beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-KƏHF SURƏSİNİN ŞƏRHİ(33-50) Ayələr

(18.33) “Hər iki bağ bəhrə verirdi və onlardan heç bir itki olmurdu, aralarından isə Biz çay salmışdıq”.

Bu bağların sahibi bol meyvə və taxıl məhsulu götürürdü və hətta onun bol məhsulunun cüzi bir hissəsi belə zay olmurdu. Suya gəldikdə isə, bu bağlarla yanaşı geniş çay axırdı. Bunun sayəsində bu adamın var-dövləti artırdı. O, gözəl meyvələr yığırdı. Onun ağacları xəstəlik və nöqsanlardan xali idi. Bu hər bir əkinçinin xəyalından keçirə biləcəyi bir həddi və buna görə bu bağların sahibi öz xoş güzəranına aldandı. O, lovğalandı və öz Axirət gününü unutdu.




(18.34) “Onun məhsulu (və ya varı) vardı və o, öz yoldaşı ilə söhbəti zamanı ona dedi: “Mənim malım və köməkçilərim səninkindən daha çoxdur””.

Bir dəfə o, öz yoldaşı ilə gündəlik işləri haqqında söhbət edərkən onun qarşısında özünün zənginliyi, qullarının, xidmətçi-lərinin və qohumlarının çoxsaylı olması ilə lovğalandı. Bu hərəkəti onun cahil olmasını sübut edirdi, çünki ancaq nadan insan öz mənəvi zənginliyi ilə deyil, əldə etdiyi maddi nemətləri ilə qürrələnər. Buna bənzər bir şeyi, uydurulmuş nailiyyətləri ilə özünü tərifləyən uşaqlar da belə edirlər. Lakin bağların sahibi öz dediklərindən cahil və ədalətsiz nəticə çıxarana qədər yoldaşı qarşısında təkcə lovğalanmaqla qane olmamışdı.


(18.35) “O, öz nəfsinə qarşı zalımlıq edərək bağına girdi və dedi: “Mən güman etmirəm ki, bu, nə vaxtsa yox ola bilər”.
(18.36) “Mən güman etmirəm ki, o Saat gələcək. Əgər məni Rəbbimə qaytarsalar, geri döndükdə, orada daha gözəl şeylər əldə edəcəyəm”.

O öz ümidlərini maddi həyatla bağlamışdı, yer üzündə əldə etdiyi firavanlıqla qane oldu və ölümdən sonra dirilməni inkar etdi. O, Qiyamət gününə iman gətirməkdən boyun qaçırdı və cürət edib belə bir zənnə qapılmışdı ki, hətta Axirət həyatı mövcud olsa da, öldükdən sonra o, onsuz da hökmən onun bağlarından daha yaxşısını mükafat alacaqdır. O, belə sözləri iki səbəb üzündən ağzından çıxara bilərdi: ya o, həqiqəti bilirmiş, buna görə də onda onun sözləri olduqca kobud rişxənd imiş və onun küfrünü artırmışdır; ya da o, Axirət həyatının labüdlüyünə doğrudan da şübhə edirmiş və bu halda isə o, ən cahil və düşüncəsiz insanlardan biri imiş. Yer üzündəki əmin-amanlıq və Axirət həyatının müvəffəqiyyətləri arasında ümumi bir oxşarlıqmı var? Niyə bu cahil insan belə qərara gəlmişdir ki, insan bu dünyada var-dövlət yığarsa, onda ona gələcək həyatında da hökmən mərhəmət göstəriləcək? Əksinə, əksər hallarda Fövqəluca Allah Özünün pak və əməlisaleh qullarını dünyəvi zənginlikdən məhrum edir və onları, öldükdən sonra heç bir qismət almayan, düşmənlərinə əta edir.
Yəqin ki, bağların sahibi haqqı bilirmiş və təfsir etdiyimiz sözləri istehza və rişxəndlə deyirmiş. Məhz buna görə Fövqəluca Allah buyurur ki, o, bağına daxil olanda özü özünə qarşı günah işlətmiş və ağzından həmin ötkəm sözlər çıxmışdır. Bu isə o deməkdir ki, o, pozğun və inadkar günahkarmış.



(18.37) “Onunla söhbət edən yoldaşı demişdir: “Doğru-danmı sən səni torpaqdan, sonra – nütfədən Xəlq Edənə, daha sonra isə səni kişi simasında Formalaşdırana inanmırsan?”

Mənim məsləhətimə qulaq as və bu dünyaya necə gəldiyini fikirləş. Allah səni əvvəlcə torpaqdan, sonra – nütfədən yaratdı. O, səni Öz lütfkarlığı ilə xəlq etdi və sənə saysız-hesabsız nemətlər bağışladı. O, ardıcıl olaraq sənin görkəmini dəyişdirirdi və nəhayət səni ideal biçimli və təfəkkür sahibi olan qəddi-qamətli bir insana çevirdi. O, sənin yerdə yaşamağını asanlaşdırdı və sənə maddi nemətlər nazil etdi. Sən böyük var-dövlət sahibi öz bacarığın və qüdrətin sayəsində deyil, Fövqəluca Allahın sənə bəslədiyi mərhəməti sayəsində oldun. Bəs onda sən niyə səni əvvəlcə torpaqdan, sonra da bir damcıdan Yaradan və səni qəddi-qamətli insan formasına salan Allaha minnətdarlıq etməkdən boyun qaçırırsan? Niyə sən Onun sənə göstərdiyi lütfkarlığını unudur və Rəbbinin səni öldükdən sonra diriltməyəcəyini zənn etməyə cəsarət göstərirsən və əgər bu hətta baş versə də, sən bağından daha yaxşı bir mükafat alacağını güman edirsən? İnsan bu tərzdə düşünməməlidir.
Lakin mömin qonşu görür ki, onun həmsöhbəti iman gətir-məkdən boyun qaçırır və yol verilən əməllərin sərhədlərini aş-maqda davam edir. Belə olduqda, o, müsahibinə məsələyə öz nəzər nöqtəsini bildirmək və bununla bərabər öz Rəbbinə şükür etmək, həm də onun şübhəli və mübahisəli sübutlarını rədd etmək və haqq dinə gəlməyin zəruriliyini bəyan etmək qərarına gəlir. O deyir:



(18.38) “Mənə gəldikdə isə, mənim Rəbbim Allahdır və mən öz Rəbbimə heç kimi şərik qoşmuram”.
(18.39) “Niyə sən bağına girəndə: “İnşallah və Allahdan başqa qüdrət sahibi yoxdur!” demədin? Sən hesab edirsən ki, mənim var-dövlətim və övladlarım səninkindən azdır”,
(18.40) “axı Rəbbim istəsə, mənə sənin bağından da yax-şısını əta edər və bağına göydən cəza göndərər və o, sürüşkən torpağa dönər”.
(18.41) “Yaxud bağının suları yerin altına gedər və sən onlardan yararlana bilməzsən”.

Mən Allahı özümün Vahid Rəbbi sayıram. Mən Ona itaət və ibadət edirəm. Mən heç vaxt Allahla bərabər məxluqlara ibadət etmərəm və Ona şəriklər qoşmaram. Mənim doğrudan da varidatım böyük deyil və övladlarım da azdır, lakin əvəzində Allah mənə, əsl nemət olan həqiqi iman və haqq dinlə Öz himayəsini bəxş etmişdir. Digər nemətlərə gəldikdə isə, onlar fanidir və insanı çox vaxt əzab və əziyyətə məhkum edir. Sən fəxr edirsən ki, sənin mənimkindən çox sərmayən və övladların var. Axı Allahın mükafatı daha yaxşı və uzunmüddətlidir. Biz məhz buna can atmalıyıq, çünki Allahın mərhəməti və səxavəti, bütün bu dünyada insanların əldə etmək üçün bir-biri ilə yarışdığı maddi nemətlərdən üstündür. Bağın səni aldatmışdır və səni yol verilən həddi aşıb keçməyə sövq etdirmişdir, amma onu da bil ki, Rəbbim mənə ondan daha yaxşısını bəxş edə bilər, sənin bağına isə leysan yağışla qasırğa və ya göydən digər cəza göndərər və bundan sonra bütün ağacların kökü ilə yerindən çıxarılar, meyvələrin məhv edilər, əkin sahələrini isə sel basar və yaxud bağından axan çaylar yerin dibinə çökər və sən heç bir vasitə ilə, nə kərki, nə də başqa vasitələrlə su əldə edə bilməzsən.
Bu sözlərdən aydın olur ki, mömin öz Rəbbinin əvəzinə qəzəblənmişdi və Onu, müsahibini aldadıb azdıran bağı məhv etməsinə çağırmışdı. Mömin ona görə belə etmişdi ki, yoldaşı ayılıb ağlını başına yığsın və doğru yola qayıtsın. Fövqəluca Allah da onun duasını qəbul etdi.



(18.42) “Onun bəhrələri məhv edildi və o, əllərini ovuş-dura-ovuşdura, təngləri çardağı ilə yeksan olmuş üzümlüyə çəkdiyi məsrəfə təəssüflənib deyirdi: “Keşkə mən Rəbbimə heç kimi şərik qoşmayaydım!”

Allahın nazil etdiyi cəza hər iki bağı məhv etdi. Çox böyük sərvətdən heç nə qalmadı. Meyvələr, ağaclar və əkinlər – hər şey məhv oldu və ancaq bundan sonra bu bağların sahibi törətdiklərinə acı-acı təəssüfləndi. O, əllərini ovuşdurmağa başlayaraq, saysız-hesabsız sərvətini sərf etdiyi bağların əlindən çıxmasına peşmançılıq çəkirdi. Budur artıq onlardan əsər-əlamət qalmamışdır və o, əvəzində heç bir şey almayacaqdır. O həm də Allaha şərik qoşduğuna görə də təəssüfləndi və özünün törətdiyi cinayətlərdən ötrü tövbə etdi.

(18.43) “Onun elə adamları yox idi ki, Allahın əvəzinə ona kömək edəydilər və o, özü də özünə kömək göstərə bilmədi”.

Lap yaxın vaxtlarda o özünün çox böyük sərvəti və çoxsaylı köməkçiləri olması ilə fəxr edirdi. Amansız qisas onu çulğayan kimi, o, öyündüyü hər şeydən məhrum oldu. Hər şeydən çox köməyə ehtiyacı olduğu o anda, heç kim ona yardım etməyə gələ bilmədi və o özü də bəlanın qarşısını ala bilmədi. Axı kim özünü və ya başqalarını Allahın qədərindən qorumağa qadirdir?! Qədər danışıqsız icra edilir və əgər göylərin və yerin bütün sakinləri bir yerə yığışıb Allahın öncədən müəyyən etdiyi bir şeyin qarşısını almaq istəsələr də, onlar bunu bacarmazlar.
Allahın öz var-dövlətini itirmiş insana mərhəmət göstərmə-sində də qəribə heç bir şey yoxdur, çünki O, ona öz zalımlığına görə tövbə etməkdə və doğru yola qayıtmaqda yardım göstərmişdir. Bunun lehinə, bağların sahibinin tövbəsində dediyi sözləri və bu dünyada ona nəsib olan cəza dəlalət edir. Allah onu həddi aşmağa məcbur edən şeylərdən məhrum etdi və əgər Allah insana yaxşılıq etmək istəyirsə, onda O, onu elə bu dünyada cəzalandırır. Həqiqətən də, insan təfəkkürü Allahın mərhəmətini dərk etmək imkanına malik deyil və onu inkar edənlər təkcə zalım cahillərdir.



(18.44) “Belə hallarda yardım göstərə bilən təkcə Haqq olan Allahdır. Ən yaxşı mükafat vermək və yaxşı sonluq nəsib etmək – Ona məxsusdur!”

Allah həddi aşan və dünya həyatına üstünlük verən zalımı cəzalandırdı və iman gətirmiş, xeyirxah işlər görən, Rəbbinə minnətdarlıq edən və ətrafdakılarını da buna çağıran möminə isə iltifat göstərmişdir. Bunun sayəsində aydın olmuşdur ki, təkcə Allah həqiqi Himayəçidir. O, Ona səmimi qəlbdən iman gətirən və təqvalılığa etiqad bəsləyən hər kəsə hamilik edir. O, belə insanları ən müxtəlif rütbələrlə şərəfləndirir və onları şərdən, cəzalandı-rılmadan qoruyur. Əgər insan Rəbbinə iman gətirməkdən boyun qaçırırsa, onda O, onu Allahın himayəsindən, maddi və mənəvi nemətlərdən məhrum edir. Həmin adamı ən dəhşətli qismət həm bu dünyada, həm də ölümdən sonra haqlayır.
Bu ibrətamiz hekayət, Allahın maddi zənginlik bəxş etdiyi kəslərin vəziyyəti ilə əlaqədar insanları düşünməyə çağırır. Əgər bu zənginlik insanı azdırırsa, Axirət həyatından yayındırırsa və günah törətməyə məcbur edirsə, onda o mütləq tükənir və yox olur. Belə insana maddi nemətlərdən çox qısa müddətdə ləzzət almaq imkanı verilir və bundan sonra ona artıq xoşbəxtlik əldə edə bilməyəcəkdir. Bax buna görə Allahın qulu mal-mülkünə və övladlarının olmasına aldanmamalıdır və həmişə Allahı yad etməli və unutmamalıdır ki, o, Kimin mərhəməti sayəsində maddi nemətlər əldə etmişdir. Belə hallarda müsəlman deməlidir: “İnşallah! Allahdan başqa qüdrət sahibi olan yoxdur!” (Kəhf, 18/39). Bu sözlər Allaha minnətdarlığın bildirilməsidir və insana qazandıqlarının qorunub saxlanılmasında kömək edir. Mömin öz cahil həmsöhbəti olan iki bağ sahibinə məhz belə etməyi məsləhət görmüşdü.
Bu əhvalatda dünya ləzzətlərinə və gözəlliklərinə əhəmiyyət verməmək və Allahın dərgahında onu gözləyən mükafat haqqında tez-tez düşünmək barədə hökm vardır. Bax buna görə mömin kişi demişdir: “...Sən hesab edirsən ki, mənim var-dövlətim və övladlarım səninkindən azdır, axı Rəbbim istəsə, mənə sənin bağından da yaxşısını əta edər...” (Kəhf, 18/39-40).
Buradan aydın olur ki, insan Allaha itaət etməzsə, onun var-dövləti və övladları ona fayda verməyə qabil olmazlar. Fövqəluca buyurur: “Siz iman gətirmədikcə və xeyirxah əməllər işlət-mədikcə, nə sizin var-dövlətiniz, nə də övladlarınız sizi Bizə yaxınlaşdırmırlar...” (Səba, 34/37).
Burada öz rifahlarına görə halalın sərhədlərini aşan insan-ların mülkiyyətinin məhv olması haqqında dua vardır. İlk növbədə bu, öz zənginliyinə görə qürrələnərək, özünü möminlərdən üstün tutmağa cəsarət edənlərə aiddir.
Ayədən aydın olur ki, kimə himayə etməyi və kimi isə himayəsindən məhrum etməyi Allah tək Özü qərarlaşdırır. Bu himayədarlığın nəticələri zülmət yox olduğu və qisas vaxtı çatdığı zaman bəlli olacaqdır. Bax o zaman zəhmətkeşlər layiq olduqları mükafatları alacaqlar və buna görə Fövqəluca Allah buyurur: “Belə hallarda yardım göstərə bilən təkcə Haqq olan Allahdır. Ən yaxşı mükafat vermək və yaxşı sonluq nəsib etmək – Ona məxsusdur!” (Kəhf, 18/44).


(18.45) “Onlara dünya həyatı haqqında bir məsəl çək. O, Bizim göydən nazil etdiyimiz suya bənzər. Yer bitkiləri onunla (və ya onun sayəsində) canlanır, sonra isə küləyin hər tərəfə yaydığı qupquru ot saplağına çevrilir. Həqiqətən, Allah hər şeyə qadirdir”.

Fövqəluca Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) və ondan (s.ə.s.) həqiqi biliklər əldə etmiş hər kəsə əmr edir ki, insanlara dünya həyatı haqqında məsəl çəksinlər ki, onların hər bir nəfəri yer üzündə həyatın aşkar və görünməyən tərəfləri haqqında tam təsəvvür əldə etsinlər. Bunun sayəsində insanlar dünya həyatını ölümdən sonra əbədi həyatla müqayisə etmək imkanı alsınlar və onlardan ən layiqlisinə üstünlük versinlər. Dünya həyatı yerə yağan və bitkiləri böyüməyə və yaşıllaşmağa məcbur edən yağışa bənzəyir. Onlar gül açır və insanlara çoxlu sevinc bəxş edir və bununla yanaşı çoxsaylı laqeyd cahillərin baxışlarını özlərinə cəlb edirlər. Lakin sonra elə bir vaxt gəlir ki, onlar küləyin hər tərəfə yaydığı qupquru ot saplaqlarına çevrilir. Heyranedici yaşıllıq, əlvan rənglər və gözəl mənzərələr – onlar hamısı yox olur və yer üzü toz və qumla örtülür. İnsanlar onlara baxıb artıq zövq almır və onlardan üz çevirirlər. Eyni şeyi dünya həyatı haqqında da demək mümkündür. İnsan özünün gəncliyin-dən həzz alır, dostlarını və yaşıdlarını ötüb keçməyə çalışır, dirhəm ( Şərq ölkələrində qədim pul vahididir. F.S). və dinarlar (Şərq ölkələrində qədim pul vahididir. F.S.) qazanır, yer üzündəki gözəlliklərdən məmnunluq duyur və hər dəqiqə də özünün artan istəklərini təmin etməyə cəhd göstərir. O elə fikirləşir ki, bu həyatı sonsuzluğa qədər davam edəcəkdir. Lakin qəflətən o, bu həyatdan ayrılır və ya var-dövlətini itirir. O, artıq sevinmir və ləzzətlərdən məhrum olur, ürəyi isə əzab-əziyyətlə dolur. İnsan gəncliyi ilə vidalaşır, əvvəlki gücünü itirir, zənginliyindən məhrum olur və özünün yaxşı və pis əməlləri ilə təklikdə qalır. Belə olduqda günahkar öz vəziyyətinin bütün ağırlığını dərk edir və öz barmaqlarını çeynəməyə başlayır. O, həyatını bu dünyanın gözəlliklərindən bir daha zövq almaq üçün deyil, səmimi tövbə və saleh əməllər sayəsində etmədiklərinin əvəzini, yerini doldurmaq üçün yenidən yaşamaq istəyir. Ağıl sahibi olan əməlisaleh insan özünü həmişə belə bir insanın yerində hiss edir və özü-özünə deyir: “Təsəvvür et ki, sən ölmüşsən, çünki sən bu qismətdən onsuz da qaça bilməyəcəksən. Sən hansı vəziyyətə düşməyi istəyirsən? Sən dünya həyatını seçib ondan, otlaq heyvanlarının etdiyi kimi, ləzzət ala bilərsən. Lakin başqa seçim də vardır. Sən insanın əbədi nemətlərindən zövq alacağı, sərin kölgəliyində istirahət edəcəyi və bolluğundan istifadə edəcəyi, ürəklərə sevinc bəxş edəcəyi və baxışların zillənib qaldığı həyat xatirinə də zəhmət çəkə bilərsən”. Bu seçimə görə müəyyən etmək olar ki, Allah kimi doğru yola yönəldəcək, kimi də öz taleyi ilə baş-başa buraxacaq, kimə böyük qismət, kimə də ziyana düşmək nəsib olacaqdır. Bax buna görə də Fövqəluca Allah belə buyurur:



(18.46) “Var-dövlət və oğullar – dünya həyatının bəzəyidir, lakin əbədi xeyirxahlıqlar Allah qarşısında mükafatlandırılman üçün daha yaxşıdır və onlara ümid bəsləmək daha yaxşıdır”.

Var-dövlət və övladlar dünya həyatında qalırlar və təkcə əbədi olan xeyirxah yaxşılıqlar insanı hər yerdə müşayiət edərək, ona çox böyük fayda gətirir və ona sevinc bəxş edir. Bu, bütün vacib və arzuedilən saleh əməllərə aiddir ki, insan onları yerinə yetirərkən Allah qarşısında və Onun qulları qarşısında öz vəzifələrini həyata keçirmiş olur. Belə xeyirxahlıqlara aid olanlar: namaz, zəkatın ödənməsi, sədəqə paylanması, həcc və ümrə ziyarətinin icra edilməsi, Allahı ucaltmaq və şərəfləndirmək, Quran oxumaq, faydalı biliklər əldə etmək, Allahın bəyəndiyi əməlləri yerinə yetirməyə dəvət etmək və günahlardan, yaramaz-lıqlardan çəkindirmək, qohumluq əlaqələri saxlamaq, valideyn-lərinə, zövcələrinə, xidmətçilərinə və heyvanlara qayğı göstərmək və həmçinin insanın ətrafındakılara göstərdiyi istənilən yaxşılıqdır. Bu xeyirxahlıqlar əbədi qalaraq insana ən bol mükafat gətirir və onlara ümid bəslənilməsinə layiqdir. Bu mükafat nəinki saxlanır, o, həm də artırılır və insan zəruriyyət yarandıqda ona ümid bağlaya bilər. Bax bunlara görə yarışmaq istəyən insanlar bir-biriləri ilə yarışmalıdırlar! Bax bunun xatirinə əməksevərlər rəqabət aparmalı və əməlisalehlər səy göstərməlidirlər!
Düşün ki, Allah əvvəlcə qismətinə yox olmaq yazılmış yer aləminin nə olduğunu təsəvvür etmək üçün məsəl çəkmiş və sonra isə bütün maddi aləmin iki növünün olduğunu bəyan etmişdir. Birinci növə aid olanlar: var-dövlət, övladlar və insana qısamüddətli zövq verən maddi ləzzətlərdir ki, heç bir fayda vermədən yox olur və bəzən hətta qarşısıalınmaz ziyan vurur. İkinci növə aid olanlar əbədi xeyirxahlıqlardır ki, onlar insanın əbədi mülkiyyətinə çevrilirlər.
Sonra Fövqəluca Allah Qiyamət günü baş verəcək dəhşətli və həyəcanlı hadisələrdən xəbər verərək buyurur:



(18.47) “O Gün Biz dağları da yerindən tərpədəcəyik və sən görəcəksən ki, yer yastılanmışdır. Biz onların hamısını toplayacağıq və heç kimi gözdən qaçırmayacağıq”.

Dağlar yerindən tərpədiləcək və onlar qum təpələrinə çevri-ləcək. Sonra onlar daranmış yun kimi yumşalacaq, daha sonra isə havaya sovrulmuş kül kimi yox olacaq və bundan sonra yer üstündə nə təpəliyi, nə də çökəkliyi olmayan hamar düzəngaha çevriləcəkdir. Allah Özünün bütün məxluqlarını onun üstündə toplayacaq və bu toplanışda kimsə iştirak etməkdən qaçına bilmə-yəcəkdir. İnsanların hüdudsuz səhraların və dənizlərin arasında yaşamış ilk və sonrakı nəslləri, bir-birilərindən ayrı düşdüklərindən və heçliyə çevrildiklərindən sonra bir yerə toplanacaqlar. İnsanlara yeni həyat veriləcək və onlar Allahın qarşısında cərgə-cərgə dayanacaqlar ki, O, onların əməllərinə nəzər salsın və Öz ədalətli hökmünü çıxartsın. Bununla əlaqədar Fövqəluca buyurur:

(18.48) “Onlar sənin Rəbbinin qarşısında cərgə-cərgə da-yanacaqlar: “Siz Bizim yanımıza Biz sizi ilk dəfə yaratdığımız halda gəlmişsiniz. Lakin siz güman edirdiniz ki, Biz sizə görüş təyin etməmişik”.

Siz öz var-dövlətinizdən məhrum edilmisiniz və öz ailələri-nizdən, qohum-əqrəbalarınızdan ayrılmısınız. Sizin etdiyiniz əməllərdən və qazandığınız xeyir və şərdən başqa heç nəyiniz yoxdur. Allah qullarına belə buyuracaq: “Siz Bizim yanımıza, Biz sizi ilk dəfə xəlq etdiyimiz kimi tək-tənha gəlmişsiniz və Bizim sizə əta etdiklərimizi tərk edib gəlmişsiniz. Biz, sizin özünüz üçün Allahın şərikləri hesab etdiyiniz havadarlarınızı sizinlə birlikdə görmürük...” (Ənam, 6/94).



(18.49) “Kitab qoyulacaq və sən görəcəksən ki, günah-karlar onda olanlardan necə əsməyə düşəcəklər. Onlar deyə-cəklər: “Vay halımıza! Bu nə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçırılmamışdır – hər şey hesablan-mışdır”. Onlar öz qarşılarında bütün etdiklərini aşkar edəcəklər və sənin Rəbbin heç kimlə ədalətsiz rəftar etməyəcək”.

Ey kafirlər! Siz dirilməni inkar edirdiniz, lakin indi öz gözünüzlə görüb onun doğruluğuna əmin oldunuz. Siz törətdiyiniz əməllərə görə əvəz veriləcəyinə inanmırdınız və Allahın vədini və xəbərdarlığını yalan sayırdınız. İndi isə budur baxın həqiqəti görün və əvəzi dadın! Bu gün alicənab mələklər hər birinizin bütün əməlləriniz yazılmış kitabınızı sizə təqdim edəcəklər və qalaların belə dağılmağa və əriməyə hazır olduğu qorxu və dəhşətdən ürəkləriniz sarsılacaqdır. Günahkarlar və cinayətkarlar özlərinə aid yazılmış və hesablanmış sözlərini və əməllərini gördükdə vahiməyə düşəcəklər və belə deyəcəklər: “Vay halımıza! Bu nə kitabdır! Onda nə kiçik, nə də böyük günahlar nəzərdən qaçırılmamışdır – hər şey hesablanmışdır”. Bütün kiçik və böyük günahlar, gizli saxladıqları fikirlər və törətdikləri əməlləri və həmçinin gecə və gündüz etdikləri əməlləri – hər şey yazılmışdır və heç nə unudulmamışdır.
Fasiqlər özlərinin bütün əməllərini qarşılarında görəcək və gördükləri gerçəkliyi inkar edə bilməyəcəklər. Allah onlarla ədalətsizcəsinə davranmayacaq, çünki onlar öz törətdikləri günahları etiraf edəcək, rüsvay ediləcək və onlardan layiq olduq-ları qisas alınacaqdır. Fövqəluca buyuracaq: “Bu - əllərinizlə et-diklərinizə görədir, axı Allah qullarına zalımlıq etmir” (Həcc, 22/10). O, Öz hökmünü ya mərhəməti, ya da ədaləti üzrə verə-cəkdir.

(18.50) “Budur Biz mələklərə buyurduq: “Adəmin qarşı-sında səcdə qılın!” Onların hamısı, İblisdən başqa, səcdə etdi. O, cinlərdən idi və öz Rəbbinin iradəsinə itaətsizlik göstərdi. Doğrudanmı siz onu və onun nəslini, onlar sizin düşməniniz olduqları halda, Mənim əvəzimə özünüzə himayəçi və köməkçi qəbul edirsiniz?”

Fövqəluca Allah İblisin Adəmə (ə) və onun nəsllərinə bəslə-diyi nifrətdən xəbər verir. Allah Adəmi yaratdıqdan sonra mələk-lərə ona (ə) səcdə qılmağı əmr etdi və bununla ona (ə) həm ehtiram göstərməyi, həm də Rəbbin əmrini yerinə yetirmək hökmünü verdi. Mələklər Allahın iradəsinə itaət etdilər, lakin İblis bunu etməkdən boyun qaçırdı. O, cinlərin tayfasından idi və öz Rəbbinə itaətsizlik göstərdi. O dedi: “Doğrudanmı mən Sənin torpaqdan yaratdığının qarşısında səcdəyə qapılmalıyam?” (İsra, 17/61). O, həm də belə dedi: “Mən ondan yaxşıyam. Sən məni oddan, onu isə palçıqdan yaratmısan” (Sad, 38/76). Şeytan bu sözləri ilə Allaha və bəşəriyyətin ulu babasına bəslədiyi nifrətini aşkar etdi. Bəs niyə onda insanlar İblisi və onun nəsllərini Allahın əvəzinə özlərinə hami qəbul edirlər? İnsanları əxlaq pozğunluğuna və yaramazlığa çağıran, Öz qullarına xoşbəxtlik, sevinc və uğur bəxş etməyə qadir Olan Mərhəmətli Allahın himayəsindən boyun qaçıran şeytanın havadarlığını üstün tutanların seçimi necə də pisdir!
Bu ayə insanları şeytanla düşmənçilik etməyə və onun vəsvəsələri ilə mübarizə aparmağa dəvət edir. Ayədə həmçinin şeytana belə münasibətin səbəbi də xatırlanır və göstərilir ki, təkcə zalım insanlar şeytanın tərəfdarları olurlar. Bəs onda kömək üçün özünün amansız düşməninə müraciət edəndən və Həmdəlayiq Rəbbin himayəsindən boyun qaçıran kəslərdən daha zalım kim ola bilər?!! Fövqəluca buyurur: “Allah – iman gətirənlərin Himayədarıdır. O, onları zülmətdən işığa çıxarır. Kafirlərin himayədarları və köməkçiləri – insanları işıqdan zülmətə salan tağutlardır” (Bəqərə, 2/257);
“Onlar iblisləri Allahın əvəzinə özlərinin himayəçiləri və köməkçiləri hesab etdilər və güman edirlər ki, doğru yolla gedirlər” (Əraf, 7/30).


Tarix: 18.04.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 816 Bölmə: Ayeler