beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rüstəm Kazımov

Rüstəm Kazımov — Azərbaycan aktyoru.Mündəricat
1 Həyatı
2 Yaradıcılığı
3 Filmoqrafiya
4 Həmçinin bax


Həyatı

Rüstəm Kazımov 1879-cu ildə Bakıda kasıb ailədə doğulub. Mollaxanada qısa müddət təhsil alıb. Şirin səsi olduğuna görə məhərrəmlik təziyələrində göstərilən şəbih tamaşalarında iştirak edib. 1890-cı ilin əvvəllərində Bakıda Həbib bəy Mahmudbəyovun və Sultanməcid Qənizadənin təşkil etdikləri tamşalarda epizodik rollar oynayıb. Sonralar "Müsəlman Artistləri Cəmiyyəti" truppasında, Cahangir Zeynalovun "Ev teatrı"nda aktyorluq edib. 1901-1919-cu illərdə Əbdürrəhim bəy Haqverdiyevin yaratdığı truppada, "Həmiyyət" teatr qrupunda, "Nicat", "Səfa" mədəni-maarif cəmiyyətlərinin teatr dəstələrində, "Türk Aktyorları İttifaqı"nda, "Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyov qardaşlarının müdiriyyəti"ndə əsas aktyorlardan olub.

Bugünkü Akademik Milli Dram Teatrı dövlət təsisatına keçəndə onun truppasına daxil olub, 1925-ci ilə qədər bu kollektivdə çalışıb. 1921-ci ilin noyabr ayında Bakı Azad Tənqid və Təbliğ Teatrı (sonralar Türk İşçi Teatrı adlanıb) yaradılanda onun aktyor heyətinə götürülüb. Dörd il hər iki teatrda işləyən aktyor 1925-ci ildən İşçi Teatrında aktyorluq edib. 1931-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb. Bu teatr 1933-cü il yanvarın 4-də Gəncəyə köçəndə Rüstəm Kazımov da doğma kollektivdən ayrılmayıb.

1943-cü ildə Gəncədə vəfat edib.

Yaradıcılığı

Rüstəm Kazımov Azərbaycanın ilk peşəkar aktyorlarından sayılır. Faciə və komediyalarda, opera və operettalarda çıxış etsə də, yaradıcılığının əsasını dramatik obrazlar təşkil edir.

O müxtəlif truppalarda və MDT-da Hacı Salman ("Hacı Qəmbər", Nəcəf bəy Vəzirov), Ərəb və quldur ("Əmir Əbül Üla", Hüseyn Bədrəddin və Məhəmməd Rüfət), Zabit və Zöhhak ("Dəmirçi Gavə", Şəmsəddin Sami), döyüşçü ("Otello", Uilyam Şekspir), Roller ("Qaçaqlar", Fridrix Şiller), İrakli, Əbdül ("Ağa Məhəmməd şah Qacar" və "Dağılan tifaq", Əbdürrəhim bəy Haqverdiyev), Hacı Həsən ağa, Qurban ("Ölülər" və "Anamın kitabı", Cəlil Məmmədquluzadə), Osvald ("Kral Lir", Uilyam Şekspir), Cinner, Kamal paşa ("Ulduz, yaxud Trablis müharibəsi" və "Ədirnə fəthi", Cəfər Cabbarlı), Naçalnik, Xan ("Hacı Qara" və "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundzadə), Oğuz ("Şeyx Sənan", Hüseyn Cavid) rollarını oynayıb.

Filmoqrafiya
Qız qalası (film, 1924)
Hacı Qara (film, 1929)
Sevil (film, 1929) — Rüstəm bəy.
Qızıl kol (film, 1930) — Süleyman.
Lətif (film, 1930)
Səbuhi (film, 1941)


Tarix: 04.02.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 422 Bölmə: Aktyorlar