beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ərəb xilafəti dövründə Azərbaycanda dini proseslər

Ərəb işğalının ilk dövründə yerli əhali ilə ərəblər arasındakı münasibət çox mürəkkəb idi və əsasən işğal prosesində bağlanılmış müqavilələrlə tənzimlənirdi. Bu müqavilələrin məzmunundan görünür ki, Ərəbistanın özündə və başqa fəth edilən yerlərdə olduğu kimi, Azərbaycanda da yalnız bütpərəstlər zorla, lazım gəlsə qılınc gücünə müsəlmanlaşdırılırdılar, yerdə qalan əhaliyə isə əvvəlki etiqad və adətlərə əməl etmək icazəsi verilirdi. "Əhli Kitab" xalqlar (yəni, müqəddəs dini kitabları olan yəhudilər və xristianlar), o cümlədən ilk çağlar atəşpərəst olan azərbaycanlılar da əvvəlki etiqadlarında qalır, əvəzində isə can vergisi – cizyə verirdilər. Müsəlman icmasının qəbul etdiyi qaydaya görə, cizyəni yalnız sağlam kişilər ödəyir, "uşaqlar, qadınlar, xroniki xəstələr", eləcə də "heç bir vəsaiti olmayan, adamsız və heç bir gəliri olmayan zahidlər" verginin bu növündən azad olunurdular.

Ərəblər hələ Hz. Məhəmməd (s.ə.s.) dövründən etibarən "əhli Kitab" adlandırdıqları başqa dinə etiqad edənləri, ümumiyyətlə, dinsiz hesab etdikləri bütpərəstlərdən fərqləndirir, sonuncuları zorla da olsa dini baxımdan da ram etməyə çalışır, vahid Allaha inam gətirib, ona öz qaydalarına əsasən etiqad edən xristian və yəhudilərə qarşı iltifatlarını əsirgəmirdilər.

Yeni dini nəyin bahasına olursa-olsun dinsizlər arasında yaymağı qarşısına məqsəd qoymuş Məhəmməd peyğəmbər və onun ardıcılları islamı silah gücünə qəbul etmiş bəzi adamlara, xüsusilə bədəvilərə inanmır, yeni dini etiqadın ürəklərdə hələ tam möhkəmlənmədiyi bu dövrdə həmin adamlarla ehtiyatlı olmağı tövsiyə edirdilər. Quranda "Əl-hücurat" ("Hücrələr") surəsinin aşağıdakı ayəsi buna sübutdur: "Bədəvi ərəblər dedilər: Biz iman gətirdik. [Onlara] de: – Siz iman gətirmədiniz, ancaq [belə] deyin: biz təslim olduq, belə ki, iman hələ sizin ürəklərinizə daxil olmayıb və əgər Allaha və onun rəsuluna itaət etsəniz, o, sizin işlərinizdən heç bir şey əskiltməz. [Çünki] Allah bağışlayan və rəhm edəndir"[40].

Məhz buna görə iman gətirənləri "muminuna", yəni "möminlər", Allaha inamla yeni dini qəbul edənləri – təslim olanları ("əsləmə") isə "muslimuna" – müsəlmanlar, yəni "təslim olmuşlar, tabe olmuşlar" adlandırdılar.

İlk müqavilələrin şərtlərinə görə, atəşpərəstlərə verilən güzəşt və amana baxmayaraq, islamın verdiyi maddi və mənəvi üstünlüklər, o cümlədən müsəlmanlardan can vergisi-cizyənin alınmaması, müsəlman icmasının atəşpərəst Sasani cəmiyyətində olduğu kimi zümrələrə bölünməməsi və s. Zərdüştün azərbaycanlı ardıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu işdə, çox güman, islamı hələ peyğəmbər dövründə qəbul etmiş, əvvəllər atəşpərəst olmuş iranlıların çağırışları da az rol oynamadı. Ət-Təbərinin məlumatına görə, hələ xəlifə I Ömər (634-644) dövründə işğal edilmiş Sasani vilayətlərinin dehqanları könüllü surətdə islamı qəbul etmişdilər. Müəllifin fikrincə, ərəb hərbi sərkərdəsi müsəlman Zuhra ilə Sasani sərkərdəsi atəşpərəst Rüstəm arasında aparılan danışıqlarda Zuhranın mənəvi üstünlük qazanması bir çoxlarının islamı qəbul etməsinə səbəb olmuşdu.

Bütpərəstlərə qarşı (o cümlədən xristianlığı qəbul etməmiş bütpərəst albanlar da daxil olmaqla Azərbaycanın bütpərəst türk əhalisinə) zor işlədən ərəblərin "əhli Kitab"ı xristian və yəhudilərlə yanaşı, "əhli Kitab" hesab etmədikləri atəşpərəstlərə də işğalın ilk dövründə iltifat göstərmələri daha çox siyasi baxımdan, yəni Qafqazın Bizansa qarşı mübarizədə mühüm strateji əhəmiyyəti ilə də izah oluna bilər. Lakin çox keçmədən islam bütpərəstliklə yanaşı, atəşpərəstliyi də aradan götürdü. Tədqiqatçıların fikrincə, Allah qarşısında bütün müsəlmanların bərabərliyini elan edən yeni ideologiya Sasani imperiyasının qeyri-fars əhalisi, o cümlədən Azərbaycan türkləri arasında daha tez yayıldı. Tarixçi əl-Bəlazurinin məlumatını şişirdilmiş fakt kimi qəbul etməsək, Cənubi Azərbaycan əhalisi artıq xəlifə Əlinin dövründə (656-661) islamı qəbul etmiş, Quran oxuyurdu.

Lakin köhnə dindən dönmə və yeni dinə gəlmə prosesi sürətli olmamış, azərbaycanlıların atəşpərəst, bütpərəst və ya xristian ulu babaları ərəblərin çox yerdə zor gücünə qazandıqları siyasi üstünlüyə baxmayaraq, əvvəlki etiqadlarından xoşluqla, birdəfəlik üz döndərməmişdilər. Şimali və Cənubi Azərbaycanın xristian əhalisi ilə yanaşı, ölkənin aran və dağ yerlərinin atəşpərəst və bütpərəst əhalisi də islamaqədərki etiqadlarında qalmışdılar. Əl-İstəxrinin məlumatına görə, onun bu yerlərdə olduğu vaxt, yəni təqribən X əsrin 20-30-cu illərində də Qabh (Qafqaz) dağında bir çox müxtəlif dilli "kafirlər" yaşayırdılar. XII əsrin 30-40-cı illərində Azərbaycanın bir sıra şəhər və kəndlərini gəzmiş əndəluslu Əbu Həmid əl-Qərnati Dərbənd yaxınlığındakı dağ kəndlərində "islamı qəbul etməmiş, hətta cizyə də verməyən", dəfn mərasimlərinə görə atəşpərəst olduqları görünən adamlara rast gəlmişdi. İslamı qəbul etmiş xalqlar, o cümlədən azərbaycanlılar arasında bəzi dağ kəndləri sakinlərinin nəinki öz etiqadlarını, hətta dillərini də qoruyub saxlaya bilmə səbəbini XIV əsrin ikinci yarısı, XV əsrin əvvəlində yaşayan ərəb tarixçi-filosofu İbn Xəldunun fikri ilə izah etmək olar. Onun rəyincə, "ərəblər dağlıq yerlərə deyil, düzən yerlərə hücum etməyə meyillidirlər. Çünki dağlıq yerlərdə öz məqsədlərinə nail olmaq onlar üçün asan olmur".

Tədqiqatçıların fikrincə, islamın erkən çağında onu ilk növbədə ərəblərin simasında özlərinə arxa tapmaq istəyən yerli əyanlar qəbul edirdilər. İslamı qəbul etməklə onlar öz mülklərini və torpaqlarını da qorumuş olurdular. Mənbələrin və arxeoloji materialların öyrənilməsi sübut edir ki, islam Azərbaycanın şimalında, cənubunda olduğundan daha gec mənimsənilmişdi. Şəhərlilər islamı kəndlilərə nisbətən daha həvəslə qəbul edirdilər. Akademik Z. M. Bünyadovun yazdığına görə, ərəb işğalı dövründə kəndlilərə nisbətən daha ağır cizyə ilə yüklənmiş şəhərlilərin, xüsusilə tacir və sənətkarların islamı ilk növbədə qəbul etmələri onların öz varidatlarını qorumaq cəhdindən, ərəb üsul-idarəsinin isə tacir və sənətkarlara daha böyük güzəştlər verməsindən irəli gəlir. X əsr mənbələri (əl-Məsudi) müsəlman şəhərlilər və xristian kəndlilər haqqında məlumat verirlər. Görünür, buna görə də xəlifə I Ömərin fərmanına görə, islamı qəbul etmiş kəndli, hətta xəzinədən mükafat da alırdı. Bundan başqa, islamı qəbul etmək həmin adamları nəzəri olaraq müsəlman ərəblərlə bərabərləşdirirdi.

Yeni dinə keçənlərin böyük bir hissəsi müsəlman ordusuna yazılır, bununla da ərəblərlə bağlanılmış müqavilələrin şərtinə görə cizyədən azad edilir, müharibə qənimətlərindən ərəblərlə bərabər istifadə edirdi. İslamı qəbul etmiş qeyri-ərəblər yerli əhalinin "məvla" (cəmdə – "məvali") adlandırılan qrupunu təşkil edirdilər. Hələ islamaqədərki Ərəbistanda geniş yayılmış bu istilah əslində "kimdənsə asılı" mənasında işlədilirdi, özü də yalnız qan qohumluğu ilə bağlı olanlar deyil, başqa qəbilədən hamiliyə götürülənlər də nəzərdə tutulurdu. Ərəb işğalı dövründə isə bu termin yalnız "kiminsə qeyri-ərəb adamı" mənasını verir, həmin adam ya müəyyən bir şəxsin (mütləq ərəbin) və ya qəbilənin (mütləq ərəb qəbiləsinin) adamı – məvlası olurdu. Məvalilər onlara hamilik edən adamın və ya qəbilənin yanına köçür, hərbi yürüşlərdə onları müşayiət edirdilər.

Azərbaycan işğal edildikdən sonra Arran əhalisinin bir hissəsi, Cənubi Azərbaycan əhalisinin böyük hissəsi islamı qəbul etməyə başladı. Məvalilərin sayı gündən-günə artırdı. Lakin islamın Azərbaycanın xüsusilə şimal hissəsində sidq-ürəklə mənimsənilməsi və başdan-başa qərarlaşması uzun çəkən bir proses oldu. Bu prosesin birinci mərhələsində islamı yayan əsas qüvvə başlıca olaraq ərəblərin özləri idisə, islamın mədəni gücünün artdığı IX əsrin sonu -X əsrin əvvəllərində bu işi islamı qəbul etmiş yerli əhali özü görürdü. Yuxarıda gördüyümüz kimi, işğal prosesində bağlanılmış müqavilələrə görə, ərəblərin siyasi hakimiyyətini qəbul etmiş "əhli Kitab" yerli əhali könüllü olaraq istədiyi dini seçə bilərdi; lakin ilk ərəb təcavüzündən bir neçə il keçmiş, xəlifə Əlinin dövründə Azərbaycanın işğal edilmiş torpaqlarında yerləşdirilmiş ərəblər yerli əhalini islama dəvət etmək tapşırığını aldılar. Məhz həmin dövrdə Cənubi Azərbaycanın baş şəhəri elan edilmiş Ərdəbildə o zaman Azərbaycanın hakimi təyin edilmiş əl-Əşas ibn Qeys məscid tikdirdi. İlk vaxtlar belə məscidlər ancaq ərəb qəbilələrinin yerləşdirildikləri şəhərlərdə fəaliyyət göstərirdisə, sonralar Azərbaycanın hər bir yaşayış məntəqəsində kiçik və böyük məscidlər tikildi. Artıq X əsrdə Azərbaycanın demək olar, bütün şəhərlərində came (ellik) məscidləri vardı. Hətta X əsrin məşhur coğrafiyaşünas-səyyahı əl-Müqəddəsi şəhəri kənddən fərqləndirən əsas cəhəti məhz hər hansı yaşayış yerində came məscidin olmasında görürdü. "Dərbəndnamə"nin məlumatına görə, 733/734-cü ildə əməvi sərkərdəsi Məsləmə ibn Əbdülməlik Dərbənddə olan came məscidindən başqa daha yeddi məhəllə məscidi (Xəzər, Fələstin, Dəməşq, Qeysəri, əl-Cəzirə və Mosul) tikdirməyi əmr etdi. Ayrı-ayrı millətlərin, daha doğrusu, tayfaların yaşadığı məhəllələrdə tikilən bu məscidlərə ərəblərlə yanaşı, islamı qəbul etmiş qeyri-ərəblər – məvalilər də gəlirdilər. Mənbələrin məlumatına görə, məhz Dərbənd islamı "kafirlərin" yaşadıqları ətraf dağlıq ölkələrə yayırdı. 869-cu ildə Dərbənddə məskunlaşmış ərəb nəslindən olan Haşim əs-Suləmi bu şəhər-dövləti müstəqil elan edib, Dərbənd əmirliyinin əsasını qoyduqdan sonra vaxtaşırı qonşu qeyri-müsəlman dağlılar üzərinə dini bayraq altında işğalçılıq yürüşləri təşkil edirdi. Dağ yerlərində islamlaşma uzun proses şəklini alsa da, bu yürüşlər bəzi dağlıların zorla, bəzilərinin isə könüllülük prinsipi əsasında gec-tez müsəlmanlaşmasına gətirib çıxartdı.

Öz əvvəlki dini etiqadını saxlayan "zimmi" adlandırılan yerli əhali "dövlətlinin dövlətinə görə, varlının varına görə, kasıbın kasıblığına görə" can vergisi verirdi. Lakin artıq Əməvilər Xilafəti dövründə çox vaxt öz şəxsi mənfəətlərini güdən xəlifə canişinləri Quranın[41] cizyənin yalnız zimmilərdən tutulması haqqında buyuruğunu pozaraq, yeni müsəlmanlardan – məvalilərdən də vergi almağa başladılar. Beləliklə, başqa dinə mənsub olanlardan tutulan can vergisi-cizyə həm müsəlmanlardan, həm də qeyri-müsəlmanlardan alınan adi vergiyə çevrildi. Belə siyasət xalq kütlələrinin narazılığına və bunun nəticəsi olaraq xəlifə II Ömərin (717-720) canişinlərə yeni müsəlmanlardan cizyə toplanmasını dayandırmaları göstərişini verməsinə səbəb oldu. Ancaq II Ömərin ölümündən sonra can vergisinin alınması yenidən bərpa edildi, onu ödəməyənlərə qarşı müxtəlif cəza tədbirləri görüldü.

İslam bütpərəstliyin və çoxallahlılığın bütün formalarına qarşı müharibə elan etdi, səcdə məqsədilə canlı varlığın şəklini çəkməyi yasaq etdi. Məhz bu addım islamın yayılması ilə Azərbaycanda təsviri incəsənətin tətbiq dairəsinin məhdudlaşmasına gətirib çıxartdı.

Beləliklə, ilk ərəb işğalından keçən təqribən üç əsr ərzində bütün Azərbaycan əhalisinin əksəriyyəti islamlaşdı, azərbaycanlılarla yanaşı, ərəb işğal dairəsinə düşmüş qonşu xristian xalqları isə öz əvvəlki dinlərini saxladılar; bunun əsas səbəbi Azərbaycan ərazisində – həm şimalda və həm də cənubda, dini etiqadca bütpərəst və atəşpərəst olan qeyri-xristian albanların, türkdilli və irandilli tayfa və xalqların üstünlük təşkil etməsi idi. Məhz onlar, öz xoşları ilə islamı qəbul etmiş dönmə xristianlarla birlikdə Qafqazın ilk müsəlmanları oldular.

İslamlaşdırmanın ilk mərhələsində xoş-güc qəbul edilmiş din yalnız müəyyən vaxt keçdikdən sonra, xüsusilə islamın mədəni gücünün təsirilə sidq-ürəklə qavranılmış və mənimsənilmiş inama çevrildi.

Albaniya əhalisinin xeyli hissəsi hakim sülalənin nümayəndələri Mihranilərlə birlikdə dövlət dini elan edilmiş xristianlığa etiqad edirdilər. Qonşu xristian ölkələrində olduğu kimi, burada da yunan diofizi dini etiqadından kənara çıxan müxtəlif bidətçi cərəyanlar fəaliyyət göstərirdi; bu cərəyanların qriqorian təriqətinə düşmən olan üzvləri bu dövrdə amansızlıqla təqib olunurdular. Alban kilsəsinin təqib olunmasında, onun sərbəstlik və müstəqillik hüququnun pozulmasında erməni qriqorian kilsəsi xüsusi rol oynayırdı. Alban kilsəsini öz nüfuzuna tabe etmək istəyən erməni katolikosları məqsədlərinə çatmaq üçün, Sasanilər dövründə olduğu kimi, ərəb hökmranlığı dövründə də Xilafətin hərbi qüvvələrinin köməyinə əl atırdılar. Cənubi Qafqazda özlərinə arxa axtaran Əməvilər ermənilər və albanlar arasındakı təfriqəçilikdən bacarıqla istifadə edərək, alban kilsəsinin erməni kilsəsinə tabe olunması üçün şərait yaratdılar.

Sonralar diofiziliyə qarşı hər yerdə mübarizə aparan erməni kilsəsi alban ruhanilərini öz mövqelərindən sıxışdırıb çıxartdı və ölkənin ərəblər üçün əlçatmaz dağ yerlərində yaşayan alban əhalisini qriqorianlaşdırmağa başladı. Bu proses nəticəsində, ərəb müəlliflərinə görə, hələ X əsrdə də Bərdə və onun ətraflarında işlədilən alban-arrani dili, eləcə də alban ədəbiyyatı abidələri tədricən yoxa çıxdı.

Ancaq qriqorianlaşdırma prosesi və bunun nəticəsi olan erməniləşdirmə albanların kəskin müqaviməti ilə üzləşdi. XIII əsrdə Gəncədə yaşamış, mənşəcə alban olan tarixçi Kirakos yazırdı ki, yalnız alban "rəislərinin", yəni zadəganların çoxu erməni dilini bilir və bu dildə danışırdılar. Deməli, hətta XIII əsrdə belə, Albaniya əhalisinin hamısı erməni dilini bilmir və öz ana dilində danışırdı.

İ. P.Petruşevskinin haqlı qeydinə görə, erməni kilsəsi Albaniyada "ölkəni erməniləşdirmək aləti olmuşdu. Onun bu rolu VIII əsrin başlanğıcından etibarən, yəni erməni monofizi [kilsəsinin] katolikosu Yeqiya (İliya) xəlifənin köməyi ilə xalkidonçuluq (diofizilik) mövqeyində duran alban katolikosu Nersesi devirdikdən və ermənipərəstlər – monofizilər tərəfindən Albaniyada xalkidonçuluq (pravoslav yunanpərəst və gürcüpərəst) hərəkatı yatırıldıqdan sonra xüsusüə nəzərə çarpırdı, bu hərəkat ruhanilər və knyazların bir hissəsi tərəfindən alban kilsəsinin erməni kilsəsindən müstəqilliyini qorumaq cəhdini əks etdirirdi".

Bu vaxtdan etibarən, xristian qaydası ilə ruhanilərin başına əl qoyub, onları keşişliyə keçirmək hüququ alban katolikoslarından erməni katolikoslarına keçir; Moisey Kalankatlının yazdığına görə, Albaniyada bundan sonra xalkidonçuluğa rəğbət bəsləyən hər kəs "qılıncla və əsarətdə məhv edilməli" idi. Bəzi tədqiqatlarda işlədilən "erməni Albaniyası", "erməni albanları" ifadələri elə buradan törənmişdir.

Beləliklə, keçmiş alban vilayətləri, o cümlədən Artsak (indiki Qarabağın dağlıq hissəsi) İ. P. Petruşevskinin gəldiyi nəticəyə görə, "heç bir zaman erməni mədəniyyəti mərkəzlərinə mənsub olmamışdır". Məşhur erməni tədqiqatçısı N. Adontsun fikrincə. "Artsak həmişə erməni nüfuz dairəsindən kənarda olmuşdur". İ. P. Petruşevskinin yazdığına görə, "erməni kilsəsi Arran xalqlarının erməniləşmiş nəsilləri arasında heç olmazsa Sünikdə Orbelyanların nahararlığı dövründə və sonralar göstərdiyi mədəni təsiri göstərə bilmədi".

Beləliklə, erməni kilsəsi, ərəb işğalçılarının köməyilə, VIII əsrin başlanğıcından etibarən ərəb vilayəti Arrana çevrilən keçmiş Albaniyanın xristian əhalisini qriqorianlaşdırmağa başladı. Çox uzun sürən bu proses Eçmiadzinin dəfələrlə müraciətindən sonra alban katolikosluğunun Çar Rusiyası tərəfindən 1836-cı ildə ləğv edilməsi ilə başa çatdı. Bu gün tarixi Azərbaycan ərazisinin (tarixi Sünik, Artsak, Xaçın, eləcə də müasir Sisyan, Basarkeçər və s. yerlərin) bəzi kəndlərinin köklü (sonradan köçüb gəlmə yox) erməni əhalisi "erməni kilsəsinin etiqadına qoşulmuş və ermənilərə qarışmış" (A.İohannesyan) albanların nəsillərindəndir. Bu yaxınlaradək onların qonşuluğunda yaşayan, indi isə erməni təcavüzü nəticəsində qaçqına çevrilən azərbaycanlıların bir qismi isə müxtəlif səbəblərdən islamı qəbul etmiş, həmin ermənilərdən yalnız dilləri ilə fərqlənən qədim alban soylarındandır.


Tarix: 07.01.2015 / 16:56 Müəllif: Feriska Baxılıb: 193 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində