beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 21-36

(9.21) “Rəbbi onları Özündən bir mərhəmət (bağışlanma), razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr”.
(9.22) “Onlar orada əbədi qalacaqlar. Böyük savab, həqiqətən, Allah yanındadır!”

Allah onları müjdəsi ilə sevindirir ki, bu Onun möminlərə mərhəmətli, rəhmli olmasını, xeyirxah münasibət və məhəbbət bəsləməsinə və qayğı göstəməsinə dəlalət edir. Allah Öz mərhəməti və həm də Özünün lütfkarlığı – Cənnətdə ən böyük və şərəfli savabı haqqında onları müjdələyib sevindirir ki, onlar bunun sayəsində hər hansı şərdən xilas olmağa və böyük nemət əldə etməyə nail olacaqlar. Allah onlardan razı qalacaq və heç vaxt onlara qəzəblənməyəcək. Onlar əbədi olaraq Cənnət bağlarında qalacaqlar və insan qəlbinin istədiyi və baxışların həzz aldığı nə varsa orada toplanacaqdır. Cənnətin gözəlliklərini təsvir etməyə və onların kamilliyini dəyərləndirməyə Fövqəluca Allahdan başqa heç kim qadir deyildir. Onların arasında, cihadda iştirak edənlər üçün hazırlanmış savab olacaqdır. Onlar yüz Cənnət dərəcəsi alacaqlar ki, təkcə ikisinin arasındakı məsafə yerlə göy arasındakı məsfəyə bərabərdir və əgər bütün məxluqlar bu dərəcələrdən ancaq birində yığışsaydılar, onların hər birinə yer çatardı. Onlar Cənnət məkanını heç vaxt tərk etməyəcəklər və özlərinə hər hansı başqa bir şey arzu etməyəcəklər.
Allah qullarını böyük savabla təltif edir, lakin Onun mərhəməti o dərəcədə böyükdür ki, Cənnət nemətlərinin bolluğu heç bir təəccüb doğurmur. Onsuz da Cənnət savablarının əzəmətinə və gözəlliklərinə təəccüblənməyə ehtiyac yoxdur, çünki onlar Allah tərəfindən əta edilir. O isə, “Ol!” deyən kimi, Onun istədiyi şey o saat olur.

(9.23) “Ey iman gətirənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tuturlarsa, onları özünüzə dost bilməyin. Sizdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar”.

Ey möminlər! İman sizdən dininizə etiqad edənlərlə dostluq etməyi və onun qanunlarına riayət etməyənlərlə düşmənçilik etməyi tələb edir. Buna görə əgər atalarınız və qardaşlarınız haqq dindən daha çox kafirliyi sevirlərsə, onları özünüzə dost və köməkçi saymayın. Atalar və qardaşlar ən yaxın qohumlardır, bu isə o deməkdir ki, xatırlanan hökm bütün digər insanlara daha çox aiddir. Əgər sizdən bəziləriniz kafirləri sevərlərsə və onlarla dostluq edərlərsə, onda onlar ədalətsiz zalımlara çevrilərlər, axı onlar Allaha itaətsizlik etməyə cəsarət göstərmişlər və Onun düşmənlərini öz dostları qəbul etmişlər. Dostluq həmişə məhəbbətə və yardıma əsaslanır və əgər insan kafirlərlə dostluq edirsə, belə dostluq onu, Allahdan çox, onlara tabe olmağa, onları Ondan daha möhkəm sevməyə məcbur edir.
Sonra Fövqəluca Allah möminlərin kafirlərdən əl çəkməyə məcbur edən səbəb haqqında xəbər verir. Burada söhbət Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) olan məhəbbətdən gedir və o, bütün hər şeyə olan məhəbbətdən yüksək olmalıdır. Ondan başqa, bütün hər şeyə bəslənən məhəbbət Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) bəslənən məhəbbətdən asılı olmalıdır. Buna görə, sonra Fövqəluca Allah belə buyurur:

(9.24) “(Ey Elçim!)De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz (qohumlarınız), qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri (əzabı) gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz!”

Əgər atalarınız və analarınız, oğullarınız və qızlarınız, qardaşlarınız və bacılarınız, zövcələriniz və qalan qohumlarınız, böyük zəhmət hesabına qazandığınız var-dövlətiniz, kasadlaşacağından və iflasa uğrayacağından qorxduğunuz ticarətiniz, təm-təraqlı və öz arzunuzla bəzədiyiniz və sizə zövq verən evləriniz sizə Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) və cihaddan əzizdirlərsə, onda siz günahkarlar və fasiqlərsiniz. Bir qədər gözləyin, çox keçməz Allah sizi, qarşısını almaq mümükün olmayacaq məşəqqətli cəzaya məruz qoyar. Həqiqətən, O, Ona itaət etməkdən boyun qaçıran və sadaladıqlarımızdan nəyi isə öz Rəbbindən daha çox sevən günahkaları doğru yola yönəltməz.
Allah insanların böyük zəhmət hesabına qazandıqları mülkiyyəti xatırladır, çünki insan bu vasitə ilə topladığı var-dövlətini, ciddi-cəd göstərmədən və heç bir çətinlik çəkmədən əldə etdiyi sərvətindən daha möhkəm saxlamağa can atır. Allah ticarəti də xatırladır ki, bu ad altında qiymətli daş-qaşlar, qab-qacaq, silah, avadanlıq, taxıl, kənd təsərrüfatı məhsulları, mal-qara və digər istənilən əmtəə ilə alış-veriş nəzərdə tutulur.
Bu kərim ayə Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) məhəbbətin zəruriliyini təsdiq edən ən böyük dəlillərdəndir. Bu məhəbbət bütün hər şeyə bəslənilən məhəbbətdən daha üstün olmalıdır. Ayədə sadalanan dünyəvi nemətlərdən hər hansı birinə bəslənən məhəbbəti, Allaha, Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) və Onun yolunda cihada bəslənən məhəbbətdən üstün tutan hər bir kəsə sərt təhdid və qorxunc xəbərdarlıq vardır. Bu xüsusiyyət insan seçim arasında qalanda təzahür edir. Belə ki, insan Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) razı qaldığı əməllə özünün istəklərinə uyğun gəlməyən əməl arasında və insana uyğun gələn, amma bunun nəticəsində Allahın və Onun Elçisin (ona Allahın salavatı və salamı olsun!) razı qalacağı əməldən tamamilə və ya qismən məhrum olacağı əməl arasında seçməli olur. Əgər insan öz istəklərinə uyursa və Allahın razı qaldığından başqasına üstünlük verirsə, o, ədalətsiz zalım olur və öz vəzifələrini layiqincə yerinə yetirmir.

(9.25) “Allah sizə bir çox yerlərdə, həmçinin Hüneyn (vuruşu) günündə kömək etdi. O gün çox olmağınız xoşunuza gəlsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız”.

Fövqəluca Allah möminlərə göstərdiyi lütfkarığından bəhs edir. O, onlara döyüş meydanlarında düşmən üzərində dəfələrlə qəlbə bəxş etmişdi. Allah Huneyn yaxınlığındakı döyüş günü müsəlmanlar böhran vəziyyətinə düşəndə, özlərini zəif hiss etdikdə və geri çəkilmək haqqında fikirləşməyə başladıqda onlara yardım göstərdi. Hətta yer də həmin gün, genişliyinə baxmayaraq, onların gözünə dar göründü.
Huneyn döyüşü, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Məkkəni fəth etdikdən sonra baş vermişdi. O (ona Allahın salavatı və salamı olsun!) xəvazin qəbiləsinin müsəlmanlarla vuruşmaq üçün qoşun yığdığını eşitmişdi və onlarla döyüşə girmək üçün yola düşmüşdü. Peyğəmbərlə (ona Allahın salavatı və salamı olsun!) birlikdə Huneynə Məkkənin fəthində iştirak edənlər və ya bu hadisədən sonra İslamı qəbul edənlər səfərə çıxmışdılar. Müsəlman ordusu on iki min döyüşçüdən ibarət olduğu halda xəvazin qəbiləsi cəmi dörd min döyüşçü toplaya bilmişdi. Bu, bəzi müsəlmanları öz qoşunlarının say çoxluğuna aldanmaya təhrik etdi və onlardan bəziləri həyya belə dedilər: “Bu gün bizi, sayımızın azlığına görə məğlub etmək olmaz”.
Müsəlmanlar xəvazin qəbiləsinin qoşunları ilə üz-üzə gəldikdə, sonuncular özlərinin bütün qüvvələri ilə şiddətli hücuma keçdilər və möminlər itgi verməyə başladılar. Onlar heç nəyə fikir vermədən qaçmağa üz tutdular və Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) ətrafında təxminən yüz nəfərə yaxın adam qaldı, onlar dözümlülük göstərərək, müşriklərlə döyüşü davam etdirirdilər. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz dişi yabısını mahmızlayaraq müşriklərə çapır və ucadan deyirdi: “Mən – Peyğəmbərəm. Mən – Əbdülmütəllibin nəvəsiyəm”.
Müsəlmanların bu davranışını görüb, o (ona Allahın salavatı və salamı olsun!), uca səsə malik olan əl-Abbas b.Əbdülmütəllibə əmr etdi ki, ənsarlara və qalan müsəlmanlara bu sözlərlə müraciət etsin: “Ey Samuranın yaxınlığında and içənlər! Ey “əl-Bəqərə” surəsini əzbərləyənlər!” Onun səsini eşidən müsəlmanlar hamısı bir nəfər kimi müşriklərə tərəf çevrildilər və Allah müşrikləri dəhşətli məğlubiyyətə uğratdı. Müsəlmanlar onların düşərgəsini tutdular, qadınlarını əsir götürüb, qənimət ələ keçirdilər. Bu döyüş Məkkə ilə Taif arasında yerləşən Huneyn adlı bir yerdə olmuşdu.


(9.26) “Sonra da Allah Öz Peyğəmbərinə və möminlərə arxayınlıq nazil etdi, (köməyinizə mələklərdən ibarət) görmədiyiniz əsgərlər endirdi və kafirləri əzaba düçar etdi. Bu, kafirlərin cəzasıdır!”

Müsəlmanlar saylarının çoxluğuna aldandılar, lakin bu (say çoxluğu) onlara heç bir fayda vermədi. İtgilər və geri çəkilmə müsəlmanları o dərəcədə narahat etdi ki, ucsuz-bucaqsız geniş sahə olmasına baxmayaraq yer onlara dar gəldi. Onlar geri çəkilirdilər, lakin Allah Öz Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və möminlərin qəlbinə insanlara hətta ən çətin və narahatçılıq anlarında dözümlülük göstərməyə kömək edən inam nazil etdi. Müsəlmanlar sakitləşdilər və qələbəyə əmin oldular və bu onlara qarşı Allahın ən böyük neməylərindən biri oldu. Bununla yanaşı Allah qoşunlar nazil etdi ki, müsəlmanlar onları görə bilmirdilər. Bunlar möminlərə kömək etmək, onlara əminlik vermək və onları yaxın qələbə ilə sevindirmək tapşırığı verilmış mələklər idilər. Beləliklə, Allah müşrikləri sarsıdıcı məğlubiyyətə uğradaraq, müsəlmanlara onların kişilərini məhv etmək, qadınlarını və uşaqlarını əsir götürmək və həmçinin onların əmlakına sahib olmaq imkanı verdi. Budur bu dünyada kafirlər üçün hazırlanmış cəza, Axirət həyatında isə onları daha da sərt qisas gözləyir.

(9.27) “Bundan sonra isə Allah istədiyinin tövbəsini qəbul edər, çünki Allah Bağışlayandır, Rəhmlidir!”

Allah, peşman olaraq Mühəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlmiş məğlubiyyətə uğrayan kəslərin çoxunu bağışladı. Belə olduqda Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onların zövcələrini və uşaqlarını özlərinə qaytardı. Həqiqətən, Allah hər şeyi əhatə edən mərhəməti ilə hər hansı günahı bağışlayır və əgər insanlar tövbə edirlərsə, O, onlara hətta ən böyük günahlarını da bağışlayır. Allah insanlara rəhm etdiyi üçün onların tövbə etməsinə və itaət yoluna gəlməsinə kömək göstərməklə onların törətdikləri cinayətləri bağışlayır və tövbələrini qəbul edir. Qoy heç kim çoxsaylı günahlar və cinayətlər törətdiyinə görə Onun mərhəmət göstərəcəyi və bağışlayacağı barədə naümid olmasın.

(9.28) “Ey iman gətirənlər! Həqiqətən də, müşriklər murdardırlar. Odur ki, bu ildən sonra Məscidulharama yaxınlaşmasınlar. Yoxsullaşacağınızdan ehtiyat edirsinizsə, unutmayın ki, Allah istəsə, Öz lütfkarlığı ilə sizi varlandırar. Allah həqiqətən Biləndir, Müdrikdir!”

