beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (31-49) ayələr

(17.31) “Yoxsullaşacağınızdan ehtiyat edərək körpələri-nizi öldürməyin, axı Biz onları sizinlə birlikdə ruzi ilə təmin edirik. Həqiqətən, uşaqları öldürmək – ağır günahdır”.

Allah insanlara, onların öz övladlarına bəslədiyindən daha çox rəhmlidir və bu Onun məxluqlarına bəslədiyi rəhmliliyini təsdiq edir. O, valideynlərə, dilənçiliyə və yoxsulluğa düşməkdən ehtiyat edərək, övladlarını öldürməyi qadağa qoyaraq, uşaqlara da, onların valideynlərinə də Özü ruzi verəcəyini vəd etmişdir. Allah həmçinin bildirir ki, uşaqların öldürülməsi ağır günahdır. Bu məziyyət insanın qəlbini şəfqət və rəhm hissindən məhrum edir və onun Allaha qarşı ən böyük itaətsizliyinə şəhadət verir, çünki məhz belə bir insan hələ heç bir qəbahət işlətməmiş günahsız körpəni öldürməyə cəsarət edə bilər.


(17.32) “Zinakarlığa yaxınlaşmayın, çünki o iyrənc bir şey və pis yoldur”.

Zinakarlığa yaxınlaşmağın haram edilməsi – bu günahı törətməyi sadəcə qadağan etməkdən daha geniş bir anlayışdır. Bu isə o deməkdir ki, Allah insanı zinakarlığa sövq edən və ya bu günahı törətməklə nəticələnə bilən hər hansı əməli qadağan etmişdir. Həqiqətən də, əgər insan ürəyindən keçirdiyi və oraya ayaq basmasına icazə verilmədiyi ərazinin ətrafında dolanırsa, deməli onun o torpağa qədəm qoyacağı vaxt uzaqda deyil. Bu məsəli tam mənada zinakarlığa da aid etmək olar, çünki insanların çoxunun ürəyi bu murdar əmələ meyl göstərir.
Allah zinakarlığı iyrənc şey adlandırmışdır, çünki bu günahın murdarlığı nəinki şəriət, hətta sağlam düşüncə və insan şüuraltısı ilə də eynilə etiraf edilir. Bu günahı törətdikdə, insan Allah qarşısında öz borcunu pozur, qadının haqlarını tapdalayır, onun ailəsinin və ya ərinin namusuna qəsd edir. Nəticədə, ər-arvad yatağı murdarlanır, nəsl qarışıqlığı yaranır və digər əxlaq həddini aşan sonuclar təzahür edir. Həqiqətən, zinakarlıq – pis yoldur ki, o yola qədəm basmaq təkcə bu ağır günahı törətdikdən sonra başlayır.

(17.33) “Allahın öldürülməsini haram etdiyi şəxsi, əgər buna haqqınız yoxdursa, öldürməyin. Əgər kimsə ədalətsiz-cəsinə öldürülərsə, Biz artıq onun varisinə tam hakimiyyət vermişik, lakin qoy o, qətlə görə qisas almaqda həddi aşmasın. Həqiqətən, ona yardım göstəriləcəkdir”.

Allah insanları: uşaqları və böyükləri, kişiləri və qadınları, azad və kölə olanları, müsəlmanları və müsəlmanlarla sülh müqaviləsi bağlamış kafirləri öldürməyi qadağan etmişdir. Lakin bir şəxs əgər qəsdən adam öldürmüşsə, ailə həyatı başladıqdan sonra zina etmişsə, İslam dinindən çıxmış və müsəlman cəmiy-yətindən ayrılmışsa, əgər o, müsəlman dövlətinə qarşı çıxmışsa və əgər onun qarşısını ancaq həyatdan məhrum etməklə almaq mümkündürsə, onda belə insanı edam etməyə icazə verilir.
Əgər müsəlman hər hansı başqa səbəbə görə öldürülərsə, onun qətli ədalətsiz olacaqdır. Belə hallarda öldürülənin yaxın qohumları və varislərinin öldürəndən qisas almağa tam haqqı vardır, çünki bu haqqı onlar Allah əta etmişdir. Lakin bu ixtiyar öldürülənin varislərinə o zaman verilir ki, qisas almağa imkan yaradan səbəblər mövcud olsun. Bu isə o deməkdir ki, qətl qəsdən edilmiş olmalı, qəsd faktı mövcud olmalı və onda qatil də törətdiyi qətlə görə məsuliyyət daşımalıdır.
Bilmək lazımdır ki, öldürülənin varisləri qisas almaqda ifrata varmamalıdırlar. Onlar qatilə işgəncə verməməli və ya onun törətdiyi cinayət zamanı tətbiq etdiyi vasitədən daha qorxunc qətl vasitəsi seçilməməli və yaxud bu cinayətin törədilməsində iştirak etməyən insan öldürülməməlidir.
Bu ayədən aydın olur ki, qətlə görə qisas almaq haqqı öldürülənin hüquqi varislərinə məxsusdur və hakim onların razılığı olmadan cinayətkarı cəzalandırmaq haqqına malik deyil Ayədən bir daha məlum olur ki, Allah öldürülənin varislərinə qatilin öhdəsindən gəlməkdə kömək göstərir və əgər onlar onun edam edilməsini istəyirlərsə, O, onların istədiklərinə nail olma-larına yardım edir.


(17.34) “Yetimin əmlakına, o, həddi-buluğa çatana qədər, onun xeyrinə olan hallar istisna edilməklə, yaxınlaşmayın. Əhdinizə sadiq olun, çünki hər əhdinizə görə məsuliyyət daşı-yacaqsınız”.

Fövqəluca Allah, hələ körpə olduqları zaman atalarından məhrum olmuş, onlara nəyin fayda verə biləcəyini başa düşməyən və özlərinə qayğı göstərə bilməyən yetimlərə rəhm edir və mərhəmət göstərir. Allah onların hamilərinə də yetimlərə qayğı göstərməyi, onların əmlakına ehmallıca yanaşmağı və ancaq onları sərfəli ticarət əqdləri sayəsində artırmaq üçün istifadə etməyi buyurur. Yetimlərin hamiləri onların himayəsində olan yetimlərin əmlakı ilə risqə getmək haqqına malik deyillər, lakin onların malını artırmağa səy göstərməlidirlər. Hamilər yetimlər barəsində onlar həddi-buluğa çatıb müstəqilləşənə, ağıllı və saleh insan olana qədər qayğı çəkməlidirlər. Bu həyata keçdikdən sonra yetimlərin hamisi onların əmlakına sərəncam çəkmək haqqından məhrum edilir. Onlar bu sərəncam haqqını himayə etdiklərinə qaytarmağa borcludurlar, çünki həddi-buluğa çatmış insan öz əmlakının müstəqil sərəncamçısı olur. Bununla əlaqədar Fövqəluca Allah buyurur: “Yetimləri onlar nikah yaşına çatana qədər sınaqdan keçirin. Əgər onlarda yetkin ağıl aşkar etsəniz, onda əmlaklarını onlara qaytarın. Onları artıqtamahlıq edərək, onlar böyüyə-nədək, tələsə-tələsə yeməyin. Dövlətli olanlar, qoy nəfslərini saxlasınlar, kasıb olanlar isə ədalətlə yesinlər. Siz onların əmlakını onlara geri verəndə bunu şahidlərin iştirakı ilə edin. Lakin Allahın hesabı saxlaması kifayətdir” (Nisa, 4/6).
Fövqəluca qullarına buyurur ki, verdikləri vədləri yerinə yetirsinlər. Bu vədlərə aid olanlar: insanın Onun qarşısında vəzifələri və başqa insanlara verdiyi vədlərdir. Həqiqətən, insan verdiyi vədlərinə görə məsuliyyətə cəlb olunacaqdır və əgər o, vədlərini yerinə yetirmişsə, bol mükafat alacaqdır, əks halda, o, əhdini pozduqda böyük günah yükü daşıyacaqdır.


