beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (16-30)

(17. 16) “Əgər Biz bir diyarı məhv etmək istəsək, əvvəlcə onun cah-calal içində yaşayanlarına itaət etməyi əmr edərik. Onlar şərəfsizliyə qurşandıqda, Sözümüz barələrində gerçəklə-şər və Biz onu tamamilə məhv edərik”.
(17. 17) “Nuhdan sonra Biz nə qədər nəsllər məhv etmişik! Allahın qullarının günahını bilməsi və görməsi kifayətdir!”

Fövqəluca Allah bu ayələrdə bildirir ki, sakinləri zalımlıq edən şəhər və kəndlərin məhv edilməsindən əvvəl, O, həmin şəhərlərin varlı sakinlərinə şərəfsizliyə qurşanmağa imkan verir. Lakin onların zalımlığı yol verilən bütün hədləri aşıb keçdikdə, cəza haqqında vəd edilmiş və qaçılması mümkün olmayan söz icra edilirdi və Allah onların kökünü tamamilə kəsirdi. Bu qismət, Nuhun (ə) xalqına, adlara, səmudlulara, Lutun (ə) xalqına və Allahın sərt cəzaya məhkum etdiyi bir sıra digər xalqlara nəsib oldu. Onların şərəfsizliyi və kafirliyi o dərəcədə böyük idi ki, onlar çox böyük cəzalandırılmalara layiq görüldülər. Onlar Allahın ədalətsizlik edəcəyindən qorxmamalıydılar. Çünki O, onları törətmədikləri xətalara görə heç vaxt cəzalandırmazdı.

(17. 18) “Əgər kimsə ötəri həyatı şiddətlə arzulayırsa, onda Biz o saat istədiyimizi istədiyimizə əta edərik. Sonra isə Biz onu, alçaldılmış tərk edilmiş halda Cəhənnəmə vasil edərik”.

Əgər insan keçəri və fani dünya həyatı üçün yanıb-yaxılırsa, onun xatirinə işləyirsə və özünün ilk və son məskənini unudaraq, ona can atırsa, onda Allah onun maddi nemətlər əldə etməsini yüngülləşdirir. Allah belə insanların hər birinə, Mühafizə olunan Lövhədə yazılmış Qədərə tam müvafiq olaraq, o nemətlərdən Öz istədiyi qədər əta edir. Lakin bu nemətlər həmin insanlara fayda verməyəcək və onları çox qısa müddət ərzində məmnun edəcək. Onlar Axirət həyatına düşdükdə, məğlub edilmiş və alçaldılmış halda Cəhənnəmdəki cəzaya məruz qoyulacaqlar. Onlar Allah qarşısında, məxluqların gözü önündə biabır ediləcək və Onun mərhəmətindən məhrum olunacaqlar. Onların qisməti həm cəza, həm də rüsvayçılıq olacaqdır.


(17. 19) “Kİm Axirət həyatını sevərsə və mömin kimi ona layiqincə can atarsa, onda onun səylərinin əvəzi veriləcəkdir”.
(17. 20) “Həm onlardan, həm də o birilərindən hər birinə Biz sənin Rəbbinin nemətlərini bəxş edirik və Rəbbinin hədiyyələri qadağan edilməmişdir”.

Əgər insan Axirət həyatında mükafat almaq istəyirsə, onda o, Səmavi Kitabları və peyğəmbərlərin nəsihətlərini rəhbər tutaraq dünya həyatına nisbətən, ona (Axirət həyatındakı mükafata. F.S.) üstünlük verirsə, bu nəsihətləri öz imkanları daxilində yerinə yetirirsə, həmçinin Allaha, Onun mələklərinə, Onun kitablarına, Onun elçilərinə və Qiyamət gününə iman gətirirsə, onda onun səylərinin əvəzi veriləcək, qəbul ediləcək, artırılacaq və qorunacaq və o, onlara görə mükafat alacaqdır. Bu heç də qətiyyən o demək deyildir ki, belə adam dünya nemətlərindən məhrum ediləcəkdir; axı Allah Öz qullarının hər birinə onlardan əta edir. Bu – Allahın hədiyyələri və səxavətinin nəticəsidir və onlardan istifadə etmək heç kimə qadağan edilməmişdir. Əksinə, bütün məxluqlar onlardan ləzzət almaq imkanına malikdirlər.


(17.21) “Bax gör, Biz onlardan bəzilərinə, digərlərinə nis-bətən, necə üstünlük vermişik! Lakin Axirət, şübhəsiz ki, öz dəyərinə və üstünlüyünə görə, daha yüksəkdir”.

Allah bu dünyada bəzilərinə Öz səxavətini bol-bol paylayır, digərlərinə isə təkcə yoxsulluq nəsib edir. Bəzilərinə yüngül həyat qismət olur, digərləri isə çətinliklərə və məhrumiyyətlərə məruz qalırlar. Bəzi insanlar bilik əldə edir, digərləri isə cahil olaraq qalırlar. Bəziləri sağlam düşüncəli, digərləri isə ağıldan dayaz insanlar olurlar. Bu və digər məsələlərdə Allah qullarının bəzilərini digərlərindən üstün edir. Lakin bu nemət və ləzzətləri Axirət həyatının nemətləri ilə müqayisə etmək olmaz. Yüksək qəsrlərdə məskunlaşacaq və hər növ gözəlliklər, sevinc və səadətdən həzz alacaq xeyirxah mömin insanlarla Cəhənnəm Odunda yandıqca qıvrılan, şiddətli cəzanı öz üstündə çəkən və Rəhmli Rəbbin qəzəbini hiss edən günahkarlar arasında fərq gör nə qədər böyük olacaq! Həqiqətən, bu iki məskən arasında və onların sakinləri arasında nəhəng fərq mövcuddur ki, onu tarazlaşdırmaq qeyri-mümkündür.


(17.22) “Özünə Allahla bərabər başqa tanrı götürmə, yoxsa axırda rüsvay olar və tənha oturarsan”.

Məxluqların arasında heç olmazsa zərrə qədər də ibadətə layiq olanın tapılacağına inanma və Allaha şərik qoşma, çünki əks halda sən biabır olarsan və tənha qalarsan. Allah, Onun mələkləri və Onun elçiləri – onların hamısı Ona şəriklər qoşmağı qadağan edirlər və şərik qoşanları ən sərt tərzdə qınayırlar. Onlar müşrikləri ən rəzil və ən yaramaz ləqəblərlə adlandırırlar.
Bu pozğun ayamalara və yaramaz ləqəblərə layiq görülən müşriklər dünyəvi və ruhani məsələlərdə hər cür yardımdan məhrum edilirlər. Onlar öz Rəbbindən uzaqlaşdıqca, məhrumiy-yətləri də bir o qədər çox hiss olunur. İnsan Allahdan başqa kiməsə ümidini bağladıqda, o, Onun himayəsindən məhrum edilir. Belə olduqda, həmin insanın yeganə hamisi – ümid bəslədiyi məxluq olur, halbuki Allahın icazəsi olmadan heç bir məxluq bir başqasına fayda verməyə qabil olmaz. Əgər insan Onun əvəzinə məxluqlara ibadət edirsə, nifrətə layiq edilir və Onun yardımından məhrum edilir, təkcə Ona ibadət edən, Ona səmimiyyətlə qulluq göstərən və təkcə Ona təvəkkül edən mömin isə tərifə layiqdir və bütün təşəbbüslərində Onun yardımına layiq görülür.



(17.23) “Rəbbin Ondan başqa heç kimə ibadət etməməyi və valideynlərə yaxşılıq göstərməyi əmr etmişdir. Valideynlə-rindən biri və ya hər ikisi ahıllıq yaşına çatıblarsa, onlara qarşı “uf” belə demə, onlara səsini qaldırma və onlarla ehtiramla rəftar et”.