Ey möminlər! Uydurulmuş “ilahlara” sitayiş edən və Allaha şərik qoşan müşriklər mürdardırlar, çünki onların dünyagörüşləri və əməlləri natəmizdir. Allahın yerinə, nə fayda verməyə və nə də zərər vurmağa qabil olmayan yalançı “ilahlara” ibadət etməkdən daha pis nə ola bilər?! Onlar Allah müqavimət göstərir, insanları düz yoldan yayındırır, yalanı müdafiə edir, həqiqəti inkar edir, yer üzündə fitnə-fəsad yayır və heç bir xeyir vermirlər. Buna görə siz ən şərəfli və ən pak məscidi onlardan təmizləməlisiniz. Bu ildən sonra müşriklərə Məscidulharama girməyə imkan verməyin!
O vaxt Mədinəyə hicrətin doqquzuncu ili idi. Həmin ildə həcc mərasiminə rəhbərliyi Əbu Bəkr Sıddıq aparırdı və Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) öz əmisi oğlu Əli b. Əbu Talibə (Allah ondan razı olsun) tapşırmışdı ki, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) bütün müşriklərdən üz döndərdiklərini Qurban bayramında bütün insanlara bəyan etsin. Bununla yanaşı o müşriklərə sonradan Məscidulharamı ziyarət etmələrini və çılpaq halda kiminsə Kəəbənin ətrafını təvaf etməsini qadağan etdi.
Bu ayə heç də onu bildirmir ki, müşriklərin bədənləri natəmizdır. Kafirlərin və bütün başqa insanların bədənləri təmiz hesab olunur, çünki bunun lehinə Kitab əhli ilə evlənməyə, onlarla cibsi əlaqəyə girməyə və onları əzizləməyə icazə verilməsi bir dəlildir. Müsəlmana, Kitab əhlinə mənsub olan zövcəsinə toxunduqdan sonra, yuyunmaq və çimmək hökmü verilməmişdir. Həmçinin məlumdur ki, müsəlmanlar məcburiyyət qarşısında kafirlərlə dəfələrlə təmasda olduqları halda, onların, natəmizliklərə toxunandan sonra təmizlənmə kimi, təmizlənmələri barədə heç bir məlumat yoxdur. Bütün bunlar ona dəlalət edir ki, müşriklər mənəvi baxımdan natəmiz hesab olunurlar. Onların mürdarlanması yalançı tanrıçalara ibadətləri ilə özünü büruzə verir. İman və tövhid pak olduqları halda, müşriklik – mənfur murdarlıqdır.
Ey müsəlmanlar! Əgər siz müşrikləri Məscidulharama yaxınlaşmağa imkan vermədiyiniz və onlarla saxladığınız dünyəvi münasibətləri kəsdiyiniz halda, sizə üz verəcək yoxsulluqdan ehtiyat edirsinizsə, bilin ki, Allah sizi Öz mərhəməti ilə mütləq varlandıracaqdır. Maddi qismət sizə müxtəlif yollarla nəsib olur və əgər siz bir mənbədən gələn gəlidrən məhrum olsanız, onda Allah sizin üçün çoxsaylı digər imkanlar yaradar, çünki Onun mərhəməti genişdir, Onun xeyirxahlığı isə hədsiz-hüdudsuzdur. İnsan Onun xatirinə hər hansı bir şeydən imtina etdikdə, o, çox tezliklə əmin olur ki, Allah – Səxavətli Bəxşişverəndir.
Allah Öz vədini yerinə yetirmiş və müsəlmanları Öz səxavəti ilə mükafatlandırmışdır. O, onlara o qədər maddi nemətlər nazil etmişdir ki, onlar dünyada ən varlı insanlar və hökmdarlar olmuşlar. Lakin Allah qeyd edir ki, O, istədiyi vaxt möminləri maddi nemətlərlə təmin edəcəkdir, çünki maddi rifah əsil imanın vacib bəhrəsi və Allahın məhəbbətinin dəlili deyildir. Məhz buna görə, O, müsəlmanların maddi firavanlığını Öz istəyi ilə bağlamışdır.
Fövqəluca Allah maddi nemətlərlə sevdiklərini də, sevmədiklərini də təmin edir. Lakin O, iman və dindarlığı təkcə Öz sevimli qullarına əta edir. Onun gözəl adları arasında – Bilən və Müdrik adları haqqında. O, hər şeyi əhatə edən bilik Sahibidir və kimin maddi sərvət əldə etməyə layiq olması, kimin isə layiq olmaması Ona məlumdur. Bununla yanaşı, O, hər şeyi öz yerinə yerləşdirir.
Bu, müşrikləri Məscidulharama buraxmamaq haqqında hikmət dolu ayə və hökm ona dəlalət edir ki, Məkkənin fəthinə qədər müşriklər bu məscidin sahibi olmaqda davam edirdilər, şəhər müsəlmanlar tərəfindən alındıqdan sonra isə, orada hakimiyyət Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) və möminlərin əlinə keçdi. Onlar kəramətli Məkkəni və Məscidulharamı tutduqdan sonra şərh etdiyimiz ayə nazil edilmişdir. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) vəfatından əvvəl bütün başqa dinlərə mənsub olanları Hicazdan çıxarmağı buyurmuşdu ki, bu torpaqda təkcə bir din yaşasın. Bu, kafirləri Məscidulharamdan uzaqlaşdırmaq üçün edilmişdi.

(9.29) “Kitab əhlindən Allaha və Qiyamət gününə iman gətirməyən, Allahın və Peyğəmbərinin haram buyurduqlarını haram bilməyən və haqq dini (İslamı) qəbul etməyənlərlə zəlil vəziyyətə düşüb öz əlləri ilə cizyə verincəyə qədər vuruşun”.