(17.35) “Bir şeyi ölçüb verəndə düz ölçün və düz tərəzidə çəkin. Belə etsəniz daha yaxşı və son nəticədə isə daha gözəl olar”.

Allah hər işdə ədalətli olmağı və satılan malı düz ölçməyi və dəqiq çəkməyi əmr etmişdir. Allah həmçinin alıcıları aldatmağı və ya satılan şeyin çəkisini azaltmağı qadağan etmişdir. Amma bu qadağa daha geniş məna kəsb edir. O, ticarətdə aldatmanın keyfiyyət və kəmiyyətlə və ya əmtəənin qiyməti ilə bağlı olan istənilən formasına aiddir. Bu isə o deməkdir ki, satıcılar öz alıcıları ilə ünsiyyətdə səmimi və doğruçu olmalıdırlar. Belə rəftar başqa cür davranmaqdan daha yaxşıdır, çünki bunun sayəsində insan yalançılığın pis nəticələrindən qurtulmağa nail olur və qazancını Allahın himayəsi ilə qoruyur.



(17.36) “Bilmədiyin bir işin ardına düşmə. Həqiqətən, qulaq, göz və ürək – onlar hamısı məsuliyyətə cəlb olunacaqlar”.

Aydın faktlarla təsdiq olunmamış məlumatlara əsaslanma və təkcə əmin olduğun şeylərə dair danış və iş gör. Elə düşünmə ki, etdiyin əməllər unudulacaqdır. Fikirləşmə ki, sən onlardan nə fayda, nə də ziyan görməyəcəksən. Əksinə, eşitmə, görmə orqanların və ürəyin – onların hamısı cavab verməli olacaqlar. Əgər Allahın quluna hər dediyi sözlərinə və etdiyi əməllərinə görə məsuliyyətə cəlb olunacağı və hesabat verəcəyi məlumdursa, onda o, Allahın Ona ibadət etmək üçün yaratdığı bədəndən istifadə etdiyinə görə cavab verməli olacaqdır və o, istintaq ediləcəyinə hazırlaşmalıdır. Buna görə o, özünü Ona ibadətə həsr etməli, təkcə Ona səmimiyyətlə qulluq göstərməli və Onun nifrətinə səbəb olan hər şeydən uzaq qaçmalıdır.



(17.37) “Yer üzündə təkəbbürlə gəzmə, axı sən yeri dəlib o tayına çıxa və dağlar kimi hündürlüyə nail ola bilməyəcəksən”.

Özünü haqdan üstün tutan və Allahın məxluqlarına yuxa-rıdan aşağı baxan lovğa və təkəbbürlü adam olma! Lakin əgər sən belə davransan, bil ki, sən öz təkəbbürlü addımınla yeri yarıb o tərəfinə çıxmağa və dağlar kimi ucalığa nail ola bilməyəcəksən. Əksinə, sən Allahın hüzurunda alçaldılacaq və Onun məxluqları tərəfindən nifrət qazanacaqsan. Sənə, sənin yaramaz əxlaqına və pis xasiyyətinə görə nifrət bəsləyəcəklər və sən hətta can atdığının bir hissəsinə belə nail ola bilməyəcəksən.



(17.38) “Bütün bu pis şeylər Rəbbinin dərgahında məqbul deyildir”.

Bundan əvvəlki ayələrdə xatırlanan bütün əməlləri Allah haram etmişdir. O, bu qadağaları, Onunla bərabər digər tanrıçalara ibadəti və valideynlərinə hörmətsizlik göstərməyi qadağan etdiyi vəhylərində bir-bir sadalamışdır. İnsan belə cinayətlər törədərək özü özünə ziyan vurur, çünki Allah onlara nifrət bəsləyir və onları rədd edir.



