beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xürrəmilər hərəkatı

Azərbaycanın Ərəb Xilafətinin tərkibində olduğu dövrdə həmin ölkənin ərazisində başlamış ən geniş xalq hərəkatı Xürrəmilər hərəkatıdır. Xürrəmilərin ilk məlum çıxışı 162/778-ci ilə aid edilir.

Üsyanın başında "Əbd əl-Qəhhar adlı birisinin" durduğu haqqında xəbər verən ət-Təbəridən fərqli olaraq Nizamülmülk üsyan başçısının Əbu Müslimin oğlu Əbu əl-Qərra olduğunu, üsyançıların "[Ə]bu Müslim sağdır. Məmləkəti tutaq!" şüarı ilə çıxış etdiklərini dəqiqləşdirir. Nizamülmülk üsyançıları "qırmızı geyinmişlər" əvəzinə, "xürrəmdinilərlə birləşmiş" "qırmızı bayraq (sorxələm) batinilər" adlandırır.

Xürrəmilərin yeni çıxışını ət-Təbəri 192/808-809-cu ilə aid edir. Nizamülmülk üsyanın "Harun ər-Rəşidin Xorasanda olduğu vaxta" təsadüf etdiyini qeyd edir. Bu dəfə İsfahan, Rey, Həmədan və b. yerləri əhatə edən üsyan, ət-Təbərinin məlumatına görə, Azərbaycanda başlanmış, hər yerdən gələn yüz mindən artıq adam üsyana qoşulmuşdu. Lakin Abbasi üsuli-idarəsinə qarşı yönəldilmiş bu çıxış da uğursuzluqla nəticələnmiş, "saysız adam öldürülmüş", çoxlu əsir tutularaq, Harunun Karmisindəki qərargahına gətirilmiş, onların bir hissəsi məhv edilmiş, qalanları isə Bağdad bazarında satılmışdılar.

Bu hadisədən sonra xürrəmilərin Xilafətə qarşı çıxışları ara verdi. Mənbələrdən məlum olur ki, xürrəmilərin rəhbərləri olan Cavidan və Əbu İmran bu zaman ədavətə başlamış, aralarındakı münasibətləri aydınlaşdırmaqla məşğul olmuşdular. Başçılar arasında günü-gündən artan bu çəkişmə onları, habelə onların ardıcıllarını Xilafətə qarşı mübarizədən yayındırırdı. 816-cı ilə qədər xürrəmilər mərkəzi hakimiyyəti yalnız adda-budda çıxışlarla narahat edirdilər.

816-cı ildə Cavidan və Əbu İmran açıq döyüşdə bir-birini öldürdülər: Əbu İmran döyüş meydanında, Cavidan isə aldığı ağır yaradan üç gün sonra həlak oldu. Cavidanın ölümündən sonra xürrəmilərə rəhbərlik etməyə başlayan Babək hərəkatın məcrasını tamamilə Xilafətə qarşı yönəltdi.

Babək xürrəmilərə rəhbərliyi qəbul etdikdən sonra onların mübarizəsi tamamilə Xilafətə qarşı çevrildi. Bəzi mənbələrin verdiyi məlumata görə, Babək bir vaxt islamı qəbul edibmiş və onun müsəlman adı Həsən imiş.

Xürrəmilərin əksəriyyəti Azərbaycanın və qonşu vilayətlərin kəndlilərindən ibarət idi Cavidanın rəhbərlik etdiyi xürrəmilər 816-cı ilədək Xilafəti yalnız hərdənbir narahat edirdilərsə, Cavidanın ölümündən sonra Xilafət üçün dəhşətli bir qüvvə oldular. Babək Xilafətə qarşı üsyan qaldırmaq vaxtını yaxşı seçdi. O, Əmin və Məmun qardaşlarının Xilafət taxtı üstündəki daxili mübarizələrindən istifadə etdi, çünki bu zaman ərəblərin yuxarı təbəqələrinin diqqəti Bağdaddan uzaqdakı şimal vilayətlərindən yayınmışdı. Dinəvərinin verdiyi məlumata görə, "Babək (Xilafətdə) arası kəsilməyən qarışıqlıq və çətinliklər dövründə püxtələşmişdi". iki ərəb tarixçisi – Bağdadi və Məsudi onun haqqında eyni fikri ifadə edir:

"O, Azərbaycan vilayətinin Bəzzeyn dağında meydana çıxdı. Orada onun tərəfdarlarının sayı artdı"
— Əl-Bağdadi, səh. 251; əl-Məsudi. Tənbeh, səh. 352.
Əbu Dulaf qeyd edir ki, Bəzzdə "əl-xürrəmiyyə adı ilə məşhur olan əlmühəmmirə bayraqları təntənəli surətdə təqdis edildi. Babək buradan çıxmışdır".