Allah möminlərə əmr edir ki, Allaha və Qiyamət gününə layiqincə iman gətirməkdən boyun qaçırmış yəhudilər və xristianlarla vuruşun və imanınızı saleh əməllərinizlə təsdiq edin. Onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) haram etdiklərini haram hesab etmirlər, Onun şəriətinə əsaslanmırlar və Onun qadağalarına hörmət etmirlər. Onlar əsil dinə etiqad etmirlər, halbuki özlərini mömin sayırlar. Şübhəsiz ki, onların dini vardır, lakin o, ya təhrif olunmuşdur və heç bir əsasa malik deyil, ya da Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) şəriətinin nazil edilməsindən sonra ləğv olunmuşdur. Əgər Allah əvvəlki dini ləğv etmişdirsə, onda insanlar onun hökmlərinə istinad etmək haqqına malik deyillər.
Allah Kitab əhlinə qarşı vuruşmaq hökmü vermiş və müsəlmanları onlarla mübarizəyə ruhlandırmışdır, çünki onlar ətraflarındakıları öz baxışlarına cəlb etməyə çağırır, özlərini Müqəddəs Kitabların ardıcılları adlandırır və insanlar üçün böyük təhlükə yaradırdılar. Onlarla mübarizəni, onlar müsəlmanlara cizyə verməyə razılaşanadək davam etdirmək lazımdır. Bu vergi müsəlmanların öz torpağında kafirlərə qarşı döyüşü kəsmələrinə görə ödənişdir və onların həyatının, mülkiyyətinin toxunulmazlığına zəmanət verir. Cizyə ildə bir dəfə yığılır, özü də, varlılar, təmin olunmuşlar və kasıblar cizyəni öz imkanlarına uyğun olaraq ödəməlidirlər. Ömər b. əl-Xəttab və digər müsəlman hökmdarlar Kitab əhli ilə münasibətləri məhz belə tənzimləyirdilər.
Hər bir xristian və ya yəhudi cizyəni şəxsən və itaətkarlıqla ödəməli idi ki, bu onun müsəlmanlara nisbətən aşağı səviyyədə olduğunu göstərsin. Heç kimin vergini xidmətçisinin və ya başqa bir nəfərin vasitəsilə ödəmək ixtiyarı yoxdur, çünki o, Kitab əhlinə mənsub olan şəxsin ancaq özündən qəbul edilməlidir.
Əgər onlar müsəlmanlardan vergini qəbul etməyi xahiş edir və onların hakimiyyətini qəbul edir, fitnə-fəsad yaratmağa və müsəlmanlara pislik etməyə cəhd göstərmir, tələbləri yerinə yetirir, təkəbbürlərindən əl çəkir və özlərini alçaldılmış sayır və itaətkar olduqlarını bildirirlərsə, onda müsəlman hökumət başçısı və ya onun canişini onlarla sülh müqaviləsi bağlamalıdır. Yox, əgər Kitab əhli öz öhdəliklərini yerinə yetirmək və ya cizyəni şəxsən və itaətkarlıqla ödəmək istəmirlərsə, onda müsəlmanlar, onlar İslamı qəbul edənə qədər, onlarla döyüşməlidirlər.
Bu ayəyə istinad edən çox alimlər belə hesab edirdilər ki, cizyə ancaq Kitab əhlindən alınır, çünki Allah onu təkcə onlardan almaq hökmü vermiş, digər kafirləri isə ayədə xatırlamamışdır. Bu o deməkdir ki, digər kafirlərlə, onlar İslamı qəbul edənə kimi, mübarizə aparılmalıdır. Lakin müsəlman ərazilərində yaşayan atəşpərəstlərdən də cizyə alınmasına icazə verilir, çünki Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onu Hicrdəki atəşpərəstlərdən alırdı. Sonralar möminlərin əmiri Ömər b. əl-Xəttab da o zamankı Farsda (İndiki İran ərazisinin qədim adlarından biridir. F.S.)yaşayan atəşpərəstlərdən cizyə alardı.
Belə bir rəy də mövcuddur ki, cizyə təkcə Kitab əhlindən deyil, bütün kafirlərdən yığılmalıdır. Şərh etdiyimiz ayəyə gəldikdə isə, o, müsəlmanlar ərəb müşrikləri ilə müharibəni bitirdikdən sonra və Kitab əhli və digər kafirlərlə döyüşlərə hazırlaşdıqları bir vaxtda nazil edilmişdir. Bu o deməkdir ki, ayənin mətni (həmin dövrdə) baş verən hadisələrlə bağlıydı və lakin nazil edilmiş hökmü konkretləşdirməmişdi. Bu şərhi təsdiq edən – atəşpərəstlərdən, Kitab əhli olmamalarına baxmayaraq, cizyə alınması faktıdır. Çoxlu məlumatlar var ki, səhabələr və digər müsəlmanlar vuruşmalı olduqları insanların hamısını üç şərtdən biri ilə razılaşmağa dəvət edirdilər: İslamı qəbul etmək, cizyə ödəmək və ya qılıncla öldürülmək. Bu zaman onlar Kitab əhli ilə digər kafirlər arasında fərq qoymurdular.

(9.30) “Yəhudilər: “Üzeyr Allahın oğludur”, xaçpərəstlər də: “Məsih (İsa) Allahın oğludur”, - dedilər. Onların ağzında gəzən bu (boş) sözlər daha öncə küfr edənlərin (“mələklər Allahın qızlarıdır” - deyənlərin) sözlərinə bənzəyir. Allah onları öldürsün! Necə də (yalana uyub haqdan) döndərilirlər!”

Fövqəluca Allah Kitab əhli ilə vuruşmaq hökmündən sonra, onların bəzi müdhiş baxışlarını sadalayır ki, öz Rəbbi və dini üçün qəlbən həyəcan keçirən möminləri fasiqlərlə mübarizəyə və onlara qarşı fəal hərəkətə ruhlandırsın. Yəhudilər Üzeyiri Allahın oğlu adlandırdılar. Şübhəsiz ki, yəhudilərin əksəriyyəti belə etmədilər, təkcə onlardan bəziləri bu rəylə razılaşdılar. Lakin yəhudilərə xas olan bu yaramaz və eyibli keyfiyyətlər onlardan bəzilərini belə kobud yalanı uydurmağa və Allahın Özünün əzəmətini və ləyaqətini əksiltməyə sövq etmişdi.
Şərhlərin birində yəhudilərin Üzeyri Allahın oğlu adlandırmaları səbəbi haqqında xəbər verilir. Müxtəlif hökmdarlar İsrail oğullarını sarsıdıcı məğlubiyyətlərə uğratmış, onlardan Tövratı bilənlərin çoxunu edam etmişdilər. Sonralar məlum oldu ki, Üzeyr Tövratın böyük bir hissəsini və ya hətta bütün Kitabı tamamilə əzbərləmişmiş. O, Kitabı İsrail oğullarına şəxsən yazdırdı, onlar onu yazdılar, sonra isə onlardan bəziləri müdhiş yalan uyduraraq, onu Allahın oğlu adlandırdılar.
Xristianlara gəldikdə isə, onlar Məryəm oğlu İsa peyğəmbəri (ə) Allahın oğlu hesab edirlər. Onlar bunu, əllərində heç bir dəlil olmadan deyirlər. Əgər insan öz dediyi sözlər üzərində düşünmürsə, onda ondan hər cür mülahizə söyləməsini gözləmək olar, çünki belə adam onu məhvedici danışıqlardan çəkindirə bilən Allah qorxusundan və sağlam ağıldan məhrumdur. Buna görə Kitab əhlinin sözləri, mələkləri Allahın qızları adlandıran bütpərəstlərin sözlərinə bənzəyir. Həqiqətən, onların dedikləri eynilə yalan və qüsurludur. Allah onları məhv etsin! Onlar haqdan necə də açıq-aşkar dönmüş və mübahisə doğurmayan yalana üz tutmuşlar!

