beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İşğal siyasəti

Xəlifə Əbu Bəkr (632-634) ərəb istilalarının ilk dövründə ərəb qoşunlarına belə əmr etmişdi: "Düşmənləri şikəst etməyin, nə kiçik uşaqları, nə çox qoca adamları, nə də qadınları öldürməyin; xurma ağaclarını qırıb yandırmayın; meyvə ağaclarını tələf etməyin, yemək üçün lazım olandan başqa, qoyun, inək və dəvələri kəsməyin. Siz, hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz: onları rahat buraxın və məşğələlərinə mane olmayın". Sonra əmrdə deyilir: "Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun, qoy onlar biz gələnədək əməl etdikləri qayda və qanunlarla yaşasınlar. Onlarla aranızda bir hədd olmaq üçün bac qoyun ki, onlar öz din və öz torpaqlarında qalsınlar. Sizi qəbul etməyənlərlə müharibə edin".

Hələ Xilafətin ilk hücumlarından sonra yaranmış vəziyyətin ağırlığını dərk edən alban işxanı Varaz Qriqor ərəblərlə danışığa girməyi qət etmiş və Moisey Kalankatlının yazdığına görə "könüllü surətdə düşmənə tabe olmuşdu". Lakin əyilməz Cavanşir, onun təhriki ilə Bizansın süzerenliyini (himayəsini) qəbul edib, imperator II Konstant tərəfindən Ermənistan batriki və sparapeti kimi tanınmış sərkərdə Teodoros Rştuni ilə müqavilə bağlayır. Cavanşir imperatordan "uzaq xalqı (yəni albanları) yeni təbəəliyə qəbul etməyi" xahiş edir. Beləliklə, Albaniyanın ilk hökmdarlarına məxsus olan bütün vilayət və kəndlər "nəsildən-nəslə" imperator tərəfindən "proton – batrik" kimi tanınmış Cavanşirə verilir.

Lakin az sonra, 654-cü ildə, Teodoros Rştuni Bizansla əlaqələri kəsərək, Sebeosun məlumatına görə, təkcə Ermənistanın deyil, "Qafqaz dağları və Çola qapısınadək İberiyanın, Albaniyanın və Sünikin üzərində" onun hakimiyyətini tanımış xəlifə ilə saziş bağlayır. Bu hadisədən sonra Cənubi Qafqaz vilayətləri hakimlərinin Teodoros Rştuni ilə ittifaqının möhkəmlənməsinə mane olmaq məqsədilə Bizans imperatoru öz ordusunu bu ölkələrə göndərir. Moisey Kalankatlı Midiya ərazisindəki Kunqr kəndində (Cənubi Azərbaycanın Kinkivar kəndi) II Konstantla Cavanşirin görüşü haqqında məlumat verir. İmperatorun hökmü ilə bu görüşdə Cavanşirə padşahlıq xələti və "əbədi hökmdarın xaçının bir hissəsi" bəxş edildi. "Alban ölkəsinin tarixi"nə görə Bizansın Cavanşirə göstərdiyi bu etimad onu gözü götürməyən erməni nahararlarının həsədinə səbəb oldu. Cavanşir isə imperatorun bəxşişi olan "İsayi Məsihin hər şeyə qalib gələn xaçı" üçün Girdiman qalasında gözəl bir məbəd ucaldılması əmrini verdi.

Ərəb qoşunlarını yenidən Bələncər yaxınlığında darmadağın etmiş xəzərlər 662-ci ildə Albaniyaya soxuldular, lakin Cavanşirin Kür çayını keçmiş ordusu ilə rastlaşdılar və ciddi məğlubiyyətə uğradılar. Dövrün qaynağında Cavanşirin xəzərlərin başçısına xitabən dediyi bu sözlər qalmışdır: "Get, Çoqanın (yəni Dərbəndin) qapısından gir və bir daha buralara qayıtma!" Lakin iki ildən sonra yenidən albanların torpaqlarına hücum edən xəzərlər gəlib Araz sahillərinə çıxdılar, çoxlu mal-qara, habelə xeyli yerli sakini əsir apardılar. Cavanşir vassallığı qəbul etmək şərti ilə xəzərlərlə sülh bağlamağa məcbur oldu. Saziş Cavanşirin xəzər xaqanının qızına evlənməsi ilə möhkəmləndirildi.

