Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Oygen fon Bem-Baverk

Oygen fon Bem-Baverk (alm. Eugen von Böhm-Bawerk; 12 fevral 1851, Brünn, Moraviya, Avstro-Macarıstan, müasir Brno, Çexiya — 27 avqust 1914, Kramzax, Avstro-Macarıstan) — Avstriya iqtisadçısı və dövlət xadimi.Mündəricat
1 Həyatı
2 Fəaliyyəti
3 İstinadlar
4 Həmçinin bax
5 Xarici keçidlər


Həyatı

Fəaliyyəti

Avstriya məktəbinin son faydalıq nəzəriyyəsi Karl Mengerdən sonra Bem-Baverk tərəfindən dərinləşdirilmiş və zənginləşdirilmişdir. Bem-Baverkin müvafiq subyektiv-iqtisadi baxışları onun əsasən "Təsərrüfat nemətlərinin qiymət nəzəriyyəsinin əsasları" (1886), "Kapital və mənfəət" (1884), "Kapitalın pozitiv nəzəriyyəsi" (1889), "Marksist sistemin başa çatması" (1890) və s. əsərlərində əks olunmuşdur. Bem-Baverkin tədqiqatı üçün əsasən aşağıdakı istiqamətlər xasdır:
- təkcə fərdi mübadilənin deyil, bütövlükdə bazar kateqoriyalarının, o cümlədən istehsal və bölgü sferalarının sistemli tədqiqatı əsasında subyektiv və obyektiv dəyər anlayışlarının bir-birindən fərqləndirilməsi və bu əsasda qiymətin subyektiv baxımdan səciyyələndirilməsi;
- istehsal xərclərinin sahibkar tərəfindən subyektiv qiymətləndirilməsi və mövcud sərvətlərin gələcəyin və hazırkı dövrün sərvətlərinə bölünməsi əsasında "Gözləmələr nəzəriyyəsi"nin irəli sürülməsi.

Mübadilə prosesini tədqiq edərkən Bem-Baverk yazırdı ki, ictimai mübadiləyə daxil olan hər kəs üç əsas prinsipdən çıxış etməlidir. Birincisi, mübadilə fayda gətirməlidir, yəni alqı-satqı zamanı əldə edilmiş məhsulun faydası satılmış məhsulun faydasından daha çox olmalıdır; İkincisi, mübadilənin hər bir iştirakçısı çalışır ki, onu özü üçün daha faydalı şərtlərlə həyata keçirsin; üçüncüsü isə, faydanın yüksək səviyyədə olmadığı hallarda mübadilədən imtina etməkdənsə, onu az fayda ilə həyata keçirmək daha münasibdir. Bem-Baverk Qossenin qanunlarından istifadə edərək istehlak dəyəri kimi mübadilə dəyərinin də məhsulların son faydalığı ilə subyektiv cəhətdən müəyyən olunduğunu sübut etməyə çalışırdı. O, subyektiv və obyektiv dəyər anlayışlarını bir-birindən fərqləndirmişdir. Subyektiv dəyər məhsulun alıcı və satıcı tərəfindən fərdi qiymətidir. Obyektiv dəyər isə bazarda rəqabət şəraitində formalaşan mübadilə nisbətidir. Məhz bu obyektiv və subyektiv dəyərlərin mübadilə prosesində qarşılaşdırılması nəticəsində məhsulun qiyməti meydana çıxır. Bem-Baverk qiymətin əmələ gəlməsi prosesini aşağıdakı kimi təsvir edir: əgər bazarda bir alıcı və bir satıcı olarsa, bu halda rəqabət olmur. Bu zaman alıcının təklif etdiyi subyektiv qiymətin maksimum, satıcının qiymətinin isə minimum səviyyələri mövcud olacaq, real qiymət bu hüdudlarda tərəddüd edəcəkdir. Şübhəsiz, burada əmtəənin qiyməti alıcı və satıcıların sövdələşmə bacarığından asılı olaraq bu və ya digər istiqamətdə dəyişə bilər. Lakin bazarda bir satıcıya qarşı öz aralarında rəqabət aparan bir neçə alıcı dayanarsa, bu halda rəqabət mübarizəsində qalib gələn alıcının qiyməti minimum, ən ağır şəkildə məğlub olan alıcının qiyməti isə maksimum hədd kimi müəyyən ediləcəkdir. Beləliklə, qiymət, qalib gələn alıcı ilə məğlub olan alıcının verdikləri qiymətin hüdudları daxilində müəyyən edilmiş olur. Nəticədə qiymət mübadilə zamanı əmtəənin alıcı və satıcı tərəfindən irəli sürülmüş subyektiv fikirlərinin toqquşmasından yaranır.

Bem-Baverkin tədqiqatında dəyər - insanların sərəncamında olan nemətlərin faydalığı haqqında onların fikirləridir və o, insan şüurundan kənarda mövcud deyildir. Bu zaman dəyər həmin nemətlərin son kəmiyyətinin faydası ilə ölçülür. Həmin müddəanı sübuta yetirmək üçün o, meşədə tənha yaşayan insanın təsərrüfatını və onun psixologiyasını tədqiq etmişdir. Bu zaman fərz edilir ki, həmin adam beş kisə taxıla malikdir. Birinci kisə onun yeməklə bağlı ilkin həyati tələbatının ödənməsinə, ikinci kisə istehlakı daha da yaxşılaşdırmağa, insanın səhhəti və qüvvətini qorumağa, üçüncü kisə çörəkdən ibarət olan yeməyə ət məhsulunun da əlavə edilməsi məqsədi ilə quşlar saxlamağa və yedirtməyə, dördüncü kisə çörəkdən araq çəkməyə, beşinci kisə isə öz səsi ilə tənha insana zövq verən tutuquşunu yemləməyə sərf edilir. Belə bir şəraitdə hər bir kisə taxılın subyektiv qiymətini müəyyən etmək zərurəti yaranır. Bem-Baverkin fikrincə, məhsul vahidinin qiyməti onun daha lazımsız, az əhəmiyyətli olan tələbatının ödənilməsi üçün zəruri olan son məhsulun faydası ilə ölçülür. Buna görə də məhsulları mübadilə etmək istərkən "tənha sakin" tutuquşunu yemləmək üçün istifadə edilən axırıncı kisə taxıldan imtina edəcəkdir. Buradan isə Bem-Baverk belə bir nəticə çıxarır ki, subyektiv qiymət mübadilə prosesində insanın malik olduğu nemətin ən az faydasından asılıdır, son faydalıq isə nemətlərin kəmiyyəti və fərd tərəfindən istehlakın intensivliyi ilə müəyyən edilir. Beləliklə, qiyməti təhlil edərkən Bem-Baverk belə bir nəticəyə gəlir ki, o, əvvəldən axıradək nemətlərin subyektiv qiymətləndirilməsinin nəticəsidir.

Bem-Baverkin iqtisadi tədqiqatlarının əsas istiqamətlərindən birini də "gözləmələr nəzəriyyəsi" təşkil edir. Həmin nəzəriyyəyə görə bütün sərvətlər iki yerə bölünürlər. Bunlardan birincisi şəxsi tələbatların ödənilməsinə xidmət edən istehlak nemətlərindən, ikincisi isə istehsal vasitələrinin aid edildiyi istehsal sərvətlərindən ibarətdir. Bem-Baverk göstərirdi ki, istehsal nemətləri öz müstəqil dəyərinə malik deyillər, belə ki, insan tələbatını bilavasitə ödəmirlər. Bem-Baverk onları "gələcək sərvət" adlandırır, həmin sərvətlərin faydasını isə "hazırkı sərvət" kimi çıxış edən istehlak nemətlərinin faydası ilə müəyyən edirdi. Kapitalist iqtisadiyyatı şəraitində hazırki sərvətin əldə edilməsində fəhlənin aldığı əmək haqqının müstəsna əhəmiyyətindən çıxış edərək onu "hazırkı sərvət" kimi səciyyələndirirdi. Bem-Baverkin mənfəət və faiz haqqında düşüncələri də bilavasitə onun "Gözləmələr nəzəriyyəsi" ilə müəyən edilir. Konkret olaraq onun "Kapital və mənfəət" əsərində sahibkarın mənfəət əldə etmək hüququ sübut edilir və o, faizə müncər olunur. Bem-Baverk göstərirdi ki, insanlar öz istehlakında bu gün istifadə etdikləri hazırki sərvətlərə daha çox üstünlük verirlər, belə ki, hazırkı dövrdə onların səmərəsi gələcək sərvətlərin səmərəsindən daha çoxdur. Nəticədə faizin (mənfəətin) mənbəyi kimi hazırki və gələcək sərvətlərin qiymətləndirilməsindəki fərq çıxış edir, faiz özü isə sahibkarın gözləməsinin nəticəsində yaranır. İş ondadır ki, kapitalist hər hansı bir məbləğdə kapital avans edərkən gələcək sərvət naminə hazırkı sərvətdən imtina edir. O, bu sərvəti reallaşdırmağı gözlədiyi üçün mənfəət əldə edir. Bem-Baverk yazırdı ki, hazırkı sərvətlərdən daha səmərəli istifadə olunması gələcəkdə daha çox sərvət əldə etməyə imkan verir. Belə bir fikri sübut etmək üçün Bem-Baverk Robinzonun təsərrüfat fəaliyyətinə müraciət edərək göstərirdi ki, əgər o, vaxtının bir hissəsini meyvənin toplanması və balıq ovu ilə yanaşı əmək alətlərinin hazırlanmasına da sərf edərsə, bu halda onun cari istehlak sərvətlərinin ehtiyatı ilk dövrdə azalacaqdır. Lakin hazırlanmış əmək alətləri Robinzona gələcəkdə daha çox istehlak sərvətləri əldə etməyə imkan verəcəkdir.

Bununla belə Bem-Baverk subyektivizm prinsiplərinə sadiq olan insanları sabah deyil, məhz bu gün sərvət almağa sövq edən aşağıdakı üç səbəbin olduğunu göstərirdi: Birincisi, cəmiyyətdə hər bir vaxt çoxlu sayda aztəminatlı insanların mövcudluğu; ikincisi, cəmiyyətdə kifayət səviyyədə zəif iradəli insanların olması; üçüncüsü, insanların hazırkı dövrdə daha çox fayda götürməyə can atmaları, belə ki, onlar belə hesab edirlər ki, gələcəkdə istehsalın nəticəsi aşağı düşə bilər.


Tarix: 17.03.2013 / 13:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: İqtisadiyyat ve dunya iqtisadiyyatcilari
loading...