beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üsyanlar - Pavlikanlar hərəkatı

VIII əsrin ən böyük sosial hərəkatlarından biri olan Pavlikanlar hərəkatı o zaman artıq Ərəb Xilafətinə bac verən Qafqaz Albaniyasında yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır[43][44][45][46].

Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır[47]. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi[48].

Y.E.Lipşis[49][50], St.T.Melik-Baxşyan[51], L.Q.İohannisyan[52], F.Konnibir[53] və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir[54].

VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi. Erməni katolikosu İlya bu barədə xəlifə Əbd ül-Malikə (685-705) xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana salındı[55][56][57][58].

Lakin Z. Bünyadov qeyd edir ki, katolikos İlya pavlikian bidətini Albaniyanın yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa müvəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti böyük antifeodal hərəkat xarakteri aldı və Alban vilayətlərindən Girdiman və xüsusilə Balasakan bu cəhətdən ayrıca yer tutdular.

Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və narazılığını qeyd etmişdir; o yazır ki, "Balasakan ölkələrində bir yalançı nəzəriyyə çox yayılmışdı və Girdiman vadisində də həmin bidətin ardıcılları var idi"[59]. Bunu Moisey Kalankatlı da təsdiq edir[60]. Erməni katolikosu İlyanın xələfi katolikos Odzunlu İohann (717-728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32 qaydasının" əsasını təşkil etmişdir: "Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq, iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası və əbədi atəşin közərtiləridir; əgər birisi onlara qoşulub onları sevərsə və onlarla dostluq edərsə, belələrinə işgəncə və ağır cəza vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlam olsun və möhkəmlənsin. Əgər onlar yenidən belə əməl tutsalar, əmr edirik, belələrini vəba xəstəliyinə tutulanlar kimi, xristian kilsəsi üzvlərindən ayırıb atsınlar"[61][62].

Sonralar, ehtimal ki, pavlikianların hamısı və ya bir hissəsi qırılıb tükənmək və ya müsəlmanlaşdırılmaq təhlükəsinin təsiri altında Beyləqandan Bizansa köçə bilərdi, az hissəsi isə islam dinini qəbul edərək, assimilyasiyaya məruz qalmışdı. Bunu aşağıdakı fakt təsdiq edir: De Quye Kudamanın əsərlərini nəşr edərkən, ona məlum olmayan bir dini təriqətin adına rast gəlmiş və onun transkripsiyasını naylakani və ya naykalani şəklində vermişdi[63][64][65]. Lakin le Strenc bu təriqətin adını baylakani[66] şəklində oxumağı təklif etdi, Quye də dərhal bununla razılaşdı. Məlum oldu ki; bu təriqət pavlikianlar təriqəti idi və Kudamanın əsərində onların adı "baylakani", yəni beyləqanlılar şəklində idi. Melik-Baxşyan bu faktı qeyd edərkən yanlış olaraq belə hesab edir ki, "baylakani" sözünün bu cür oxunuşunu A.A.Vasilyev təklif etmiş və onun düzəlişini də de Quye etmişdir[67]. Lakin bu düzəlişi Le Strenc təklif etmişdir.

Bizansda yerli hakimiyyət orqanları tərəfındən sıxışdırılan pavlikianlar ərəb qoşunlarının işğal etdiyi əraziyə keçdilər və yalnız pavlikian qalaları tutulduqdan və Melitenanın ərəb əmiri Ömər ibn Abdullah üzərində qələbə çalındıqdan sonra pavlikianların bir hissəsi bizanslılar tərəfındən Frakiya və Konstantinopola köçürüldülər[68][69] Beləliklə, Albaniyada Girdiman və Beyləqanı (Balasakan, Paytakaran) pavlikianların vətəni hesab etmək edilir. Bu vilayətlər uzun zaman, həm yerli feodallara, həm də yadelli basqınlara qarşı qüdrətli xalq hərəkatının mərkəzi olmuşdur.


Tarix: 07.01.2015 / 16:57 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Azərbaycan Ərəb Xilafətinin tərkibində