661-ci ildə sonuncu "raşidi" xəlifə Əli ibn Əbu Talibin (656-661) öldürülməsindən sonra Xilafətdə baş verən siyasi çevriliş – Əməvilər sülaləsinin hakimiyyət başına gəlməsi Cavanşiri öz siyasi xəttini dəyişməyə vadar edir. Ərəblərdən özünü zorla qoruyan Bizansdan əli üzüldüyü üçün o, Azərbaycana ola biləcək yeni ərəb yürüşlərinin qarşısını almaq məqsədilə ilk Əməvi xəlifəsi Müaviyə ilə danışığa girir. Cavanşir bunun üçün iki dəfə – 667 və 670-ci illərdə Xilafətin Əməvilər dövrü paytaxtı Dəməşqə gedir. Nəticədə Albaniya rəsmi olaraq Xilafətə tabe dövlət elan edilir. Lakin yürütdüyü çevik siyasəti ilə Mihranilərin daxili müstəqilliyini qoruya bilən Cavanşir Albaniyadan Xilafət xəzinəsinə axan vergilərin miqdarının əvvəlkinin üçdə birinədək azaldılmasına nail olur.

Beləliklə, ilk ərəb işğallarından sonra Azərbaycanın cənub hissəsi – Adurbadaqan müstəqilliyini tamamilə itirərək bilavasitə xəlifə canişinlərinin hakimiyyətinə tabe olmuş, Şimal hissəsi -Albaniya isə siyasi müstəqilliyini saxlamağa cəhd göstərsə də Xilafətin vassalı kimi vergi ödəmək şərtilə ondan asılı vəziyyətə düşmüşdü.

Ərəblərin Azərbaycanı tamamilə tabe edə bilməmələrinin bir neçə səbəbi var idi. Buna, Cavanşirin şəxsi nüfuzu və Albaniyanın tutduğu mühüm strateji mövqe ilə yanaşı, bu zaman Xilafətin daxi-lində və xaricində baş verən hadisələr – Əli ilə Şam hakimi Müaviyə arasında səltənət uğrunda gedən mübarizə, hakimiyyətə gəlmiş Müaviyənin Bizansla apardığı müharibələr də şərait yaratmışdı.

Cavanşirin siyasi müstəqillik naminə ərəblərə güzəşt siyasəti bəzi bizanspərəst yerli hakimlərin narazılığına səbəb oldu. 680-ci ilin sonlarında (və ya 681-ci ilin əvvəllərində) Cavanşir həmin hakimlərin təşkil etdikləri qəsd nəticəsində xaincəsinə öldürüldü. Onun qardaşı Varaz Perozun oğlu Varaz Tiridat alban taxtında əmisini əvəz etdi. Elə bu zaman xəlifə olmuş I Yəzid (680-683) Varaz Tiridatı "Şərq vilayətlərinin canişini, Alban padşahlığının və Uti əyalətinin hakimi" təsdiq etdi.

Cavanşirin qətli onun qayınatası, Xəzər xaqanı Alp İlitvərə qisas almaq bəhanəsi ilə Albaniyaya qoşun çəkmək imkanı verdi. Tezliklə onun başçılıq etdiyi Xəzər ordusu Albaniya hüdudlarına soxulub, yol boyu rastına çıxan kənd və şəhərləri talan edə-edə Uti əyalətinə yetişdi. Xəzərlər burada çoxlu əsir tutaraq, üstəlik, xeyli qənimət ələ keçirtdilər. Sonra isə Lpina vilayətinə qayıdaraq, orada düşərgə saldılar.

681-ci ildə I Varaz Tiridat alban katolikosu Yeliazarı Xəzər xaqanının yanına danışıqlara göndərdi. Katolikos, Cavanşirin qətlində albanların əli olmadığına xaqanı inandırmalı idi. Verilən tapşırığı müvəffəqiyyətlə yerinə yetirən katolikos, hətta xəzərlərlə "sülh və qırılmaz dostluq" münasibətlərinin bərpasına da nail oldu. Lakin Yeliazarın bu uğurlu elçiliyi alban-xəzər münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılmış yalnız ilk addım idi. İkinci addım Metskoqman yepiskopu İsrailin başçılıq etdiyi nümayəndə heyətinin Alp İlitvərin Varaçanda yerləşən qərargahına göndərilməsi oldu. Hörmətlə qarşılanmış yepiskop İsrail xəzərlərlə sülh bağlaya bildi. Moisey Kalankatlının şəhadətinə görə, İsrailin təbliğatından sonra, xaqan başda olmaqla, xəzərlərin bir hissəsi xristianlığı qəbul etdi. I Varaz Tiridata göndərdiyi məktubunda xəzər xaqanı İsrailin onun ölkəsində yepiskop kimi qalmasını xahiş etdi. O, I Varaz Tiridatı əmin edirdi ki, yalnız din birliyi "bizim barbar xalqların Albaniyaya basqınlarının qarşısını ala bilər". Eyni xahişlə Xəzər xaqanı albanlarla həmdin olan erməni knyazı Qriqori Mamikonyana və erməni katolikosu Səhəkə də müraciət etdi. Xəzərlərə göndərdiyi cavab məktubunda katolikos Səhək yazırdı: "Biz onun (İsrailin) həmişə sizinlə olmasına razılıq vermək istərdik. Lakin bu məsələnin həll olunmasında müstəsna hüquq Albaniya patriarxı katolikos Yeliazara məxsusdur. Bu, onun işidir".