ö

(17.39) “Rəbbindən sənə təlqin edilən vəhydə hikmətin bir hissəsi budur! Allahla yanaşı heç bir digər tanrıya ibadət etmə, yoxsa qınanmış və tərk edilmiş halda Cəhənnəmə vasil edilərsən”.

Allahın Öz qullarına bəyan və izah etdiyi əzəmətli hökmləri Muhəmməd Peyğəmbərə (s.ə.s.) vəhy edilən Hikmətin bir hissə-sidir. Hikmət adı altında saleh əməllər işləməyə, nəcib əxlaq sahibi olmağa, yaramaz əməllərdən çəkinməyə və pozğun məziyyətlərdən xilas olmağa hökm verməyi nəzərdə tutur. Öncə keçən ayələrdə xatırlanan bütün əməllər ən yüksək müdriklikdən ibarətdir ki, aləmlərin Rəbbi onu elçilərin Ağasına (s.ə.s.) təlqin etmişdir. Bu, ən şərəfli Kitabda ona görə bəyan edilmişdi ki, onunla ən gözəl dini icmaya nəsihət versinlər. Bu elə bir hikmətdir ki, təkcə qismətinə böyük nemət yazılmış insana bəxş edilir.
Sonra Fövqəluca Allah Onunla yanaşı uydurulmuş tanrıça-lara ibadət etməyi bir daha qadağan edir. Məhz bu hökmlə Allahın ehkamlarının növbəsi başlayır və qurtarır. Əgər insan onu pozarsa, onda o, əbədi olaraq Cəhənnəm Odunda yanacaqdır, çünki kim Allaha şərik qoşursa, Cənnət bağlarına düşmək imkanından məhrum olur və özünü Cəhənnəmdə əbədi əzab çəkməyə məhkum edir. Günahkarlar orada qınanacaq və tərk ediləcəklər. Allah, mələklər və bütün bəşəriyyət onları qınayacaq, məhkum edəcək və lənətləyəcəkdir.


(17.40) “Doğrudanmı Rəbbiniz sizi oğullarınızla şərəflən-dirdi, Özünə isə mələklərdən qızları götürdü?! Həqiqətən, siz çox dəhşətli sözlər söyləyirsiniz”.

Allah, Onun Özü üçün qızları xəlq etdiyini əsassız olaraq zənn edənləri qətiyyətlə rədd edir. Ey insanlar! Doğrudanmı Allah sizə kamil qismət nəsib edərək, Özünə təkcə, sizin mələklərdən saydığınız qızları götürdüyünümü hesab edirsiniz? Mələkləri Onun qızları adlandırmaqla siz dəhşətli sözlər söyləyirsiniz. Həqiqətən də, sizin Allah qarşısında kobudluğunuz hüdudsuzdur. Siz Ona övladlar aid edirsiniz və bundan belə ehtimal etmək olar ki, O, nəslini artırmağa möhtacdır və bəzi məxluqlar Ona ehtiyac duymurlar. Siz qızları Onun övladları sayırsınız, halbuki qızlar üstünlükdə oğullardan aşağıdırlar. Siz bunu sizi Yaradan və sizi oğullarınızla Şərəfləndirən haqqında deyirsiniz?! O Pakdır və fasiqlərin Ona şərik qoşduqlarından sonsuzluğa qədər uzaqdır!


(17.41) “Biz bu Quranda izahat veririk ki, onlar nəsihətləri yada salsınlar, lakin bu onların ancaq kin-küdurətini artırır”.

