beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 17-30

(6.17) “Əgər Allah sənə bir sıxıntı versə, (səni ondan) Allahdan başqa heç kəs qurtara bilməz. Əgər (Allah) sənə bir xeyir yetirsə (heç kəs Ona mane ola bilməz). Çünki O, hər şeyə qadirdir!”

Tövhidin gerçəkliyinin dəlillərindən biri ondan ibarətdir ki, təkcə Fövqəluca Allah insanları bədbəxtçilikdən xilas edir və onları xeyir və əmin-amanlıqla təmin edir. O, insanlara dilənçilik, xəstəlik, müsibət, qəm, kədər və yaxud hər hansı digər bədbəxtçilik nəsib edərsə, onda heç kim onu həmin əzablardan qurtara bilməz. Əgər Allah istəsə ki, insana yaxşılıq əta etsin, bilin ki, O, bütün varlıqlar üzərində hökmrandır. Tək O, fayda verməyə və ya zərər vurmağa qadirdir, bu isə o deməkdir ki, yalnız O, ibadətə və sitayişə layiqdir.

(6.18) “O Öz qulları üzərində mütləq Hakimidir. O, hikmət sahibidir, (hər şeydən) xəbərdardır!”

Allahın izni olmadan bir məxluq belə nə qərar qəbul etməyə, nə hərəkət və ya istirahət etməyə qadir deyildir. Nə hökmdarlar, nə də onların təbəələri Onun mülkünü tərk etməyə və Onun asılılığından qurtulmağa qadir deyillər, çünki onların hamısı Ona tabedirlər. O, təkbaşına məxluqlarını Özünə tabe edir və onların hamısı Onun qarşısında məsuliyyət daşıyırlar və bu isə o deməkdir ki, təkcə O, ibadətə layiqdir. O, hökm verir və qadağan edir, mükafatlandırır və cəzalandırır, yaradır və ilahi müdrikliyinə tam uyğun olaraq öncədən müəyyənləşdirir. O, bütün sirlərdən və gizli niyyətlərdən agahdır və ən az gözə görünən əməllər haqqında bilir və bu da həmçinin həqiqi tövhidi təsdiq edir.


(6.19) “De: “Şahidlik baxımından nə daha böyükdür? Mənimlə sizin aranızda Allah şahiddir. Bu Quran mənə sizi və ona (gələcəkdə) yetişəcək kimsələri (qiyamətə qədər) xəbərdarlıq edib qorxutmağım üçün vəhy olundu. Məgər siz Allahla yanaşı başqa tanrılar olduğuna şahidlik edirsiniz?” De “O, tək bir Tanrıdır. Mən sizin Ona şərik qoşduqlarınızdan (bütlərdən) tamamilə kənaram!”