Beləliklə, I Varaz Tiridat İsrailin Xəzər xaqanlığı ilə Albaniya arasında yalnız vasitəçi rolunu oynamasına razılıq vermişdi.

Lakin İsrailin xəzərlərlə sülh münasibətləri yaratmaq naminə göstərdiyi fəaliyyəti onların Cənubi Qafqaz ərazisinə yeni basqınlarının qarşısını ala bilmədi. Çətinliklə əldə edilmiş sülh pozuldu: mərkəzdəki qeyri-sabitlik nəticəsində ucqar şimal vilayətləri üzərində ərəb nəzarətinin zəifləməsindən istifadə edən xəzərlər, 685-ci ildə yenidən Albaniya, Ermənistan və İberiya (Kartli) torpaqlarına daxil oldular, bir çox vilayətləri tutub böyük qənimət və xeyli əsir əldə etdilər. Yerli qaynağın məlumatına görə, "döyüş zamanı onlar knyaz Qriqori Mamikonyanı, xeyli gürcü və alban əyan və knyazlarını qətlə yetirdilər".

Bu mürəkkəb dövrdə Xilafətdəki hakimiyyət Əməvilər sülaləsinin Mərvanilər qolunun banisi, cəmi bir il xəlifəlik edə bilən I Mərvanın (684-685) əlinə keçdi. Məhz bu zaman Xilafət mərkəzində yaranmış müvəqqəti qarışıqlıqdan istifadə edən albanlar qonşuluqda yaşayan xalqlar kimi əsasən vergi verməklə ifadə olunan "otuzillik itaətdən sonra", "ərəblərə vergi ödəməkdən imtina etdilər". Lakin bu vəziyyət çox çəkmədi. VII əsrin 80-ci illərinin ortalarından başlayaraq Cənubi Qafqaz xəzərlərin, ərəblərin, bizanslıların at oynatdıqları iri döyüş meydanına çevrildi. Onlar əhalini amansızcasına qarət edir, əsir aparır, maddi dəyərləri məhv edirdilər. Yalnız 80-ci illərin sonlarına yaxın ərəb xəlifəsi Əbdülməlik ibn Mərvanla Bizans imperatoru II Yustinian arasında barışıq əldə edildi. Şərtə görə, Qafqaz ölkələrindən gələn bütün vergilər iki imperiya arasında bərabər bölünməyə başlanıldı. Lakin bu barışıq da uzun çəkmədi. 692-ci ildə ərəblərlə bağlanmış sülh müqaviləsini pozaraq, Şam üzərinə hücum edən II Yustinian məğlubiyyətə uğradı. Əldə edilmiş qələbə ərəblərin Qafqazdakı mövqelərini möhkəmləndirdi. 693-cü ildə xəlifə öz qardaşı Məhəmməd ibn Mərvanı əl-Cəzirə, Azərbaycan və Ərminiyənin (Albaniya – Arran və Gürcüstanın bir hissəsi ilə birlikdə) hakimi təyin edir.

Lakin Xilafətin bölgədəki hakimiyyəti hələ də kifayət qədər möhkəm deyildi; Albaniya – Arran isə ərəblərdən başqa bizanslılara və xəzərlərə də vergi ödəmək məcburiyyətində idi.

Bu dözülməz vəziyyət xəzərlərlə münasibətləri qaydaya sala bilmiş I Varaz Tiridatı imperatorla danışıq aparmaq üçün oğlanları Qaqik və Vardanla 699-cu ildə Konstantinopola getməyə vadar edir. Lakin arzu edilən müsbət nəticə əvəzinə, Xilafətlə əlaqədə günahlandırılan alban hökmdarı zindana atılaraq, 705-ci ilədək Bizans paytaxtında saxlanılır.

Məhz bu zaman Albaniyanın özündə elə hadisələr baş verir ki, onlar bu vaxtadək yalnız vergi almaqla kifayətlənən Xilafət üsuli-idarəsinin ölkənin daxili işlərinə daha fəal müdaxilə etməsinə səbəb olur. Belə ki, katolikos Yeliazar öləndən bəri (688-ci ildən) onun yerini tutmuş keçmiş Girdiman yepiskopu Katolikos Nerses Bakur hələ də Konstantinopolda saxlanılan Varaz Tiridatın arvadı Sparamanın təşviqi ilə Bizans kilsəsinin etiqad etdiyi xalkidon təlimini Albaniyada da yaymaq və bu addımla albanların Xilafətə deyil, Bizansa daha çox meyl göstərdiklərini əyan etmək istəyir. Xalkidonluğun Albaniyadakı əleyhdarları, başda alban knyazı Şeroy olmaqla Qəbələ, Amaras və Hoş yepiskopları, eləcə də ölkənin nüfuzlu feodalları erməni katolikosu İliaya (Eliaya) müraciət etdilər, onun Partava (Bərdəyə) gəlməsini, "yaralarını sağaltmasını" xahiş etdilər.

