beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏNAM SURƏSİNİN ŞƏRHİ 51-70

(6.51) “Rəbbinin hüzuruna cəm ediləcəklərindən qorxanları onunla (Quranla) xəbərdar et. Onların Allahdan başqa heç bir hamisi və havadarı yoxdur. Bəlkə də, onlar (bununla) pis əməllərdən çəkinsinlər!”

Bu Quran – bütün insanlar üçün öyüd-nəsihətdir, lakin təkcə Rəbbinin qarşısında toplaşacaqları gündən qorxanlar ondan faydalanarlar. Bu insanlar qəti əmindirlər ki, onlar bu maddi dünyanı tərk edib əbədi məskənə köçəcəklər və buna görə onlar özləri ilə yol üçün onlara fayda verən şeylər götürməlidirlər. Bununla yanaşı, onlar, yolçuya zərər verə biləcək hər şeydən uzaq qaçırlar. Onlar başa düşürlər ki, heç bir məxluq onlara istədiklərini əldə etməyə və təhlükələrdən qorunmağa kömək edə bilməz. Heç kim onlara havadar çıxa bilməz, çünki yaradılmışlar Kainatda baş verən proseslər üzərində hakimiyyətə malik deyillər. Öyüd-nəsihət insanda Allah qarşısında qorxu hissi oyatdığı üçün, Quranın öyüd-nəsihətləri sayəsində onlar Allahın hökmlərini yerinə yetirməyə başlayır və Onun haramlarından uzaq gəzirlər.

(6.52) “(Ey Elçim!)Rəbbinin Camalını diləyərək səhər-axşam Ona dua edənləri yanından qovma. Onların əməllərinin sənə, sənin əməllərinin isə onlara heç bir dəxli yoxdur. Buna görə də onları qovsan zalımlardan olarsan”.

Allaha səmimiyyətlə ibadət edənləri öz yığıncaqlarından qovma və başqa adamlarla müsahibələrinə üstünlük vermə, sübh çağı və günəş qürub etməzdən əvvəl Ona ibadət edənləri, namazları zamanı və başqa şəraitdə Onu zikr edənləri və Ona dua edənləri özündən uzaqlaşdırma! Onlar ancaq Onun xatirinə, heç bir tamah məqsədi güdmədən belə səmimi səy göstərirlər. Buna görə onlar sənin onları qovmağına və onlardan üz çevirməyinə layiq deyillər. Əksinə, onlar sənin dostluğuna, məhəbbətinə və sənin onlara mehribanlıq göstərməyinə layiqdirlər, axı onlar bəşəriyyətin ən yaxşı nümayəndələridir. Hərçənd onlar yoxsuldur, ətrafdakılar onlara həqarətlə baxırlar, amma onlar şərəfli və ləyaqətli insanlardır. Sən onlar üçün məsuliyyət daşımırsan, onlar da sənə görə məsuliyyət daşımırlar. Hər bir insan öz hesabını alacaq və özünün yaxşı və pis əməllərinə görə özü cavab verəcək. Lakin əgər sən onları qovsan, onda ədalətsiz zalımlardan olarsan.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) ən kamil surətdə Allahın iradəsinə tabe oldu, ehtiyac içində olan möminlərlə birgə çox oturar və onlara mehribanlıqla yanaşardı. O, onlara xoş rəftar göstərər, ehtiramlarını saxlayar və özündən kənara qoymazdı. Onlar hətta başqalarından daha tez-tez onun yığıncaqlarında iştirak edərdilər.
Bu ayənin nazil edilməsi bir neçə qureyşlinin və ya başqa qəbilələrdən olan tərbiyə görməmiş ərəbin Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) müraciəti ilə əlaqədar idi. Onlar demişdilər: “Əgər sən istəyirsən ki, biz sənə iman gətirək və ardınca gedək, onda öz dilənçi səhabələrini yanından qov, çünki biz utanırıq ki, ərəblər bizi onlarla birlikdə əyləşən görsünlər”. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) istəyirdi ki, onlar İslamı qəbul etsinlər və onun ardınca getsinlər və buna görə onun (ona Allahın salavatı və salamı olsun!) başından bir fikir keçdi ki, onların təklifi ilə razılaşsın, lakin Fövqəluca Allah onu (ona Allahın salavatı və salamı olsun!) bu fikrinə görə məzəmmət edir. Məhz bu barədə şərh olunan ayədə və bir sıra digər vəhylərdə bəhs olunur.

(6.53) “Beləliklə, onları (insanları) bir-birilə imtahana çəkdik ki, onlar desinlər: “Əcəba, Allahın aramızda lütfünü görüb bəxş etdiyi kimsələr bunlardırmı? Məgər Allah şükür edənləri daha yaxşı tanıyan deyildirmi?”

