beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-MAİDƏ (SÜFRƏ) SURƏSİNİN ŞƏRHİ 14-30 ayələr

(5.14) “Biz “Biz xristianlarıq” deyənlərdən də əhd almışdıq. Onlar yadlarına salınanın bir qismini unutduqları üçün Biz onların arasında Qiyamət gününədək düşmənçilik və nifrət oyatdıq. Allah onlara törətdiklərini xatırladacaqdır”.

Allah əhdi təkcə yəhudilərlə bağlamamışdı. O, özlərini Məryəm oğlu İsanın (ə) ardıcılları hesab edən şəxslərlə də əhd kəsmişdi. Onlar bəyan edirlər ki, Allaha və Onun elçilərinə və onların dəvət etdikləri hər şeyə iman gətiriblər, lakin onlar öz vədlərini pozdular, onlara verilən nəsihətlərin çoxunu yaddan çıxarıb, biliklərini itirdilər və müvafiq hökmləri yerinə yetirmədilər. Allah da onların arasına elə bir düşmənçilik və kin-küdurət saldı ki, Məhşər gününə qədər onlardan xilas ola bilməyəcəklər. Onların bir hissəsi digərlərini özlərinə tabe edir və aralarında ədavət və nifrət hissi baş qaldırır. Onlar bir biriləri ilə düşmənçilik edəcək, bir birinə nifrət bəsləyəcək, bir birinə düşməncəsinə baxacaq və aralarındakı nifaqdan əziyyət çəkəcəklər. Çox tezliklə isə Allah onların bütün törətdiklərini yadlarına salacaq və onları cəzalandıracaq.


(5.15) “Ey Kitab əhli! Sizin Kitabdan gizlətdiklərinizin çoxunu sizə açıqlayan və çoxunun da üstündən keçən Elçimiz yanınıza gəlmişdir. Sizə Allahın Nuru və açıq-aşkar Kitab gəlmişdir”.

Allahın yəhudilər və xristianlarla bağladığı əhdi barədə, çox az bir qisim insanlar istisna olmaqla, qalanlarının əvdlərini pozduqlarını xatırlatmasından sonra Fövqəluca Allah onlara Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirmələrini əmr edir və onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyini sübut edən təkzibolunmaz dəlillər gətirir. Bu dəlillərin gerçəkliyinin əsasında Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onların insanlardan, hətta öz nadan dindaşlarından belə gizlətdikləri bir çox şeyləri özlərinə açıqlaması faktı dururdu. Onlar elmə malik olanlar sayılırdılar və onlardan başqa heç kim onların bildiklərini bilmirdilər. Eyni zamanda, bu biliklərə nail olmaq istəyən hər kəs ancaq onların vasitəsilə bunu əldə edə bilərdi.
Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) bu Əzəmətli Quranı gətirərək, onun köməyi ilə Kitab əhlinin öz aralarında gizlətdiklərindən çox şeyləri izah etdi. O (ona Allahın salavatı və salamı olsun!), yazıb-oxumağı bilməyən bir insandı ki, bu özü də onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini təsdiq edən inandırıcı dəlillərdən biriydi. Kitab əhlinin gizlətdikləri biliklər arasında Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) təsviri, onun gələcəyi haqqında onların Müqəddəs Kitablarında xatırlanan peyğəmbərlərin öncədən xəbər verdikləri və həmçinin zinakarların daşqalaq edilməsi haqqında ayə və bir çox başqa şeylər var idi.
Allah bildirir ki, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) deyilməsi məqsədəuyğun olmayan məsələlər haqqında açıqlama verməkdən vaz keçirdi. O (ona Allahın salavatı və salamı olsun!), Allahdan insanlara Nur, yəni Müqəddəs Quran gətirmişdi ki, onun sayəsində nadanlıq və azğınlıq zülmətində haqq yolu işıqlandırırdı. Bu Aydın Kitabda insanların ehtiyac duyduqları bütün dini və dünyəvi məsələlər öz izahını tapmışdı. Onda Allah, Onun adları, sifətləri və əməlləri haqqında biliklər və həmçinin dini qanunlar, ədalətli mükafatlandırma və cəzalandırma qanunları cəmlənmişdi.