Erməni kilsəsinin Albaniyadakı mənafeyinin gerçəkləşdirilməsi məqamının yetişdiyini anlayan katolikos İliya xəlifə Əbdülməlikə göndərdiyi məktubunda bildirirdi: "Partav taxtında oturan indiki alban katolikosu Rum imperatoru ilə sazişə girib, öz ibadətlərində onun adını çəkir və ölkəni məcbur edir ki, hamı dini etiqadda ona qoşulsun, onun himayəsini qəbul etsin". Məktubun sonunda "Allaha qarşı günah işlətmiş" alban katolikosunun və "onunla həmfikir olan kübar qadının" cəzalandırılması xahiş edilirdi.

Təbiidir ki, Bizansın Qafqazdakı mənafeyinə zərbə endirə biləcək hər bir əməl Xilafət üçün sərfəli idi. Alban kilsəsinin Bizansın yardımına arxalanması heç də ərəblərin ürəyincə deyildi. Buna görə də, erməni katolikosunun xahişlərini həvəslə yerinə yetirən xəlifə bu addımı ilə həm Bizansın Cənubi Qafqazdakı mənafelərinə zərbə endirir, həm də özlərinin Albaniyadakı maraqlarını güdən qriqorian ruhanilərinin simasında müttəfiq tapırdı. Məhz bu siyasəti güdərək, "öz sadiq nökərini çoxsaylı qoşunun başında" Albaniyaya göndərən xəlifə erməni katolikosuna cavab məktubunda qəbul etdiyi qərar haqqında belə yazırdı: "Biz əmr etdik ki, bizim ağalığımıza qarşı çıxmış albanların [etiqadında] sizin dinə uyğun düzəlişlər edilsin". Məktubun sonunda xəlifə İliaya Bərdədə kilsə məclisi çağırmaq, dəmir qandallarla buxovlanmış Nerses və Sparamanı oraya gətirmək əmrini verir. Xilafət nümayəndələrinin də iştirak etdiyi bu kilsə məclisində Nerses lənətlənir. Yerli müəllifin yazdığına görə, bundan sonra aclıq elan edən Nerses, Şeroyu lənətləyərək 8 gündən sonra ölür. I Varaz Tiridatın arvadı Sparama isə qaladakı həbsxanaya salınır. Xəlifənin əmri ilə baxışlarına görə etibarsız sayılan və xüsusi siyahıya daxil edilən başqa alban knyazları da cəzaya məruz qalırlar.

Erməni katolikosunun başçılıq etdiyi kilsə məclisi Dvin taxtının keçmiş arxidyakonu Simeonu Albaniyanın katolikosu seçir. Simeon "Nersesin bidət dolu kitablarını sandıqlara doldurub, Trtu (Tərtər) çayına" ataraq ölkədəki hərc-mərcliyə son qoydu. Alban kilsəsi erməni kilsəsinə tabe edildi.

Elə bu zaman beşillik Bizans əsirliyindən çətinliklə azad ola bilən I Varaz Tiridat Albaniyaya qayıdır. Onun vətənə qayıtması ərəb-Bizans döyüşlərinin yenidən başlanması, ərəblərin Qafqazda zor siyasəti yürüdən Mərvan ibn Məhəmmədi böyük qoşunla Ermənistana və Albaniyaya göndərməsi ilə bir vaxta düşür. I Varaz Tiridat "yalnız taciklərə" (ərəblərə) vergi ödəyərək, Xilafətin süverenliyini qəbul etsə də, ölkənin iflasının qarşısını ala bilmir. Albaniyaya gələn Mərvan xəlifə Əbdülməlikin xüsusi siyahısına düşmüş Şeroyu və başqa alban knyazlarını tutaraq, onları Xilafətin mərkəzinə – Şama göndərir.

Bundan sonra xəlifə canişinləri ölkəni şəriksiz idarə etməyə başladılar. Canişinin yanında bir növ məşvərətçiyə çevrilən alban knyazı və katolikosu müstəqil qərar qəbul etmək imkanlarından məhrum oldular. Bu zamandan, yəni 705-ci ildən etibarən Albaniya hətta vassallıq mövqeyini də əldən verir, şimallı-cənublu bütün Azərbaycan qəti şəkildə ərəblərin tabeliyinə keçir.


Tarix: 07.01.2015 / 16:54 Müəllif: Feriska Baxılıb: 168 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində