beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-İSRA SURƏSİNİN ŞƏRHİ (71-100) ayələr

(17.71) “Həmin Gün Biz bütün insanları onların başçıları ilə birlikdə bir yerə yığacağıq. O zaman kitabı sağ əlinə verilənlər, onu oxuyacaq və onlara hətta xurma çəyirdəyinin lifi qədər ədalətsizlik göstərilməyəcək”.

Fövqəluca, Qiyamət günü məxluqların onlara doğru yolla getməyi nəsihət edən başçıları ilə birlikdə çağırılıb bir yerə yığıla-caqları zaman hallarının necə olacağını bildirir. Onlar elçilər və onların işinin davamçıları olan xeyirxah möminlər olacaqlar. Hər bir icma bir yerdə toplanacaq və bu zaman onu doğru yola dəvət edən Allahın elçisi icmaya yaxınlaşacaqdır. Sonra insanların əməlləri Allahın elçisinin təbliğ etdiyi Kitabla tutuşdurulacaq və onda insanlar iki dəstəyə ayrılacaqlar.
Bəzilərinə can dəftəri sağ əlinə veriləcək, çünki onlar doğru yola çağıran başçılarının ardınca getmişdilər, onun Kitabına əsaslanmışdılar və çoxlu xeyirxah əməllər işləmiş və az günah əməllər etmişdilər. Bu mömin insanlar öz can dəftərlərini sevinc və heyranlıqla oxuyacaqlar, çünki onlarda yazılanlar onları vəcdə gətirəcək. Etdikləri yaxşılıqlar hətta xurma çəyirdəyinin lifi qədər belə azaldılmayacaq.

(17.72) “Bu dünyada kor olan, Axirət həyatında da kor olacaq və yolundan daha çox azacaqdır”.

(Yəni, gözləri olduğu halda, haqqı görməyənlər və ya görmək istəməyənlər, ona laqeyd olanlar. Burada, dilimizin frazeoloji qanunlarına uyğun olaraq “haqqa kor baxanlar” ifadəsinin işlədilməsi də mümkündür (Zəngin dil xəzinəmizdən hərtərəfli faydalanmalıyıq.). F.S.)

Yer üzündə yaşadıqları zaman haqqı qəbul etməyib, ona itaət göstərməyib, azğınlığa etiqadı üstün tutaraq ona kor kimi yanaşan Axirətdə də kor olacaqdır. O, dünya həyatında düz yolu tapa bilmədiyi kimi, Cənnət bağlarına aparan yolu da tapa bilməyəcəkdir. O tamamilə azmış halda olacaqdır, çünki hər bir adam öz törətdiyi cinayətlərə uyğun gələn əvəz alacaqdır. Hər bir insana, onun dinə bəslədiyi kimi, münasibət bəslənəcəkdir.
Bu ayə, hər bir dini icmanın öz dininin qanunlarına və Kitabına riayət edib-etmədiyinə müvafiq cavab verəcəyinə dəlalət edir. İnsanlar, öyüd-nəsihətlərinə istinad edilməsi hökmü verilmə-miş peyğəmbərin şəriəti üzrə sorğuya cəlb edilməyəcəklər. Fövqəluca Allah insanları, haqq onların nəzərinə çatdırıldığı və onlar ondan boyun qaçırdıqları halda, cəzalandıracaqdır.
Bu ayədən həmçinin belə bir nəticə çıxır ki, saleh insanların can dəftəri onların sağ əlinə veriləcəkdir ki, bu onlara böyük sevinc və hədsiz məmnunluq hissi bağışlayacaqdır. Canilərin və günahkarların məsələsi tamamilə başqa cür olacaqdır, çünki hədsiz qəm-qüssə, böyük hüzn və məhv olma aqibəti onlara hətta can dəftərlərini oxumağa belə imkan verməyəcəkdir.


(17.73) “Onlar az qala səni, Bizim vəhy etdiyimizdən döndərib, Bizə qarşı başqasını uydurman üçün fitnəyə salacaq-dılar. Bax, onda onlar səni dost seçəcəkdilər”.

Fövqəluca bu ayədə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) bəslədiyi Öz lütfkarlığı barədə xəbər verir. Allah, Onu (s.ə.s.) hər vasitələrlə doğru yoldan döndərməyə cəhd göstərən düşmənlərdən qoruyurdu. Onlar istəyirdilər ki, Peyğəmbər (s.ə.s.) Allah haqqında Onun ayələrində nazil edilmə-miş şeyləri desin. Onlar ondan (s.ə.s.) öz alçaq arzularına uyğun gələn şeyləri eşitmək istəyirdilər. Onlar istəyirdilər ki, o (s.ə.s.) Allahın nazil etdiklərindən əl çəksin. Lakin onlar arzuladıqlarına nail ola bilmədilər. Amma əgər Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) onların ondan tələb etdiklərini yerinə yetirsəydi, onlar onu (ona Allahın salavatı və salamı olsun!) yaxın və sevimli dost sayardılar. Onlar onu (s.ə.s.) öz qohumlarından da çox sevərdilər, çünki Allah ona (s.ə.s.) üstün əxlaq və onun yaxın qohumlarını və tanış olmayan insanları, dostlarını və düşmənlərini heyrətə salan gözəl keyfiyyətlər bəxş etmişdi. Bilmək lazımdır ki, müşriklər Peyğəmbərlə (s.ə.s.) düşmənçiliyi və ona qarşı müqa-vimət göstərməyi, şəxsən onun özünə nifrət bəslədiklərinə görə deyil, onun (s.ə.s.) haqqı təbliğ etdiyinə görə edərdilər. Məhz buna görə də Fövqəluca buyurur: “Biz bilirik ki, onların danışıqları səni kədərləndirir. Onlar səni yalançı saymırlar – onlar Allahın ayələrini inkar edirlər” (Ənam, 6/33).


(17.74) “Biz sənə, onların tərəfinə meyl etməyə hazır olmağına bir az qalmış yardım göstərdik”.
(17.75) “Onda sən bu həyatda da, öləndən sonra da ikiqat dadardın! Belə olduqda heç kim Bizə qarşı sənə kömək etməzdi”.

Allah Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) o (s.ə.s.) artıq onlara güzəştə getməyə hazır olduqda, dəstəklədi və onu (s.ə.s.) müşriklərin nazı ilə oynamaqdan çəkindirdi, çünki o (s.ə.s.) bütün qüvvəsi ilə bu insanları islah etməyə və onları doğru yola gətirməyə can atırdı. Əgər o (s.ə.s.), onların istəklərinə güzəştə getsəydi, onda o özünü (s.ə.s.) həm bu, həm də Axirət dünyasında ağır cəzaya məhkum edərdi. Allah onun (s.ə.s.) cəzasını artırardı, çünki O, Peyğəmbərini (s.ə.s.) ən mükəmməl tərzdə nemətlərlə şərəfləndirmiş və onu (s.ə.s.) ən kamil biliklərlə təmin etmişdi. O (s.ə.s.), güzəştə getsəydi, heç kim Peyğəmbərə (s.ə.s.) işgəncələrdən xilas olmağa kömək etməzdi. Amma bu baş vermədi, çünki Fövqəluca Allah onu (s.ə.s.) şərdən və ona aparan bütün yollardan mühafizə etdi. O, ona (s.ə.s.) yar-dım göstərib düz yola yönəltdi və bunun sayəsində Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) müşriklərin istəklərinə güzəştə getmədi. Bu o deməkdir ki, Peyğəmbər (s.ə.s.) ən kamil lütfkarlığa və ən gözəl töhfəyə görə Allah qarşısında borclu idi.



(17.76) “Onlar səni o torpaqdan az qalmışdılar ki, sıxışdırıb çıxarsınlar. Əgər bunu etsəydilər, özləri də orada çox qalmazdılar”.
(17.77) “Sənə qədər, Bizim göndərdiyimiz elçilərimizlə də eynilə davranmışdılar. Sən Bizim göstərişlərimizdə dəyişiklik tapmazsan”.

Ey Muhəmməd! Sən müşriklərin arasında belə yüksək məqam sahibi olanda, bu onların xoşuna gəlməmişdi və buna görə səni doğma torpaqdan qovmağa hazır idilər. Əgər onlar bunu etsəydilər, onlar özləri də o torpaqda çox qala bilməyəcəkdilər, çünki onları çox tezliklə sərt qisas çulğalayacaqdı. Bu, Allahın bütün ümmətlər barəsində öncədən təyin olunmuş, heç vaxt dəyişməyən və ya təhrif edilə bilməyən qanunudur. Elçini qəbul etməyən və onu doğma torpağından qovan hər hansı ümmət hələ bu dünyada yaşadığı dövrdə cəzaya məruz qoyulur.
Elə buna görə kafirlər Peyğəmbərə (s.ə.s.) pislik etmək və onu (s.ə.s.) Məkkəni tərk etməyə məcbur etmək niyyətinə gələn kimi, Bədr yaxınlığında döyüş baş verdi ki, onun gedişində qureyş igidlərinin çoxu məhv oldu və beləliklə, qureyş müşriklərinin toxunulmazlıq dövrü qurtarmış oldu. Buna görə həmd təkcə Allaha məxsusdur!
Bu ayələr Allahın qullarının öz Rəbbinin yardımına necə möhtac olduqlarını təsdiq edir. Mömin yorulmadan Allaha dua etməlidir ki, onu haqq din ağuşunda saxlasın və bütün qüvvəsi ilə buna can atmalıdır, çünki hətta Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!), bütün qulların ən kamili, Allahın yardımı olmasaydı, müşriklərə güzəşt etməyə meyil göstə-rərdi. Onda bəs qalan məxluqlar haqqında nə demək olar?!
Bu ayələrdə Fövqəluca Peyğəmbərə (s.ə.s.) xatırladır ki, O, onu (s.ə.s.) ən böyük mərhəməti ilə şərəfləndirmiş və hər cür şərdən təhlükəsizliyini təmin etmişdir. Bu isə o deməkdir ki, O istəyir ki, O, qullarını şərdən xilas edəndə və onları haqq dinin ağuşunda bərqərar edəndə onlar Onun mərhəmətini həmişəlik yadda saxlamalıdırlar.
Bu ayələrdən həm də aydın olur ki, əgər Allah insanı çoxsaylı digər məxluqlarından üstün tutursa və ona hədsiz nemətlər bəxş edirsə, onda onun günahları və cinayətləri də daha ağır olur. Allaha itaət etməyərək, belə insan sərt qınağa layiq görülür, çünki Fövqəluca Öz Elçisinə (s.ə.s.) belə buyurmuşdur: “Onda sən bu həyatda da, öləndən sonra da ikiqat dadardın! Belə olduqda heç kim Bizə qarşı sənə kömək etməzdi” (İsra, 17/75).
Bu ayələrdən belə çıxır ki, Allah kafir ümməti məhv etməyə hazırlaşırsa, onda O, ona dəhşətli cinayətlər törətməyə imkan verir. Xalqın günahları artdıqda və bir yerə yığıldıqda, Allahın vədi gerçəkləşir və sarsıdıcı cəza onları çulğayır. Allah Onun elçilərini qovan bütün xalqlarla belə rəftar etmişdir.



(17.78) “Namaz qıl günortadan gecə qaranlığı çökənə kimi və sübh çağı oxu Quranı! Həqiqətən, sübh çağı oxunan Quranın şahidləri var”.

Fövqəluca Allah Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) əmr etmişdir ki, namazı onun üçün təyin olunmuş vaxtda elə qılsın ki, Ona həm vücudu ilə, həm də qəlbən ibadət etmiş olsun. Günortadan sonra, günəş qürub etməyə başladıqdan batana qədər, müsəlman əvvəlcə zöhr, sonra isə əsr namazını qılmalıdır. Qaranlıq çökdükdə isə müsəlman öncə məğrib, sonra da işa namazını qılmalıdır. Sübh çağı fəcr namazı qılınmalıdır ki, Allah onu Quran oxunması adlandırmışdır, çünki bu namaz qılınan zaman, başqa namazlardakına nisbətən, daha çox Quran ayələri oxunmalıdır. Sübh çağı Quran oxunması həm də onunla fərqlənir ki, Allahdan başqa, onu, həm gün ərzində insanların əməllərini yazan mələklər, həm də gecə vaxtı insanların əməllərini yazan mələklər dinləyirlər.
Bu ayədə beş vaxtda qılınmalı olan vacib namazlar xatır-lanır. Söhbət məhz vacib namazlardan gedir, çünki şərh etdiyimiz ayə məhz bu namazların qılınması hökmündən ibarətdir. Bu ayədən görünür ki, namaz vaxtının çatması bu ibadət ayininin yerinə yetirilməsinin mütləq şərtidir. Məhz namaz vaxtının başlaması amili insanın onu qılmasını vacibləşdirir, çünki Allah namazı onun üçün ayrılmış vaxtda qılmağı əmr etmişdir.
Ayədən həmçinin aydın olur ki, üzrlü səbəb olduqda, zöhr namazını əsr namazı ilə, məğrib namazını isə işa namazı ilə birləşdirmək olar, çünki Allah bu namazların vaxtlarını birləş-dirmişdir. Bu ayə həm də gedişatı ərzində daha çox Quran oxunması lazım gələn sübh namazının üstünlüyünü təsdiq edir. Ayədən həmçinin aydın olur ki, Quran oxunması namazın vacib hissəsidir, çünki əgər ibadət ayininin bir hissəsi bütöv ayini adlandırmaq üçün istifadə edilirsə, onda bu hissə həmin ayinin vacib tərkib hissəsinə çevrilir.


(17.79) “Gecənin bir qismində oyanaraq təhəccüd namaz-ları qıldığın zaman Quran oxu! Ola bilsin ki, Rəbbin səni həmdəlayiq bir məqama ucaltsın”.
Sən nafilə gecə namazları qılaraq böyük yüksəkliklərə qədər yüksələrsən ki, digər insanlar oraya qalxa bilməzlər, çünki bu namazlar sənin törətdiyin günahlarının bağışlanmasına səbəb olarlar. Başqa bir şərhə görə isə bu ayənin mənası ondan ibarətdir ki, beş dəfə qılınan gündəlik namazlar Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) üçün vacib namazlar idi və bütün möminlər üçün də beləydi. Amma nafilə gecə namazı təkcə Peyğəmbər (s.ə.s.) üçün vacib edilmişdi. Allah tək ona (s.ə.s.) başqalarına nisbətən daha çox vəzifələr həvalə etməklə onu (s.ə.s.) şərəfləndirmişdi. Bunun sayəsində o (s.ə.s.) çoxsaylı yaxşılıqlar etmiş və həmdəlayiq bir məqama yetişmək haqqına layiq görülmüşdü. Bu – şərəfli bir mövqedir və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) orada bütün məxluqların, ilkindən ta sonuncusuna qədər, tərifinə layiq olacaqdır. Orada peyğəmbərlər – Adəm, Nuh, İbrahim, Musa və İsa Allah qarşısında bəşəriyyət üçün şəfaət verməkdən çəkindikdən sonra, ona (s.ə.s.) məxluqlar şəfaətçi olmaq imkanı veriləcəkdir. Bu baş verdikdə, insanlar Adəmin bütün nəsllərinin Ağası olandan xahiş edəcəklər ki, o (s.ə.s.) onların şəfahətçisi olsun ki, Allah da onlara rəhm etsin, onları Qiyamət günü Məhşər ayağında keçirdikləri qorxu və qəm-qüssədən xilas etsin. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) də dua ilə Allaha müraciət edəcək və O, ona (s.ə.s.) bəşəriyyət üçün şəfaətçi olmağa icazə verəcəkdir. Bunun üçün Rəbb onu (s.ə.s.) Həmdəlayiq yerə gətirəcək və bu zaman Kainatın bütün məxluqları onun (s.ə.s.) mövqeyinə qibtə etməyə başlayacaqlar, o (s.ə.s.) isə bütün məxluqlara ən böyük bir xidmət göstərəcəkdir.


(17.80) “De: “Ey Rəbbim! Qoy girəcəyim də doğru olsun, çıxacağım da doğru olsun! Dərgahından mənə yardımçı bir qüvvə nəsib et!”

Ey Rəbbim! Hara getsəm də, haradan çıxsam da, qoy mənim bütün təşəbbüslərim Sənə sədaqətlə bağlı olsun. Qoy mənim bütün əməllərim Allaha xoş gəlsin! Buna görə mənə icazə ver onları ancaq Sənin xatirinə səmimiyyətlə, Sənin hökmlərinə qəti uyğun olaraq yerinə yetirim. Ey Rəbbim! Mənə aydın sübutlar və təkzibolunmaz dəlillər tapmağı öyrət ki, onlar niyə mənim bəzi işləri görüb, o birilərini rədd etməyimin lehinə şəhadət versinlər.
Bu – Allahın qulunun qalxa biləcəyi ən yüksək pillədir. Belə şərəf ancaq insanı Rəbbinə yaxınlaşdıran müstəsna saleh əməllər işlədən adamlara nəsib olur. Belə insan özünün istənilən hərəkətini əsaslandıra bilir. Bunun üçün insan faydalı biliklərə sahib olmalı, xeyirli əməllər yerinə yetirməli, dini hökmlər və müqəddəs mətnlərdən əxz edilmiş dəlillər haqqında biliklərə malik olmalıdır.


(17.81) “De: “Haqq gəldi və yalan yox oldu. Həqiqətən də, yalan yoxluğa məhkumdur!”

Haqq – Allahın Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil etdiyi vəhylərdir ki, ona (s.ə.s.) onları açıq təbliğ etməyi buyurmuşdu. Əleyhinə çıxılması mümkün olmayan Haqq ona (s.ə.s.) bəyan edilmişdi və buna görə də yalan itib, yox olmuşdu. Başqa cür ola da bilməzdi, çünki yalan məhvə və yoxluğa məhkumdur. Şübhəsiz ki, bəzən yalan qüvvətlənərək yayılır. Lakin bu, Haqq ona qarşı çıxmadığı zaman baş verir. Haqq gələn kimi, yalan sakitləşib kiriyir və hətta cınqırını belə çıxara bilmir. Elə buna görə də, öz Rəbbinin açıq-aydın ayələrini insan-ların yalnız yaddan çıxardığı ölkələrdə yanlış nəzər nöqtələri yayılır.

(17.82) “Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik, zalımların isə o, yalnız zərərini artırır”.

Quran şəfa və mərhəmət mənbəyidir, lakin heç də hər kimə o mənbəyə çatmaq nəsib olmur. Bu, Qurana iman gətirən, onun ayələrinin gerçəkliyini qəbul edən və əməldə onları rəhbər tutan möminlərə qismət olur. Bu Kitaba iman gətirməkdən və ya onun hökmlərini yerinə yetirməkdən boyun qaçıran fasiqlərə isə Quran ayələri zərərdən başqa bir şey vermir, çünki ayələr onları öz bilməməzlikləri sayəsində bəraət qazanacaqları imkandan məh-rum edir.
Quran ayələrinin gətirdiyi şəfa ürəklərin şübhələrdən, nadanlıqdan, pozğun baxışlardan, zərərli uydurmalardan və pis niyyətlərdən xilas olmasını nəzərdə tutur. Quran elə biliklərə malikdir ki, onlara şübhə etmək mümkün deyil, onlar istənilən şübhəni və çaşqınlığı aradan qaldırır. Quran həmçinin Allahın əmrlərinə zidd olan alçaq istək və ehtiraslardan xilas olmağa kömək edən öyüd-nəsihətlərdən ibarətdir. Bununla yanaşı Quran ayələri insan bədənini ağrılardan və xəstəliklərdən müalicə etməyə qadirdir.
Quran ayələrinin gətirdiyi mərhəmət isə Quranın dəvət etdiyi xeyirxah əməlləri yerinə yetirməkdən ibarətdir. Əgər Allahın qulu bu hökmləri yerinə yetirirsə, onda o, mərhəməti, əbədi səadəti və mükafatı həm bu dünyada, həm də ölümdən sonra əldə etməyə nail olur.


(17.83) “Biz insana mərhəmətimizi əta edəndə, o, təkəb-bürlə üz döndərərək çevrilib gedir. Ona müsibət toxunanda isə, o, ümidsizliyə qapılır”.

İnsanın əsl təbiəti belədir. Bu keyfiyyətlər, Allahın doğru yola yönəltdiklərindən başqa, bütün insanlara xas olan məziyyətlərdir. Əgər Allah insana dünyəvi nemətlər bəxş edirsə, bu onu şadyanalıq etməyə və sevinməyə məcbur edir. O öz Rəbbindən üz çevirir və Ondan uzaqlaşmağa başlayır. O, Allaha şükür etməkdən boyun qaçırır və hətta Onu xatırlamaq da istəmir. Amma o bir az xəstələnən kimi və ya çətin vəziyyətə düşdükdə bunun yaxşılıqla qurtaracağından əlini üzür, Rəbbinin köməyinə ümidini itirir və elə güman edir ki, onun müsibətləri daima davam edəcəkdir. Lakin Allah qulunu doğru yola yönəltdikdə, onda belə adam sevinc içində Rəbbinə itaətkarlıq göstərir və nazil etdiyi nemətlər üçün Ona həmd edir, müsibət anında isə Onun qarşısında mütilik nümayiş etdirir və ümid bəsləyir ki, yaxın vaxtlarda Allah ona əmin-amanlıq verəcək və onu ona nəsib olmuş bədbəxtçiliklərdən xilas edəcəkdir. Məhz belə davranış möminə istənilən çətinlikləri asanlıqla adlamağa kömək göstərir.


(17.84) “De: “Hər kəs öz yolunu seçir, Rəbbiniz isə kimin daha düz yolda olduğunu ən yaxşı Biləndir”.

Hər kəs öz vəziyyətinə müvafiq əməllər həyata keçirir. Əgər o, pak mömindirsə, onda onu aləmlərin Rəbbi xatirinə yerinə yetirdiyi əməllər rövnəqləndirir. Əgər o, Allahın köməyindən məhrum edilmiş digər insanlara aiddirsə, onda öz əməllərini məxluqlara həsr edir və o, ancaq öz mənfəətini güdən məqsədlərə nail olmağa can atır. Allah çox gözəl bilir ki, kim doğru yolla getməyə layiqdir və Allah belə insanları haqq yola yönəldir. Əgər insan doğru yolla getməyə layiq deyilsə, onda Allah onu köməksiz qoyur və haqq yola yönəltmir.



(17.85) “Onlar səndən ruh haqqında soruşacaqlar. De: “Ruh Rəbbimin hökmünə tabedir, sizə isə bu barədə az bir şeyi bilmək verilmişdir”.

Bu ayədən məlum olur ki, əgər insan sual verdiyi şəxsə irad tutmaq və ya onun bilməməzliyini ifşa etmək niyyətindədirsə, onda yaxşı olardı ki, belə suallarından vaz keçəydi. Mühüm məsələləri bir kənara qoyaraq, insanlardan barəsində biliyin gizli saxlandığı ruh haqqında soruşmaq olmaz. Bir nəfər belə ruhu və ya onun mahiyyətini təsvir etməyə qadir deyil. Buna belə bir zəruriyyət də yoxdur, çünki adamların çoxusu bütün məxluqların ehtiyac duyduqları biliklərdən məhrumdurlar.
Elə buna görə Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, kim ondan (s.ə.s.) ruh haqqında soruşsa, desin ki, ruh Allahın iradəsi ilə yaradılmış çoxsaylı məxluqlardan biridir. Ruhun incəlikləri barədə bilmək insanlara böyük bir fayda verməz, çünki insanlar daha vacib digər şeylər haqqında heç nə bilmirlər. Bütün deyilənlərdən belə çıxır ki, əgər insan ona verilən suala cavab verməməyi məqsədəuyğun sayırsa, onda o, necə lazım bilirsə, elə də davranmalı və sual verənə daha çox ehtiyacı olan və daha çox fayda verən məsələlərlə maraqlanmağı məsləhət görməlidir.



(17.86) “Əgər Biz istəsəydik səni sənə vəhylə verdiyimiz-dən məhrum edərdik və sonra heç kim Bizə qarşı sənə vəkillik edə bilməzdi”,
(17.87) “əgər Rəbbinin lütfkarlığı olmasaydı. Həqiqətən, Onun sənə bəslədiyi mərhəməti böyükdür!”

Fövqəluca bildirir ki, Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) nazil edilmiş Quran və vəhy Rəbbin ona (s.ə.s.) və bütün bəşəriyyətə göstərdiyi mərhəmətidir. Bu, Allahın Öz Elçisinə (s.ə.s.) əta etdiyi ən böyük lütfkarlıqdır. O, o dərəcədə əzəmətlidir ki, onu sadəcə dəyərləndirmək mümkün deyildir.
Ey Muhəmməd! Səni bu mərhəməti ilə Şərəfləndirən, səni ondan mərhum etməyə də qadirdir. Bu baş vermiş olarsa, heç kim sənə mövqeyini geri qaytara və sənə vəkil ola bilməz! Buna görə, Allahın mərhəmətinə sevin, sənə nazil edilmiş nemətlərdən istədiyin qədər istifadə et, kafirlərin səni yalançı adlandırmasından və yolunu azmışların səni məsxərəyə qoymasından kədərlənmə. Onlara da ən böyük mərhəmətdən ləzzət almaq imkanı verilmişdi, lakin onlar onu rədd etdilər. Bu ona görə baş verdi ki, onlar öz Rəbbinə laqeyd yanaşmış və Onun yardımından məhrum olmuşdular.


(17.88) “De: “Əgər insanlar və cinlər birləşib bu Qurana bənzər bir şey uydurmaq istəsəydilər, onlar bir-birilərinə kömək göstərsələr də, buna nail ola bilməzdilər”.

Bu, Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bütün təbliğ etdiklərinin hamısının doğruluğunun lehinə inandırıcı bir dəlil və inkaredilməz sübutdur. Allah insanlara və cinlərə meydan oxuyaraq, onlara Müqəddəs Qurana bənzər bir şey yaz-malarını təklif edir. Sonra isə Allah bəyan edir ki, onlar heç vaxt Qurana bənzər bir şey yazmağa nail ola bilməzlər, hətta əmək-daşlıq edib bir-birilərinə kömək göstərsələr də belə.
Hər şey doğrudan da Allahın öncədən buyurduğu kimi baş verir. Allahla və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edən kafirlər hər vasitə ilə olur olsun Peyğəmbər Təlimini yalançılıqda ifşa etməyə cəhd göstərirlər. Onlar dilləri yüksək səviyyədə bilirlər və bəlağətli danışıq qabiliyyətinə malikdirlər. Əgər onlar heç olmazsa Quran kimi bir kitabı yazmaq imkanına azca da qabil olsaydılar, onlar bunu mütləq edərdilər. Deməli, kafirlər artıq öz gücsüzlüklərinə itaət etmək məcburiyyətində idilər. Onlardan bəziləri öz xoşu ilə bunu etiraf etmiş, digərləri isə buna məcbur olmuşdular.
Onlar haqqa qarşı duruş gətirə bilmədilər. Axı başqa cür də ola bilməzdi, onlar, sadəcə olaraq, torpaqdan yaradılmış və hər hansı kamil keyfiyyətlərdən məhrum olan məxluqlardılar. Onlar biliyə, gücə, arzuya, iradəyə, nitq qabiliyyətinə və ya kamilliyə təkcə Allahın bunları istədiyi hallarda malik olurlar. Məgər onlar qeybə aid hər şeyi bilən, mütləq kamilliyə malik və hər növ tərifə layiq olan, sonsuz əzəmətə və ecazkar nitq sahibi olanın – səmaların və yerin Rəbbinin nitqinə qarşı duruş gətirə bilərdilərmi? Məgər yerin bütün ağaclarından hazırlanmış qələmlərlə və yeddi okean mürəkkəbinin köməyi ilə yazıldığı halda belə sözləri bitib tükənməyən Rəblə rəqabət apara bilərdilərmi? Doğrudan da, əgər bu baş verərsə, onda Böyük Allahın sözləri qurtarmamışdan mürəkkəb okeanları quruyar, qələmlər isə yazmaqla aşılanıb yeyilər.
Məxluqların keyfiyyətləri Onun ilahi sifətlərinə bənzəmir və onların nitqi də Onun ilahi nitqinə oxşaya bilməz. Heç kim Fövqəlxeyirxah və Fövqəluca Allahın zatı, adları, sifətləri və ya əməlləri ilə müqayisə oluna bilməz! Vay o şəxslərin halına ki, onlar Xaliqin sözləri ilə məxluqların nitqi arasında fərqi görmür! Vay o adamın halına ki, o, Müqəddəs Quranı Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) yazdığını və onu Allaha aid etdiyini güman edir!

(17.89) “Biz bu Quranda insanlara hər cür misallar çəkdik, lakin insanların əksəriyyəti kafirlikdən başqa hər şeyi rədd edir”.

Quran ayələri, Allahın qullarına dəfələrlə xatırlatdığı və onların bilməyə kəskin ehtiyac duyduqları müxtəlif moizələr və hikmətli sözlərdən ibarətdir. Bu ona görə edilmişdi ki, insanlar haqqı tez-tez yada salsınlar və öz Rəbbindən qorxsunlar. Lakin Quran nəsihətlərinə qulaq asanlar çox azdır. Onu dinləyənlər Allahın onlara xoşbəxt sonluq təyin etdiyi və doğru yola gəlməyə yardım göstərdiyi şəxslərdir. Əksər insanlara gəldikdə isə, onlar kafirlikdən başqa hər şeydən boyun qaçırırlar. Onlar Allahın bəxş etdiyi ən böyük mərhəmətini etiraf etməkdən imtina edir, ən tərs inadkarlıq göstərir və Allahdan onlara – bu zalım və cahil insanlara, ürəklərindən keçən yeni möcüzələr göstərməsini tələb edirlər.



(17.90) “Onlar deyirlər: “Əgər yerdən bizim üçün bir bu-laq fışqırtmayınca, sənə iman gətirməyəcəyik”
(17.91) “və ya sənin xurmalığın, üzümlüyün olmayınca və aralarından çaylar axıtdırmayınca”
(17.92) “və ya iddia etdiyin kimi, göyü parçalayıb başımıza qaxmayınca, ya da sən Allah və mələklərlə birlikdə gəlib qarşımızda dayanmayınca”
(17.93) “və yaxud da daş-qaşdan imarətin olmayınca, ya da sən göyə qalxmayınca, hətta biz sənin göyə qalxmağına da, sən oradan bizim oxuyacağımız Kitabla enəcəyinədək, inanmaya-cağıq”. De: “Rəbbim pakdır! Mən isə adi bir insan və elçiyəm”.


Məkkə müşrikləri zəruri dəlillər və möcüzələrdən ibarət olan Müqəddəs Quranla onların yanına göndərilmiş Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!): “Biz sənin dinini o vaxt qəbul edəcəyik ki, sən bizə yerdən bir çeşmə fışqırda-san ki, o şırıldayan çaya çevrilsin. Bir də, sənin xurma ağacları və üzüm təngləri olan bağın olmalıdır ki, heç nəyə ehtiyacın olmasın və bazarda alverlə məşğul olmayasan. Həm də sən göyün bir parçasını qoparıb, üstümüzə ataraq göstərməlisən ki, bizə vəd etdiyin cəzanın necə olacağını görək. Sən həmçinin bizə Allahı və mələkləri göstərməlisən ki, onlar sənin təliminin doğru olduğunu təsdiq etsinlər. Sənin həm də qızıldan və başqa daş-qaşlardan tikilmiş dəbdəbəli bir sarayın olmalıdır. Sən həmçinin göyə necə ucalacağını göstərməlisən. Lakin bizim tələbimizi yerinə yetirsən də, biz, sən oradan bizim oxunmasına razı olacağımız bir Kitab gətirməsən, göyə qalxa bildiyinə də inanmayacağıq” – demişdilər.
Axmaq və zalım kafirlər bu sözləri ilə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gücsüz oldu-ğunu ifşa etməyə cəhd göstərirdilər. Bu sözlərdən anlamaq olar ki, onlar haqqı inkar edir və Allaha ehtiram göstərmək istəmirdilər. Buna görə Allah, insanlara Allahın möcüzələrini göstərməli olan Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edirdi ki, desin: “Allah Pakdır! Onun, sizin uydurduğunuz iftiralarla heç bir əlaqəsi yoxdur! O, sizin pozğun istəyinizə və azğın baxışlarınıza uyğun möcüzələr nazil etməkdən sonsuzluğa qədər uzaqdır! Mən isə, heç bir hökmdarlıq səlahiyyəti verilməyən, sadəcə, adi bir insan və elçiyəm”.


(17.94) “İnsanlara haqq yolu göstərən rəhbərlik gəldikdən sonra iman gətirmələrinə mane olan: “Doğrudanmı Allah insanı elçi göndərmişdir?” – demələri oldu”.
(17.95) “De: “Əgər mələklər yer üzündə rahatlıqla gəzə bilsəydilər, onda Biz onlara bir mələk elçi göndərərdik”.

İnsanların əksəriyyəti Allahın elçilərinin insanlardan olma-sına görə onlara iman gətirməyi rədd edirlər. Lakin elçilərin insanlar arasından seçilməsi, Allahın qullarına olan mərhəmətini sübut edir, çünki insanlar mələklərdən bilik öyrənmək qabiliyyətinə malik deyillər. Əgər yer üzündə yaşayanlar mələk olsaydılar, onda onlar özlərinin eyni olanları görə bilər və onlardan bilik əldə edə bilərdilər və Allah da onlara elçi olaraq mələk göndərərdi.



(17.96) “De: “Mənimlə sizin aranızda Allahın şahid olma-sı yetər! Həqiqətən, O, qullarını tanıyır və görür”.

Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) göstərdiyi əzəmətli xariqə və möcüzələri Allahın iradəsi ilə edirdi, ona (s.ə.s.) nazil edilən vəhylər və Allahın iradəsi ilə düşmənləri üzərində çaldığı qələbələr Allahın onun (s.ə.s.) lehinə olan dəlilləridir. Əgər o (s.ə.s.) öz Rəbbinə, azca da olsa, yalan aid etsəydi, onda Hər Şeyi Bilən və Görən Allah onun (s.ə.s.) sağ əlin-dən tutub şah damarını qırardı. Həqiqətən, qullarının gizli əməl-lərinin heç biri Ondan gizlədilə bilməz.


(17.97) “Allahın düz yolla apardığı şəxs düz yolla da gedir. Amma Allah kimi azdırırsa, sən onlara Allahdan başqa Hami tapa bilməzsən. Qiyamət günü Biz onları üzüqoylu uzanmış, kor, lal və kar olduqları vəziyyətdə toplayacağıq. Onların sığınacağı Cəhənnəm olacaqdır. O sakitləşən kimi Biz onun alovunu artıracağıq”.
(17.98) “Bu, onların Bizim ayələrimizə iman gətirməmək-lərinin və “Doğrudanmı biz sür-sümük olub torpağa qarışdıqdan sonra yeni məxluq kimi dirildiləcəyik?” demələrinin əvəzidir”.

Fövqəluca Allah bildirir ki, təkcə O, insanları düz yola yönəltməyə və ya azğınlığa salmağa qadirdir. Əgər O, insanı düzgün yolla aparmaq istəyirsə, onda həmin adamın xeyirxah təşəbbüslər etməsini asanlaşdırır və onu ona ağır yük ola biləcək hər şeydən uzaqlaşdırır. Belə insan doğrudan da doğru yola gəlir. Amma Allah kimi isə hər hansı bir azğınlığa düçar etmək istəyirsə, onda onu Öz köməyindən məhrum edir və taleyi ilə başlı-başına buraxır. Allahdan başqa heç kim belə bir insanı doğru yola gətirə bilməz və O, üzüqoylu uzanmış, alçaldılmış, kor və lal kafirləri toplayan zaman heç kim onu amansız cəzadan müdafiə edə bilməz. Onlar nə görə, nə də danışa biləcəklər, onların daimi məskəni isə Cəhənnəm olacaqdır ki, orada bütün qəm-qüssə, çətinliklər və məşəqqətlər bir yerə cəmləşdirilmişdir. Cəhənnəmin odu sönməyə başlayanda, Allah onu yenidən alovlandırmağı əmr edəcək ki, əzaba düçar edilmişlərin əzabı, bir anlığa da belə olsa, azalmasın. Onlar orada öldürülməyəcəklər, çünki onlar bir daha heç vaxt ölümü dadmayacaqlar. Fövqəluca onlarla zalımcasına davranmır. Əksinə, onlar Onun ayələrinə iman gətirməkdən boyun qaçırdıqlarına, Onun elçiləri və Səmavi Kitabların xəbərdarlıq etdiyi dirilməni inkar etdiklərinə görə ədalətli əvəz alacaqlar. Onlar elə hesab edirdilər ki, Rəbb ölənləri diriltməyə qadir deyil və Onun hüdudsuz qüdrətinə inanmırdılar. Onlar belə düşünürdülər ki, meyitlər torpağa qarışdıqdan sonra onların dirildilməsi ağlasığmazdır. Onların yararsız ağıllarına görə bu inanılmaz bir şeydir.


(17.99) “Məgər onlar görmürlər ki, göyləri və yeri yaratmış Allah onlar kimiləri də xəlq edə bilər? O, onlar üçün, şübhə doğurmayan bir əcəl təyin etmişdir, lakin zalımlar küfrdən başqa hər şeyi inkar edirlər”.

Göyləri və yeri yaratmaq insanı yaratmaqdan daha ağır əməldir. Məgər göyləri və yeri yaradan Allah insan kimi bir məxluq yaratmağa qadir olmazmı? Həqiqətən, O, buna qadirdir! O, insanlar üçün şübhə doğurmayan əcəl təyin etmişdir. Əgər bu təyinat olmasaydı, O, günahkarları onlara dirilmənin doğruluğu barədə təkzibolunmaz dəlillər gətirildikdən sonra, dərhal cəzalandırardı. Bu dəlillərə baxmayaraq, günahkarlar zalımlıq etməkdə və yalan uydurmaqda davam edirlər.


(17.100) “De: “Əgər siz Rəbbimin rəhmət xəzinələrinə sahib olsaydınız belə, yenə də onun xərclənib tükənməsindən qorxaraq xəsislik edərdiniz. Çünki insan xəsisdir”.

Ey insanlar! Əgər siz Allahın tükənməz mərhəmət xəzinə-lərinin sahibi olsaydınız da, var-dövlətinizin tükənəcəyindən ehtiyat edərək, başqalarına səxavətlə hədiyyə verməyə xəsislik edərdiniz. Allahın var-dövlətinin tükənməzliyinə baxmayaraq, siz bundan ehtiyat edərdiniz. Bu, insan nəfsinə xəsisliyin xas olması ilə izah edilir.
(İnsanların qənaətcil olması Allahın bəyəndiyi məziyyətlərdəndir. Lakin hər şeydə ifrat dərəcədə qənaət etmək artıq insanda mənfi keyfiyyət olan xəsisliyin yaranmasına təkan verir ki, bu öz növbəsində mömin müsəlmana xas olmayan sifətlərdəndir. Xüsusilə, varlı olub, öz malından ehtiyacı olanlar üçün könüllü sərf etməmək, şəriətə birbaşa ziddir. Çünki Fövqəluca Allah insana var-dövlət bəxş etməklə onun bir hissəsini kasıblara paylamağı buyurmuşdur. Varından sədəqə, zəkat verməyənlərin malı halal sayılmır. F.S. )


Tarix: 18.04.2013 / 14:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1099 Bölmə: Ayeler