Fövqəluca bu ayədə xəbər verir ki, Quran ayələrində istəni-lən dini hökmlər izah edilmişdir. Onlarda Quranın dəvət etdiyi şeylərin xeyrinə olan çoxsaylı dəlillər vardır. Onlarda insanların özlərinə xeyir gətirməsi və onlara zərər vura bilməsi ilə əlaqədar tez-tez xatırlanması üçün müəyyən edilmiş öyüd-nəsihətlər vardır. Belə olarsa, onlar zərərli və təhlükəli olan hər şeydən çəkinərək faydalı əməllər yerinə yetirə bilərlər. Lakin insanların əksəriyyəti kəramətli Quran ayələrindən üz çevirməyi üstün tuturlar. Bunun səbəbi isə ondadır ki, onlar həqiqətə nifrət edirlər və etiqad etdikləri yanlış baxışlara aludədirlər. Onlar öz yalanlarına o dərəcədə fanatikcəsinə qapılıblar ki, Allahın ayələrinə qulaq asmaq və onlara diqqət yetirmək istəmirlər.
Onu da qeyd etmək lazımdır ki, Quran ayələrinin əksəriyyəti və onların inandırıcı dəlilləri tək Allaha ibadətin zəruriliyinə həsr edilmişdir, çünki tövhid imanın ən mühüm əsasıdır. Allah tövhidə etiqad etməyi əmr etmiş və Ona şərik qoşmağı isə yasaqlamışdır. O, Öz sözlərini çoxsaylı nasslar (müqəddəs mətnlər, bir qayda olaraq Quran ayələri və Muhəmməd Peyğəmbərin (s.ə.s.) səhih hədislərindən ibarətdir. F.S.)və məntiqi dəlillərlə sübuta yetirmişdir. Əgər insan, heç olmazsa, bu dəlillərin bir hissəsi üzərində düşünərsə, onun qəlbində tək Allaha ibadət etməyin zəruriliyinə kiçicik şübhə yeri belə qalmaz. Növbəti ayədə Fövqəluca bu məntiqi dəlillərdən birini xatırladır.


(17.42) “De: “Əgər, onların söylədiyi kimi, Onunla bərabər digər tanrılar mövcud olsaydılar, onda onlar hökmən Ərşin Rəbbinə yol arayardılar”.

Ey Muhəmməd! Allahla bərabər digər tanrıların olduğuna inanan müşriklərə de: “Əgər sizin uydurmalarınız və yanlış ehtimallarınız həqiqət olsaydı, onda bütün tanrılar özlərini Allaha ibadət etməyə həsr edər, Onun yaxınları arasında olmaq ümidi ilə Ona doğru can atardılar. Niyə öz Rəbbinə ibadət etməyə güclü ehtiyacı olan Allahın zəif və köməksiz qulları Onunla bərabər digər ilahlara ibadət etməyə başlayırlar? Məgər bu ən böyük zalımlıq və dəhşətli bir axmaqlıq deyilmi?!!”
Belə bir şərh nəzərə alınarsa, onda təfsir etdiyimiz ayə Quranın aşağıdakı vəhyinə oxşayacaqdır: “Onların dua etdikləri, özləri, digərlərini qabaqlayaraq, öz Rəbbinə yaxınlaşmağa yol-lar arayırlar. Onlar Onun lütfkarlığına ümid bəsləyir və Onun əzabından qorxurlar” (İsra, 17/57).
“O Gün O, onları və onların Allahın yerinə ibadət etdik-lərini toplayacaq və deyəcək: “Sizmi Mənim bu qullarımı azğınlığa salmışdınız və ya onlar özləri yollarını azmışdılar?” Onlar deyəcəklər: “Sən paksan! Bizə Sənin əvəzinə özümüzə hamilər və köməkçilər götürmək yaraşmazdı. Lakin Sən onlara və atalarına nemətlərindən faydalanmağa imkan verdin, onlar isə Zikri unutdular. Onlar islaholunmaz xalq idi” (Furqan, 25/17-18).
Lakin şərh etdiyimiz ayənin digər təfsiri də mövcuddur və ona uyğun olaraq belə bir nəticə çıxarılmışdır ki, əgər Allahla bərabər digər ilahlar mövcud olsaydılar, onlar Fövqəluca Allaha üstün gəlməyə cəhd göstərərdilər və digərlərini özünə tabe edən ilah Vahid Rəbb olan Allah olardı. Amma müşriklər etiraf edirlər ki, onların ibadət etdikləri ilahlar Allahdan tam asılı vəziyyətdə-dirlər və Kainatda müstəqil sərəncam çəkməyə qadir deyillər. Onlar öz allahlarını fövqəlqüdrət sahibləri hesab etmirlər. Bununla əlaqədar Fövqəluca buyurur: “Allah Özünə oğul götürməmişdir və Onunla yanaşı başqa ilah yoxdur. Əks təqdirdə, hər bir ilah özü ilə yaratdıqlarını aparardı və onlardan bəziləri digərləri üzərində ucalardı. Allah onların Ona aid etdiklərindən Ucadır!” (Muminun, 23/91).


(17.43) “O, Pakdır və onların söylədiklərindən fövqəl Ucadır”.

Allahın sifətləri müqəddəsdir, kamildir və qüsursuzdur. O, Ona müşriklikdən və Ona qoşulan şəriklərdən sonsuzluğa qədər uzaqdır. O, o dərəcədə əzəmətli və şan-şöhrətlidir ki, Onunla yanaşı heç bir digər ilahların ola bilməsi mümkün deyil. Kim bunun əksini iddia edirsə, açıq-aşkar azğınlıq içindədir və ən böyük zalımlıq edir. Onun Əzəməti və Qüdrəti ilə yanaşı nəhəng məxluqların və hətta yeddi göyün və yeddi yerin onların məskunları ilə birlikdə götürülən böyüklüyü kölgədə qalıb, əhəmiyyətsiz dərəcədə kiçik görünür. Fövqəluca buyurur: “Onlar Allahı layiqincə dəyərləndirmirdilər, halbuki bütün yer Qiyamət günü Onun bir ovcunda olacaq, göylər isə Sağ əli ilə büküləcəkdir...” (Zumər, 39/67).
Uca və alt aləmlərin bütün məskunları hər an Ona möhtac-dırlar, çünki onların varlığı Onsuz mümkün deyildir. Bu ehtiyac hərtərəflidir, çünki hər bir varlıq yaradıcıya, bəsləyiciyə və qayğıkeş hökmdara möhtacdır. Ən vacib olan isə, hər məxluqun Allaha ümid bəsləməsidir. Ona ibadət etmək, Onu sevmək lazımdır. Ona yaxınlaşmaq və istənilən şəraitdə yardım üçün Ona müraciət (dua) etmək lazımdır. Məhz buna görə, sonra Fövqəluca belə buyurur:


(17.44) “Yeddi göydə və yerdə, həmçinin onların arasında olanlar Ona: “Allah müqəddəsdir” deyər və həmd edərlər. Hər şey Ona həmd edər, lakin siz onların təsbihini anlamazsınız. Həqiqətən, O, Həlimdir və Bağışlayandır”.
(Fövqəluca Allah Müqəddəs Quranda göyün yeddi təbəqə halında yaradıldığını bildirmişdir. Quranın elmi möcüzələri tədqiq edilərkən, onda “yeddi göy” ifadəsinin yeddi surədə təkrarlanmasının şahidi oluruq. Bunlar: Bəqərə, 2/29; İsra, 17/44; Muminun, 23/86; Fussilət, 41/12; Talaq, 65/12; Mülk, 67/3 və Nuh, 71/15 surələrindəki ayələrdir. Allahın buyurduğu yeddi göyün məhz yeddi surədə keçməsi yeddi göyün varlığını təsdiq edən dəlillərdəndir. (Mənbə: “Quran heç tükənməyən möcüzədir”, 2005, İstanbul, İlk nəşr, səh. 307). Göyün yeddi təbəqə yaradılması Allahın bəşəriyyətə göstərdiyi mərhəmətinin bir nümunəsidir. Bu gün artıq elm Yer kürəsini əhatə edən atmosferin yeddi təbəqədən ibarət olduğunu və onların hər birinin bəşəriyyətin həyatını təmin edən özəl funksiyalar ifa etdiyini müəyyənləşdirmişdir F.S.)

