beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏL-ƏRAF (SƏDD) SURƏSİNİN ŞƏRHİ 1-21

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
(7.1) “Əlif, Ləm, Mim, Sad”.
(7.2) “Bu, (kafirləri Cəhənnəm əzabı ilə) qorxutmaq və möminlərə öyüd-nəsihət vermək üçün sənə nazil edilən Kitabdır. (Ey Elçim!) Ondan ötrü ürəyində bir sıxıntı olmasın!”

Bu ayələrdə Fövqəluca Allah Öz Elçisinə (ona Allahın salavatı və salamı olsun!) Quranın əzəmətini izah edir. Bu Şərəfli Kitab Allahın qullarının ehtiyac duyduqları hər şeyi özündə əks etdirir. Onda Allahın bütün tələbləri və dini ehkamları təfsilatı ilə açıqlanır.
Ey Muhəmməd! Quran insana sıxıntı vermir və onda şübhə doğurmur. Əksinə, bu – Müdrik və Həmdəlayiq Rəbbin Vəhyi və ən doğru Sözdür. Yalan Qurana nə öndən, nə də arxadan yaxınlaşa bilməz. Buna görə onun qarşısında qəlbini aç, əmin ol, onun hökmlərinə və qadağalarına riayət et və səni qınayanlardan və sənə müqavimət göstərənlərdən qorxma. Məxluqlara onun vasitəsilə öyüd-nəsihət və faydalı göstərişlər ver. Haqqı kafirlikdə inadkarlıq edənlərin nəzərinə çatdır və xütbələrini möminlər üçün oxu.
Fövqəluca Allah buyurur: “Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət möminlərə fayda verir” (Zariyat, 51/55). Xatırlatmalar sayəsində insanlar düz yolla getmək, ürəkdən və can-başla xeyirxah əməllər etmək zəruriyyətini və həmçinin qullara doğru yolla getməyə mane olan şeyləri yadlarına salırlar.

(7.3) “Rəbbinizdən sizə nazil edilənə tabe olun. Allahı qoyub başqa dostlara uymayın. Siz öyüd-nəsihətə olduqca az qulaq asırsınız!”

Sizin xatiriniz üçün nazil edilən Kitabı rəhbər tutun. Rəbbiniz sizə göstərdiyi mərhəmətini tamamlamaq üçün onu sizə nazil etməyi arzulamışdır. Əgər siz indi, o nazil olduğu bir vaxtda onun ehkamlarına riayət etsəniz, onda Rəbbinizin ən böyük nemətindən ləzzət alacaq, mömin əməllər və gözəl əxlaq yolunu tutacaqsınız. Siz Ondan başqa bir kimsəni özünüzə sevimli hami qəbul etməyin, onların istəklərinə uymayın və onların xatirinə haqdan üz döndərməyin. Amma siz necə də öyüd-nəsihətə az qulaq asırsınız! Əgər siz onlara qulaq assaydınız və nəyin sizə fayda verəcəyini başa düşsəydiniz, onda siz sizə zərər verənə üstünlük verməz və fayda gətirəndən boyun qaçırmazdınız. Siz xeyirxah insanı buraxıb, düşmənə üstünlük verməzdiniz.

(7.4) “Biz neçə-neçə məmləkətləri (onların əhalisini) məhv etdik. Əzabımız onlara (Lut peyğəmbərin qövmünə) gecə (yatarkən), yaxud (Şüeyb peyğəmbərin qövmünə) günün günorta çağı (istirahət edərkən) gəldi”.

Allah vaxtilə elçilərin gəldiyi zaman iman gətirməkdən boyun qaçıran xalqların düçar edildikləri cəza ilə insanları təhdid edir. O, həmin xalqlara bənzəməyi qadağan edir, çünki o zaman kafirləri amansız cəza çulğamışdı və onlar o cəzadan xilas ola bilmədilər. Onların ümid bəslədikləri tanrıçalar onlara fayda gətirmirdi və onlar törətdikləri zalımlıqlardan və cinayətlərdən imtina edə bilmədilər.

(7.5) “Əzabımıza düçar olduqları zaman onların: “Biz həqiqətən, zalım olmuşuq!” – deməkdən başqa heç bir sözləri olmamışdır”.

Fövqəluca Allah həmçinin buyurur: “Biz zalım olan (küfr edən) neçə-neçə məmləkətin (əhlisini) məhv etdik və onlardan sonra başqa bir xalq yaratdıq. Onlar əzabımızı hiss edən kimi dərhal oradan (öz yurdlarından) qaçmağa üz qoydular. (Mələklər istehza ilə onlara belə dedilər:) “Qaçmayın, kef çəkdiyiniz yerə, məskənlərinizə qayıdın”. Yəqin ki, (hara getmişdiniz; mal-dövlətiniz, cəh-cəlalınız necə oldu, deyə) sorğu-sual ediləcəksiniz! Onlar (nicat tapmaqdan ümidlərini üzüncə): “Vay halımıza! Biz, həqiqətən, zalım olmuşuq (Rəbbimizə küfr etməklə özümüz özümüzə zülm etmişik)” - dedilər. Biz onları ot kimi biçənəcən (külə döndərənəcən) elə bu sözləri deyib dururdular (nalə çəkirdilər)” (Ənbiya, 21/11-15).

(7.6) “(Özlərinə) peyğəmbər göndərilən ümmətləri (peyğəmbərlərə tabe olub-olmadıqları barədə) sorğu-suala çəkəcək, göndərilən peyğəmbərləri də sorğu-sual edəcəyik”.

Allah elçilər göndərdiyi xalqlardan Onun elçilərinin çağırışına necə cavab verdiklərini soruşacaq.
Fövqəluca Allah buyurur: “(Allah) həmin gün onlara xitab edib belə buyuracaqdır: “Peyğəmbərlərə nə cavab verdiniz?” O gün (canlarını qurtaracaq) xəbərlər (cavablar) onlardan gizli qalacaqdır (bütün bəhanələri kəsiləcəkdir). Onlar (Qiyamətin dəhşətindən) bir-birindən hal-əhval belə tuta bilməyəcəklər. (Hər kəs öz hayında olacaqdır)” (Qəsəs, 28/65-66). Allah həmçinin elçilərini (Allahın onlara salamı olsun!) də məsuliyyətə cəlb edəcək və onlardan Onun Müraciətini insanlara necə çatdırmaları və onların xalqının verdiyi cavab haqqında soruşacaq.

(7.7) “Sonra da onlara (nə etdiklərini) bildiyimiz üçün (hamısını bir-bir) söyləyəcəyik. Axı Biz qaib deyildik (onların yanındaydıq)”.

Biz hökmən məxluqlara onların etdikləri bütün əməlləri haqqında xəbər verəcəyik, çünki Bizə onların əməlləri büsbütün məlumdur. Biz həmişə (onlarla) olmuş (Bu ifadə ilə Qüdrətli və Müdrik Allahın Özünün hərşeyiəhatəedən Elmi ilə yaratdığı məxluqlardan heç vaxt uzaq olmadığı ehtiva edilir. Bu, Fövqəlucanın misilsiz sifətlərindən biridir. F.S.)və (onları) heç vaxt tərk etməmişik.
Fövqəluca Allah buyurur: “And olsun ki, Biz sizin üstünüzdə yeddi yol (göy) yaratdıq. Biz (onların altındakı) məxluqatdan da xəbərsiz deyilik. (Onları qoruyub saxlayır, nə etdiklərini bilirik)” (Muminun, 23/17).

(7.8) “O gün (Qiyamət günü) çəki (əməllərin tərəzidə çəkilməsi) haqdır. Tərəziləri ağır gələnlər (yaxşı əməlləri pis əməllərindən çox olanlar) nicat tapanlardır!”

(7.9) “Tərəziləri yüngül gələnlər (pis əməlləri yaxşı əməllərindən çox olanlar) isə ayələrimizə haqsızlıq etdiklərindən özlərinə zərər edənlərdir”.