(5.16) “Allah Onu razı salmağa can atanları onun vasitəsilə əmin-amanlıq yolları ilə aparır. O, Öz İradəsi ilə onları qaranlıqlardan aydınlığa çıxarıb doğru yola yönəldir”.

Fövqəluca Allah ayədə bu Quranı rəhbər tutan insanlar və Allahın qulunun buna nail olmaq üçün hansı keyfiyyətlərə malik olması haqqında xəbər verir. Allah, Onun iltifatını qazanmaq ümidi ilə səy göstərən və insana cəzalardan xilas olmağa və Səadət Diyarına düşməyə imkan verən sülh yolunu tapmağa çalışanları doğru yola yönəldir. Bu, özünü düzgün biliklər əldə etməklə və onları bütövlükdə və xüsusilə həyata keçirməklə göstərir. Allah bu yollarla gedənləri imansızlıq, bidətçilik, itaətsizlik, nadanlıq zülmətlərindən çıxarib, iman, Sünnə, itaətkarlıq, elm, Fövqəluca Allahı zikr etmə nuruna yönəldir. Bütün bunlara ancaq Allahın öyüd-nəsihəti sayəsində nail olmaq mümkündür, çünki təkcə Onun istədiyi baş verir, Onun istəmədiyi bir şey isə baş verə bilməz.


(5.17) “Şübhəsiz ki, Məryəm oğlu Məsih – Allahdır” – deyənlər kafirdirlər. De: “Əgər O, Məryəmin oğlu Məsihi, onun anasını və bütün yerdə olanları məhv etmək istəsəydi, kim Allaha bir az da olsa, maneçilik törədə bilərdi?” Allah göylərin, yerin və onların arasında olanlar üzərində hökmrandır. O, istədiyini xəlq edir. Allah hər şeyə qadirdir!”

Əvvəlki hər iki Kitab əhlinin Allahla əhd bağlaması və sonradan onu pozması barəsində xatırlatdıqdan sonra, Fövqəluca Allah onların bir sıra yaramaz ifadələrini sadalayır.
Xristianlar elə sözlər danışırlar ki, onları başqaları söyləmir. Onlar Məryəm oğlu Məsihi Allah hesab edirlər və pozğun baxışlarını onun atasız doğulması ilə izah edirlər. Lakin onlar unudurlar ki, Həvva bu cəhətdən Məsihə bənzəyir, axı o, dünyaya anasız gəlmişdir, Adəm isə hətta ondan daha da üstündür, çünki o, atasız və anasız xəlq edilmişdir. Onda bəs onlar niyə hər ikisini Allah saymırlar, amma Məsihi ilahiləşdirirlər?
Buradan belə çıxır ki, xristianlar heç bir inandırıcı dəlil, hətta şübhə doğuran sübutlar belə olmadan öz istədiklərini qəbul edirlər. Allah onların iddialarını Özünün aydın məntiqi dəlilləri ilə təkzib edərək deyir ki, nə Məsih, nə onun anası, nə də Yerin digər sakinləri, Allah onları məhv etmək istəsə, özlərini heç bir vasitə ilə müdafiə edə bilməzlər. Əgər kimsə müsibətdən qorunmağa və özünü məhv olmaqdan xilas etməyə qabil deyilsə, o, ilahiləşdirilməyə layiq deyildir.
Yenə bir məntiqi dəlil ondan ibarətdir ki, Allah göylərin, yerin və onların arasında olan nə varsa hamısının üzərində mütləq hakimiyyətə malikdir. O, Kainatı Öz Qədərinin, dininin qanunlarına, ədalətli əvəzalma qanunlarına uyğun olaraq idarə edir. Bütün məxluqlar Ona məxsusdur və Onun İradəsinə tabedirlər. Məgər öz Rəbbinə mənsub olan aciz qul Allah ola və heç bir ehtiyac hiss etməyə bilərmi? Həqiqətən, belə bir şey qətiyyən mümkün deyil.
Xristianlar Məryəm oğlu İsanın (ə) atasız dünyaya gəlməsinə təəccüb etməməlidirlər, çünki Allah istədiyini yaradır. O, istədikdə, insanlar ata və analarından dünyaya gəlirlər ki, bu da Adəmin nəsillərinin əksəriyyəti ilə baş verir. Əgər O, lazım bilsə, insan dünyaya ata-anasız da gələr, buna misal Həvvadır. Əgər O, lazım bilsə, insan atası olmadan anasından doğula bilər ki, buna da misal İsa əleyhissalamdır. Əgər Allah istəyərsə, insan dünyaya ata-anasız da gələ bilər. Adəmin yaradılması da buna nümunədir. Fövqəluca Allah Öz məxluqlarını müxtəlif yaratmışdır, çünki Onun İradəsi sözsüz icra edilir və Onun üçün mümkün olmayan bir şey yoxdur.