Allah bəzi qullarını varlı və bəzilərini kasıb, bəzilərini tanınmış, digərlərini isə aşağı təbəqədən etməklə onları azdırmağa çalışır. O, kasıblara və aşağı təbəqədən olan insanlara iman bəxş edəndə, bu, varlılar və məşhur adamlar üçün azdırma rolunu oynayır. Əgər onlar doğrudan da həqiqəti bilmək və ona itaət etmək istəyirlərsə, onda onlar haqq dinə müraciət edir, İslamı qəbul edir və yanlarında oturanların özlərindən daha aşağı mövqe tutmalarına və ya daha az var-dövlətə malik olmalarına diqqət yetirmirlər. Əgər onlar haqqa doğru can atmırlarsa, onda belə bir maneə onları doğru yolla getməkdən saxlayır. Belə insanlar ləyaqətsiz hesab etdikləri kəslər haqqında ikrah hissi ilə söylənir və təsəvvür edə bilmirlər ki, Allah niyə məhz o kasıblara lütfkarlığını göstərmişdir. Bu, onlara düz yola gəlməyə mane olur və bunun səbəbi onların alicənablıqdan və mənəvi paklıqdan məhrum olmalarındadır.
Onlar Allahın qərarına etiraz edirlər ki, O, onları yönəltməkdənsə, kasıbları doğru yola yönəltmişdir. Lakin Allah onların etirazlarını rədd edərək bildirir ki, O Özü daha yaxşı bilir ki, Onun qullarından kim ona bəxş edilən nemətə görə minnətdardır və xeyirxah işlər görmək üzrə öz vəzifələrini yerinə yetirməyə hazırdır. Bu cür saleh insanlara O, mərhəmət göstərir, naşükür olan və minnətdarlıq etməyən hər kəsi isə mərhəmətindən məhrum edir. O, müdrikdir və layiq olmayanlara iltifatını göstərmir. Onun qərarlarına qarşı etiraz edən insanlar, Onun haqq iman bəxş etdiyi və həqiqətən şükür edən qullar olan kasıb və varlılara qətiyyən bənzəmirlər.
Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaətkar möminləri qovmağı qadağan edərək, Fövqəluca Allah onlara ehtiram göstərməsini, nəzakət və hörmətlə yanaşmasını əmr edir:


(6.54) “Ayələrimizə iman gətirənlər yanına gəldikdə onlara de: “Sizə salam olsun! Rəbbiniz Özünə rəhmli olmağı yazmışdır (bəndələrinə qarşı rəhmli olmağı əzəldən O Özü üçün müəyyən etmişdir) ki, sizlərdən hər kəs pis iş görsə, sonra tövbə edib düzəlsə (Allah onun günahından keçər). Şübhəsiz ki, Allah bağışlayandır, rəhm edəndir!”

Möminlər yanına gələndə onlarla görüşərək, salam ver və onları xoş sözlərlə qarşıla, onlara əmin-amanlıq dilə. Onlara elə sözlər de ki, onların qətiyyətini artırsın, Allahın hədsiz lütfkarlığına və bol nemətlərinə layiq olmalarını arzulasınlar. Bu gözəl məqsədə nail olmaq üçün onları hər cür imkanlardan istifadə etməyə dəvət et. Onları günah işlətməkdən çəkindir və etdikləri günahlara görə peşmançılıq çəkmələrini əmr et ki, Rəbbin bağışlamasına və mərhəmətinə layiq ola bilsinlər. O, Özünə Rəhmli olmağı buyurmuşdur və əgər siz öz cahilliyiniz üzündən pislik etmiş olsanız, tövbə edib əməllərinizi düzəltməlisiniz. Bu zaman sadəcə günah etməmək kifayət deyil, günahlardan birdəfəlik əl çəkməli, törədilən əməllərə qəlbən təəssüflənməlisiniz və bundan sonra Allahın fərz qıldığı hökmlərini yerinə yetirməli, işlərinizdə olan, qəlbən və hərəkətinizlə yol verdiyiniz çatışmazlıqları islah etməlisiniz. Əgər belə etsəniz, onda Allah hər birinizi Öz mərhəməti ilə himayəsi altına alar və vəzifələrinizi yerinə yetirmə dərəcəsindən asılı olaraq sizə bağışlanma əta edər.

(6.55) “Biz ayələrimizi belə müfəssəl izah edirik ki, günahkarların yolu açıq-aydın bilinsin”.