Danışmaq qabiliyyəti olan və ya olmayan bütün canlılar, ağaclar, otlar, kol-kos, cansız əşyalar – bütün canlılar və cansızlar Allaha həmdsəna edirlər. Bəziləri Allaha sözlə həmd edir, digərləri isə bunu öz təyinatı ilə izhar edirlər. İnsanlar, onlar kimi danışmaq qabiliyyəti olmayan başqa məxluqların Allahı necə mədh etmələ-rini başa düşmürlər, lakin qeybi Bilən istisnasız bütün məxluqlarını elmi ilə əhatə edir.
Onun gözəl adları arasında – Həlim və Bağışlayan adları haqqında. O, hətta göyləri və yeri parçalaya biləcək və dağları toza çevirməyə hazır olan ağlasığmaz şeyləri Ona aid edən qullarını belə cəzalandırmağa tələsmir. Belə günahkarlara da O, möhlət verir, onlara nemət bəxş edir, firavanlıq verir, ruzi nazil edir və Onun qapılarına yaxınlaşmağı təklif edir. O, onlara imkan yaradır ki, bu böyük günaha görə tövbə etsinlər və onlara səxavətlə mükafat verəcəyini və onların günahlarını bağışlayacağını vəd edir. Əgər Rəbbin səbirliliyi və hər şeyi bağışlama istəyi olmasaydı, onda göylər yerə düşərək yer üstündə bir canlını belə sağ qoymazdı.



(17.45) “Sən Quranı oxuyanda Biz səninlə Axirət həyatına iman gətirməyənlər arasında görünməz pərdə çəkdik”.

Fövqəluca, haqqı rədd edən və ondan üz döndərən kafirlər üçün hazırlanmış cəza haqqında xəbər verir. Bu cəza onlarla haqq din arasında çəkilmiş maneədir. Onlara, hikmətli moizələrdən və nəsihətlərdən ibarət, doğru yolu və dinin əsaslarını izah edən Quran ayələri oxuyurlar, lakin onlar bu vəhylərin mənasını anlamaq qabiliyyətinə malik deyillər, çünki görünməz bir pərdə ayırır. O pərdə onlara haqqı dərk etməyə və onların çağırıldığı xeyirxahlığı göstərməyə mane olur.


(17.46) “Biz onların ürəklərinə örtük atmış və onu (Quranı) anlamasınlar deyə qulaqlarını da kar etmişik. Sən Quranda Vahid Rəbbini xatırlayanda, onlar nifrətlə geriyə dönüb gedərlər”.

Bu örtüklər kafirlərin Quranı dərk etməsinə mane olur. Lakin onlar Quran ayələrini eşidirlər və bu onları öz məlumatsızlıqları ilə bəraət qazanmaq imkanından məhrum edir. Onlar tək Allaha ibadət etmək və uydurulmuş ilahlara ibadətdən əl çəkmələri çağırışını eşidəndə bu öyüd-nəsihətlərdən üz döndərirlər və bu onların haqqa nifrət bəsləməsini və etiqad etdikləri yalana hədsiz bağlandıqlarını təsdiq edir. Bununla əlaqədar Fövqəluca belə buyurur: “Tək bir Allahın adı çəkiləndə Axirətə inanmayanların ürəkləri nifrətdən təlatümə gəlir. Lakin Ondan aşağı olanlar xatırlananda isə onlar sevinirlər” (Zumər, 39/45).