Orta əsr mənbələrində bildirildiyi kimi, əvvəlcə Cavidanın, sonra isə iyirmi ildən artıq Babəkin başçılıq etdiyi xürrəmilərin Azərbaycandakı mərkəzi və ya paytaxtı qala şəhəri olan Bəzz idi. Ət-Təbəri deyir ki, Bəzz "Babəkin vilayəti və şəhəri idi".

Əl-Məsudi yazır:

"Babək Azərbaycan ölkəsində olan Bəzzeyn dağlarında üsyan qaldırmışdı."
— Əl-Məsudi, BGA, VIII, səh. 353
Məsudinin əsərində deyilir ki, "Babəkin ölkəsi Bəzzeyn – Azərbaycan, Arran və Beyləqandadır", Bəzzeyndə Arranda, "Babəkin ölkəsində" olan dağdır.

Yaquta Həməvi yazır:

"Bəzz – Azərbaycanla Arran arasında bir vilayətdir"
— ƏI-Yaqut, I, səh, 529.
Babək Bəzzdə xürrəmilər icmasının rəhbərliyini qəbul edən zaman, onun tərəfdarlarının sayı nisbətən çox deyildi. Bir mənbədə bildirilir ki, Babək onlara qılınc və xəncər payladı və əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün onun xəbərdarlıq işarəsini gözləsinlər. Xəbərdarlıq işarəsi veriləndə, Babəkin ardıcılları kəndlərdə ərəblərin və onların ətrafındakı adamların üstünə atıldılar və hamısını qırdılar. Bundan sonra Babək öz adamlarını Bəzzdən uzaq mahallara göndərdi, orada da bütün ərəblər və onların yerli əhalidən olan tərəfdarları məhv edildi. İbn ən-Nədim yazır ki, Babəkdən əvvəl "xürrəmilərin dini etiqadında qətl, əzab və müharibə yox idi, xürrəmilər bütün bunların nə olduğunu bilmirdilər".

Xəlifə Məmun 833-cü il 7 avqustda öldü, öz qardaşı Mötəsimi (Əbu İshaq Məhəmməd ibn Harun ər-Rəşidi) taxta vəliəhd təyin edərək, ona vəsiyyətnamə qoydu. Bu vəsiyyətnamənin başlıca maddəsi xürrəmilərə qarşı müharibəyə başlıca diqqət vermək sərəncamı idi:

"Xürrəmilərə gəlincə, onlara qarşı müharibəyə qətiyyətli və rəhmsiz bir adam göndər, ona səbrlə pul, silah, atlı və piyada qoşunla kömək et. Əgər onların vaxtı uzun çəksə, sən özün öz tərəfdarların və yaxın adamların ilə onların üstünə get"
— Ət-Təbəri, III, 1163; İbn əl-Əsir, VI, səh. 158.
833-cü il, 10 avqustda Mötəsim xəlifə elan edildi. və bununla da xürrəmilərə qarşı mübarizənin yeni mərhələsi başladı.

Yeni xəlifə taxta çıxan kimi birinci növbədə öz sələfinin vəsiyyətinə əməl etməyi qərara aldı. O, xürrəmilərə qarşı müharibəyə ciddi hazırlıq görməyə başladı, zira, görürdü ki, Azərbaycanın və digər əyalətlərin xalq kütlələrinin bu təhlükəli hərəkatı qarşısında daha da zəiflik göstərilsə, Xilafətin öz varlığı üçün ciddi nəticələr doğura bilər. O, bu iş üçün heç bir şeyi əsirgəmədi. Buna görə xürrəmilərə qarşı onun qoşunlarının ilk hücumu müvəffəqiyyətlə nəticələndi.