Biz ayələrimizi izah edərək, doğru yolla azğınlıq arasındakı, haqq təlimlə aldadılma arasındakı fərqi xüsusilə nəzərə çarpdırırıq ki, düz yolla getmək istəyənlər bu yola yönələ bilsinlər və iman gətirəcəkləri həqiqəti özləri üçün aydınlaşdıra bilsinlər. Biz ayələri açıqlayırıq ki, insanlar Allahın qəzəbinə səbəb olan və onları cəzalandırılmaya məhkum edən cinayətkarların yolunu ayırd edə bilsinlər. Bu yoldan çəkinmək və canilərin yolundan uzaqlaşmaq, onu yaxşıca tanımaq və aydınlaşdırmaqla mümkündür. Əgər o yolu ayırd etmək çətin olarsa, onda insanlar ondan qurtulmağa və uğur əldə etməyə nail ola bilməzlər.


(6.56) “(Ey Elçim) De: “Sizin Allahdan qeyri tapındığınız bütlərə ibadət etmək mənə qadağan edilmişdir”. De: “Mən sizin nəfsinizin istəklərinə əsla uymaram. Belə ola biləcəyi təqdirdə mən (haqq yoldan) azar və doğru yola yönəlmişlərdən olmaram!”

Ey Peyğəmbər! Allahla bərabər uydurulmuş tanrıcalara səcdə edən müşriklərə de ki: “Mənə, sizin Allaha şərik qoşaraq ibadət etdiyiniz, nə xeyir gətirməyi, nə də zərər vurmağı bacarmayan, həyata, ölümə və dirilişə aidiyyəti olmayan bütlərə və heykəllərə ibadət etmək qadağan edilmişdir. Sizin əməliniz qüsurlu və faydasızdır. Siz bu davranışınızı nəinki inandırıcı dəlillərlə, hətta şübhəli sübutlarla belə əsaslandıra bilmirsiniz. Siz ancaq öz nəfsinizə uyursunuz, halbiki məhz bu, yoldan azmağın ən böyük təzahürüdür. Mən sizin istəklərinizə yol verə bilmərəm, çünki belə olsa, onda mən hökmən yoldan azaram, doğru yolla yönəldilənlərin sırasında olmaram. Mən tövhidə etiqad edirəm və səmimi qəlbdən bir Allaha qulluq göstərirəm və mənim baxışlarım haqdır, çoxsaylı sübutlar və təkzibolunmaz dəlillərlə təsdiq olunur”.

(6.57) “De: “Mən Rəbbimdən açıq-aydın bir dəlilə (Qurana) istinad edirəm. Siz isə onu yalan hesab etdiniz. Sizin tələm-tələsik istədiyiniz (ilahi əzab) məndə (mənim əlimdə) deyildir. Hökm ancaq Allahındır. Haqqı yalnız O bəyan edər. O (haqla batili) ayırd edənlərin ən yaxşısıdır!”

Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) əmr edilmişdi ki, təliminin gerçəkliyinə qəti etiqad etməsi və ona zidd olan hər şeyin yanlış olması barədə bəyan etsin. O (ona Allahın salavatı və salamı olsun!), elə bir inandırıcı sübut gətirdi ki, onun gerçəkliyinə heç bir şübhə yeri qalmadı, çünki o (ona Allahın salavatı və salamı olsun!), bütün şahidlərin ən qərəzsizi idi. Möminlər ona (ona Allahın salavatı və salamı olsun!) inanmamışdılar və onun (ona Allahın salavatı və salamı olsun!) dəlillərinin sübuta yetməsinə, Allahın onlara bəxş etdiyi imanın yol verdiyi qədər müşahidə etmişdilər. Müşriklər isə onu (ona Allahın salavatı və salamı olsun!) yalançı sayırdılar, halbuki o (ona Allahın salavatı və salamı olsun!), qətiyyən belə bir münasibətə layiq deyildi. O (ona Allahın salavatı və salamı olsun!), təkcə onların etibarına və razılığına layiqdi. Buna görə də onlar bilməliydilər ki, bundan sonra da onun (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar etməkdə davam etsələr, onda onlar hökmən Allahın cəzasına gələcəklər, çünki O, kafirləri, istədiyi vaxt və istədiyi kimi, amansız cəzaya məhkum edəcəyini vəd etmişdi.
Kafirlər belə bir cəza verilməsini tələsdirirdilər. Lakin Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun baş verməsini sürətləndirmək hakimiyyətinə malik deyildi, çünki belə məsələlərin həlli təkcə Allaha məxsusdur. O, hökmlər və qadağalar nazil etməklə dini qanunlar qoyur, əməllərə görə əvəz verilməsi haqqında qərarlar qəbul edir, ilahi müdrikliyinə uyğun olaraq istədiyi kəsi mükafatlandırır, istədiyini də cəzalandırır. Onun hökmlərinə qarşı etiraz etmək – mənasızdır, axı O, Öz qullarına yolu göstərib izah etmiş və həqiqəti onlara xəbər vermişdir və bununla da onları törətdikləri cinayətə görə özlərinə bəraət qazanmaq imkanından məhrum edib ki, hər məhv olan nəyə görə məhv olduğunu aydın başa düşsün və hər sağ qalan da sağ qalmasının səbəbini tamamilə açıq-aşkar anlaya bilsin. O, həm bu dünyada və həm də Axirətdə ən gözəl Hakimdir, çünki Onun bütün qərarları və hökmləri hər cür tərifə və həmdə layiqdir. Onu hətta cəzaya məhkum olunanlar və törətdiklərinə görə məsuliyyətə cəlb edilənlər də tərifləyəcəklər.

