beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 51-70

(9.51) “De: “Allahın bizim üçün yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim Hamimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!”

Fövqəluca Allah münafiqlərin yanıldıqlarını ifşa edərək, Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Bizə Allahın Lövhi-məfhuzda yazdığından başqa heç nə üz verməz. Allah bizi himayə edir və bizim dünyəvi və dini işlərimizi sahmana salır. Biz taleyimizdən razıyıq və onu öz istədiyimiz kimi dəyişə bilmərik. Qoy özlərinə xeyirxahlıq edilməsini və bədbəxtliklərdən qaçınmaq istəyən möminlər yalnız Allaha təvəkkül etsinlər və Onun köməyinə güvənsinlər. Ona təvəkkül edən və güvənənlərin ümidi heç vaxt boşa çıxmayacaqdır. Başqa himayədarlara təvəkkül edən günahkarları isə Allah Öz yardımından məhrum edəcək və onlar arzularına nail ola bilməyəcəklər.


(9.52) “De: “Biz Allahın Özü tərəfindən və ya bizim əlimizlə sizi əzaba düçar etməsini gözlədiyimiz halda, siz bizlərə ancaq iki yaxşı işdən (zəfər çalmaqdan və şəhid olmaqdan) birinin gəlməsinimi gözləyirsiniz? Doğrusu, biz də sizinlə birlikdə gözləməkdəyik!”

Ey Muhəmməd! Sizin növbəti bəlaya düçar olacağınıza ümid bəsləyən münafiqlərə de ki: “Siz nəyi gözləyirsiniz? Bizə nə ola bilər? Bizə iki nemətdən biri nəsib ola bilər ki, onların hər biri bizə hökmən böyük fayda verə bilər. Biz düşmənlərimizə üstün gələrək qələbə çalsaq, həm bu dünyada və həm də ölümdən sonra savab alarıq. Əgər şəhid olsaq, Allah dərgahında ən yüksək pilləyə ucalmağa nail olarıq. Lakin, ey münafiqlər, biləsiniz ki, biz də sizin başınıza gələnləri görməyə ümidvarıq. Biz, Allahın sizi Cəhənnəmdə şiddətli cəzaya məruz qoyacağını və ya sizi öz əllərimizlə cəzalandıracağınə gözləyirik. Bu baş verdikdə, sizə üstün gələcəyik və siz bizim əllərimizlə həlak ediləcəksiniz. Siz bizə nəsib olacaq neməti gözləyin, biz də sizə üz verəcək əzab-əziyyəti gözləyirik”.


(9.53) “(Münafiqlərə) de: “İstər könül xoşluğu ilə, istər zorla (mallarınızı) xərcləyin. Onsuz da (Allah dərgahında) sizdən qəbul olunmayacaq. Çünki siz fasiq bir tayfasınız.

Fövqəluca Allah xəbər verir ki, münafiqlərin verdiklıri qurbanlar əbəs və faydasızdır. Bunun səbəbini izah etmək üçün Allah Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Ey münafiqlər! Sizin sədəqələrinizi, könüllü və ya məcburiyyət qarşısında, verməyinizdən asılı olmayaraq, onlar və eyni zamanda digər əməlləriniz onsuz da qəbul edilməyəcək, çünki siz Allaha itaət etmirsiniz”.


(9.54) “Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və Onun Peyğəmbərini inkar etmələri, namaza tənbəl-tənbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir”.

Münafiqlərin itaətsizliyi ondan ibarətdir ki, onlar Allah və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina etmişlər. Haqq din – istənilən xeyirxah əməlin qəbul olunmasının vacib şərtidir. Lakin münafiqlər ondan məhrumdurlar və buna görə onların əməlləri xeyirxah adlandırıla bilməz. Onlar namaz qılmağa tənbəlliklə qalxarlar. Namaz onlar o dərəcədə ağır gəlir ki, onu, ümumiyyətlə, qılmamağa hazırdırlar
(Əllərinə cüzi bir bəhanə düşən kimi namaz qılmaqdan asanlıqla təxirə salırlar. Tərc. F.S.).
Onlar sədəqə verəndə, bunu təmiz ürəklə etmirlər.
Bunları izah etdikdən sonra, Allah münafiqlər kimi davranan hər bir kəsi qınayır və bəyan edir ki, möminlər belələrindən fərqlənməli, Allaha bütün varlığı ilə ibadət edərək, namazı həvəslə və ruh yüksəkliyi ilə qılmalı və yalnız Ondan savab alacağına ümid bəsləyərək, sədəqəni ürəkdən paylamalıdır.

(9.55) “(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər”.

Qoy münafiqlərin var-dövləti və övladları səni heyrətə salmasın – sərvət və uşaqlar onlara heç bir sevinc gətirməyəcək. Onlardan heç bir fayda olmayacaq, çünki münafiqlər öz Rəbbinin lütfkarlığını qazanmaqdan daha çox, onlara can atırlar, onlara görə Ona itaətsizlik göstərirlər. Buna görə də, uşaqları və sərvətləri bu dünyada münafiqlərin cəzalandırılmasna səbəb olur. Onlar bu maddi nemətlərə böyük əziyyətlər bahasına nail olur və buna, daima narahatçılıq keçirməklə və ağır zəhmətlə özlərini əldən salaraq, çox böyük qüvvə sərf edirlər. Əgər onların maddi həyatdan aldıqları zövqü, sərf etdikləri həddən ziyadə cəhdlərlə müqayisə etsək, onda bu zövqün çox cüzi bir şey olduğu məlum olacaq. Maddi nemətlər onları Allahı zikr etməkdən yayındırır və dünya həyatında onların cəzalandırılmasının səbəbinə çevrilirlər. Bunun ən ağır və təhlükəli nəticələrindən biri onları qəlblərinin dünya malına bağlanması olur. Nəticədə onlar artıq hər hansı bir şey haqqında düşünməyi yadırğayır və dünya zövqü onların arzularının hüduduna çevrilir. Onların ürəklərində Axirət üçün yer qalmır və onlar bu dünyadan kafir kimi ayrılırlar. İnsanı əbədi bədbəxtliyə və sonsuz matəmə məhkum edən cəzadan da daha dəhşətli cəza nə ola bilər?!


(9.56) “(Münafiqlər) sizdən olmaya-olmaya mütləq sizdən olduqları barədə Allaha and içərlər. Lakin onlar (əslində sizin onları öldürmənizdən ehtiyat edən, buna görə də zahirən özlərini müsəlman kimi göstərən) qorxaq bir zümrədir”.
(9.57) “Əgər onlar bir sığınacaq və ya (gizlənmək üçün) mağara, yaxud girməyə bir deşik (yer) tapsaydılar, tələsik ora üz tutardılar”.

Münafiqlər Allaha and içirlər ki, onlar da sizlərdən biridirlər, lakin taleyin dönüklüyünə görə belə davranırlar. Öz əsil etiqadlarını etiraf etməyə cəsarətləri çatmır. Onlar qorxurlar ki, əgər onların həqiqi əqidələri və əməlləri sizə məlum olarsa, siz onlardan üz döndərərsiniz və onda insanlar hər tərəfdən onların üstünə hücum çəkməyə başlayarlar.
Ruhən möhkəm olan ağıllı insanlar belə hərəkət etmirlər. Onlar, əməllərinin saleh olub-olmasından asılı olmayaraq, həmişə açıq hərəkət edirlər. Lakin münafiqlər – qorxaq və yalançı camaatdır. Onlar o dərəcədə qorxaqdırlar ki, əgər taleyin dönüklüyündən xilas ola biləcəkləri bir sığınacaq tapmağa nail olsaydılar və gizlənmək üçün bir mağara və ya əlçatmaz bir daldalanacaq tapsaydılar, onda onlar hökmən oraya girməyə tələsərdilər. Həqiqətən, onlar mətanətlilik və qətiyyət göstərməyə kömək edən keyfiyyətlərdən məhrumdurlar.

(9.58) “Onlardan (münafiqlərdən) sədəqələr (onların bölünməsi) barəsində sənə eyib tutanlar da var. Əgər (sədəqədən) onlara bir şey verilsə, razı qalar, verilməsə, dərhal qəzəblənərlər”.

Ey Muhəmməd! Münafiqlər arasında elələri var ki, səni sədəqələri bölməyinə görə qınayırlar. Lakin onlar səni ağıllı dəlillərə əsaslanan təmiz niyyətlə günahlandırmırlar. Onlar yalnız sənin onlara daha çox dünya nemətləri bəxş etməyini istəyirlər. Əgər sən onlara bolluca pay versən, səndən razı qalarlar, amma onlara bir şey çatmasa, qəzəblənəcək və inciyəcəklər. Axı qullara sırf maddi mülahizələrə və mənfəət məqsədi güdməyə əsaslanaraq sevinmək və hiddətlənmək yaraşmır. Əksinə, insan həmişə öz Rəbbinin lütfkarlığını qazanmağa doğru hərəkət etməlidir. Məhz buna görə, Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Sizin hər birinizin arzusu mənim gətirdiklərimə uyğun gəlməyənə qıdır, o, iman gətirmiş sayılmaz”.


(9.59) “Kaş münafiqlər Allahın və Peyğəmbərinin onlara verdiklərindən razı qalıb: “Allah bizə kifayətdir. Allah bizə Öz nemətindən bəxş edəcək, Peyğəmbəri də (sədəqədən). Biz, həqiqətən, Allaha ürəkdən bağlananlarıq!” – deyəydilər!”

Onlar, Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) onlara bəxş etdikləri hər hansı nemətin miqdarından asılı olmayaraq razı qalmalıydılar. Onlar sadəcə deməliydilər: “Allah bizə bəsdir! Biz bizə bağışlanılandan məmnunuq və Onun mərhəmətinə və xeyirxahlığına ümid bəsləyirik. Bizə xeyir nazil etməsi və bizi şərdən qoruması üçün Ona dua edirik”.