(5.18) “Yəhudilər və xristianlar dedilər: “Biz Allahın oğullarıyıq və Onun sevimliləriyik”. De: “Bəs o, sizə günahlarınıza görə niyə əziyyət verir? Xeyir! Siz Onun yaratdığı insanlardan ancaq birisiniz. O, kimi istəyirsə, bağışlayır, kimi də istəyirsə, əziyyətə salır. Göylər, Yer və onların arasında olanlar Allahın mülküdür və axırda qayıdış Onadır”.

Yəhudilər və xristianlar özlərini günahsız insanlar hesab edir, Allahın oğulları və Onun sevimliləri olmalarını yalandan iddia edirlər. Onların dilində sevilən bir insanı oğul adlandırmaq olar, onlar isə özlərini birbaşa mənada Allahın oğulları saymırlar. Kitab əhlindən heç kim belə bir söz işlətmir, təkcə xristianlar Məsihi birmənalı olaraq Allahın Oğlu kimi qəbul edirlər.
Allah onların əsassız iddialarını rədd edərək, Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) əmr edir ki, onlara desin: “Bəs Allah sizi günahlarınıza görə niyə cəzalandırır? Əgər siz Onun sevimliləri olsaydınız, O sizi cəzalandırmazdı. Bilin ki, Allah ancaq xeyirxah işlər görənləri sevir. Siz isə adi insanlarsınız və Allahın ədalətli qanunlarına və Onun rəhmliliyinə uyğun olaraq mühakimə ediləcəksiniz. Allah istədiyi kəsi bağışlayır, istədiyini də cəzalandırır. Bu isə sizin əməllərinizdən asılı olacaqdır və məhz onların nəticəsi kimi bağışlanmaya və ya cəzalandırılmaya layiq görüləcəksiniz. Allah göylərdə, Yerdə və onların arasında olanların üzərində mütləq Hakimiyyət Sahibidir və biz hamımız Onun yanına qayıtmalıyıq. Əgər siz qullarımızdan birisisinizsə, onda nəyin əsasında digər insanlardan üstün olduğunuz fikrinə düşmüşsünüz? Siz hamınız Axirət həyatında Allaha qaytarılacaqsanız və öz əməllərinizə müvafiq əvəz alacaqsınız”.


(5.19) “Ey Kitab əhli! Elçilərin olmadığı dövrdən sonra, Elçimiz sizə bəyan etmək üçün yanınıza gəlmişdir ki, bir daha deməyəsiniz: “Bizə müjdə verən və xəbərdarlıq edən gəlməmişdir”. Artıq müjdəçi və xəbərdarlıq edən nəsihətçi gəlmişdir. Allah hər şeyə qadirdir”.