(6.58) “De: “Əgər təcili istədiyiniz (əzab) mənim əlimdə olsaydı, iş mənimlə sizin aranızda əlbəttə, bitmiş olardı (sizi dərhal məhv edərdim), Allah zalımları daha yaxşı tanıyandır!”

Ey Peyğəmbər! Öz cahilliyi, inadkarlığı və zalımlığı üzündən cəzanın tezləşdirilməsinə tələsənlərə de ki: “Sizin tələsdiyiniz cəzalandırma mənim əlimdə olsaydı, onu sizin üstünüzə göndərərdim, amma bu sizə heç bir xeyir gətirməzdi. Lakin hakimiyyət Təmkinli və Səbirli Rəbbə məxsusdur, o Rəbbə ki, hətta itaətdən çıxan kobud cinayətkarlara belə möhlət verir, onlara ruzi nazil edir, onlara açıq-aydın və gözlə görülməyən nemətlər əta edir. Ona, zalımlar və onların əməlləri haqqında hər şey məlumdur və O, onlara möhlət verir, lakin onların cinayətlərini unutmur”.

(6.59) “Qeybin açarları Onun yanındadır. Onları ancaq O bilir. O, suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, yaş-quru elə bir şey yoxdur ki, Aydın Kitabda olmasın!”

Bu – Allahın Hərşeyiəhatəedən elmindən müfəssəl bəhs edən ayələrdən biridir. O, bir hissəsini Öz istədiyi qullarına açan, qeyb haqqında hər şeyi bilir. Lakin bu biliklərin böyük hissəsi, bütün yaradılmışlar bir yana qalsın, hətta ən yaxın mələklərdən və elçilərindən də gizli saxlanmışdır.
Allah yer kürəsinin ucsuz-bucaqsız ərazilərində yerləşən bütün canlı varlıqlar, bitkilər, daşlar və qumsallıqlar haqqında biliyə malikdir. O, dənizlərdə və okeanlarda olan və su laylarının altında qalan bütün heyvanlar və xəzinələr haqqında bilir. O, bu dünyada və Axirət aləmində hər bir məskunlaşmış şəhərdə və ya insanların yaşamadığı çöl və səhralarda ağaclardan yer üstünə və ya su üzərinə düşən hər hansı bir yarpaq haqqında da bilir. O, insanların əkdiyi və ya özbaşına münbit torpağa düşərək onlardan müxtəlif bitkilər becəriləcək bütün taxıl və meyvə toxumları haqqında biliyə malikdir. O, yaş və ya quru olan hər şey haqqında da bilir və bunun yada salınması xüsusidən sonra ümuminin xatırlanmasının nümunəsidir.
Bütün bunların hamısı Aydın Kitabda yazılmışdır. Bu ad altında Lövhi-Məhfuz nəzərdə tutulur. O özündə bütün varlıqlar haqqında bilikləri əks etdirir və hətta onun kiçicik bir hissəciyi belə ağıllı və alicənab insanların zəkasını heyran qoyur. Əlbəttə ki, bu, Rəbbin əzəmətinin dəlili və Onun bütün ilahi sifətlərinin əhatəedilməzliyidir. Onlar o dərəcədə təsəvvürolunmaz ölçülüdür ki, əgər bütün məxluqlar onlardan heç olmazsa birini hərtərəfli əhatə etmək üçün bir yerə toplaşsaydılar belə, bunu etməyi bacarmazdılar. O Böyük, Hərşeyiəhatəedən, Alim, Hərtərifəlayiq, Şanı Uca Rəbb Müqəddəsdir! Allah Müqəddəs və Pakdır və Onu Özünə layiq tərifləməyə, Onun Özündən başqa heç kim qadir deyil! O, qullarının Ona etdiyi hər cür tərifdən Yüksəkdir!
Bu ayə, Allahın hədsiz-hüdudsuz elminin və bütün Kainatda baş verənləri əhatə edən yazının dəlillərindəndir.