(17.47) “Biz yaxşı bilirik ki, onlar səni dinləyəndə, məhz necə qulaq asırlar. Lakin onlar gizlinə çəkilib məsləhətləş-dikləri zaman isə, o zalımlar belə deyirlər: “Siz ancaq sehr-lənmiş bir insanın dalınca gedirsiniz”.

Biz onlara Quran ayələrindən faydalanmağa imkan vermi-rik, çünki onların yaramaz niyyətləri Bizə məlumdur. Onlar səni dinləyirlər ki, moizəndə heç olmazsa kiçik bir səhv tapıb səni biabır etsinlər. Onlar səni haqqı tapmaq və düz yola gəlmək ümidi ilə dinləmirlər, çünki onlar şüurlu surətdə doğru yolla getməyi rədd edirlər. Belə davranan hər bir kəs heç vaxt sənin təbliğatından fayda əldə edə bilməz. Onlar yaramaz söhbətlərini aparmaq üçün gizlicə bir yerə toplaşdıqda səni sehrlənmiş məcnun adlandırırlar. Bu isə onu göstərir ki, onlar sənin sözlərinə əhəmiyyət verməyə-cəklərinə qəti inanırlar, çünki onlar belə hesab edirlər ki, sən sayaqlayırsan və heç özün nə dediyini anlamırsan.

(17.48) “Bax gör, onlar sənə necə məsəllər çəkirlər. Onlar azmışlar və yolu tapa bilmirlər”.

Qəribədir! Onlar sənə ən mənasız məsəllər çəkirlər və həqiqətdən ən uzaq olan iddialar irəli sürürlər. Onlar dərin azğınlıq içindədirlər və bunun səbəbi onların öz mühakimələrini yanlış ehtimallar üzərində qurmaları ilə bağlıdır. Axı yaxşı məlumdur ki, əsassız zənnə istinad edən mülahizələr daha böyük yanlışlıqlardan ibarətdir. Onlar doğru yola gəlməyə qabil deyillər – onların nəsibi tam azğınlıq və açıq-aşkar zalımlıqdır.


(17.49) “Onlar deyəcəklər: “Doğrudanmı bizdən ancaq sür-sümüklər qaldıqdan sonra, biz yenidən xəlq edilərək diril-diləcəyik?”

Fövqəluca dirilməni inkar edən və onu tamamilə mümkün-süz hesab edən kafirlərin sözlərini Elçisinə (s.ə.s.) xəbər verir. Onlar deyirlər: “Doğrudanmı bizim bədənlərimiz çürüyəndən sonra biz diriləcəyik? Doğrudanmı biz yeni simada bərpa olunacağıq?” Onlar bunu mümkün saymırlar və bu onların təsəvvür olun-mayacaq cahilliyini təsdiq edir. Onlar Allahın Elçisini (s.ə.s.) yalan-çılıqda ittiham edir, onun çoxsaylı möcüzələrini inkar edir və öz cüzi imkanlarını, göyləri və yeri yaratmış Rəbbin fövqəlqüdrəti ilə müqayisə edirlər. Onlar elə zənn edirlər ki, özləri ölənləri dirildə bilmədikləri kimi, Allah da bunu edə bilməz.
Pak Allah qulları arasında elələrini yaratmışdır ki, onlar özlərini ən ağıllı və savadlı məxluqlar hesab edirlər, lakin ən sadə, ən asan, ən inandırıcı və ən gözəl şeylərdən xəbərləri yoxdur! Pak Allah bu minvalla göstərir ki, əgər O, qullarını yardımından və doğru təlimatdan məhrum edərsə, onda onlar məhvə və azğınlığa məhkum edilmiş olarlar! Ey Rəbbimiz! Sən bizi doğru yola yönəltdikdən sonra, qəlblərimizi haqdan döndərmə və bizə Öz mərhəmətini bəxş et, axı Sən – Bəxşedənsən!


Tarix: 18.04.2013 / 14:27 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1100 Bölmə: Ayeler