Fövqəluca Allah Ona şərik qoşmağı qadağan etdikdən və təkcə Ona ibadət etmək əmri verdikdən sonra, O, bunu dini hökm formasında bəyan edir. Bu hökmə uyğun olaraq həm yerdə, həm də göylərdə elə bir canlı və ya cansız məxluq yoxdur ki, ibadətə və ilahlaşdırılmağa layiq olsun. Buna layiq olan təkcə Allahdır – Vahid Rəbb, Öz məxluqlarına ehtiyacı Olmayan. Amma onlar Ona möhtacdırlar. O, qüsursuz formada olan və məxluqların keyfiy-yətlərinə bənzəməyən ən kamil sifətlərə malikdir. O, qullarına gözlə görünən və görünməyən nemətlər bəxş edir. O, xəlq edir, ruzi nazil edir və istənilən işi gerçəkləşdirir. O, Kainatda gedən bütün prosesləri idarə edir və heç kim Onunla bu hakimiyyəti bölüşdürmür.
Qullarının Allah qarşısında vəzifələrini xatırladaraq, Fövqəluca, insanın öz valideynləri qarşısında vəzifələrindən xəbər verir. O, əmr edir ki, valideynlərə yaxşı münasibət bəslənilsin və onlara istənilən formada həm sözdə, həm də əməldə xeyirxahlıqlar göstərilsin. Bu onunla izah olunur ki, məhz valideynlər insanın dünyaya gəlməsinin səbəbi olmuşlar. Onların öz övladına bəslə-dikləri məhəbbət, ona göstərdikləri xeyirxah münasibət və yaxın qohumluq insanı onların qarşısında öz vəzifələrini daha yüksək dərəcədə və qüsursuz yerinə yetirməyə və onlara ancaq yaxşılıq göstərməyə vadar edir.
Valideynlərdən biri və ya hər ikisi ahıl yaşına çatdıqda onlar zəifləməyə başlayır, yaxşı və mehriban münasibətə möhtac olurlar ki, bunu insanlar çox yaxşı bilirlər və buna görə insanın onlara hətta “uf!” deməyə(Yəni, “Ah! – bezdim bunlardan” deməyə haqqı belə yoxdur. F.S.) belə haqqı yoxdur. Bu - ən sadə bir sözdür ki, onun vasitəsi ilə bir adam başqasının ürəyini sındıra bilər. Bu söz bu ayədə ona görə işlədilmişdir ki, insanların diqqətini insanların diqqətini bundan daha çox inciklik yaradan və kobud sözlərdən uzaq olmağa yönəltsinlər. Bu onu bildirir ki, insanın öz valideyn-lərini hətta ən ziyansız sözlərlə belə incitməyə haqqı yoxdur. Onun həmçinin onların üstünə qışqırmaq və onlara kobud söz söyləmək haqqı yoxdur. Əksinə, o, onlara xoşlarına gələn sözlər deməli, onlarla nəzakətli və mehriban olmalı və ehtiramla dolanmalıdır. Onun nitqi valideynlərinə sevinc və məmnunluq bəxş etməlidir və bunlar şəraitdən, vəziyyətdən və vaxtdan asılı olmalıdır.



(17.24) “Onları öz mərhəmət qanadının altına al və de: “Ey Rəbbim! Onlara rəhm et, axı onlar məni körpəliyimdən böyü-düblər”.

