beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bolşevik-daşnak qüvvələrinin Türk ordusuna qarşı hərəkətə keçməsi

Türk hərbi qüvvələri və Nuru paşanın 25 mayda Gəncəyə çatması, üç gün sonra da Azərbaycan Cümhuriyyətinin elan edilməsi, Gəncənin də müvəqqəti paytaxt olması Bakıdakı Şaumyan idarəsini təlaşlandırdı. Nuru paşa Cümhuriyyətin elan edilməsindən dərhal sonra Azərbaycanın bir çox bölgəsinə hərbi kadrlar göndərərək, əyalətlərdəki mülki və hərbi təşkilatlanmanı gözdən keçirdi, mövcud olanların da Gəncə idarəsinə bağlanmasını təmin etdi. Türk ordusu paytaxt Gəncədə hakimiyyəti təsis etmiş, erməniləri itaət altına almışdı.

Azərbaycan Cümhuriyyəti və Milli Məclisi ilə Nuru paşa, bir dövlətin hakimiyyət və hökmranlığı nəyi lazım bilirsə, onları bir-bir gerçəkləşdirdi. Geriyə Qafqazda yaşayan türklərin milli ordusunun qurulması və vətən torpaqlarının işğalçılardan təmizlənməsi vəzifəsi qalmışdı.

Gəncədəki bu irəliləyişlər işğal altında olan paytaxt Bakıda böyük əks – səda doğurdu. Bakıda idarəni qəsb edən bolşevik ruslar və erməni daşnaklar ittifaqının başında duran Stepan Şaumyan, durumu Moskvada olan Leninə bildirdi və təcili olaraq Qızıl Ordunun yardıma gəlməsini istədi.

Qafqazdakı gedişatı və türk ordusunun hərəkatını diqqətlə izləyən bolşeviklər Bakının türklərin əlinə keçməsindən də əndişələnirdi. Bolşevik Sovet idarəsinin Xarici İşlər komissarı Çiçerin Moskvadakı səfir Qalib Kamali bəyə bir nota verdi. Çiçerin notada Sovetlərin Brest-Litovsk müqaviləsi gərəyi Qars, Ərdahan və Batuminin böyük fədakarlıqlarla Osmanlı dövlətinə buraxdığını, ancaq bundan sonra türklərə heç bir torpaq parçası verilməyəcəyini bildirdi. Türk hərbi qüvvələrinin Gümrünü ələ keçirdiyini, bununla da kifayətlənməyib Azərbaycanın daxilində Bakıya doğru irəlilədiyini, zatən yetəri dərəcədə ağır olan Brest-Litovsk müqaviləsi hökmlərinin bu şəkildə sürəkli pozulmasına etiraz etdiyini, hərbi hərəkatın təcili sürətdə dayandırılması gərəkdiyini qeyd etdi.[31]

Bu yeniliklər yaşanarkən Azərbaycan Milli Şurasının sədri Məmməd Əmin Rəsulzadə İstanbula getdi. Ənvər paşa ilə apardığı görüşmələrdə iki ölkə arasındakı anlaşmalar çərçivəsində türk ordusunun Azərbaycana yardım etməsini rəsmi olaraq istədi. Almaniya türk ordusunun Azərbaycana hərbi yardım göstərməsinə qarşı çıxırdı. Bu sıxıntını aşmaq üçün qurulacaq təşkilatın "Qafqaz İslam Ordusu" adını daşıması uyğun görüldü. İstanbulda bu hazırlıqlar görülərkən ingilislərin Azərbaycana girməsini və Bakı neftini ələ keçirmək üçün aparacağı hərbi hərəkatın qarşısını almaq üçün də Yaqub Şövqü paşa komandasında 9-cu Ordu adı altında yeni bir hərbi təşkilatlanmaya gedildi. Türk ordusu Təbriz, Xoy və Urmiya gölü ətrafına hərbi qüvvələr göndərdi və beləcə ingilislərin Azərbaycana girməsinin qarşısını almış oldu.[32]

