda Üst Paleolit düşərgələri az öyrənildiyindən onları müəyyən ərazilər üzrə qruplaşdırmaq və vahid arxeoloji mədəniyyətdə birləşdirmək mümkün deyil.


Tarix: 07.01.2015 / 12:00 Müəllif: Feriska Baxılıb: 75 Bölmə: Azərbaycan arxeologiyası