(6.60) “Sizi gecələr yuxuya daldıran (bu minvalla sizi bir növ ölüm halına salıb hiss-həyacandan məhrum edən), gündüz isə nə etdiyinizi (nə qazandığınızı) bilən Odur. Sonra O sizi gündüz (yuxudan) oyandırır ki, müəyyən olunmuş vaxt (əcəl) gəlib yetişsin. Sonra onun hüzuruna qayıdacaqsınız və sonra da O sizə etdiyiniz əməllər barəsində xəbər verəcəkdir”.

Bu ayə Allahın ilahlığını təsdiq edir və müşriklərin Ona şərik qoşan baxışlarını təkzib edir. Ayədə izah edilir ki, ancaq Fövqəluca Allah məhəbbətə və ehtirama, əzəmətə və söhrətə layiqdir. O, qulları ayıq və ya yatmış olduqları halda onları Təkbaşına idarə edir. O, onların canını, onlar yatdıqda alır və onların bədəni günün qayğılarından ayrılıb istirahət edir. Qullar yuxudan oyandıqda, O, onların canını onlara qaytarır ki, öz dini və dünyəvi vəzifələrini yerinə yetirsinlər. O, onların etdiyi bütün əməllərdən agahdır və onları bu minvalla təyin olunmuş müddət çatana qədər idarə edir. Bu ifadə altında ayrı-ayrı insanların ölüm vaxtı və bütün bəşəriyyətin ölümündən sonra dirildilməsi nəzərdə tutulur. Bu son müddət çatdıqda, Allah qullarını Öz yanına qaytaracaq və onlara etdikləri və törətdikləri bütün yaxşı və pis işləri xəbər verəcəkdir.

(6.61) “(Allah) Öz bəndələri üzərində hakimi-mütləqdir. O sizə (yaxşı və pis əməllərinizi yazan, sizi Şeytandan qoruyan) gözətçi mələklər göndərir. Nəhayət, birinizin əcəli gəlib çatdıqda onun canını (göndərdiyimiz) mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər!”

Allahın iradəsi Kainatda baş verən bütün proseslərə aiddir və şərtsiz-sübutsuz icra edilir. Məxluqlar cərəyan edən hadisələrə təsir göstərmək haqqına malik deyillər və bir şeyi yerindən tərpətməyə belə, Onun iradəsi olmadan, qadir deyillər. O, qullarına nəzarət etməyi və onların etdikləri əməlləri olduğu kimi saxlamağı mələklərinə həvalə etmişdir.
Bununla əlaqədar Fövqəluca Allah belə buyurur: “Sizin üstünüzdə gözətçi mələklər - (əməllərinizi) yazan və (Allah dərgahında) çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər”. (İnfitar, 82/10-12);
“Xatırla ki, (insanın) sağında və solunda (onun bütün əməllərini) təsbit edən (qeydə alan) iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf, 50/17-18).
Allah bu qayda ilə Öz qullarına, onlar yerdə yaşadıqları müddətdə, nəzarət edir. Onlara ölüm gəldikdə isə, Allah onları vəzifələri məxluqların canını almaq olan mələklərinə tapşırır. O mələklər öz vəzifələrini, heç bir səhvə yol vermədən, Allahın təyin etdiyi müddətə heç nə artırmadan və azaltmadan yerinə yetirirlər. Onlar Allahın planına və qədərinə tam uyğun olaraq hərəkət edirlər.

(6.62) “Sonra insanlar Allahın – özlərinin həqiqi ixtiyar sahibinin, hüzuruna qaytarılar. Bilin ki, hökm Onundur (Allahındır) və O, ən tez haqq-hesab çəkəndir!”