Qoy doğru yolun və haqq Təlimatın izah edildiyi kafirlər onlara təqdim olunmuş əzəmətli meyardan istifadə etsinlər və qoy söyləsinlər görək, kimin şahidliyi ən mühümdür? Şübhəsiz ki, ən vacib olan Allahın şəhadətidir, çünki heç kimin şahidliyi Onun şahidliyindən üstün olmağa qadir ola bilməz. O, Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) doğruçuluğunu artıq təsdiq etmiş və onun (ona Allahın salavatı və salamı olsun!) söylədiklərini və əməllərini bəyənmişdir. Fövqəluca Allah belə buyurur: “Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq (sağ əlini kəsərdik, yaxud boynunu vurardıq)! Sonra onun şah damarını qopardardıq! Heç biriniz (Bizim əzabımızı) ondan dəf edə bilməzdiniz” (Haqqə, 69/44-47).
Allah – Müdrik və Əzəmətli Rəbdir. Onun ilahi müdrikliyi və hüdudsuz qüdrəti Ona yol vermir ki, Ona böhtan atan yalançıların sözlərini təsdiq etsin. Əgər insan yalandan: “Allah onu elçi göndərmişdir, ona insanlar arasında təbliğ etməyi tapşırmışdır və onun hökmünə tabe olmayanları öldürməyə, onların mal-mülkünü mənimsəməyə və qadınlarını kölə götürməyə icazə vermişdir” – deyə, bəyan edərsə, onda Allah heç vaxt onun bəyanatlarını qəribə möcüzələr və aydın ayələr vasitəsilə təsdiq etməz. O, ona kömək etməz və onun düşmənlərini və əleyhdarlarını Öz yardımından məhrum etməz. Bundan da inandırıcı sübut nə ola bilər?!
Sonra Allah bildirir ki, Müqəddəs Quran bəşəriyyətə onun rifahı üçün nazil edilmişdir ki, onun vasitəsilə insanlar əzabverici cəzadan çəkindirilsin. İstənilən çəkindirmə, çəkinilməsi lazım gələn şey barədə xatırlatmaqdan, azdırılmaqdan və bu xəbərdarlıqla qorxudulmaqdan və insanın bu xəbərdarlıqdan istifadə edə bilməsi üçün qəlb və bədənlə yerinə yetirilməsi zəruri olan sözlərin və əməllərin izah edilməsindən ibarətdir. Quran insanları Qiyamət gününün başlanmasınadək xəbərdar edir və onu öyrənmək istəyən hər kəs onda olan və bilməsinə ehtiyac duyduğu ilahi həqiqətlərinin izahını hökmən tapacaqdır.
Allah, Özünün Tək Allah olması haqqındakı şəhadətini – bütün şəhadətlərdən ən əzəmətli şəhadəti izah etdikdən sonra, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, Vəhyi inkar edən və Onun elçilərini yalançı sayan kafirlərə belə desin: “Doğrudanmı siz Allahla bərabər digər allahların mövcudluğuna şəhadət verməyə hazırsınız? Siz buna hətta şahidlik etsəniz də mən onu etmərəm!”
Beləliklə, sözü ən doğru olan aləmlərin Rəbbi və məxluqların ən alicənabı, doğruçuluğu inandırıcı və təkzibedilməz dəlillərlə təsdiq edilən şahidlik edir ki, Allaha şərik qoşmadan təkcə Ona ibadət etmək lazımdır. Qoy indi hər kəs bu şahidliyi, ağılları bulanıq, qarma-qarışıq etiqadlı, sağlam təfəkkürlü insanlarda gülüş doğuran qüsurlu baxışlara malik və yaramaz xasiyyətli müşriklərin şahidliyi ilə müqayisə etsin. Onların şahidliyi nöqsansız təhtəlşüura (Burada: İnsanın sağlam təxəyyülü, haqq elmə əsaslanan təfəkkürü. F.S)əksdir, onların Allahla bərabər digər allahların mövcudluğu haqqındakı bəyanatları isə ziddiyyətlidir. Onların gətirdikləri “sübutlarına” nəinki tamamilə inandırıcı deyil deməyə, onları hətta şübhəli adlandırmağa belə ehtiyac yoxdur.
Qoy ağıllı qərar qəbul etməyə qadir olan hər kəs bu şahidliklərdən birinə üstünlük versin. Biz isə üstünlüyü Allahın üstün tutduğu Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) veririk ki, bizə onun yolu ilə getmək əmr olunmuşdur. Biz, bir Allahın varlığını qəbul edirik ki, Ondan başqa ibadətə və sitayişə layiq olan yoxdur və Ondan başqa digər yaradanlar və hökmdarlar da yoxdur. Biz, Allaha şərik qoşulan hər hansı bütü, heykəli və digər uydurulmuş tanrıçaları inkar edirik. Bu etiraf – Tək Allahın ilahiliyinin etirafı və qalan bütün yaradılmışların ilahiliyinin inkarı – həqiqi tövhidin mahiyyətidir.


(6.20) “Kitab verilmiş şəxslər onu (Muhəmməd peyğəmbəri) öz oğullarını tanıdıqları kimi tanıyırlar. Özlərinə zərər edənlər, əlbəttə, iman gətirməzlər!”

Tövhidin gerçəkliyi haqqında Öz şəhadətini və Elçisinin (ona Allahın salavatı və salamı olsun!) şəhadətini və həmçinin heç bir elmi olmadan tövhidi inkar edən müşriklərin şəhadətini açıqladıqdan sonra, Fövqəluca Allah bildirir ki, Kitab əhli – yəhudilər və xristianlar – təkcə Ona ibadətin haqq olduğundan, öz doğma oğullarını tanıdıqları kimi, agahdırlar. Onlar tək Ona ibadət etməyin zəruriliyinə, öz doğma övladlarına, xüsusilə, bir qayda olaraq, ataları ilə birlikdə olan oğullarına şübhə etmədikləri kimi, şübhə etmirlər.
Başqa bir şərhə görə isə, bu ayədəki əvəzlik Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) aiddir. Ondan aydın olur ki, Kitab əhli onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyinin həqiqiliyinə şübhə etmirlər, çünki sonuncu peyğəmbərin xüsusiyyətləri haqqında öncə vəhy edilən çoxsaylı xəbərlərMuhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gələcək son elçi olması haqqında Uca Allahın əvvəlki peyğəmbərlərə nazil etdiyi Kitablardakı məlumatlar nəzərdə tutulur. F.S. ( onlara məlumdur və Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) məziyyətlərinə tamamilə uyğundur və başqa heç kimə uyğun gəlmir. Şübhəsiz ki, hər iki şərh bir-biri ilə qarşılıqlı bağlıdır.
Sonra Allah xəbər verir ki, əgər insanlar imanı və tövhidi unudurlarsa, halbuki insanlar məhz onlara görə xəlq ediliblər, onda Şan-şöhrətli Hökmdarın mərhəmətindən məhrum edilirlər. Onlar – islahedilməz kafirlərdir və əgər insan imandan məhrumdursa, onda onu gözləyən təsəvvür olunmayan dərəcədə böyük zərər və uğursuzluq haqqında hətta heç soruşmaya da dəyməz.