(9.31) “Onlar Allahı qoyub alimlərini və rahiblərini, Məryəm oğlu Məsihi özlərinə tanrılar (rəbblər) qəbul etdilər. Halbuki onlara ancaq bir olan Allaha ibadət etmək əmr olunmuşdu. Ondan başqa heç bir tanrı yoxdur. Allah pak və müqəddəsdir. Ona şərik qoşulan bütlərlə heç bir əlaqəsi yoxdur!”

Adicə düşünmək yolu ilə yanlışlığını müəyyən etmək mümkün olan pozğun baxışları çoxsaylı dini icmanın qəbul etməsinə ancaq təəccüb etmək olar. Lakin buna əsaslı səbəb var: Kitab əhli özlərini bütövlüklə ibadətə həsr etmiş alimlərini və ruhanilərini Allahla yanaşı rəbb kimi qəbul edirlər. Əgər Allahın qadağan etdiyini kilsə xadimləri onlara icra etməyə icazə verirlərsə, onda onlar belə hərəkətləri etməyi yol verilən sayırlar. Lakin Allahın icazə verdiyini onlar qadağan etdikdə, yenə bunu qadağan olunmuş sayırlar. Nəticədə, alimlər və kilsə xadimləri Kitab əhli üçün Allahın elçilərinin (onlara Allahın salamı olsun) dininə zidd olan qanunlar uydurmuşlar və onlar da uydurmaçıların ardıyca getmişlər. Onlar öz alimlərinə və ruhanilərinə o dərəcədə ehtiram bəsləyirdilər ki, axırda onların qəbirlərini bütə çevirir və Allahla bərabər o bütlərə də ibadət edirdilər. Bu qəbirlərin yanında onlar qurban kəsir və həm də dua və kömək etmələri xahişi ilə ölülərə müraciət edirdilər.
Onlar Məryəm oğlu İsa peyğəmbəri (ə) ilaha çevirdilər və Allahın əvəzinə ona (ə) ibadət etməyə başladılar. Onlar Fövqəluca Allahın Öz elçilərinin vasitəsi ilə rəsmiləşdirdiyi dindən üz çevirdilər, halbuki onlara təkcə Ona səmimiyyətlə ibadət və itaət etmək, bütün qəlbi ilə təkcə Onu sevmək və dua ilə təkcə Ona müraciət etmək əmr olunmuşdu. Buna baxmayaraq, onlar Onun əmrindən üz çevirdilər və heç bir inandırıcı dəlilə, sübuta istinad etmədən Ona şəriklər qoşdular. Allah onların Ona qoşduqları şəriklərdən Ucadır. Allah onların müşrikliyindən və uydurmalarından sonsuzluq qədər uzaqdır, çünki onlar Onun ilahi əzəmətinə yaraşmayan nöqsanları və keyfiyyətləri Ona aid edirlər. Onun sifətləri və əməlləri mükəmməldir və ucadır. Onların ilahi kamilliyə zidd olan şeylərlə heç bir əlaqəsi yoxdur.

(9.32) “Onlar Allahın Nurunu ağızları ilə (üfürüb) söndürmək istəyərlər. Ancaq kafirlərin xoşuna gəlməsə də, Allah Nurunun (yayılmasını) tamamlayacaqdır”

Müşriklərin sözlərinin inandırıcı sübutlarla təsdiqlənməyən yalnız yalançı boş iddialar olduğunu izah edərək, Fövqəluca Allah bildirir ki, onlar bu cür üsullarla Onun Nurunu söndürməyə cəhd göstərirlər.
Allahın Nuru dedikdə, Onun elçilərinin təbliğ etdikləri din və Səmavi Kitablar nəzərdə tutulur. O, Nur ona görə adlandırılmışdır ki, nadanlığın və saxta dini etiqadların zülmətini işıqlandırır. O, əsil biliyə və xeyirxah əməllərə istinad edir, halbuki bütün digər dinlər tamamilə onun əksi olanları təbliğ edirlər.
Yəhudilər, xristianlar və onların tayı olan müşriklər Allahın nurunu inandırıcı dəlillərlə təsdiqlənməyən boş-boş iddialarla söndürmək istəyirlər. Lakin Allah buna yol verməyəcək və Öz işığının yayılmasını mütləq tamamlayacaqdır. Bu Nur o qədər parlaqdır ki, əgər bütün məxluqlar birləşib onu söndürmək istəsələr, bunu etməyi qətiyyən bacarmazlar. Onu, bütün yaradılmışların mütləq tabe olduqları Allah nazil etmişdir və O Özü də onu, ona zərər vura biləcək hər kəsdən qoruyacağını vəd etmişdir. Kafirlərin Onun dinini təkzib etmək və ya onun yalan olduğunu ifşa etmək üçün göstərdikləri cəhdlərə baxmayaraq, onların səyləri Haqqa heç bir zərər vura bilməyəcəkdir.

(9.33) “Müşriklərin xoşuna gəlməsə də, onu (islamı) bütün dinlərin fövqündə (bütün dinlərdən üstün) etmək üçün Öz Peyğəmbərini doğru yolla və haqq dinlə göndərən Odur!”

Fövqəluca Allah izah edir ki, yeganə istinad edilməli doğru Təlimat və haqq Din – Allahın qoruyacağını və bütün dünyaya yayacağını öhdəsinə götürdüyü həmin Nurdur. Yeganə istinad edilməli doğru Təlimat dedikdə, faydalı biliklər və haqq Din dedikdə isə xeyirxah əməllər nəzərdə tutulur. Bu o deməkdir ki, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi Təlim haqqı yalandan ayırd etməyə kömək göstərir, Allahın adları və sifətləri, ilahı əməlləri, səma qanunları və dini tarixçələrdən bəhs edir. O Təlim bir olan Allaha səmimiyyətlə qulluq etmək, Onu sevmək və Ona ibadət etmək, əxlaq normalarına riayət etmək və qəlbi gözəl keyfiyyətlərlə nəcibləşdirmək, nəzakət qaydalarına hörmət etmək və xeyirxah işlər və qəlbə, ruha və cana fayda verən hər hansı digər xeyirli işlər görmək hökmü verir. Bununla yanaşı, Onun dini ruha və cana həm bu dünyada və həm də Axirətdə zərər verəcək pozğun əxlaqdan və hər hansı digər çirkin əməllərdən çəkindirir.
Allah Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) doğru yolun Təlimatı və haqq dinlə ona görə göndərmişdir ki, İslam dini öz sübutları və dəlilləri və habelə ardıcıllarının qılıncları və nizələri sayəsində bütün digər dini inanclar üzərində qələbə çalsın. Əgər bu, fitnə-fəsad yaradan İslamın yayılmasına hər vasitə ilə maneçilik törədən müşriklərin xoşuna gəlməsə də, onların hiyləgərlikləri hökmən özlərinə qarşı çevriləcəkdir. Allahın vədi mütləq icra olunacaqdır və Allah Öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirəcəkdir.

(9.34) “Ey iman gətirənlər! (Yəhudi) alimlərindən və (xaçpərəst) rahiblərdən çoxu insanların mallarını haqsızlıqla yeyir və (onları) Allah yolundan döndərirlər. (Ey Elçim!)Qızıl-gümüş yığıb, onu Allah yolunda xərcləməyənləri şiddətli bir əzabla müjdələ!”

Fövqəluca Allah iman gətirmiş qullarını başqalarının əmlakını yeyən və ətrafdakılara Onun yoluna gəlmək istəyənlərə maneə yaradan yəhudi ilahiyyatçıları və xristian ruhaniləri barədə xəbərdar edir. İnsanlar onlar üçün məvacib təyin etməklə və ya onların xeyrinə maddi yardım göstərməklə onların elmini və Allaha ibadət tərəfdarları olduqlarını və həmçinin onların doğru yolla getməyə səy göstərdiklərini və onların düzgün nəsihət verdiklərini qəbul edirlər. Lakin əgər onlar bu maddi yardımları alaraq insanları doğru yoldan azdırırlarsa, onda onlar son dərəcə zalımcasına davranırlar, çünki insanlar onlara yardım göstərməklə ümid bəsləyirlər ki, həmin bilik sahibləri onları doğru yolla aparacaqlar. Həmin ilahiyyatçılardan və ruhanilərdən bəziləri başqalarının əmlakını qanunsuz yolla yeyir, muzd alıb hökm çıxarır ki, o da Allahın nazil etdiklərinə zidd olur. Buna görə, möminlər belə ilahiyyatçıların və ruhanilərin onların əmlakını yeyərək onları yoldan çıxaracaqlarından ehtiyat etməlidirlər.
İnsanlar qızıl və gümüş yığaraq onları Allaha yaxınlaşmaq üçün xeyirxah işlərə sərf etmirlərsə, onda onların var-dövlətini haram sərvət adlandırmaq olar. Sərvət o vaxt haram hesab edilir ki, ondan məcburi (fərz) ianələr verilməmiş olsun. Onlara aid olanlar: zəkat, zövcələrə və digər yaxın qohumlara verilən ianələr və həmçinin Allah yolundə qurban verilən ianlərdir. Belə insanları aşağıdakı ayədə təsvir olunan əzab-əziyyətli cəza gözləyir:

(9.35) “Həmin gün yığdıqları qızıl-gümüş Cəhənnəm odunda qızdırılıb alınlarına, böyürlərinə və kürəklərinə dağ basılacaq və onlara: “Bu sizin özünüz üçün yığıb saxladığınız mallardır. Dadın yığdıqlarınızı!” - deyiləcəkdir!”.( Qiymətli əşyalar, daş-qaş, qızıl-gümüş və b. F.S.)

Qiyamət günü qopanda günahkarların yığdıqları sərvət Cəhənnəm odunda pul kimi qızdırılacaqdır. Hər bir qızıl və gümüş pul ən yüksək hərarət dərəcəsinə - közərənə qədər bərk qızdırılacaq, sonra isə günahkarların alınları, böyürləri və kürəklərinə basılacaqdır. Onlar soyuyan kimi, yenidən qızdırılacaq ki, bu növ cəza əlli min il davam etsin. Bununla yanaşı günahkarları həmçinin qınayacaq və məzəmmət edəcək və onlara belə deyiləcək: “Budur özünüz üçün yığdıqlarınız. Dadın yığdıqlarınızı! Allah sizə zalımlıq etmir – siz özünüz özünüzə zalımlıq edirdiniz. İndi isə sərvətiniz sizə dözülməz işgəncələr verir”.
Bu və bundan əvvəlki ayələrdə Allah insanın öz əmlakına necə zalımcasına yanaşdığını xatırladır. Birincisi, bu, insan sərvətini ona fayda gətirməyən və ona ancaq zərər vuran yaramaz məqsədlər üçün xərclədiyi zaman mümkün olur. Bunun örnəyi – günah işlətməyə və ya Allah qarşısında vəzifələrinin yerinə yetirilməsinə aidiyyəti olmayan alçaq istəklərinin təmin edilməsi xatirinə və yaxud insanlara doğru yola gəlməyə mane olmaq məqsədilə əmlakın xərclənməsidir. İkincisi, bu, insan vacib ianələri verməkdən boyun qaçırdığı hallarda mümkün olur. Əgər belə etmək qadağan olunmuşdursa, onda, deməli, hökm bunun əksini etməyi nəzərdə tutur.

(9.36) “Həqiqətən, Allah yanında ayların sayı, göyləri və yeri yaratdığı gündən bəri, Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!”

Allahın qədərinə müvafiq olaraq il on iki aydan aydan olmalıdır ki, bu da insanlara yaxşı məlumdur. Allah göyləri və yeri yaradarkən belə müəyyən etmiş, gecəni və gündüzü təyin etmiş və vaxtı on iki aya bölmüşdür. Bunlardan dördü haram aylar hesab edilir: rəcəb, zülqədə, zülhiccə və mühərrəm. Bu aylar ən əziz tutulan aylardır və o aylar zamanı müsəlmanlara döyüş əməliyyatlarına başlamaq və özünə zərər vurmaq qadağandır.
Bir şərhə görə, u ayədə əvəzlik bütün on iki aya aiddir. Fövqəluca Allah izah edir ki, O, bu ayları qulları üçün zaman fasilələri etmişdir ki, onlar Ona itaət etsinlər, göstərdiyi iltifata görə Ona həmd etsinlər və zalımlıq etməkdən çəkinsinlər.
Başqa bir şərhə görə isə, bu əvəzlik təkcə dörd haram aya şamildir və buna görə də günah etmək və öz zərərinə hərəkət etmək bütün il boyu qadağan edilir, xüsusilə, haram aylar ərzində. Onlar ən çox ehtiram bəslənilən aylar hesab olunur və bu alarda günah işlədilməsi – xüsusilə ağır cinayətdir. Məhz buna görə, möminlərə bu aylarda döyüşmək qadağan edilmişdir.
Bəzi ilahiyyatçılar belə hesab edirdilər ki, haram aylarda döyüş əməliyyatları aparılmasının haram edilməsi ləğv olunmamışdı. Özü də onlar bu aylarda döyüşmək olmaz barədə nasslara istinad edirdilər. Digər ilahiyyatçılar isə belə hesab edirdilər ki, haram aylarda döyüş əmələyyatları aparılmasına qadağa ləğv olunmuşdu. Onlar, geniş mənaya malik olan, bütün müşriklərlə döyüşmək hökmünə və digər oxşar Quran ayələrinə istinad edirdilər.
Fövqəluca Allah aləmlərin Rəbbinə iman gətirməkdən boyun qaçıran bütün müşriklərə qarşı mübarizə aparmağı əmr etmişdi və bu zaman onların bəziləri istisna olunmamışdı. Onların hamısı möminlərin düşmənidir və onları öz düşmənləri sayırlar. Çünki onlar haqq dinə etiqad edənlərin hər birinə düşmən gözü ilə baxırlar və əllərindən gələni edirlər ki, onlara zərər vursunlar.
Bir başqa şərhə görə isə, Fövqəluca Allah müsəlmanlara əmr etmişdir ki, müşriklərlə hamılıqla birlikdə döyüşsünlər. Bu şərh, hərbi yürüşlərdə iştirak etmək haqqında hökmün istisnasız olaraq bütün möminlərə aid olduğunu nəzərdə tutur. Lakin belə təfsir: “(Ehtiyac olmadıqda) möminlərin hamısı birdən (yürüşə) çıxmamalıdır...” (Tövbə, 9/122) ayəsi ilə ləğv edilmişdir.
Qoy möminlər bilsinlər ki, Allah təqvalı dindarlara kömək və yardım göstərir. Qoy onlar gizli və aşkarda təqvalı olmağa etiqad etsinlər, öz vəzifələrini yerinə yetirsinlər, kafirlərə qarşı mübarizə aparsınlar və döyüşkən və düşmənçilik edən kafirlərlə qarşılıqlı münasibətlərində təqvalılıq tələblərini unutmasınlar.


Tarix: 20.04.2013 / 13:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 758 Bölmə: Sureler