beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Novruzun heç kimə bəlli olmayan sirləri... (ARAŞDIRMA)

Bahar bayramı adətlərinin dəyişdirilməsində kim maraqlı olub?

“Bu gün qeyd etdiyimiz “Yel çərşənbəsi”nin adı əslində yel deyil. Bu çərşənbə axşamlarında heç tonqal da qalanmazdı. Əsl bayram martın 21-də ölkəyə yaz fəsli girəndə qeyd olunardı. Adət-ənənəyə görə, əvvəllər bu gün qeyd olunan “yel çərşənbəsi” “qara çərşənbə” adlanırdı. Bu çərşənbədə insanlar dünyasını dəyişmiş yaxınları və doğmalarının qəbirlərini ziyarət edər, ruhlarına dualar oxuyardılar”. Bunu Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya institunun aparıcı elmi işçisi, Tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazov ANS PRESS-ə açıqlamasında bildirib.

“Yəni bizim indi bildiyimiz qara bayram yel çərşənbəsində qeyd edilərdi. Əslində çərşənbələrin adları da əvvəllər başqa idi. Çərşənbələr “yalançı çərşənbə”, “müjdəçi çərşənbə”, “ata-baba”, yaxud da “qara çərşənbə” (dünyasını dəyişmiş yaxınlarmızı ziyarət etmək günü), “ilaxır çərşənbəsi” deyə adlanırdı.

Novruz isə fars mənşəli söz olub, iki sözün “nou” yeni, “ruz” gün sözlərinin birləşməsindən yaranıb.
Novruzun tarixi e.ə. 8-10-cu minilliklərə, yəni Neolit dövrünə gedib çıxır. Bu bayramda insanlar təbiətin onlara verdiyi hazır nemətlərdən artıq istehsala, yəni əkib-biçmək, heyvandarlıqla məşğul olmağa başlayırlar.

Tahir Şahbazov Novruzun əslində yaz bayramı olduğunu bildirir. “Bəziləri bu bayramı bir çox din və tarixi hadisələrlə bağlayırlar. Bəzi rəvayətlərə görə isə Novruz şahların, padşahların bayramı olub. Şərq xalqları mifologiyasında dünyanın ilk hökmdarı olan Kəyümərsin Novruzda taxta çıxdığı deyilir. Bu bayramı həm də Pişdadilər sülaləsinin 3-cü hökümdarı olan Cəmşidin adı ilə bağlamağa çalışıblar. Guya Cəmşid taxta çıxaraq öz əsabəsi ilə Azərbaycana gəlib. Onun qızıldan hazırlanmış tacına günəşin işğı düşüb və ətrafı işıqlandırıb. Hamı sevinməyə başlayıb. Bu sevincli günü də insanlar o vaxtdan bayram kimi qeyd ediblər. Ancaq bunların heç birinin ciddi əsası yoxdur”, - deyə tarixçi bildirir.
AMEA-nın aparıcı elmi işçisi Tahir Şahbazov Novruz bayramının hansısa din və ya şəxslə bağlanılmasını düzgün hesab etmir.

“Novruz yaz bayramı olduğu üçün onu ancaq ekvatordan şimalda yaşayan xalqlar qeyd edirlər. Novruz həm Avropa, həm də Asiyada qeyd edilir”, - deyə Tahir Şahbazov bildirib.

Novruz Zərdüştilikdən qabaq da ayrı-ayrı tayfaların içərisində qeyd edilib. Zərdüştilər sadəcə Novruz ənənəsini yaymağa başlayıblar. Bu bayram ənənələri hətta Hindistana qədər yayılıb. Bu gün də Novruz Hindistanda yaz bayramı kimi qeyd edilir.

Bundan başqa, Novruzu İslam dini ilə bağlama çalışanlar da var. Xüsusilə də bu hadisəni dördüncü xəlifə Əlinin (ə) taxta çıxması ilə bağlayırlar. Lakin İslamda Hicri-Qəməri təqvimi hər il 10 gün yerini dəyişir. Yəni xəlifə Əlinin (ə) doğum tarixi rəcəb ayının 13 fil ilindən, başqa sözlə, 30 il sonraya təsadüf edir. Bu təqvim də ilbəil dəyişir. Ancaq Novruzun gəlişi isə yarandığı gündən sabit olaraq qalır. Novruz hər il martın 20-də saat 15.02-də qeyd edilir. Bu da onu sübut edir ki, Novruzun islama heç bir aidiyyəti yoxdur.

Digər tərəfdən Novruzun adı astrologiya elmi ilə də hallanır. Hələ 18-ci əsrdə Adam Oleari adlı bir alman səyyahı Avropadan tutmuş bütün şərq ölklərini gəzir. O, yolunu Azərbaycandan da salır. Şamaxıda olanda o, Novruz bayramının şahidi olur. Öz qeydlərində Novruzu belə xatırlayır: “Bütün insanlar küçələrə yığışmışdılar. Padşahdan tutmuş adi insanlara qədər hamı Novruzun daxil olmasını gözləyirdilər. Abdulla xanın yanında olan bir nəfər öz qonomonu ilə (durbin) tez-tez Günəşin hərəkətini müşahidə edirdi. Günəş şimal yarımkürəsindən Qoç bürcünə daxil olan kimi yaz girmiş hesab olunurdu. Hamı sevinclə Novruzu qarşıladı. Yaylım atəşləri açıldı. Novruz bayramının topu atıldı”.

İran, Əfqanıstan, Tacikistan, Özbəkistan, Yaponiya, Koreya, Çin, Türkmənistan, Türkiyə və digər dövlətlərdə Novruz bahar bayramı kimi keçirilir.

Novruz regiondan regiona fərqli şəkildə qeyd edildiyi üçün onun adət-ənənələri, atributları da dəyişib. Bəzi bayram adətləri isə ümumiyyətlə sıradan çıxıb, dövrümüzə qədər gəlib çıxa bilməyib. Məsələn, İranda, Naxçıvan və Ordubada ənənəyə görə bayram süfrəsində “S” hərfi ilə başlayan 7 cür nemət olmalıdır. Amma əvvəllər süfrəyə “S” deyil, “Ş” hərfi ilə başlanan nemətlər düzülməli imiş. Müəyyən müddətdən sonra fikir veriblər ki, “Ş” hərfində “şərab” sözü var. Bu səbəbdən də onu dəyişiblər.

Novruzun əsas atributu olan Səmənin də özünəməxsus tarixçəsi olub. Tarix üzrə fəlsəfə doktoru Tahir Şahbazovun sözlərinə görə, yeni həyatı, yazın gəlişini, təbiətin oyanmasını nümayiş etdirən səməninin tarixi Şumerlərə gedib çıxır. Belə ki, şumerlərdə “somomi” adında müqəddəs bir bitki olub. Səməninin adının da oradan götürülməsi ehtimalı var.
İnsanlar arasında daim sülh, barış, bolluq, əmin-amanlıq yaradan bu yaz bayramını Azərbaycanda daim unutdurmağa çalışıblar. İlk məhdudiyyətlər Türkmənçay müqaviləsindən sonra olub. 1967-ci ildə Ali Sovetin sədri Şıxəli Qurbanov
Azərbaycanda Novruz bayramının keçirilməsi haqda qanun qəbul edib. SSRİ dövründə xalq gizli də olsa Novruzu qeyd etsə də, Novruz adət-ənənəsi itməyərək daha da kütləviləşdi. Yəqin ki, bunu bu yaz bayramının insanlar arasında bərabərlik yaratması, küsülüləri barışdırması, hətta qan düşmənlərini belə qisasdan vaz keçməyə çağırması ilə izah etmək olar.


Tarix: 12.03.2013 / 21:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 379 Bölmə: Tarixdə bu gün