Valideynlərinlə mülayim və xoşrəftar ol və onlara itaət və mərhəmət göstər. Lakin bunu onlardan qorxduğuna və onların əmlakının bir hissəsini əldə etməyə və ya başqa tamahkarlıq məqsədlərinə görə deyil, Allahdan mükafat almaq ümidi ilə et! Amma bil ki, əgər sən onlarla yumşaq davranışını mənfəət güdmək məqsədilə yerinə yetirsən, Onun mükafatından məhrum olarsan.
Allaha yalvar ki, valideynlərinə, onların yaşamasından və ya ölməsindən asılı olmayaraq, rəhm etsin. Övladın, o, körpə olduğu zaman valideynlərinin onu tərbiyə etməsinə görə onlara minnət-darlığı belə olmalıdır. Bu ilahi hökmdən aydın olur ki, valideynlər öz övladını nə qədər yaxşı tərbiyə etsələr, onun onların qarşısında borcu da böyük olur. Əgər kimsə, valideynlərindən başqa, insanı tərbiyə etmiş və ya ona ruhani və dünyəvi həqiqətləri öyrətmişsə, onda o, onların qarşısında da borclu olur.



(17.25) “Rəbbiniz qəlbinizdə olanları hamıdan yaxşı bilir. Əgər siz xeyirxah olsanız, bilin ki, O, tövbəkarları Bağışlayan-dır”.
Sizin Fövqəluca Rəbbiniz qəlblərinizdə gizlədilən bütün xeyirxah və bədxah niyyətlərinizdən agahdır. O, sizin əməllərinizə və vücudunuza deyil, sizin qəlblərinizə baxır, xeyirxah və bədxah niyyətlərinizi müşahidə edir. Əgər siz mümkün qədər Allahın mərhəmətini qazanmaq və Ona yaxınlaşmaq üçün fikir və niyyətlərinizi bu yöndə cəmləşdirən xeyirxah və saleh insanlar-sınızsa, əgər sizin ürəklərinizdə təkcə Allahın xoşuna gəlməyə can atmaq hissi kök salmışdırsa, onda bilin ki, Allah həmişə üzünü Ona tərəf çevirənlərin hər birini bağışlayır. Rəbb qulunun qəlbinə baxaraq, orada Onu razı salmaq arzusundan, Allaha və qulu Ona yaxınlaşdıra bilən hər şeyə məhəbbət bəsləməkdən başqa bir şey olmadığını gördükdə, onu bağışlayır. Hətta əgər bu qul bəzi hallarda təbii insani zəiflik göstərdikdə belə, Allah onun bu təsadüfi kiçik günahlarını güzəşt edir.



(17.26) “Qohumlarına, kasıba və yol yolçularına haqqını ver, lakin həddən artıq israfçılıq etmə!”

Xeyirxahlıq et və qohumlarına hörmət göstər. Onların qarşısında borcunu yerinə yetir və onlara əlavə qayğı göstər. Bil ki, insanın qohum-əqrəbası qarşısında vəzifələri qohumluq əlaqələ-rinin yaxınlığı, şərait, ehtiyac, rifah, zaman və bir çox digər amillər baxımından fərqli olur. Zəkatını və digər sədəqələrini kasıblara və maddi imkandan məhrum olub evinə qayıda bilməyən yolçulara ver. Lakin bütün var-dövlətini sədəqə kimi paylayaraq həddən artıq israfçılıq etmə. Əgər verdiyi sədəqə insanın güzəranına zərər vurur və onun imkanlarını üstələyirsə, onda bu Allahın şəriəti ilə qadağan edilən israfçılıq sayılır.



(17.27) “Həqiqətən, israfçılar – şeytanların qardaşlarıdır, axı şeytan Rəbbinə qarşı nankordur”.

İsrafçılar şeytanların qardaşlarıdır, çünki şeytanlar insanları ən yaramaz keyfiyyətlər göstərməyə dəvət edirlər. Əvvəlcə onlar insana xəsislik etməyi və sədəqə verməməyi təklif edirlər. Əgər o, onlara qulaq asmırsa, onda ona sədəqə verərkən israfçılıq göstərməyi təklif edirlər. Lakin Fövqəluca Allah mötədil və ədalətli bir yol tutmağı əmr etmişdir və O, bu hökmü yerinə yetirənləri tərifləmişdir. Ayədə Rəhmanın saleh qullarının məziyyətləri haqqında belə deyilir: “Onlar sədəqə verəndə israfçılıq etmirlər və xəsislik də göstərmirlər, bu ikisinin arasında orta bir yol tuturlar” (Furqan, 25/67).