Fövqəluca Allah törədilmiş əməllərə görə əvəz veriləcəyini xəbər verir və bildirir ki, Qiyamət günü əməllərin Tərəzidə çəkilməsi ədalətli və qərəzsiz olacaqdır. Heç kimlə insafsızcasına davranmayacaqlar və buna görə yaxşı əməlləri pis əməllərindən ağır gələn möminlər uğur qazananlardan olacaqlar. Onlar bütün xoşagəlməz hallardan xilas olacaq və vəd olunan, arzu edilən nə varsa, əldə edəcəklər. Onlar böyük fayda qazanacaq və əbədi səadətə nail olacaqlar. Pis əməlləri Tərəzinin gözündə ağır gələn şəxslər uğursuzluğa uğrayacaqlar. Onlar əbədi səadətdən məhrum ediləcək və öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırdıqlarına və Allahın ayələrini rəhbər tutmadıqlarına görə şiddətli cəzaya məruz qoyulacaqlar.

(7.10) “Sizi yer üzündə yerləşdirdik və orada sizin üçün dolanacaq vasitələri yaratdıq. Siz isə olduqca az şükür edənlərsiniz!”

Fövqəluca Allah qullarına göstərdiyi mərhəmətini, onları ev-eşiklə və yaşayış üçün zəruri olan vasitələrlə təmin etdiyini xatırladır. O, yeri elə bir hala salır ki, insanlar onun üstündə ev tikə və əkin əkə bilsinlər və həmçinin yerdən başqa faydalı məqsədlər üçün istifadə edə bilsinlər. O, yerdə ağaclar və bitkilər əkdi, onda faydalı minerallar və cürbəcür şeylər yaratdı ki, insanlar onları istifadə edir və ya satırlar. O, yeri həyat üçün əlverişli hala gətirdi və insanlara bu nemətlərdən faydalanmağı öyrətdi. Lakin insanlar onlara çoxsaylı nemətlərini bəxş edən və onları hər cür bədbəxtliklərdən qoruyan Allaha çox nadir hallarda öz minnətdarlıqlarını bildirirlər.

(7.11) “Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: “Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı”.

Fövqəluca Allah insanlara onların nəslinin ulu babasını yaratması haqqında xəbər verir. Allah Adəmi xəlq edərək ona gözəl zahiri görünüş və qədd-qamət bəxş etmişdir. O, ona müxtəlif əşyalar və hadisələrin adları haqqında bilik vermiş və bunun sayəsində onun mənəvi siması kamilləşmişdi. Bundan sonra O, Özünün alicənab mələklərinə əmr edir ki, Adəmə səcdə etsinlər və bununla ona öz ehtiramlarını və onun üstünlüyünü bildirsinlər. Mələklər Rəbbin əmrinə itaət etdilər, təkcə İblis Adəmin qarşısında yerə diz çöküb səcdə etməkdən boyun qaçırdı, çünki o, təkəbbürlü və özündənrazı idi.

(7.12) “(Allah iblisə): “Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?” – deyə buyurdu. (İblis: ) “Mən ondan daha yaxşıyam (üstünəm), çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” – dedi”.

Allah İblisə buyurdu: “Sən niyə Mənim Öz iki əlimlə yaratdığımın qarşısında diz üstə çöküb səcdə qılmaqdan boyun qaçırtdın? Mən ona, digər məxluqların layiq görülmədiyi böyük ehtiram göstərmişdim. Niyə sən Mənə itaət etmədin və Mənim əmrimə etinasızlıqla yanaşdın?” İblis Ona etiraz edib belə cavab verdi: “Mən ondan daha üstünəm, çünki Sən məni oddan, onu isə gildən yaratmışsan”.
Onun dəlili yanlış idi: o belə güman etmişdi ki, oddan yaradılan məxluqlar gildən xəlq edilənlərdən üstündürlər, çünki od gildən yaxşıdır. Lakin bu – oxşarlıq üzrə ən yanlış mühakimədir ki, bir neçə dəlillərlə təsdiq edilir.
Birincisi, İblis Adəmə səcdə qılmaq haqqında Allahın əmrinə zidd olan mühakiməyə istinad etmişdi və əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrlə ziddiyyət təşkil edirsə, onda o, şübhəsiz ki, səhvdir. Oxşarlıq üzrə mühakiməyə istinad etmək o zaman mümkün sayılar ki, Allahın hökmü birmənalı olmasın və belə olduqda, bir məsələni, barəsində Allahın birmənalı hökmü bizə məlum olan digər məsələ ilə müqayisə etmək olar. Lakin əgər oxşarlıq üzrə mühakimə birmənalı əmrə ziddirsə, onda onun hüquqi əsası olmasının qəbul edilməsi Allahın hökmünü rədd etməyi nəzərdə tutur. Bax buna görə də oxşarlıq üzrə belə mühakimə ən yaramaz mülahizələrdən biridir.
İkincisi, İblisin Adəmdən daha üstün olması haqqında iddiası tamamilə kifayətdir ki, onun qüsurlu olmasını ifşa etsin. O, öz üstünlüyündən təkəbbürlüyü və özündənrazılığı nəticəsində danışır və heç bir biliyi olmadan Allaha böhtan atır. Bundan da böyük nöqsan daha nə ola bilər?!
Üçüncüsü, o, odun gil və torpaqdan üstün olmasını söyləyəndə haqlı deyildi, çünki yer müti və sakit bir məxluqdur və əkinçilik üçün yararlıdır. Yer daha çox nemət verir, onun üstündə ağaclar və hər cür bitkilər bitir, halbuki od aramsız və düşüncəsiz məxluqdur qarşısına çıxan hər şeyi yandırır və məhv edir.

(7.13) “(Allah) buyurdu: “Oradan (Cənnətdən) aşağı en. Orada sənə (Allahın əmrinə) təkəbbür göstərmək yaraşmaz. (Oradan) çıx, çünki sən alçaqlardansan!”

Öz mənfur hərəkətini etməklə İblis özünü o dərəcədə alçaltdı ki, Fövqəluca Allah ona belə əmr etdi: “Cənnəti tərk et! Heç kim özünü burada öyə bilməz, çünki Cənnət – pak və alicənab məxluqların məskənidir. Bura yaramaz və miskin alçaqların yeri deyil!” Alçaldılma və nifrət onun təkəbbürünün və özündənrazılığının cəzası oldu.

(7.14) “(İblis) dedi: “Mənə Qiyamətə qədər möhlət ver!”
(7.15) “(Allah) buyurdu: “Sən möhlət verilənlərdənsən!”

Allahın düşməni Allaha, Adəmə və onun nəsillərinə qarşı öz nifrətini açıq bildirdikdə, o, Qiyamət gününə qədər ona möhlət verilməsini xahiş etdi. O, Adəmin nəsillərindən olan insanlardan mümkün qədər çoxunu yoldan çıxarmağı böyük vəcdlə arzulayırdı. Allahın hikməti də Ondan tələb edirdi ki, Onun qulları sınaqdan keçirilsinlər, çünki məhz bu vasitə ilə doğruçu insanları yalançılardan, Allaha müti olan möminləri isə Onun düşməninin əlaltılarından fərqləndirmək mümkün olardı. Buna görə, Allah İblisin xahişinə razılaşdı və ona möhlət verdi.

(7.16) “(İblis) dedi: “Sən məni (Adəmə səcdə etmədiyimə görə) azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara (Sənə ibadət və itaət etməyə) mane olacağam!
(7.17) “Sonra onların yanına qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətini şükür edən görməyəcəksən!”

İblis Allahın mərhəmətinə ümidini itirərək dedi: “Mən hökmən düz yolunun üstündə oturacağam və insanlara bu yolla getməyə bacardığım qədər mane olacağam! Mən onlara hər tərəfdən yaxınlaşacaq və istənilən imkandan istifadə edəcəyəm ki, heç olmazsa qismən istədiyimə nail olum”. Şeytan başa düşürdü ki, Adəmin övladları zəif idilər və onların əksəriyyəti öz vəzifələrinə laqeyd yanaşacaqdılar. Bundan başqa o, əmin idi ki, onları yoldan azdırmaq üçün əlindən gələni əsirgəməyəcək. Buna görə də o, güman edirdi ki, insanların əksəriyyəti naşükür olacaq və onun bu zənni düz çıxdı. Ancaq düz yolla gedən insanlar layiqincə minnətdarlıq edə bilərlər. Şeytan isə insanları məhz bu yoldan sapdırmaq və onların şükür edən qullar olmasına maneə törətmək niyyətində idi. Fövqəluca Allah buyurur: “Həqiqətən, Şeytan sizin düşməninizdir, onu (özünüzə) düşmən tutun. O özünə uyanları cəhənnəm əhli olmağa çağırır” (Fatir, 35/6).
Allah İblisin sözləri və niyyəti haqqında bizə xəbər verir ki, biz ehtiyatlı olaq və bu düşmənlə qarşılaşmaya hazırlaşaq. Allah istəyir ki, biz şeytanın getdiyi yolları və girdiyi qapıları öyrənərək ondan qorunaq. Bu da Fövqəluca Allahın bizə bəxş etdiyi ən böyük nemətlərindən biridir.

(7.18) “(Allah) buyurdu: “Oradan (Cənnətdən) rüsvay olmuş və (mərhəmətimdən) kənar edilmiş (qovulmuş) halda çıx. Onlardan (insanlardan) hər kim sənə uysa, (cəzasını alacaq). Əlbəttə, Cəhənnəmi sizin hamınızla dolduracağam!”

İblis sözünü deyib qurtardıqdan sonra, Allah ona belə buyurdu: “Sən Cənnət bağlarını ən əhəmiyyətsiz və nifrətamiz məxluqlar kimi tərk edəcəksən. Sənə hörmət edilməyəcək. Əksinə, sən alçaldılacaq və tərk ediləcəksən. Sən Mənim mərhəmətimdən və hər cür xeyirdən məhrum ediləcəksən. Əgər insanlardan kimsə sənin ardınca getsə, bilin ki, Cəhənnəm səninlə və sənin ardınca gedənlərlə doldurulacaq”.
Beləliklə, Fövqəluca Allah and içmişdir ki, Cəhənnəm itaətsizlik göstərənlərin məskəni olacaq və İblis və onun cinlərdən və insanlardan olan əlaltıları oraya atılacaqlar.


(7.19) “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol. Hər ikiniz istədiyiniz yerdən (Cənnət meyvələrini dərib) yeyin, ancaq bu ağaca yaxınlaşmayın, yoxsa (özünüzə) zülm edənlərdən olarsınız!”

Allah Adəmi şeytanın ona yetirə biləcəyi şər haqqında xəbərdar etmişdi. Bununla yanaşı, O, Adəmə və yaradılması ona qarşı bir nemət olan zövcəsi Həvvaya tapşırmışdı ki, Cənnət bağlarında məskunlaşsınlar, Cənnətin istədikləri nemətlərindən yesinlər və gözəlliklərindən həzz alsınlar, lakin bir müəyyən olunmuş ağaca yaxın düşməsinlər – onun meyvələrini yemək onlara qadağan edilmişdi. Allah hamıdan yaxşı bilir ki, bu ağac hansı ağac idi və onun adının çəkilməsinin bizə heç bir faydası olmazdı. Adəmə və Həvvaya o ağacın meyvələrindən yemək qadağan edilmişdi və Allah xəbər verir ki, əks halda onlar ədalətsiz günahkar – zalım olarlar.


(7.20) “Şeytan (Adəmin və Həvvanın) örtülü ayıb (övrət) yerlərini özlərinə göstərmək məqsədilə onlara vəsvəsə verib dedi: “Rəbbiniz sizə bu ağacı yalnız mələk olmamağınız və ya (Cənnətdə) əbədi qalmamağınız üçün qadağan etmişdir!”

(7.21) “Həm də onlara: “Mən, əlbəttə, sizin xeyirxah məsləhətçilərinizdənəm” – deyə and içdi”.

Adəm və Həvva qəddar düşmən onlara yaxınlaşana qədər Allahın tapşırığını layiqincə yerinə yetirirdilər. Şeytan onları yoldan çıxarmağa başladı və aldadaraq onları azdırdı və dedi: “Allah sizə bu ağacın meyvələrindən yeməyi ona görə qadağan etmişdir ki, siz mələklərə oxşamayasınız və əbədi yaşamağı əldə etməyəsiniz. Mənə inanın, axı mən sizə səmimi qəlbdən xeyirxahlıq arzulayıram. Məhz buna görə mən sizə bu sirri açdım”. Onun sözləri insanları inandırıb yoldan çıxartdı və onların coşqun arzusu onların ağlını çaşdırdı.


Tarix: 20.04.2013 / 14:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 527 Bölmə: Sureler