(6.21) “Allaha iftira yaxan və Onun ayələrini yalan hesab edən kəsdən daha zalım kim ola bilər?! Şübhəsiz ki, zalımlar nicat tapmazlar!”

Burada sadalanan keyfiyyətlərdən birinə malik olanlardan daha zalım insan yoxdur. Onda eyni zamanda Allaha həm böhtan atan və həm də Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi ayələri yalanlayan kəslər haqqında nə demək ola? Belə adam ən qəddar zalımdır və heç vaxt uğur qazana bilməz. Bu, Allaha yalan istinad etməyə çalışanların və Onun şəriklərinin və ya köməkçilərinin olduğunu iddia edənlərin, başqa ilahlara ibadəti zəruri sayanların, Allahın zövcəsi və ya oğlu olduğuna inananların, Allahın elçilərinin (Allahın onlara salamı olsun) gətirdiyi və onlardan sonra onların dini varislərinin təbliğ etdikləri haqqı dananların hamısına aiddir.


(6.22) “O gün (qiyamət günü) onların hamısını (bir yerə) toplayacaq, sonra (Allaha) şərik qoşanlara deyəcəyik: “(Tanrı olduqlarını) iddia etdiyiniz şərikləriniz (bütləriniz) haradadır?!”

Ayədə Fövqəluca Allah müşrikləri Qiyamət günü gözləyən aqibət haqqında xəbər verir. Onları qınayacaq və Allaha qoşduqları şərikləri haqqında onlardan soruşacaqlar. Şübhəsiz ki, Onun şəriki yoxdur, lakin müşriklərdən bu barədə soruşacaqlar, çünki onlar böyük bir yalan uyduraraq şəriklərin olduğunu söyləyirdilər.

(6.23) “Onların: “Rəbbimiz Allaha and olsun ki, biz müşrik deyildik!” deməkdən başqa heç bir çarələri qalmayacaq”.

Onları sınayacaq və ibadət etdikləri “ilahlar” haqqında soruşacaqlar, lakin onlar Allaha şərik qoşduqlarını inkar edəcəklər. Onlar and içəcəklər ki, heç vaxt bütpərəst və müşrik olmayıblar.

(6.24) “Gör onlar özlərinə qarşı necə yalan deyirlər. Özlərindən uydurub düzəltdikləri bütlər də onlardan qeyb olacaq!”

Gör onların davranışı necə də biabırçıdır! Allaha and olsun ki, onlar yalan uydururlar və bu yalan onları böyük ziyana uğradacaq və onlara nəhəng zərər vuracaq, çünki onların Allahla bərabər ibadət etdikləri onlardan üz döndərəcək və onları tərk edəcəklər. Həqiqətən, Allah onların uydurduqlarından sonsuzluğa qədər uzaqdır!

(6.25) “(Müşriklərin) içərisində səni dinləyənlər də vardır. Lakin (müsəlmanlara qarşı düşmən hərəkətlərinə görə) onu (Quranı) başa düşməsinlər deyə, onların ürəklərinə pərdə çəkdik, qulaqlarına da karlıq (ağırlıq) verdik. Onlar hər hansı bir möcüzə görsələr, yenə də ona inanmazlar. Hətta yanına gəldikdə səninlə höcətləşərlər. Kafir olanlar: ”Bu, qədimlərin əfsanələrindən (nağıllardan) başqa bir şey deyildir!” - deyərlər”.

Müşriklərin arasında elələri də var ki, onlar bir sıra hallarda sənin xütbələrini dinləməyə gəlirlər. Lakin onlar bunu həqiqəti öyrənməyə və ona itaət etməyə can atdıqları və xoş niyyətdə olduqları üçün etmirlər və elə ona görə də xütbələri dinləmək onlara fayda vermir. Onların ürəkləri pərdə ilə örtülmüşdür və o, onlara Allahın sözlərini başa düşməyə imkan vermir və Allahın sözlərini belə günahkarlardan qoruyur, onların qulaqları isə kar edilmişdir ki, onlara xeyir gətirən sözləri eşitməsinlər.
Gördükləri istənilən möcüzə onları onsuz da möminlərə çevirməyəcək, çünki onların zalımlığı və inadkarlığı son həddə çatmışdır. Onlar haqqa dəlalət edən açıq-aydın ayələrə tabe olmaq istəmirlər və onların həqiqiliyini qəbul etmirlər. Əksinə, müşriklər öz yalançı baxışlarını qorumaqda davam edərək, həqiqəti təkzib edə biləcəklərinə ümid bəsləyirlər. Onlar bəyan edirlər ki, göydən nazil edilən vəhylər qədim xalqların, insanlar tərəfindən yazılmış nağıllarından götürülmüşdür. Onlar vəhyləri, Rəbbin elçiləri tərəfindən gətirilmiş Allahın sözü hesab etmirlər və bunun səbəbi onların kafirliyindədir. Məgər keçmişdən və gələcəkdən verilən xəbərlərdən ibarət olan, peyğəmbərlərin və elçilərin gətirdiklərini və təbliğ etdikləri həqiqəti, qərəzsizliyi və mütləq ədaləti izah edən Kitab qədim xalqların nağılları ola bilərmi?!


(6.26) “(Müşriklər özlərinə uyanları Quranı) dinləməyi qadağan edər, özləri də onlardan uzaq durarlar. Onlar (başqalarını deyil), yalnız özlərini həlak edər, lakin (bunun) fərqinə varmazlar”.

Allaha şərik qoşan və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalançı sayan müşriklər, nəinki azğınlıq zülməti içində özləri dolaşır, həm də başqalarını azğınlığa salırlar. Onlar insanları həqiqi Təlimdən istifadə etməyə mane olur, xəbərdar edir və hətta ondan uzaqlaşdırırlar. Lakin onlar öz əməlləri ilə nə Allaha və nə də Onun mömin bəndələrinə ziyan vura bilmirlər. Müşriklər ancaq özlərini məhv edir, lakin bunu başa düşmürlər.


(6.27) “(Ey Elçi!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!”

(6.28) “Xeyr, əvvəlcə (ürəklərində) gizlətdikləri (küfr, nifaq və çirkin əməllər) onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunduqları şeyə (küfr və günaha) əl qatardılar. Onlar, şübhəsiz ki, yalançıdırlar!”

Fövqəluca Allah bu ayələrdə Qiyamət günü özlərinin Odpüskürən Cəhənnəm qarşısına düşdüklərini görəcək müşriklərin vəziyyəti barədə xəbər verir. Onları Cəhənnəm qarşısında saxlayacaqlar ki, tənə və danlaqlara qulaq assınlar. Bu, dəhşətli bir səhnə və ürəkparçalayan bir tamaşa olacaq. Onlar kafirliyə etiqad etdiklərini və Allaha itaət etməkdən yayındıqlarını boyunlarına alacaq və onları yenidən Yer üzünə qaytarmağı diləyəcəklər. Onlar bir daha heç vaxt Allahın ayələrini inkar etməyəcəklərinə və əsil mömin olacaqlarına söz verəcəklər, lakin onlar bunu ona görə edəcəklər ki, əvvəllər gizli saxladıqları artıq onlara bəyan olacaq.
Onlar çox vaxt başa düşürdülər ki, yalançılıq edirlər, lakin onlar bunu öz ürəklərində gizlədirdilər. Yaramaz niyyətli olmaları onlara yalandan əl çəkməyə imkan vermir və onların qəlbini xeyirxahlıq etməkdən döndərirdi və buna görə hətta Axirət günü onların vədləri yalan olacaqdır. Müşriklər ancaq onlara doğru yönəlmiş cəzanı özlərindən uzaqlaşdırmaq üçün vədə verəcəklər və əgər onları geri döndərsəydilər, yenə də qadağan olunmuş əməllərə yol verərdilər, çünki onlar – yalançıdırlar.


(6.29) “(Əgər onlar dünyaya qaytarılsaydılar) yenə də: “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” – deyərdilər”.

(6.30) “Sən onları (sorğu-sual üçün) Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara (mələklər vasitəsilə) belə buyuracaq: “Bu, (öləndən sonra dirilmək) haqq deyilmi? Onlar: ”Bəli, Rəbbimizə and olsun (ki, bu, haqdır!)” – deyə cavab verəcəklər. (Allah) buyuracaq: “Elə isə etdiyiniz kafirliyə görə dadın əzabı!”.

Onlar dirildiləcəklərini inkar edir və deyirdilər: “Təkcə dünya həyatı vardır və biz yaradılmışıq ki, bu dünyada yaşayaq. Biz heç vaxt dirildilməyəcəyik!” Lakin, sən onları Rəbbi qarşısında saxlandıqları zaman görsəydin, qarşında dəhşətli bir mənzərə açılardı. Onları danlayacaq və məzəmmət edəcəklər: “Məgər gördüyünüz bu cəza həqiqi deyilmi?” Ancaq belə olduqda, onlar gerçəkliyi etiraf edəcəklər. Lakin bu, onlara fayda verməyəcək və onlar kafir olduqları üçün cəzanı dadmalı olacaqlar.


Tarix: 20.04.2013 / 15:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 333 Bölmə: Sureler