(17.28) “Əgər sən onlardan üz döndərərək, ümid bəslədi-yin Allahın mərhəmətini qazanmaq istəyirsənsə, onda sən onlarla mehribanlıqla danış”.
(17.29) “Əlini bağlayıb qoynunda gizlətmə və onu daima açıq da saxlama. Sonra qınanar və pərişan olarsan”.

Xəsis olma və əlini sədəqə verməkdən saxlama, lakin maddi nemətləri lazımsız məqsədlərə və ya hədsiz dərəcədə xərcləmə. Əgər belə etsən, onda məzəmmət edilər və pərişan olarsan. Səni etdiklərinə görə qınayarlar və sən də artıq həmin maddi nemətlərə malik olmadığına görə məyus olarsan. Bu isə o deməkdir ki, sən nəinki var-dövlətindən məhrum olarsan, heç xeyirxah tərifə belə layiq görülməzsən.
Qohumlara sədəqə paylamaq hökmü sədəqə vermək üçün kifayət qədər imkanı olan zəngin insanlara aiddir. Əgər insan kasıbdırsa və ya müvəqqəti olaraq maddi çətinliklər içindədirsə, onda Fövqəluca Allah ona ən gözəl tərzdə sədəqə verməkdən çəkinməyi buyurmuşdur.
Ey Allahın qulu! Əgər sən insanlara ianə verməkdən boyun qaçırır və Allahın sənin maddi rifahını yaxşılaşdıracağına ümid bəsləyərək, onlara, sənə başqa bir vaxtda müraciət etməyi təklif edirsənsə, onda yardım almaq məqsədilə müraciət edənlərə xoş sifət göstər və onlara vəd et ki, inşallah belə bir imkan yarananda kömək göstərərsən və sonra da hal-hazırda belə bir imkandan məhrum olduğun üçün onların qarşısında üzr istə. Belə davran ki, onlar səndən rahatlıq və xoşluqla ayrıla bilsinlər. Bu barədə Fövqəluca belə buyurur: “Xoş söz və üzrxahlıq minnət qoymaqla verilən sədəqədən daha yaxşıdır...” (Bəqərə, 2/263).
Fövqəluca Allah qullarına rəhmdillik göstərərək, onlara Ondan bol mükafat və ruzi alacaqlarına ümid bəsləmələrini bu-yurmuşdur, çünki Allahın mərhəmət göstərəcəyini gözləmək özü də ibadətdir. Belə bir imkan yaranacağı halda sədəqə paylaya-cağına və xeyirxah iş görəcəyinə vədə vermək də ibadətdir, çünki yaxşı əməl işləyəcəyinə qəti niyyət özü artıq xeyirxah addımdır. Bu isə o deməkdir ki, insan mümkün edə biləcəyi hər hansı xeyirxah əməli etməli və hal-hazırda gerçəkləşdirməyə qabil olmadığı xeyirxah əməlləri yerinə yetirməyə qəti niyyətdə olmalıdır. Buna görə o, mükafat alacaqdır və, ola da bilsin, Allah onun xeyirxah niyyətlərini həyata keçirməsini asanlaşdırsın.



(17.30) “Həqiqətən, sənin Rəbbin istədiyinin qismətini artırar və ya məhdudlaşdırar. O, qullarını görür və tanıyır”.

Fövqəluca Allah bildirir ki, O, Özünün ilahi müdrikliyinə əsaslanaraq qullarına qismətlərini ya səxavətlə bəxş edir, ya da məhdudlaşdırır. Ona məxluqları haqqında hər şey bütün incəlik-lərinə qədər məlumdur və buna görə O, onları layiq olduqları səviyyədə mükafatlandırır və Öz mərhəmətinə və Öz comərdliyinə müvafiq olaraq idarə edir.


Tarix: 18.04.2013 / 14:28 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 797 Bölmə: Ayeler