Pak və Fövqəluca Allah Kitab əhlinə lütfkarlığını göstərərək, onlara Müqəddəs Kitabını nazil etmişdi. O, onları Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə və insanların möhkəm ehtiyac duyduğu bir şəraitdə, bəşəriyyətə elçilərin gəlmədiyi dövrdə, O, onlara Öz Elçisini (ona Allahın salavatı və salamı olsun!) göndərdiyi üçün Ona minnətdar olmağa dəvət etmişdi.
Belə vəziyyət insanları Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyə məcbur edir, çünki o (ona Allahın salavatı və salamı olsun!) onlara Allahın məqsədini və dini hökmləri izah edirdi. Allah həqiqəti Öz qullarına çatdırmışdı ki, onlar sonradan narazılıq edərək: “bizə müjdə verən və xəbərdarlıq edən bir nəsihətçi gəlməmişdir” – deməsinlər. Müjdəçi və nəsihətçi artıq gəlmişdir. O (ona Allahın salavatı və salamı olsun!) onları həm bu dünyada və həm də Axirətdə mükafatlandırılacaqları xəbəri ilə sevindirdi, onlara mükafata layiq görüləcəkləri əməlləri bir-bir izah etdi, möminlərin məziyyətlərini təsvir edərək, onları həm bu dünyada və həm də ölümdən sonra cəzalandırılma haqqında da xəbərdarlıq etdi, insanları məşəqqətə məhkum edən əməlləri törətməkdən çəkindirdi və günahkarların xüsusiyyətlərini izah edib anlatdı.
Allah hər şeyin hakimidir. Bütün məxluqlar, istəsələr də, istəməsələr də Ona tabedirlər, çünki O, elə bir qüdrət Sahibidir ki, heç bir şey Ona müqavimət göstərə bilməz. Allah Öz Qüdrəti sayəsində elçilər göndərmiş, Kitablar nazil etmiş və onun sayəsində O, elçilərə itaət edənləri mükafatlandırır, onlara saymamazlıq edənləri isə cəzalandırır.


(5.20) “Bir vaxt Musa öz xalqına demişdi: “Ey xalqım! Allahın sizə mərhəmət göstərərək aranızdan peyğəmbərlər yaratdığını və sizdən hökmdarlar qoyduğunu xatırlayın. Aləmlərdən kimsəyə vermədiyini təkcə sizə əta etdi”.


(5.21) “Ey xalqım! Allahın (bəxtinizə) yazdığı müqəddəs torpağa girin və geriyə dönməyin, əgər dönsəniz zərərə uğrayarsınız”.

Allah Musaya (ə) və onun xalqına rəhm edərək onları Firondan və misirlilərdən xilas edir. Allah onları əsirlikdən və qul olmaqdan qurtarır və bundan sonra onlar öz vətənlərinə, doğma evlərinə yola düşürlər. Bu ərazi Qüds və onun həndəvərləri idi. Onlar müqəddəs torpağa yaxınlaşdıqları zaman, Allah onlara düşmənlərlə vuruşmağı və onları oradan qovub çıxarmağı əmr edir. Musa (ə) öz qəbilədaşlarına öyüd verməyə başlayır və onlara nəsihət edir ki, özlərində qüvvə tapıb düşmənlə döyüşsünlər. O (ə) deyir: “Allahın sizə göstərdiyi mərhəməti yadınıza salın. Onu qəlbinizlə və dilinizlə xatırlayın ki, bu sizə Allahı daha böyük məhəbbətlə sevməyə imkan versin və Ona ciddi-cəhdlə ibadət edəsiniz. O, sizə peyğəmbərlər göndərir ki, sizi düz yola dəvət etsinlər və məhv olmaqdan qorusunlar, sizi əbədi səadətə qovuşmağa ruhlandırırlar və bilmədiklərinizi sizə öyrədirlər. O, sizi öz taleyini müstəqil həll edən hökmdarlar etmişdir. O, sizi öz qullarına çevirmiş düşmənlərinizdən xilas etmiş və sizə müstəqil qərarlar qəbul etmək, öz dininizə azad şəkildə etiqad etmək imkanı vermişdir. O, sizə mənəvi və maddi nemətlər əta etmişdir ki, onları sizdən əvvəl heç kimə verməmişdi”.
Peyğəmbərin (ə) bu sözlərindən aydın olur ki, o uzaq zamanlarda israillilər insanların ən yaxşılarından idilər və Allah da onları, hələ heç kimin layiq görülmədiyi bol nemətlərlə şərəfləndirmişdi. Musa (ə) öz qəbilədaşlarına Allahın onlara əta etdiyi maddi və mənəvi nemətləri xatırlatmaqla onları iman gətirməyə, mətanət göstərməyə və Allah yolunda döyüşlərdə iştirak etməyə sövq etdirməliydi. Sonra o (ə) onlara əmr edir ki, müqəddəs Qüds torpağına daxil olsunlar və onlara bir xəbər də verir ki, əgər onlar həqiqətən də mömin idilərsə və Allahın sözlərinin doğruluğuna inanırdılarsa, bu onların qəlbinə iman gətirməliydi. O (ə) onlara xəbər verir ki, Allah artıq onların Qüdsü zəbt etməsini və düşmən üzərində qələbəsini təyin etmişdir. Musa (ə) deyir: “Əgər siz geriyə çəkilsəniz, onda zərərçəkmişlər kimi dönərsiniz. Maddi nemətlərdən məhrum olar, düşmənlər üzərində qələbəni əldən verər və torpaqlarınızı geri qaytara bilməzsiniz. Bununla yanaşı siz Son həyatınızı da itirərsiniz, çünki mükafatlarınızdan məhrum olaraq, özünüzü cəzalandırılmağa məhkum edərsiniz”.