Ölümdən və Qiyamət gününədək davam edəcək, fərəh və ya cəza ilə müşayiət ediləcək bərzəx həyatından sonra, məxluqlar özlərinin Əsil Himayədarına qaytarılacaqlar. O, onların taleyini istədiyi kimi və həm də Öz şəriət hökmləri ilə qərarlar çıxarmaqla, Öz Qədər qanunları əsasında onları idarə edir, onlar üçün hökmlər verir və qadağanlar qoyur, onlara elçilər göndərir və Müqəddəs Kitablar nazil edir. Onlar Onun yanına qaytarıldıqdan sonra isə O, onlara ədalətli əvəz qanunlarına uyğun olaraq sərəncam çəkəcək, xeyirxah işlərinə görə mükafatlandıracaq və günahlarına, cinayətlərinə görə isə cəzalandıracaq. O, qərarlarını müstəqil qəbul edir və haqq-hesab çəkməyi ləngitmir, çünki mütləq biliyə malikdir, Öz qullarının Mühafizəolunan Lövhədə yazılmış və alicənab mələk- katiblərin əllərindəki dəftərlərə qeyd olunmuş əməllərini nəzərindən qaçırmır.
Əgər Fövqəluca Allah – Vahid Yaradan və qullarına hakim olan Hökmdar hər zaman ən kamil formada onların qayğısına qalırsa və onları Öz Qədər, Din və ədalətli Əvəz qanunları ilə idarə edirsə, onda niyə müşriklər Ona ibadət etməkdən boyun qaçırır və hakimiyyət sahibi olmayan, azca da olsa belə xeyir verməyə qabiliyyəti çatmayan və hətta müstəqil iradəyə malik olmayan məxluqlar qarşısında diz çökürlər?!
Allaha and olsun, əgər müşriklər bilsəydilər ki, onlar çoxallahlığa və kafirliyə etiqad etməklə böyük bir yalan uydurur və Allahın əleyhinə çıxırlarlar, o Allahın ki, onları əmin-amanlıqla və ruzi ilə təmin etməkdə davam edir, əgər onlar Onun dözümlülüyü, güzəştə getməsi və mərhəməti haqqında bilsəydilər, onda onların qəlbi Onu dərk etmək istəyi ilə aşıb-daşar, ağılları isə Ona məhəbbət hissi ilə nurlanardı və o zaman onlar şeytana tabe olaraq özlərini rüsvayçılığa və zərərə məhkum etdiklərinə görə özləri özlərinə nifrət edərdilər. Lakin bu belə deyil, çünki onların sağlam düşüncə qabiliyyəti yoxdur.



(6.63) “(Ey Elçim!)De: “Gizlində (Allaha) dua edib:” Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

(6.64) “De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allahdır. (Bütün bunlardan) sonra siz yenə də (Ona) şərik qoşursunuz?”

Ey Peyğəmbər! Allaha şərik qoşan və Ondan başqa tanrıçalara dua edən müşriklərə müraciət et. Bir Rəbbin varlığına etiqada istinad edərək, təkcə vahid Allaha ibadət etməyin zəruriyyətinə onları inandır. Onlara belə de: “Sizinlə quruda və dənizdə özünüz müstəqil qurtula bilmədiyiniz bədbəxtliklər və çətinliklər baş verərkən, onlardan sizi kim xilas edir? Belə hallarda siz mütiliklə və bütün varlığınızla dua edirsiniz, diliniz duaları təkrarlamaqdan yorulmur. Siz Ona sizi bəladan qurtarmağı yalvarırsınız, Ona minnətdar olacağınıza, Onun nemətlərinə görə şükür edəcəyinizə və onları saleh əməllər üçün istifadə edəcəyinizə və günah məqsədlərə yönəltməyəcəyinizə söz verirsiniz. Allah sizi bu bədbəxtçilikdən və bir çox başqalarından xilas edir, lakin siz öz vədinizi yerinə yetirmirsiniz və Onun sizə göstərdiyi neməti unudursunuz. Bütpərəstliyin yanlışlığına və tövhidin ədalətliliyinə bundan da inandırıcı dəlil nə ola bilər?!”


(6.65) “De: “Allah başınızın üstündən və ayaqlarınızın altından (göydən və yerdən) sizə əzab göndərməyə, sizi dəstələr halında qarışdırmağa və birinizə digərinizin zorunu daddırmağa qadirdir!” Gör ayələrimizi onlara nə cür izah edirik ki, bəlkə, başa düşsünlər!”

Fövqəluca Allah sizin üstünüzə hər tərəfdən cəza göndərməyə qadirdir. O, sizə yuxarıdan da, aşağıdan da zərbə vura, sıralarınızı yara və sizi kiçik dəstələrə bölə bilər. Əgər bu baş versə, qarışıqlıq düşər, siz bir-birinizı öldürərsiniz, biriniz digərinizin qəddarlığını dadarsınız. Allah sizi belə bir cəzaya məhkum edə bilər. Siz itaətsizliyinizdən çəkinin ki, sizi məhvə uğradan və yox edə bilən amansız cəza sizə düçar olmasın.
Allah ayədə xəbər verir ki, O, insanları amansız cəzaya məhkum etməyə qadirdir, lakin O, müsəlmanlara qarşı mərhəmətlidir və onlara cəzanı nə aşağıdan, nə də yuxarıdan göndərmir. O, onların üstünə daş yağışı yağdırmır və ayaqlarının altındakı yeri yarmır. Amma bəzi xalqlar digərlərinə üstün gəldikdə onlardan bəziləri digərlərinin qəddarlığını dadmalı olur, yuxarıda təsvir edilən əziyyətləri onların başına gətirir. Yerdə alınan belə cəzalar nəsihətlərə diqqətlə yanaşan və zəhmətə qatlaşanlar üçün ibrət dərsi olur. Allah insanlara müxtəlif möcüzələr göstərir və onlardan hər biri həqiqəti təsdiq edir və bu da ona görədir ki, nəyə görə xəlq edildiklərini dərk etsinlər, dini müddəaları və ilahi dəyərləri özləri üçün aydınlaşdıra bilsinlər.

(6.66) “(Ey Elçim!)Sənin camaatın onu (Quranı), haqq olduğu halda, yalan hesab etdi. (Onlara) de: “Mən sizin vəkiliniz deyiləm!”

(6.67) “Hər bir xəbərin (Quranda sizə xəbər verdiyim əzabın Allah tərəfindən təqdir olunmuş) müəyyən bir vaxtı vardır və siz (onu) biləcəksiniz”.

Ey Muhəmməd! Sənin xalqın Quranı yalan saydı, halbuki o – şübhə doğurmayan Həqiqətdir. Lakin sən onlara zamin deyilsən, çünki onların yaramazlığını yadda saxlamaq və onları cinayətlərinə görə cəzalandırmaq sənin vəzifənə daxil deyil. Sən insanlara ancaq öyüd-nəsihət verməli və həqiqəti onlara çatdırmalısan və hər öncədən vəhy edilənlər dəqiq müəyyən olunmuş müddətdə (nə gec, nə də tez) gerçəkləşəcəkdir. Bax buna görə, onlara vəd edilən cəzaya yaxın vaxtda əmin olacaqlar.


(6.68) “Ey Elçim!) Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər Şeytan (bu qadağan əmrini) sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə bərabər oturma”.

Allahın ayələri haqqında boşboğazlıq etmək həqiqətin əksinə danışmaq, yalançı baxışları bəzəmək, yanlış etiqadları təbliğ etmək, yalan təəssübkeşlərini tərifləmək, haqdan dönmək və həqiqət tərəfdarlarını yamanlamaq deməkdir.
Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) tərəfdarlarına əmr edir ki, Onun ayələri barədə boşboğazlıq edən hər kəsdən və sadalanan əməllərdən, heç olmazsa, birini edənlərdən üz döndərsinlər. Müsəlman, insanların yalandan naqqallıq etdikləri yığıncaqlarda, söhbət dəyişdirilənə qədər iştirak etməməlidir. Digər mövzulardan bəhs edildikdə isə, belə yığıncaqlarda oturmaq qadağan edilmir. Belə yığıncaqlarda iştirak xeyirlidirsə, onda orada iştirak etmək zəruridir; əks halda isə iştirak vacib deyil. Burada, qeyd etmək lazımdır ki, yalan haqqında boşboğazlıq edənləri qınamaq, həqiqəti müzakirə etməyə çağırış və haqqı araşdırıb üzə çıxarmaq xatirinə mübahisə etmək nəzərdə tutulur.
Müsəlman səhvən və ya unutqanlığı ucbatından yalan şeylər haqqında boşboğazlıq edən, haram söhbətlər aparan və günah işlər tutan zalım adamların arasına düşə bilər. Ona, qınanılan hərəkətlərlə məşğul olan belə adamların arasında qalmaq, əgər o, onları belə hərəkətlərdən çəkindirə bilmirsə, haramdır. Bu qəti qadağa o şəxslərə aiddir ki, onlar günahkarlarla yanaşı oturmaqda davam edir və Allah qarşısında qorxu hissi keçirmirlər, onlar haram mövzulara dair danışıqlarda iştirak edir və başqaları ilə birlikdə günah işlər törədir, onların dedikləri ilə sakitcəsinə razılaşır və onları məzəmmət etmirlər. Əgər kimsə Fövqəluca Allah qarşısında qorxu hissi keçirərək, başqalarını xeyirxahlıq etməyə çağırır, onları xatakarlıq etməkdən və günah söhbətlərdən çəkindirirsə və bunun sayəsində yaramazlığın qarşısı alınır və ya onun ağırlığı yüngülləşdirilirsə, onda o, belə yığıncaqda iştirak etməsinə görə məsuliyyət daşımır və bu zaman günahkar sayılmır.

(6.69) “Müttəqilərə onların (iman gətirməyənlərin) əməllərindən heç bir günah gəlməz. Lakin bu, bir öyüddür ki, bəlkə, (kafirlər onun təsirilə) pis əməllərdən çəkinsinlər”.

Bu ayədən aydın olur ki, moizələr və öyüd-nəsihət verilən zaman dəvətçi elə sözlərdən istifadə etməlidir ki, onlar onun qarşısına qoyduğu məqsədə nail olmağa kömək göstərsin və insanlarda Allahdan qorxu hissi oyatsın. Bundan başqa, əgər moizələr və nəsihətlər öyüd veriləni daha ağır cinayətlər törətməyə sövq edirsə, onda dəvətçi onlardan əl çəkməlidir, çünki əgər törədilmiş əməl dəvətçini qoyulmuş məqsəddən uzaqlaşdırırsa, onda o, həmin əməli rədd etməlidir.

(6.70) “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (Cəhənnəm içkisi “həmim”) və şiddətli əzab gözləyir!”

Qullardan tələb olunanlar Allaha səmimiyyətlə qulluq etmək, təkcə Ona ibadət etmək və şərik qoşmamaq, bütün gücü ilə Onun mərhəmətini və məhəbbətini qazanmaqdır. Bundan ötrü qullar bütün varlığı ilə Allaha yönəlməli və Ona can atmalıdırlar. Onlar səylə çalışmalı və faydalı işlər görməli, günü əyləncə ilə keçirməməlidirlər. Onlar xeyirxah əməlləri ətrafdakılara nümayiş etdirmək və şöhrətpərəstlik naminə deyil, səmimi qəlbdən Onun xatirinə yerinə yetirməlidirlər. Ancaq belə din əsil dindir və ümumiyyətlə, din adlandırılmağa layiqdir.
Əgər insan özünün düzgün davrandığını güman edirsə və özünü dindar və təqvalı sayırsa, lakin bununla yanaşı dinini əyləncəyə və kef məclislərinə çevirirsə, əgər onun ürəyi Allaha məhəbbətdən, Onu dərk etməyə can atmaqdan məhrumdursa, əgər o, özünü ona zərər verən şeyə həsr edirsə və öz yanlış baxışlarına sevinirsə, əgər onun səyləri adicə bir əyləncədirsə, - Allaha xatirinə edilməyən bütün səy və əməllər belə adlandırmaq olar, - onda belə adamdan uzaq olmaq və çəkinmək lazımdır. Fövqəluca Allah belə insanlardan kənar gəzməyi və onların sözlərinə aldanmamağı, onların halını düşünməyi, əməllərindən çəkinməyi və onların xatirinə insanı Allaha yaxınlaşdıran şeylərdən boyun qaçırmamağı buyurmuşdur.
O, həmçinin qullarına Müqəddəs Quranla nəsihət verməyi, onlara xeyir verən şeyə onları dəvət etməyi, belə əməlləri onlara izah etməyi, onların gözəlliyini və onlarla əlaqədar yaxşı keyfiyyətləri xüsusilə vurğulamağı, həmçinin onları özlərinə zərər vura biləcək hər şeydən çəkindirməyi, hər insandan çəkinməsi tələb olunan yaramaz hərəkətləri və onlarla bağlı qüsurlu keyfiyyətləri onlara başa salmağı əmr etmişdir.
Bütün bunlar ona görə edilir ki, qulun əməlləri onu məhvə məhkum etməsin. Əgər o, günah işlədir və özünü təhlükəyə ataraq ötkəmliklə Qeybibilən Allahın əleyhinə çıxırsa, onda ona nəsihət vermək və xəbərdarlıq etmək lazımdır ki, o, sakitləşsin və itaətsizlikdən əl götürsün. Günahları onu hər tərəfdən bürüyərsə, onda məxluqlardan heç kim ona fayda verə bilməz. Nə qohumları, nə dostları Allahın yerinə ona himayəçilik etməzlər və Onun qarşısında ona havadar çıxmazlar. Hətta o özü cəzadan qurtarmaq üçün Yer kürəsi həcmində qızıl fidyə verməyə cəhd göstərsə də, bu ona heç bir fayda verməz, çünki ödəniş ondan qəbul edilməyəcəkdir.
Belə keyfiyyətlərə malik olan insanlar özlərini məhvə məhkum edir və hər cür xeyrə ümid bəsləməkdən məhrum olurlar və bunun səbəbi onların əməlləri və qazandıqlarıdır. Onların nəsibi son həddə qədər qızdırılmış qaynar su olacaqdır. O su onların üzünü yandıracaq, bağırsaqlarını dağıdacaq – kafir olduqları üçün onları işgəncəli cəzaya məruz qoyacaqlar.


Tarix: 20.04.2013 / 15:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 628 Bölmə: Sureler