Ət-Təbərinin verdiyi məlumata görə, 833-cü ildə "Cibalda, Həmədan, İsfahan, Masabzan və Mehricanqazaq şəhərlərində olan çoxlu əhali xürrəmilərin dinini qəbul etdi. Onlar toplandılar və Həmədan tərəfdə düşərgə qurdular. Mötəsim onlara qarşı qoşun göndərdi; onun göndərdiyi axırıncı ordu İshaq ibn İbrahim ibn Müsəbin komandası altında idi ki, onu da (Mötəsim), həmin ilin şəvvalında (oktyabrın 20-si – noyabrın 17-si) Cibala hakim təyin etmişdi. O, zilqədə [ayında] (noyabrın 18-i – dekabrın 17-si) onlara getdi. Onun [xürrəmilər] üzərində çaldığı qələbə haqqındakı məlumat [Bağdadda] tərviyə günündə [[[833]]-cü il 25 dekabr] oxundu. O, Həmədan rayonunda [onlardan] 60 min adam qırdı, qalanları Rum ərazisinə qaçdılar.

M.Siriyets, məğlub edilən xürrəmilərin qalan hissəsinin Bizans ərazisinə qaçdığı haqqında belə deyir: "Həmin (833) ildə Babək tərəfdarlarının böyük bir hissəsi ərəblərin müharibəsindən cana gələrək baş komandan Nəsr ilə birlikdə Rum padşahı Feofili axtarmağa getdi və xristianlığı qəbul etdi".

İbn əl İbri həmin variantı daha qısa şəkildə verir; "onun (Babəkin) sərkərdəsi Nəsr öz həmqəbilələrindən bir çoxu ilə Feofilin yanına qaçdılar və xristian oldular".

Xəlifə Mötəsim Misirdə Bizans qoşunları ilə vuruşmada öz hərbi məharətini göstərən istedadlı sərkərdə Afşin Heydər ibn Kavusu[89] 835-ci il 3 iyunda xürrəmilərə qarşı müharibə edən bütün qoşunların baş komandanı təyin etdi. Xəlifə bu müharibə üçün vəsait əsirgəmirdi. Afşin ata minəndə yəni xürrəmilərlə vuruşmağa girəndə – gündə 10 min dirhəm, hərbi əməliyyat olmayanda isə 5 min dirhəm pul alırdı.

835-ci il Afşin Bəzz yaxınlığında yeni istehkamlar tikdirdi. Ərəblərlə xürrəmilər arasında kəşfıyyat xarakterli vuruşmalar gedirdi. Bəzən bu, bəzən də o biri tərəf müvəffəqiyyət qazanırdı. Bu yerə yaxşı bələd olan xürrəmilər ərəb qoşunlarının təchizat yollarını tutur, ərzaq və silah karvanlarını ələ keçirməklə ərəbləri çətin vəziyyətdə qoyurdular, çünki "karvanda olanların hamısını məhv edirdilər". Nəticədə Afşinin qoşunları daim aclıq və susuzluqdan əzab çəkirdi, "cismən və ruhən məğlub olurdu".

836-cı ildə Həştadsər dağı yaxınlığında xürrəmilərlə Buğa əl-Kəbirin başçılığı altındakı ərəb ordusu arasında vuruşma olmuşdu. Təkəbbürlü Buğa, Afşinin əmrinə etina etməyərək, şəxsən xürrəmilərlə vuruşmaq qərarına gəlmiş və bunun cəzasını görmüşdü. Əvvəlcə Babək Buğanın min nəfərlik ərzaqdaşıyan dəstəsini məhv etdi, əsir aldığı ərəblərdən ikisini seçdi və baş vermiş əhvalatı Afşinə söyləməyə göndərdi. Buna baxmayaraq, Buğa öz ordusunu xürrəmilərə qarşı hərəkətə gətirdi; xürrəmilər isə ərəbləri izləyirdilər; dağ cığırlarından keçib gücdən düşən ərəblər təpələrdən birinə qalxmağa başlayanda xürrəmilər hücum edib onları mühasirəyə saldılar və ərəbləri onlar üçün əlverişli olmayan şəraitdə vuruşmağa məcbur etdilər. Buğanın ordusu məğlub edildi, bir neçə sərkərdə öldürüldü. Buğanın özü isə qaçdı. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirtdilər. Bu məğlubiyyətdən sonra Afşin öz qoşunlarını Bərzəndə çəkdi.