(5.22) “Onlar dedilər: “Ey Musa! Orada çox güclü adamlar yaşayırlar və onlar oradan çıxıb getmədikcə biz oraya girmərik. Onlar oradan çıxsalar, biz ora girərik”.

İsraillilərin cavabı onların qorxaqlığına, ruh düşkünlüyünə, Allahın və Onun elçisinin (ə) hökmlərinə sayğısız münasibət bəslədiklərinə dəlalət edirdi. Onlar dedilər: “Ey Musa, bu yerdə güclü və cəsur insanlar yaşayırlar və bu bizə oraya girməyə mane olur. Həmin insanlar oranı tərk etmədikcə, biz o yerə ayaq basmarıq. Onlar oradan getsələr, biz oraya girərik”. Onlar qorxaq adamlar idilər və qəti etiqad sahibi deyildilər. Əgər bu belə olmasaydı, onlar başa düşərdilər ki, bütün insanlar – Adəmin nəsilləridir və ancaq Allahın kömək göstərdikləri kəslər güclü olurlar, çünki Ondan başqa heç kimin gücü və qüdrəti yoxdur. Onlar anlayardılar ki, Allahın Özünün vəd etdiyi qələbəni əldə etməyi bacara bilərdilər.

(5.23) “Allahın mərhəmət göstərdiyi iki təqvalı kişi dedilər: “Onların içinə darvazalardan girin. Siz oraya daxil olsanız, hökmən qələbə çalarsınız. Əgər iman gətirənlərsinizsə, ancaq Allaha təvəkkül edin!”

Allahdan qorxan təkcə iki kişi öz xalqını doğma torpaqları azad etmək üçün düşmənlə müharibəyə ruhlandırmağa başladılar. Allah onlara iltifat göstərib onları doğru yola yönəldərək, həmin çətin anda lazım olan sözləri onlara öyrətdi. Bununla yanaşı Allah onlara səbir və etiqad bəxş etdi. Onlar dedilər: “Şəhərə darvazalarından soxulun və onda hökmən qalib gələrsiniz. Düşmən üzərində üstünlük qazanmaq üçün, sizə təkcə qəti qərar qəbul etmək və darvazalardan zorla içəri girmək kifayətdir. Siz şəhərə daxil olan kimi düşmən məğlub olacaq”. Sonra onlar öz xalqına ən qüdrətli silahla silahlanmaq və Allaha təvəkkül etmək hökmü verdilər, çünki Ona ümid bəsləmək, xüsusilə belə bir şəraitdə, tapşırığı yerinə yetirməyə və düşmən üzərində qələbə qazanmağa kömək edir. Buradan aydın olur ki, mömin bəndə Allaha təvəkkül etməlidir və qulun təvəkkülü onun imanının dərəcəsindən asılıdır.

(5.24) “Onlar dedilər: “Ey Musa! Biz, onlar orada qaldıqca, heç vaxt oraya getmərik. Sən Rəbbinlə gedib vuruşun, biz isə burada oturacağıq”.

Heç bir nəsihət və məzəmmət israillilərə fayda vermədi və onlar özlərini ən alçaq adamlar kimi apardılar. Onlar belə dedilər: “Ey Musa! Şəhərin sakinləri orada qaldıqca biz oraya girmərik. Get öz Rəbbinlə döyüş, biz isə bax burada oturacağıq!”
Öz peyğəmbərinə söylənilən bu sözlərdən və bəslənən bu münasibətdən iyrənc və mənfur nə ola bilər?! Onlar bu rəftarı özləri çox ağır vəziyyətdə olduqları bir vaxtda etmişdilər, halbuki şərait onlardan peyğəmbəri müdafiə etməyi, gücə və qüdrətə malik olmağı tələb edirdi.
Bu və buna bənzər olan digər rəvayətlər Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) milləti ilə ondan əvvəlki millətlərin arasındakı fərqi xüsusilə vurğulayır. Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) öz səhabələri ilə məsləhətləşdikdə və onlara müşriklərlə Bədr yaxınlığında vuruşmağı təklif etdikdə, o (ona Allahın salavatı və salamı olsun!) öz qərarı üzərində israr etmədi və buna baxmayaraq, onlar dedilər: “Ey Allahın Elçisi! Əgər sən dənizdən piyada keçib getmək istəsən, biz də səninlə bərabər onu keçib gedərik. Sən döyüşə girmək istəsən, bir nəfərimiz də kənarda qalmaz. Biz, Musanın qəbilədaşlarının ona: “Get öz Rəbbinlə döyüş, biz isə bax burada oturacağıq” dediklərini sənə demərik. Get öz Rəbbinlə birlikdə döyüş və biz də sizinlə birlikdə: qarşında və arxanda, səndən sağda və solda döyüşəcəyik”.


(5.25) “O dedi: “Ey Rəbbim! Hökmüm özümdən və qardaşımdan başqa kimsəyə təsir etmir. Bizimlə o fasiq xalqın arasını Sən ayır”.

Musa peyğəmbər (ə) qəbilədaşlarının inadcıllığını görəndə ucadan dedi: “Ey Rəbbim! Mən ancaq özümə və bir də qardaşıma hökm edə bilirəm. Onlar düşmənləri ilə vuruşmaq istəmirlər, mən isə onları məcbur edə bilmirəm. Bizi bu fasiq xalqdan ayır və İlahi müdrikliyinə müvafiq olan qaydada Özün bizi mühakimə edib günahkarları cəzalandır”. Bu deyilənlərdən aydın olur ki, israillilərin söylədikləri sözlər ağır günah idi və onları yoldan çıxmağa və şərəfsizliyə salmışdı.


(5.26) “O dedi: “Elə isə ora onlara qırx il müddətinə qadağan olacaq. Onlar yer üzündə sərgərdan gəzəcəklər. Fasiq kimsələrə görə kədərlənmə”.

Allah Musanın (ə) duasına qulaq asaraq, İsrail oğullarını cəzalandırdı və onları müqəddəs şəhərə girməkdən məhrum edərək, onun müddətini qırx il müəyyənləşdirdi. Bütün bu illər ərzində onlar doğru yol tapmadan və rahatlıq bilmədən yer üzündə dolaşmalıydılar. Yəqin ki, bu cəza bu dünyada israillilərin günahlarını yumalı və onları daha dəhşətli əzab-əziyyətdən xilas etməli idi. Buradan belə çıxır ki, günaha görə cəza, mövcud nemətlərdən və ya insanın artıq layiq olduğu lütfkarlıqdan məhrum edilməsi və yaxud da onun daha sonrakı dövrə saxlanması kimi də ola bilər.
Ola bilsin ki, İsrail oğullarının sərgərdan gəzib dolaşması ona görə belə çox uzadılmışdı ki, səbir və dözümlülükdən məhrum ürəklərində doğmuş o dəhşətli sözləri işlədənlərin əksəriyyəti öləydi. Onlar artıq qul olmağa alışmış və əzəmətlilik iddiasında olmayan insanlara çevrilmişdilər. Allah istəyirdi ki, İsrail oğulları arasında düşmənlərini darmadağın etmək arzusu ilə tərbiyə almış insanların yeni nəsli yaransın və insanları xoşbəxt olmağa imkan verməyən quldarlıqdan və alçaldılmalardan xilas olsunlar.
Musa (ə) insanlara, o cümlədən, öz həmqəbilələrinə qarşı olduqca mərhəmətliydi və Fövqəluca Allaha məlum idi ki, o, öz xalqına ürəyiyananlıq edə bilər, onların məruz qaldığı cəzadan qüssələnə bilər, hətta onları artıq qəti müəyyən olunmuş cəzadan qurtarmağı Ondan xahiş edə bilər. Buna görə Allah ona günahkar xalqa görə kədərlənməyi və itaətdən boyun qaçıranlara acımağı qadağan etmişdi. Onların belə cəzaya məruz qalmalarının səbəbi öz əxlaqsızlıqları idi, Allah onlarla zalımcasına davranmırdı.

(5.27) “Adəmin iki oğlu haqqında gerçək hekayəti onlara oxu. Budur, onların hər ikisi qurban verdilər və o, onların ancaq birindən qəbul edildi, o birisindən isə qəbul edilmədi. O dedi: “Mən hökmən səni öldürəcəyəm”. O biri isə dedi: “Həqiqətən, Allah ancaq Ondan qorxanlardan qəbul edir”.

(5.28) “Əgər sən məni öldürmək üçün əlini mənə uzatsan, mən onsuz da səni öldürmək üçün əlimi sənə uzatmayacağam. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram”.

(5.29) “Mən istəyirəm ki, sən mənim günahımla və öz günahınla qayıdıb Od əhlinin arasına düşəsən. Zalımlar belə əvəz alırlar”.

(5.30) “Nəfsi onu öz qardaşını öldürməyə sövq etdi və o, onu öldürərək zərərə düşənlərdən biri oldu”.

(5.31) “Allah qarğanı göndərdi ki, torpağı qazıb, qardaşının meyitini gizlətməyi ona göstərsin. O, dedi: “Vay mənim halıma! Məgər mən bu qarğa kimi edib, qardaşımın meyitini gizlədə bilmərəmmi?” Beləliklə, o, təəssüflənənlərdən biri oldu”.

Ey Muhəmməd! İnsanlara Adəmin iki oğlu arasında baş verən hadisə haqqında həqiqəti danış ki, qoy istəyən hər kəs özü üçün ondan faydalı bir nəticə çıxartsın. Doğruçu ol, yalan danışma, vicdanla danış və məzələnmə!
Tamamilə aydındır ki, söhbət Adəmin iki doğma oğlundan gedir. Bu, ayənin mətninin mənasından da aydınlaşır və bu rəyi şərhçilərin əksəriyyəti müdafiə edirlər. Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) onların necə qurban verdiklərini və onun nə ilə nəticələndiyini insanlara danışmağı əmr edir.
Adəmin iki oğlundan hər biri öz əmlakının bir hissəsini Allaha yaxınlaşmaq üçün qurban verir, Uca Rəbb onlardan ancaq birinin qurbanını qəbul edir. Onlar bu barədə ya göylərdən gələn açıqlama vasitəsilə və yaxud da qədim xalqların mənimsədikləri adətlər vasitəsilə öyrənib bilirlər. Bu adətə uyğun olaraq, Allah qurbanı qəbul etdikdə, göydən od püskürər və onu yandırardı.
Adəmin qurbanı qəbul olunmamış oğlunu paxıllıq və acıq tutmuşdu və o, qardaşına dedi: “Mən səni öldürəcəyəm!” Qardaşı isə, ona ürəyi yanaraq, dedi: “Allah qurbanı ancaq Ondan qorxan qullarından qəbul edir. Mən nə günah etmişəm ki? Sən məni hansı cinayətə görə öldürmək istəyirsən? Yoxsa sən məni Allahdan qorxduğuma görə öldürmək istəyirsən? Halbuki həm biz səninlə Onun qarşısında qorxmalıyıq və həm də qalan məxluqlar qorxmalıdırlar”.
Qeyd edim ki, ən səhih təfsirlərə uyğun olaraq, xeyirxah əməllər, onları Allah qarşısında qorxu hissi, səmimiyyətlə Onun xatirinə və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) hökmlərinə uyğun yerinə yetirənlərdən qəbul edilir.
Sonra qəlbində Allah qorxusu Adəm oğlu qardaşına deyir ki, o, ona hücum edərək və ya özünü müdafiə məqsədilə onu öldürməyəcək. O belə deyir: “Əgər sən məni öldürməyə cəhd etsən, mən onsuz da əlimi uzadıb səni öldürməyəcəyəm. Bunun səbəbi mənim qorxaqlığımda və ya zəifliyimdə deyil. İş orasındadır ki, mən aləmlərin Rəbbi Allahdan qorxuram. İnsan Ondan qorxduqda günah, xüsusilə onlardan ağırını işlətməz. Əgər sən qətl etməyə hazırlaşırsansa, onda Allahdan qorxmalısan. Lakin iş o yerə çatsa ki, mən ya öldürməli və ya sənin əlinlə öldürülməli olsam, onda mən ölməyi üstün tutaram. Amma bu halda, sən həm özünün günahlarının və həm də mənim günahlarımın ağırlığını öz üstünə götürməli olacaqsan və sonra da sən Cəhənnəm odunun sakinləri arasına düşəcəksən. Zalımlıq edənlərin alacaqları əvəz belədir”.
Bu sözlərdən aydın olur ki, qətl ağır günahlara aiddir və insanı Cəhənnəm cəzasına məhkum edir. Buna baxmayaraq, hətta belə sözlər də cinayətkarı günah törətməkdən saxlamadı və o, qəti qərara gəldi ki qardaşını öldürsün. Ona hətta elə gəldi ki, bu rəftar yüngül və düzgündür, hərçənd Allahın qanunu və pak fitrət insan həyatının toxunulmazlığını göstərir. O öz qardaşını öldürməklə öz həyatını həm bu dünyada və həm də axirətdə məhv edənlərdən biri oldu.
O, birinci olaraq ondan sonra qətl törədənlərə yol açdı və səhih hədisdə deyilir: “Kim başqa insanlara pis nümunə göstərsə, onun həm öz günahlarının ağırlığı və həm də onun nümunəsini Qiyamət gününə qədər davam etdirənlərin günahlarının ağırlığı onun üstünə düşər”. Digər bir səhih hədisdə də deyilir: “Hər dəfə bir insanı qətlə yetirəndə axıdılan qanın bir hissəsi Adəmin birinci oğlunun üstünə düşür, çünki qətllərə yol açan adamların birincisi o olmuşdur”.
Qardaşını öldürdükdən sonra o onun cəsədi ilə nə edəcəyini bilmirdi, çünki qətl edilən Adəmin birinci oğlu idi ki, öldürülmüşdü. Belə olduqda, Fövqəluca Allah onun yanına bir qarğa göndərir ki, yeri qazıb başqa bir ölü qarğanı basdırsın. Beləliklə, O, ona qardaşının cəsədi ilə nə edəcəyini göstərdi və elə onda da Adəmin oğlu törətdiyi əmələ peşman oldu. Həqiqətən, təəssüf və zərər – bütün günahların nəticəsidir.
“Sava” sözü “bədənin örtülməli olan hissəsinə deyilir”. Cəsədin belə adlandırılmasının səbəbi onun bir şeyə bürünməli olduğuna işarədir.


Tarix: 20.04.2013 / 15:04 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 566 Bölmə: Sureler