(9.60) “Sədəqələr (zəkatlar) Allah tərəfindən müəyyən edilmiş bir fərz (vacib əməl) olaraq ancaq yoxsullara, (ehtiyacı olan, lakin utandığından əl açıb dilənməyən) minskinlərə, zəkatı yığıb paylayanlara, ürəkləri (müsəlmanlığa) isinişib bağlanmaqda olanlara (iman gətirib hələ kamil mömin olmayanlara), azad ediləcək kölələrə (və ya boynuna kəffarə düşüb verə bilməyənlərə), həmçınin (borcu ödəməyə imkanı olmayan) borclulara, Allah yolunda cihad edənlərə və yolçulara (pulu qurtardığı üçün yolda qalan, vətəninə qayıda bilməyən müsafirlərə) məxsusdur. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!”

Fövqəluca Allah müsəlmanlardan yığılan vacib sədəqələrin necə bölünməsini bildirir. Söhbət təkcə zəkatın bölünməsi haqqında gedir, çünki könüllü ianələri istənilən insanlara heç bir məhdudiyyət qoyulmadan paylamaq olar. Vacib ianələrə gəldikdə isə, onları səkkiz dərəcəyə bölmək olar.
Birinci iki dərəcəyə dilənçilər və yoxsullar daxildir. Bu halda onların arasında fərq qoymaq lazımdır, çünki dilənçilər kasıblara nisbətən böyük ehtiyac içində olurlar. Allah birinci olaraq məhz dilənçiləri xatırladır, çünki Quran ayələri həmişə ardıcıl olaraq daha vacib olandan daha az vacib olana keçir. Belə bir rəy var ki, dilənçi – yaşamaq vasitələrindən tamamilə məhrum olan və yaxud yaşamaq üçün zəruri olan minimum vəsaitin yarısını və ya yarıdan çoxunu qazanırlar, lakin özlərini tam təmin etməyə qadir deyillər. Əgər insan özünü tam təmin etməyi bacarırsa, onda o, zəngin adlanır. Birinci və ikinci dərəcələrə aid edilən insanlar heç bir ehtiyac hiss etməyəcəkləri qədər ianə almaq haqqına malikdirlər.
Üçüncü dərəcəyə - ianələrin toplanması, saxlanması, daşınması və ya qeydiyyatı ilə məşğul olan və habelə zəkatın toplanması və bölünməsi ilə əlaqədar olan hər hansı digər fəaliyyət üzrə çalışan qulluqçular aid edilmişdir. Bu qulluqçular öz vəzifələrini yerinə yetirdiklərinə görə maaş alırlar.
Dördüncü dərəcəyə aid olan insanlar müsəlmanların ürəklərini ələ almaq istədikləri şəxslərdir. Bunlar, ətrafındakılarının tabe olduqları ağsaqqallar və ya hörmətli adamlardır. Əgər müsəlmanlar onlara İslamı qəbul etdirmək istəyirlərsə və yaxud onların vura biləcəyi ziyandan qorunmaq, istəyirlərsə, ya da onların imanını möhkəmlətmək niyyətindədirlərsə və yaxud başqa ağsaqqalları İslama dəvət etmək, ya da ki, zəkat verməkdən boyun qaçıranlardan onu toplamaq istəyirlərsə, onlara ianələrin bir hissəsini verməyə icazə verilir. Toplanmış ianələri belə faydalı məqsədlərə sərf etməyə icazə verilir.
Beşinci dərəcəyə, öz sahibləri ilə müəyyən məbləğə öz azadlığını satın almaq məqsədilə müqavilə bağlamış qullar aid edilir. Belə qullar əllərindən gələni edirlər ki, köləlikdən xilas olsunlar və onlar toplanmış ianələrdən yardım almağa layiqdirlər. Buraya həmçinin kafirlərin əlində əsir olan müsəlmanların azad edilməsi də şamildir. Bundan başqa, zəkat vəsaitlərinin sərf edilməsi zamanı belə müsəlmanların köləlikdən azad edilməsinə üstünlük verilməlidir. Şərh etdiyimiz ayənin mətni toplanmış zəkatın bütövlükdə təkcə qulların azad edilməsinə xərclənə bilməsinə dəlalət edir.
Altıncı dərəcəyə iki qrupa ayrılan borclular aiddir. Birinci qrupa mübahisə edən tərəfləri barışdırmaqdan ötrü maddi vəsaitlərini sərf edilən insanlar daxil edilir. Məsələn, əgər iki adam arasında bir münaqişə baş verdikdə, müsəlman onların arasında vasitəçilik edərək, onlardan birinin və ya hər iki tərəfin xeyrinə ianə vermişsə, onda o, varlı və təminatlı olsa belə, öz xərclərini zəkat vəsaiti hesabına bərpa edə bilər. Bu hökm insanları barışdırarkən müsəlmanların qətiyyət göstərməsi üçün nazil edilmişdir. İkinci qrupa öz ehtiyacları üçün borc alan, lakin onu qaytarmağa qadir olmayan insanlar daxildir. Onların öz borclarını ödəmək üçün kifayət edən miqdarda ianə almağa haqqı vardır.
Yeddinci dərəcəyə aid olanlara – müntəzəm qoşun döyüşçüləri sırasında olmayan və Allah yolunda könüllü vuruşan döyüşçülər aiddirlər. Onlar zəkat vəsaitlərindən döyüş əməliyyatlarında iştirak üçün zəruri olan hər şeyi almaq haqqına malikdirlər. Buraya silah və nəqliyyat vasitəsi əldə edilməsi və həm də maaş və ailənin təminatına xərclər daxildir. Bu ona görə edilir ki, döyüşçülər heç bir narahatçılıq keçirmədən, özlərini bütövlükdə döyüş əməliyyatlarına həsr edə bilsinlər.
İslam alimlərinin çoxu hasab edirdi ki, həyatını müstəqil təmin etməyi bacaran adam özünü şəriəti öyrənməyə həsr edirsə, ona toplanmış zəkatdan məvacib verilməlidir, çünki şəriət elmlərinin öyrənilməsi Allah yolunda mübarizənin növlərindəndir. Belə bir rəy də var ki, kasıb müsəlman vacib həcc ziyarətinə getmək üçün zəkatdan ianə almaq haqqına malikdir. Lakin bununla əlaqədar müxtəlif yanaşmalar da mövcuddur.
Səkkizinci dərəcəyə - səfərə çıxaraq yad ölkədən evinə qayıtmağa vəsaiti olmayan müsafirlər aiddirlər. Onlara, evlərinə qayıtmağa kifayət edən ianə almağa icazə verilir. Bu səkkiz dərəcədən olan insanlar zəkatdan ianə almaq haqqına malikdirlər. Bu, Allahın hər şeyi əhatə edən elmi və İlahi müdrikliyinin nəticəsi olan hökmdür!
Bilmək lazımdır ki, sadalanan səkkiz dərəcə iki qrupa bölünür. Birinci qrupa aid olan insanlar – öz kasıblığı üzündən ianə alanlardır. Bunlar – dilənçilər, kasıblar və onlar kimi olanlardır. İkinci qrupa aid olanlar – müsəlmanlarıa lazım olan və dinə fayda verə bilən insanlardır. Fövqəluca Allah varlılara və təmin olunmuş insanlara öz əmlakının bir hissəsini vacib zəkat kimi verməyi və onunla insanların ən ümumi və fərdi ehtiyaclarını – İslamın və müsəlmanların ehtiyacını təmin etmək hökmünü vermişdir. Əgər varlı müsəlmanlar zəkatı layiqincə versələr, onda möminlər arasında ehtiyacı olanlar qalmaz və onların da öz sərhədlərini qorumağa, kafirlərlə vuruşmağa və dinin bütün tələbatlarını ödəməyə kifayət qədər vəsaitləri olar.

(9.61) “(Münafiqlər içində) Peyğəmbəri incidib: “O (hamını dinləyən, hər sözü eşidib inanan) bir qulaqdır”,- deyənlər də var. De: “O qulaq sizin üçün bir nemətdir. Allaha da inanır, möminlərə də. O sizdən iman gətirənlər üçün rəhmətdir. Allahın Elçisinə əzab verənləri isə şiddətli bir əzab gözləyir!”

Münafiqlər arasında elələri də var ki, Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) təhqir edir və onu (ona Allahın salavatı və salamı olsun!) və onun (ona Allahın salavatı və salamı olsun!) dinini ləkələməyə cəhd göstərirlər. Onlar onun (ona Allahın salavatı və salamı olsun!) ünvanına söylənən qanqaraldan ifadələrə diqqət yetirmir və belə deyirlər: “Əgər onun haqqında danışdığımız bu sözlər ona çatsa, biz ondan üzr istəyərik və o bizi bağışlayar, çünki o, qulaq kimidir: doğruçuya və yalançıya fərq qoymadan, hər deyilənə inanır”. Allah onları rüsvay etsin! Onlar öz aralarında söhbət edərkən sözlərinin nəticələrinə heç bir əhəmiyyət vermirlər. Onlar istəmirlər ki, insanlar onların onların dedikləri barədə Muhəmməd Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) xəbər versinlər, lakin güman edirlər ki, hətta bu baş versə də, onlar özlərini boş sözlərlə safa çıxarda biləcəklər.
Onlar eyni vaxtda bir neçə mənfi tərəfləri olan ağır günah işlədirlər. Birincisi, onlar insanları bədbəxtlikdən və məhv olmaqdan xilas etməyə və onları düz yola yönəltməyə və onlara xoşbəxtlik əldə etməyə kömək göstərməyə gələn Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) təhqir edirlər. İkincisi, onlar ağızlarından çıxartıqları naqis sözlərinə xüsusi əhəmiyyət vermirlər ki, bu onların təhqirini daha da ağırlaşdırır. Üçüncüsü, onlar Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) doğruçu ilə yalançı adamları ayırd etməyi bacarmayan düşüncəsiz adam sayırlar, halbuki, əslində, o (ona Allahın salavatı və salamı olsun!), bütün insanlardan ən dərrakəlisi, ağıllısı və düşüncəlisi idi. Məhz buna görə, Fövqəluca Allah bildirir ki, o (ona Allahın salavatı və salamı olsun!) təkcə xeyirxah sözlər danışan və doğruçu olanlara inanırdı.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) həqiqətən münafiqlərin çoxundan üz döndərirdi və bu zaman onları, özlərinə bəraət qazandırmaq üçün söylədikləri saxta dəlillərə görə, qınamırdı. O (ona Allahın salavatı və salamı olsun!) öz alicənablığına görə belə davranırdı. O (ona Allahın salavatı və salamı olsun!) onların fitnəkarlığına əhəmiyyət vermir və “Yanlarına qayıtdığınız zaman onlardan vaz keçməniz (onları məzəmmət etməməniz) üçün (yalandan) Allaha and içəcəklər. Siz də onlardan vaz keçin! Çünki onlar murdardırlar və qazandıqları (günahların) cəzası olaraq düşəcəkləri yer də Cəhənnəmdir!” (Tövbə, 9/95) - buyuran Allahın hökmunə itaət edirdi.
O (ona Allahın salavatı və salamı olsun!) Allaha iman gətirmişdi və həqiqəti deyən və haqqı etiraf edən möminlərə də inanırdı. O (ona Allahın salavatı və salamı olsun!) doğruçu insanları yalançılardan ayırd edirdi və çox vaxt yalanını ifşa edə biləcəyi kəslərdən sadəcə üz çevirirdi. O (ona Allahın salavatı və salamı olsun!), onun yolu ilə gedən, onun (ona Allahın salavatı və salamı olsun!) gözəl əxlaqını və rəftarını örnək götürən mömin müsəlmanların xatirinə belə güzəştlərə gedirdi. O (ona Allahın salavatı və salamı olsun!) təkcə möminlər üçün mərhəmət idi, çünki bütün qalan insanlar onu qəbul etməkdən boyun qaçırmışdılar. Bundan əlavə, onlar onun (ona Allahın salavatı və salamı olsun!) lütfkarlığını rədd etməklə öz dünya və sonrakı Axirət həyatlarını da məhv etdilər. Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) həm sözləri və həm də əməlləri ilə incitməyə cəsarət etdilər və buna görə, onları yerdəki həyat zamanı və ölümdən sonra məşəqqətli cəza gözləyir. Bu cəzalandırmanın formalarından biri də, Muhəmməd Peyğəmnəri (s.ə.s) incidən və ya təhqir edən hər kəsə ölüm hökmü çıxarılmasıdır.


(9.62) “(Ey möminlər!) Onlar sizin razılığınızı qazanmaq üçün (münafiq olmadıqları barədə) Allaha and içirlər. Əgər onlar mömindirlərsə, (bilsinlər ki,) Allahın və Onun Peyğəmbərinin razılığını qazanmaq daha vacibdir!”

Onlar Allaha and içirlər ki, əvvəllər sizi təhqir etdiklərinə və digər günahlar törətdiklərinə görə peşman omuşlar. Onlar bunu sizin xoşunuza gəlmək üçün belə edirlər. Əgər onlar iman sahibləri olsaydılar, onlar Allahın və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütfünü qazanmağa daha çox can atardılar. Əməlisalüh insan heç bir şeyi Rəbbinin mərhəmətindən üstün tutmaz. Onları isə Allah və Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) lütfükarlığı deyil, daha çox insanların razı qalması qayğılandırır ki, bu da onların mömin olmadıqlarını təsdiq edir.


(9.63) “Məgər bilmirlərmi ki, Allaha və Onun Peyğəmbərinə qarşı çıxanı içində əbədi qalacağı Cəhənnəm atəşi gözləyir. Bu isə çox böyük rüsvayçılıqdır”.

Münafiqlər Allahla düşmənçilik edir və Ona müqavimət göstərirlər, halbuki Allahdan və Onun Elçisindən (ona Allahın salavatı və salamı olsun!) üz döndərib, Onun hökmlərini saymayan və Onun haramlarını pozan hər bir günahkara Cəhənnəm Odu hazırlanmışdır və onlar orada əbədi qalmalı olacaqlar. Bu günahkarla rüsvay ediləcək və biabır olacaqlar. Onlar tükənməz səadətdən məhrum ediləcək və Cəhənnəmdə əzab-əziyyətə düçar ediləcəklər. Allahım, bizi bundan qoru!



(9.64) “Münafiqlər ürəklərində olanları xəbər verəcək bir surənin nazil edilməsindən çəkinirlər. De: “Siz istehza etməyinizdə olun. Allah qorxub çəkindiyiniz şeyi üzə çıxaracaqdır!”

Bu gözəl surə “əl-Fadıha” (“İfşaedən”)adını da almışdır, çünki o, münafiqlərin bütün gizli niyyətlərindən xəbər verir və onların altında gizləndikləri örtüyü açır. Allah münafiqlərə xas olan sifətləri bildirirsə də, onların adlarını ayrı-ayrılıqda çəkmir. Bunun isə iki səbəbi var idi. Birincisi, Allah Öz qullarının əməllərini pərdələməyi sevir. İkincisi isə, bu surədə xatırlanan sifətlərə malik olan münafiqlərin qınanması təkcə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) zamanında yaşayanlara deyil, bütün onunkimilərindən tutmuş ta Qiyamət qopana qədər yaşayanlara şamil edilir. Məhz münafiqlərin sifətləri haqqında xatırlama onlardan hər birini dəhşətə salmışdır.
Fövqəluca Allah buyurur: “Əgər münafiqlər, qəlblərində mərəz (zinakarlıq, pozğunluq mərəzi) olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər. (Onlar) məlunlar kimi (tezliklə şəhərdən qovular), harada ələ keçsələr, mütləq tutulub öldürülərlər” (Əhzab, 33/60-61). Münafiqlər qorxurdular ki, rüsvay edilsinlər, onların gizli niyyətləri isə aşkar edilsin. Onlar istəmirdilər ki Allahın qulları onların əsil niyyətlərini öyrənsinlər və öyüd-nəsihətə qulaq asanlar üçün örnək olmaq istəmirdilər. Lakin Allah Elçisinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, onlara belə desin: “Siz istehza etməyinizdə və ələ salmağınızda olun. Allah çox tezliklə gizlətməyə cəhd göstərdiyinizi ifşa edəcəkdir”.
(Mücahid deyir ki: “Münafiqlər öz aralarında müsəlmanların əleyhinə danışır və sonra da deyirdilər ki, “Yəqin ki, Allah bu dediyimiz gizli sözləri aşkar etməz”. Ayədə də buna işarə edilir. (Əbu Cəfər Muhamməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, Hisar Yayınevi, TC, 4/317). Tərc. F.S. )
Fövqəluca Allah Öz vədini yerinə yetirdi və münafiqlərin sifətlərini açıqlayan və onların altında gizləndikləri örtüyü qaldıran surəni nazil etdi.


(9.65) “(Ey Elçim!)Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: “Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)”, - deyə cavab verərlər. De: “Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?!”
(9.66) “(Əbəs yerə) üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü biruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!”

Təbuka hərbi yürüş zamanı münafiqlərin bəziləri dinə istehza edərək, müsəlmanları təhqir etməyə başladılar. Onlar deyirdilər: “Biz bizim Quran oxuyanlarımızdan da daha qarınqulu, yalançı və qorxaq adamlar görməmişdik!” Onlar Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) və onun səhabələrini nəzərdə tuturdular. Onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) onların dedikləri sözləri bildiyini başa düşdükdə, üzürxahlıq etmək üçün onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib dedilər: “Biz ancaq söhbət edib zarafatlaşırdıq və pis niyyətimiz yox idi. Biz heç kimi incitmək və ya təhqir etmək istəmirdik”.
Fövqəluca Allah xəbər verir ki, onların özlərinə bəraət qazandırması uydurulmuş və yalandı. O, Öz Peyğəmbərinə (ona Allahın salavatı və salamı olsun!) buyurur ki, desin: “Doğrudanmı siz Allahı, Onun ayələrini və Onun Elçisini masqaraya qoymağa cəsarət etmisiniz? Əbəs yerə üzr istəməyin və özünüzü təmizə çıxarmağa çalışmayın. Siz haqq dinə iman gətirdikdən sonra, artıq kafir oldunuz”.
Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) istehza etmək kafirlikdir və insanı İslamın ağuşundan çıxardır, çünki din – Allaha ehtirama, Onun dininə və elçilərinə hörmətlə yanaşmağa əsaslanır. Onlara rişxənd etmək İslam dininin özülünə uyğun gəlmir və ona tamamilə ziddir.
Münafiqlər özlərinə bəraət qazandırmağa çalışırdılar və onları bağışlamağı xahiş edirdilər, lakin Allahın Elçisi (ona Allahın salavatı və salamı olsun!) əvvəl dediklərinə heç nə əlavə etmədi. O (ona Allahın salavatı və salamı olsun!) belə dedi: “Doğrudanmı siz Allahı, Onun ayələrini və Onun Elçisini masqaraya qoymağa cəsarət etmisiniz? Əbəs yerə üzr istəməyin və özünüzü təmizə çıxarmağa çalışmayın. Siz haqq dinə iman gətirdikdən sonra, artıq kafir oldunuz”.
Fövqəluca Allah bildirir ki, əgər onlar günahlarını tövbə etsələr, Ondan bağışlanmalarını xahiş etsələr və etdikləri cinayətlərə görə peşman olduqları bildirsələr, onda O, onların tövbəsini qəbul edər. Bütün qalan münafiqləri isə O, küfrə etiqad etdiklərinə və tövbə etmədiklərinə görə cəzalandıracaqdır.
Bu ayələr ona dəlalət edir ki, əgər insan Allahın dininə qarşı gizlicə bədxah niyyətdədirsə, Onu, Onun ayələrini və Onun Elçisini (ona Allahın salavatı və salamı olsun!) ələ salırsa, onda Fövqəluca Allah mütləq onun gizli niyyətini ifşa edəcək, onu ətrafdakıları qarşısında rüsvay edəcək və sərt cəzaya məruz qoyacaqdır. Bu ayələr onu göstərir ki, əgər insan Allahın Kitabını məsxərəyə qoyursa və ya Onun Elçisinin (ona Allahın salavatı və salamı olsun!) səhih Sünnəsinə sataşırsa və yaxud onlarda bir əskiklik axtarırsa, ya da Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) ələ salırsa və ya ona (ona Allahın salavatı və salamı olsun!) böhtan atırsa, onda o – kafirdir. Ayələr təsdiq edir ki, tövbə istənilən adamdan, hətta o, ən dəhşətli cinayətlər törətsə də, qəbul edilir.


(9.67) “Münafiq kişilərlə münafiq qadınlar bir-birinin tayıdırlar. Onlar pis işlər görməyi əmr edər, yaxşı işləri qadağan edərlər. Həm də xəsisdirlər. Onlar Allahı unutdular, Allah da onları unutdu. Həqiqətən, münafiqlər fasiqdirlər!”

Münafiq kişilər və münafiq qadınlar bir-birilərinə bənzəyirlər, (Təbəri Təfsirində deyilir ki: “Münafiq kişilər və münafiq qadınlar iman gətirdiklərini söylədikləri halda kafir olduqlarını gizlətmələri baxımından eynilə bir-birilərinə bənzəyirlər. Onlar Allahı və Onun Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) inkar etmək kimi yaramaz əməlləri başqalarına qəbul etdirmək istəyirlər”. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/319). F.S.)çünki bu yaramaz xislət onların hər birinə xas olan keyfiyyətdir. Onlar bir-birilərini sevirlər və bir-biriləri ilə dostluq edirlər. Bu isə o deməkdir ki, möminlərin onlara dostluq münasibəti bəsləməyə haqları yoxdur.
Allah, bu barədə xatırlatdıqdan sonra, bütün münafiqlərə, - istər gənc olsun, istərsə də yaşlı, məxsus olan ümumi xüsusiyyətlərdən xəbər verir. Onlar insanları küfrə, əxlaqsızlığa və itaətsizliyə doğru yönəldir və haqq dindən, nəcib əxlaqdan, saleh əməllərdən və ləyaqətli davranışdan uzaqlaşdırırlar. Onlar o dərəcədə xəsis və tamahkardırlar ki, Allah xatirinə sədəqə verməmək və yaxşılıq etməmək üçün əllərini bərk-bərk yumarlar. Onlar Allahı nadir hallarda yada salar və buna görə Allah da onları unudar. O, onları Öz mərhəmətindən məhrum edir və onlara xeyirxahlıq etmələri üçün köməklik göstərmir. Axirət həyatında isə O, onlara Cənnət bağlarına girməyə imkan verməyəcək və onları əbədi qalacaqları Cəhənnəmin lap dibinə atacaqdır.
Doğrudan da, münafiqlər - əsil günahkarlardırlar. Onlar kimi bu vəsfə uyğun gələn kimsə yoxdur, çünki onların günahkarlığı bütün qalan insanların günahlılığından üstündür. Bunun dəlili – onların ən sərt cəzaya layiq görüləcəyidir. Bununla yanaşı, onlar, aralarında olduqları müsəlmanlar üçün təhlükə mənbəyidir və buna görə möminlər istənilən vasitə ilə onlardan çəkinməlidirlər.


(9.68) “Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. (Atəş, əzab) onlara kifayətdir. Allah onlara lənət etdi (mərhəmətindən qovdu). Onları daimi bir əzab gözləyir!”

Fövqəluca Allah bütün münafiqləri və kafirləri – həm kişi və həm də qadınları, Cəhənnəmdə toplayacaqdır. Onların nəsibi – lənət və Cəhənnəmdə əbədi qalmaq olacaqdır. ( Onlar bu dünyada da əzab və fəlakətlərə uğradılacaqlar... Çünki inkarçılığın və ikiüzlülüyün cəzası budur.” (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/319). F.S.) Onlar əzabı birlikdə dadacaqlar, çünki dünya həyatında da bir yerdə kafirliyə etiqad edir, Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) ilə düşmənçilik edərək, Onun ayələrini və möcüzələrini inkar edirdilər.

(9.69) “(Ey münafiqlər!) Siz özünüzdən əvvəlkilər kimisiniz. Hələ onlar sizdən daha qüvvətli, mal-dövlət, övlad baxımından daha artıq idilər. Onlar (dünyadakı) qismətlərindən həzz alıb bəhrələndilər. Siz də özünüzdən əvvəlkilər kimi (dünyadakı) qismətinizdən ləzzət alıb bəhrələndiniz. Siz də onlar kimi (yalan bataqlığına) yuvarlandınız. Onların əməlləri dünyada da, Axirətdə də puça çıxmışdır. Onlar özlərinə zərər edənlərdir!”

Ey münafiqlər! Siz sizdən əvvəl yaşamış mürtədlərə oxşayırsınız. Onlar da iman gətirməkdən boyun qaçırmışdılar, amma özlərini elə aparırdılar ki, guya mömindirlər. Lakin onlar sizdən daha qüdrətli idilər. Onların var-dövləti də və övladları da çox idi. Onlar nəsibləri olan dünya nemətlərindən ləzzət alır, Allahı zikr etməkdən və təqvalılığa etiqaddan isə imtina edirdilər. Onlar Allahın peyğəmbərlərinə etinasız yanaşır, onlara hörmətsizlik edir və öz aralarında onları lağa qoyurdular. Siz də nəsibiniz olan dünya nemətlərindən, sizdən əvvəlkilərin etdiyi kimi, həzz alırsınız. Siz də günah işlədir və faydasız söhbətlərə qurşanırsınız. Lakin unutmayın ki, onların əməlləri puç oldu və onlara nə dünyada, nə də ölümdən sonra (Axirət həyatı üçün) fayda vermədi. Onlar zərərə düşmüşlərin cərgəsinə düşdülər və siz də əməllərinizlə və əldə etdiklərinizlə onlardan fərqlənmirsiniz. Bu isə o deməkdir ki, sizi də belə müdhiş sonluq gözləyə bilər .(Görkəmli müfəssir əs-Səədinin bu şərhini Peyğəmbərimiz Muhəmmədin (ona Allahın salavatı və salamı olsun!) aşağıdakı hədisi də təsdiq etməkdədir: “Canım qüdrət əlində olan Allaha and içirəm ki, siz də sizdən əvvəlki üm¬mətlərin yolunu qarış-qarış, arşın-arşın, qulac-qulac təkrarlayacaqsınız. Belə olacaq ki, onlar kərtənkələnin girdiyi dəliyə giriblərsə, siz də oraya girəcəksiniz”. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/320). F.S. )


(9.70) “Məgər onlara özlərindən əvvəlki Nuh, Ad, Səmud tayfasının, İbrahim qövmünün, Mədyən əhalisinin və Mötəfikilərin (şəhərləri alt-üst olmuş Lut tayfasının) xəbəri gəlib çatmadımı? Peyğəmbərləri onlara aşkar möcüzələrlə gəlmişdilər. Allah onlara zülm edən deyildi, lakin onlar özləri özlərinə zülm etmişdilər”.

Ey münafiqlər! Keçmişdə kafir xalqların cəzalandırıldığı kimi, sizə də o cəzalardan nəsib ola bilər. Nuhun (ə) xalqı, adlar, səmudlar, İbrahimin (ə) xalqı, Mədyənin sakinləri və sonradan bərbad hala salınmış şəhərlərdə məskunlaşan Lutun (ə) xalqı – onların hamısı aralarında açıq-aşkar haqqı təbliğ edən və şeylərin əsil mahiyyətini onlara izah edən elçiləri rədd etmişdilər . (Təbəri bu barədə öz Təfsirində belə yazır: “Məgər bu münafiqlərə özlərindən əvvəl yaşamış bu xalqların nəyə məruz qoyulduğu xəbəri gəlib çatmamaışdımı? Nuhun (ə) xalqıbı tufanla boğmadıqmı? Ad xalqını şiddətli uğultu ilə əsən və hər şeyi məhv edən güclü küləklərlə həlak etmədikmi? Səmud xalqını qorxunc bir sarsıntı ilə yox etmədikmi? İbrahimin (ə) xalqından verdiyimiz nemətləri alaraq, onların padişahı olan Nəmrudu məhv etmədikmi? Mədyən xalqını da, Şueybi (ə) yalançı çıxarınca, onlara kölgə salan buludlu günün əzabı ilə yaxalamadıqmı? Lutun (ə) xalqına əzab əmrimiz gələn kimi, yaşadıqları ölkənin altını üstünə çevirmədikmi? Üstlərinə nişanlanmış yanar daşlar yağdırmadıqmı? Allah onların heç birini nahaq yerə həlak etməmişdir. Onlar Allah itaətsizlik etdiklərinə və Onun peyğəmbərlərini yalançı saydıqlarına görə cəzaya layiq görülmüş və özləri özlərinə zülm etmişlər. Ey münafiqlər, eyni şeylərin sizin də başınıza gəlməyəcəyinə əminsinizmi?” (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/320-321). F.S. )Allah bu kafirlərin, sizin cinayətlərinizə bənzəyən günahlarına görə, köklərini necə kəsdiyi barədə artıq sizə bildirmişdir. O, onları cəzalandırmışdır, lakin onlara zalımlıq etməmişdir. Əksinə, onlar öz Rəbbinə itaətsizlik etməyə cəsarət göstərməklə, Onun elçilərinə itaətdən boyun qaçırmaqla və hər cür inadkar zalımların ardıyca getməklə özləri özlərinə sülm etmişdilər.


Tarix: 20.04.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 663 Bölmə: Sureler