Qafqazdakı bu yeniliklərə görə bolşevik Sovet rəhbərləri Almaniya və Osmanlı dövlətindən məsələ haqqında bilgi istədilər. Sovet idarəsinin Xarici İşlər komissarı Çiçerin Qafqaz neftində gözü olan almanları Osmanlı dövləti əleyhinə qaldırmaq üçün təşəbbüslər göstərdi. Almaniyanın İstanbul səfiri Bernsdorff, Sədrəzəm Tələt paşa, Başkomandan vəkili və Hərbiyyə Naziri Ənvər paşa, Xariciyyə vəkili Nəsimi bəy ilə görüşmələr apardı. Türk səlahiyyətliləri bu görüşmələrdə gündəmdə olan hərbi hərəkatı ilk dəfə eşidirmiş kimi davranmış və Qafqazdakı hərbi fəaliyyətin Osmanlı dövləti ilə bir əlaqəsnin olmadığını bildirmişdilər. Qafqazda aparılan hərbi çalışmanın, Nuru paşanın, bəlkə heç kimdən əmr almadan girişdiyi şəxsi bir təşəbbüsü və Azərbaycandakı türk könüllülərlə yürütdüyü bir fəaliyyəti olaraq dəyərləndirilməsinin vacib olduğunu bəyan etmişdilər. Alman səfir Osmanlı rəhbərləri tərəfindən əmin edilmiş olmalı idi ki, Berlinə göndərdiyi bilgiləri və qənaəti bu doğrultuda olmuşdu. Berlində aparılan analizlər və bu intibalar Çiçerinə də ötürülmüşdü.

Moskva, Berlin və İstanbulda bu yeniliklər yaşanarkən Ənvər paşa, Qafqaz İslam Ordusu Komandanlığına göndərdiyi açıq əmrdə Gəncədəki hərbi hərəkatın bir an öncə dayandırılmasını istəyirdi. Şərq Orduları Qrupu komandanı Xəlil paşa va Qafqaz İslam Ordusu komandanı Nuru paşaya göndərdiyi gizli və şəxsi əmrlərdə isə Bakının düşmən tapdağından bir an əvvəl qurtarılması üçün çox sürətli hərəkət edilməsini istəyirdi. Ənvər paşa Qafqazda aparılan hərbi hərəkatdan qısa müddətdə nəticə alınması üçün davamlı olaraq təlimatlar verirdi.

Sovet ixtilal idarəsi, Sankt-Peterburq və Rusiyada qayda-qanunu təmin etmək üçün menşeviklərlə mücadilənin davam etdiyi və ölkədə xaosun hakim olduğu bir dövrdə Bakıya ciddi bir hərbi yardım göndərə bilmədi. Qafqazdakı rus bolşevik hərbi qüvvələrini bəzi zabitlərlə gücləndirərək Bakı idarəsinin əmrinə verməklə kifayətləndi. Azərbaycandakı erməni daşnak qüvvələri də zatən ayrı hərəkət etmədikləri rus bolşevik qüvvələri ilə birləşərək Gəncədə qurulmağa çalışılan Qafqaz İslam Ordusuna qarşı hərbi hərəkat üçün hazırlıqlara başladı.

Həmçinin Bakıdan Gəncədəki Azərbaycan hökumətinə 19 iyun 1918-ci il tarixində çatan bir məktubda bolşevik liderlərdən Hamazaspın maiyyətində 20 min nəfərlik bir hərbi qüvvə olduğu və bu qüvvənin böyük bir hissəsinin ermənilərdən ibarət olduğu bildirilirdi. Bakıda türklərin xaricində 15-50 yaş arasındakı kişilər silahlandırılmışdı. Bunlar məcburi hərbi təlimə cəlb olunmuşdu. Hamazaspın qüvvələri arasında rus yəhudiləri və iki minə qədər də müsəlmanlardan ibarət əsgər var idi. Şəhərdə yaşayan türklərin əhvalı isə son dərəcə pis idi, böyük bir qorxu və həyəcan içində çarəsiz gözləyirdilər. Bakıdan kənara çıxılmasına qəti izin verilmirdi. Şəhərin kənarındakı önəmli çıxış yerlərinə və strateji bölgələrdə torpaq altına partlayıcı maddələr yerləşdirilmişdi. Erməni və ruslar arasında ingilislərin Bakıya yardıma gələcəyinə dair söyləntilər də gedərək yayılırdı.[33]

Azərbaycandakı hadisələri diqqətlə təqib edən İngiltərə Bakı neftinin bolşeviklər ilə Osmanlı dövləti və Almaniya arasında maraq toqquşmasına səhnə olduğunu və bunlardan birinin əlinə keçməsi halında, özləri əleyhinə nəticələr doğuracağını düşünürdü. İngiltərə Başkomandanlığı bu hadisələr səbəbindən İraqdakı qüvvələrdən bir hissəsini Fars körfəzi üzərindən Cənubi Azərbaycanda Xəzər dənizi sahillərinə göndərmə qərarı aldı. Çünki Bakı neftinin türklərin və bilavasitə almanların əlinə keçməsi halında neftin borularla Batum limanına çatdırılması mümkün olacaqdı. Bundan da Alman savaş iqtisadiyyatı böyük bir qazanc əldə edəcəkdi. Bundan başqa, Osmanlı dövləti pantürkist əməlləri üçün önəmli bir mövqe əldə edərək, Bakıdan İran və Türküstana və oradan da Əfqanıstana keçmələri halında, Hindistandakı ingilis müstəmləkə idarəçiliyinin böyük bir təzyiq altına girəcəyini hesabladı. Bunun üçün Bakının türklərin əlinə keçməməsi lazım gəlirdi. İngilis hərbi qüvvələri Cənubi Azərbaycandakı Ənzəli limanına asanca çatdı. Bu bölgədə olan rus kazakı albay Biçeraxov çarlıq yanlısı və bolşeviklərə düşmən olduğu üçün ingilislərlə əməkdaşlıq etmişdi. İngilis hərbi qüvvələrinin komandiri general Denstervil, Biçeraxov ilə anlaşdı və rus kazaklarının əvvəlcədən gəmilərlə yola çıxaraq Bakının cənubundakı Ələtə daşınmasını və arxadan da özünün ingilis hərbi qüvvələri ilə Bakıya getməsini qərarlaşdırdı.[34]

Bakıdakı bolşevik Şaumyan idarəsi isə Gəncə üzərinə yerimək üçün 30 tabordan ibarət olan bir hərbi dəstə yaratmışdı. Bu hərbi dəstənin təxminən 60 faizini ermənilər təşkil edirdi.[35] Bolşevik rus və erməni daşnaklarının qurduğu ordunun Bakıda təşkil etdiyi hərbi qüvvələrin gücünü Gəncəyə çatan məktub və başqa bilgilər də təsdiq edirdi. Bu hərbi qüvvələr Bakı və ətrafında olan neft və sənaye müəssisələrində çalışan işçilər və erməni könüllülərlə də gücləndirildi. Kommunist Şaumyan idarəsi "Bakı ilə Gəncə arasındakı bölgələrdə yaşayan erməni və rusları türk əsgərindən qorumaq üçün" hərbi hərəkata başladıqlarını elan etsə də, əslində daha çox yerli müsəlman əhali qətl edilərək etnik təmizləmə yolu ilə müvazinəti qeyri-müsəlmanların leyhinə dəyişdirilmək istənilirdi.


Tarix: 09.01.2015 / 01:38 Müəllif: Feriska Baxılıb: 52 Bölmə: "Azərbaycan Demokratik Respublikası"