Afşin Babəklə mübaribənin axırıncı ilində Təbəristan hakimi Məzyərlə olduğu kimi gizli danışıqlar aparırdı və məqsədi Xilafət hakimiyyətini məhv etmək idi. Lakin Afşinin Babəklə birlikdə qəsd düzəltməkdə iştirakı yalnız Məzyərin və Afşinin özünün mühakiməsində aşkara çıxdı. Belə bir qəsdin mövcud olduğunu ərəb mənbələri də təsdiq edir. Əbu Mənsur əl-Bağdadi bildirir ki, Afşin "Babək ilə gizli qəsd düzəltmişdi". Mötəsim Afşini Babəkə qarşı müharibəyə göndərəndə "belə düşünürdü ki, o müsəlmanlara səmimi münasibət bəsləyir. Gizlində isə o [Afşin] Babəklə əlbir idi və ona qarşı müharibəni uzadırdı və müsəlman qoşunlarında çatışmazlıq olduğunu ona hiss etdirirdi, o da [Babək də] düşmən qoşununun çoxunu məhv edirdi". Yalnız xürrəmilərlə müharibə qurtardıqdan sonra "xəlifə, Afşinin satqınlığını və Babəklə müharibə zamanı onun müsəlmanlara xəyanət etdiyini öyrəndi"

Lakin Xilafətə qarşı əlbir əməliyyat keçirmək barəsində Afşin, Babək və Məzyər arasında gedən gizli danışıq və yazışmalar bir nəticə vermədi, odur ki, Afşin də özünü tamamilə ifşa etməmək üçün Bəzzə hücum etmək əmrini verməyə məcbur oldu. Cəfər əl-Xəyyat, Əbu Səid və Buxaraxudatın sərkərdəliyi altındakı türk qoşunları və könüllülər qalanı mühasirə etdilər. Şəhər üçün uzun sürən vuruşma başlandı, bu zaman xürrəmilər qaladan çıxıb ərəbləri hiss ediləcək tələfat verməyə məcbur edirdilər. Ərəblər mancanaqları Bəzzin hasarlarına yaxınlaşdırdılar, işçi korpusu isə hasarları sökərək daşları çıxarmağa başladı. Xürrəmilərin bütün qəhrəmanlığı və igidliyinə baxmayaraq, ərəblərin üstün qüvvələrinin mühasirəsinə qalanın davam gətirə bilməyəcəyi Babəkə aydın olanda, o, Afşinlə şəxsi danışığa girdi. Bu danışıqlar zamanı Afşin "Babəkə aman təklif etdi, lakin o bir gün də gözləməyi xahiş edəndə Afşin elə dedi: "Sən istəyirsən öz şəhərini möhkəmlədəsən. Əgər amanda qalmaq istəyirsənsə, çayı keç" lakin o uzaqlaşdı".

Babəkin amanı qəbul etməkdən boyun qaçırmasına baxmayaraq, Afşin bir müddətdən sonra onun yanına adam göndərib xahiş etdi ki, barışıq haqqında danışıqlar üçün onun yanına etibarlı bir adam göndərsin. Babəkin elçisinə o dedi: "Babəkə (bunları) söylə: hər başlanğıcın bir axırı var. İnsanın başı soğan gövdəsi deyil ki, yenidən cücərə bilsin. Mənim adamlarımın çoxu qırılmışdır, on nəfərdən biri də qalmamışdır. Sənin vəziyyətin də yəqin belədir. Gəl sülh bağlayaq. Sənin əlində olan mülk səndə qalsın, sən burada qal, mən qayıdıb gedim, xəlifədən sənin üçün bir mülk daha alıb fərman göndərim".

Afşin şəhərə neftsatanlar dəstəsini gətirdi və bunların köməyi ilə şəhər 837-ci il 26 avqustda ərəb qoşunu tərəfindən alındı. Afşin əmr etdi ki, şəhərin qalalarını dağıtsınlar və şəhəri üç gün ərzində yandırsınlar. "Bircə ev, bircə qala salamat qalmadı – o, hər birini yandırdı və ya dağıtdı". Babəkin oğulları və onların ailə üzvləri şəhərdə tutuldular. Nizam əl-MüIkün verdiyi məlumata görə, Bəzz alınarkən 80 mindən artıq xürrəmi öldürülmüşdü.

Bu məğlubiyyətdən sonra 837-ci ildə Babək Sünik hakimi Səhl ibn Sunbatın mülkündə tutularaq Samirə şəhərinə gətirilir və 838-ci ildə həmin şəhərdə edam edilir


Tarix: 07.01.2015 / 17:03 Müəllif: Feriska Baxılıb: 133 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində