beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruz bayramı

Novruz bayramı - yazın gəlişi ilə əlaqədar, Azərbaycan, İran, Qazaxıstan, Türkiyə və digər ölkələrdə qeyd olunan bayram.

2009-cu il sentyabrın 30-da Novruz YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.Mündəricat
1 Etimologiyası
2 Novruzun mənşəyi və tarixi
3 Novruz bayramında çərşənbələr
4 Novruz adətləri
5 Novruz dünya xalqlarının bayramı kimi
5.1 Novruz Azərbaycanda
5.2 Novruz İranda
5.3 Novruz Əfqanıstanda
5.4 Novruz Qırğızıstanda
5.5 Novruz Tacikistanda
5.6 Novruz Özbəkistanda
6 Şəkillər
7 İstinadlar
8 Xarici keçidlər
9 Həmçinin bax


Etimologiyası

Bu bayram Nuh peyğəmbərin adı ilə bağlı olaraq “Nuhun ruzisi” kimi başa düşülməlidir. Novruz” bayramı Nuh peyğəmbərin adı ilə bağlı olaraq “Nuhun ruzisi”, qisaldilmiş halda isə "Nuh Ruz" kimi başa düşülməlidir. Yəni bu gün, Nuh peyğəmbərin üzünə baxıb, tanrının insanlara bəxş etdiy ruzili, xeyir-bərəkətli və ən sonda, insanların xilas olduğu, qurtuluş və şükür günü kimi qəbul olunmalıdır.[1]

Novruzun mənşəyi və tarixi

Novruz xonçası

Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əsrlər boyu dini xadimlər, müxtəlif təriqət nümayəndələri bu bayramı təbii və tarixi köklərindən ayırmağa çalışmış, ona dini, mövhumi libas geyindirməyə cəhd göstərmşlər. Hətta bəzi din xadimləri belə bir fərziyyəyə uydurmuşlar ki, Novruz bayramı guya IV xəlifə Əlinin hakimiyyətə (656-661) gəldiyi günlə əlaqədardır. Halbuki imam Əli iyul ayında hakimiyyətə gəlmiş, Novruz isə yazda bayram edilir.

Xalqın bayramla əlaqədar keçirdiyi mərasimlər heç bir dini ehkamlar ilə bağlı deyildir. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.

SSRİ-nin poçt markası. Azərbaycanda Novruz

Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.

Nizamül Mülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

Azərbaycanın poçt markası. Azərbaycanlı qadın bayram xonçası ilə

Novruz bayramında çərşənbələr

Bəzi qədim inanclara görə kainat 4 ünsürdən - su, od, torpaq və küləkdən yaranıb. Hər il 4 çərşənbə Novruzdan, günün bərabərləşməsindən əvvəl qeyd olunur. Aşıqlar da "Ab, atəş, xak, badan yarandım" deyiblər vücudnamələrində, yəni su, od, torpaq və yelə bağlıdır insan.
Birinci su çərşənbəsi adlandırılırdı. Yəni bahara doğru çayların azacıq buz bağlayan yerləri əriyib çaylara tökülür. Torpaq yavaş-yavaş islanmağa başlayır. Qızlar bulaqlardan sərin, şirin su gətirərdilər, evin ətrafına çiləyərdilər, üzlərini yuyardılar.
İkincisi od çərşənbəsi adlanır. Ona görə ki, bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Od çərşənbəsində tonqallar qalayardılar. Hər ailə üzvünün adına bir şam yandırardılar. Xonçalar düzəldilərdi.
Üçüncüsü yel çərşənbəsidir. Yəni yel artıq azacıq oyanmış torpağı, təzəcə çıxmış yaza həsrət gülləri tərpədir, tumurcuqlanan ağacları yellədir.
Dördüncüsü torpaq çərşənbəsidir. Torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Ona görə də ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar "Səməni, saxla məni, ildə göyərdərəm səni" deyib buğda isladardılar.

Novruz adətləri

Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Papaq atmaq. Qapıya atılan papağı boş qaytarmazlar.
Qulaq falına çıxmaq. Əgər gizlin dinlənən evdən xoş söhbət eşidilərsə, bu arzunun yerinə yetəcəyinə işarədir.
Tonqaldan tullanmaq. Tonqaldan tullarkən bu ifadə deyilir: "Ağırlığım - uğurluğum odda yansın".
Üzük falına baxmaq. Qızlar üzüyü sapa bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə,bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir.
Səməni yetişdirmək. Bu yazın gəlişinə və bitkilərin oyanmasına işarədir.
Yumurta döyüşdürmək. Oyunun nəticəsində tərəflərdən biri digərinin tələblərini yerinə yetirir.
Qonaq getmək. Novruzda qohumların və qonşuların evinə qonaq gedərlər, onlara Novruz payı apararlar.
Şam yandırmaq. Novruzda ailənin sayı qədər şam yandırarlar.
Küsülülərin barışması. Novruzda heç kim küsülü qalmamalıdır. Bütün küsülülər barışmalıdır.
Yallı getmək. Azərbaycan xalqının qədim dövrdən bəri ifa etdiyi rəqsdir. Bunun mənası insanların birliyidir.
Xoruz döyüşdürmək. Bunun üçün xüsusi döyüş xoruzları böyüdülür.
Novruz oyunları oynamaq. Məsələn, ənzəli.

Novruz dünya xalqlarının bayramı kimi

Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.

Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.

Adətə görə süfrəyə "s" hərfi ilə başlayan 7 növ ərzaq qoyulur

Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.

Novruz Azərbaycanda
Ana məqalə: Novruz bayramı Azərbaycanda

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.

Novruz İranda
Ana məqalə: Novruz bayramı İranda

İranda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.

Novruz Əfqanıstanda
Ana məqalə: Novruz bayramı Əfqanıstanda

Əfqanıstanda da yumurta döyüşü olur

Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" - ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.

Novruz Qırğızıstanda
Ana məqalə: Novruz bayramı Qırğızıstanda

Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.

Novruz Tacikistanda
Ana məqalə: Novruz bayramı Tacikistanda

Tacikistanda isə Novruz martın 20-də başlayır, 3-4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.

Novruz Özbəkistanda
Ana məqalə: Novruz bayramı Özbəkistanda

Özbəkistanda Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.


Tarix: 20.03.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1198 Bölmə: Tarixdə bu gün