beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ƏT-TÖVBƏ SURƏSİNİN ŞƏRHİ 71-90

(9.71) “Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar (hayandırlar). Onlar (insanlara) yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itaət edərlər. Allah, əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah, həqiqətən, yenilməz Qüvvət Sahibi, Hikmət Sahibidir!”

Münafiqlərin bir-birinə məxsus olduqlarını xatırlatdıqdan sonra, Fövqəluca Allah xəbər verir ki, iman gətirənlər də bir-birilərinin dostudur. Onların məziyyətlləri münafiqlərinkinin tamamilə əksinədir. Onlar bir-birilərini sevir, bir-biriləri ilə dostluq edir və bir-birilərinə yardım göstərirlər. Onlar insanları bəyənilən şeylərə,(“Bəyənilən şeylərə dəvət” dedikdə, Təbəriyə görə, İslama dəvət, “qınanılan şeylər” adı altında isə insanları bütlərə və şeytanlara ibadət etməkdən çəkindirmək nəzərdə tutulur. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/321-322). F.S.) yəni düzgün baxışlara, saleh əməllərə və ləyaqətli davranışa dəvət edirlər. İlk növbədə, onlar özləri buna riayət edirlər. Onlar insanları qınanılan şeylərdən, yəni yanlış nəzər nöqtələrindən, yaramaz əməllərdən və nöqsanlı əxlaqdan çəkindirirlər. Bununla yanaşı, onlar yorulmadan Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) itaət edirlər. Buna görə Allah Öz kölgəsini onlardan əsirgəməyəcək və onlara böyük nemətlər qismət edəcəkdir. Onun gözəl adları arasında – Qüdrətli və Müdrik adları haqqında. O, əzəmətə və qüdrətə, hökmə və müdrikliyə malikdir və onların əsasında hər şeyi öz yerində yerləşdirir və yaratdıqlarına və hökm verdiyi hər şeyə görə həmd olunmağa layiqdir. Sonra Fövqəluca Allah Özünün mömun qulları üçün hazırlanmış savabdan bəhs edir:



(9.72) “Allah mömin kişilərə və qadınlara (ağacları) altından çaylar axan Cənnət bağları və Ədn bağlarında gözəl məskənlər vəd etmişdir. Onlar orada əbədi qalacaqlar. Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür. Bu, böyük qurtuluşdur (uğurdur)!”

Cənnət bağlarında insanlara nə əzab və nə də qəm verməyən hər növ sevinc və ləzzətlər cəm edilmişdir. Sarayların, yüksək evlərin və Cənnət ağaclarının arasında şırıldayan çaylar axır və öz suları ilə bütün gözəllikləri Fövqəluca Allahdan başqa heç kimə məlum olmayan füsunkar bağları sulayır. Möminlər orada əbədi olaraq qalacaqlar və özləri üçün ürəklərindən başqa bir şey keçməyəcək. Onların mənzilləri Allahın müttəqi qullarının qəbulu üçün bəzədiləcək və hazırlanacaqdır. Cənnət mənzərələri, uca evlər və istirahət yerləri o dərəcədə füsunkar olacaqdır ki, insan arzusunun hüdudunu təcəssüm etdirəcəkdir. Onların otaqları elə təmiz və qəşəngdir ki, içəridə olanlar çölündə nə baş verdiyini görəcək, çöldəkilər də içəridəkiləri görə biləcəklər. Bu füsunkar mənzillər həqiqətən insanların qəlbinin onlara doğru can atmasına layiqdir. İnsan qəlbi həmişə onların həsrətində olmuşdur, çünki o mənzillər Ədəm bağlarında - əbədiyyət bağlarındadır və möminlər onları heç vaxt tərk etməyəcəklər.
Allahın Cənnət sakinlərini əhatə edən lütfkarlığı Cənnətin digər gözəlliklərindən qat-qat üstün olacaqdır. Bu gözəlliklər Rəbbin üzünü görmək və Onun lütfkarlığını öz üzərində hiss etmək imkanı olmadan möminlərə layiqincə səadət bəxş etməzdi, çünki məhz bu, Allaha ibadət edən və Onu sevən qulların müqəddəs arzusudur. Doğrudan da, yerin və göylərin Rəbbinin mərhəməti hər cür Cənnət ləzzətlərindən üstündür. Bu, böyük uğurdur ki, onun sayəsində insan ən çox arzuladığı şeyə nail ola bilər, hər cür xoşagəlməzliklərdən xilas ola bilər və gözəl və cahcəlallı həyat sürməyə başlaya bilər. Ey Allah, Öz mərhəmət və səxavətinlə bizi o salehlərdən biri et!


(9.73) “Ey Peyğəmbər! Kafirlərə və münafiqlərə qarşı vuruş! (Kafirləri qılıncla, münafiqləri isə dəlil-sübutla, sözlə məhv et!) Onlarla sərt davran! Onların məskəni Cəhənnəmdir. Ora nə pis yerdir!”

Ey Peyğəmbər, kafirlər və münafiqlərlə mübarizə apar və şərait tələb etdikdə onlara qarşı amansız ol! ( Abdullah b. Məsuda görə, Fövqəluca Allah bu kərim ayədə Allahın Elçisinə (ona Allahın salavatı və salamı olsun!): “Münafiqlərə qarşı həm sözlə, həm də silahla mübarizə etməsini əmr etmişdir”. (Əbu Cəfər Muhəmməd b. Cərir ət-Təbəri, Təbəri Təfsiri, TC, Hisar Yayınevi, 4/322-324). F.S.) Bu ayədə mübarizə ifadəsi ilə təkcə əldə silahla döyüşmək deyil, həm də dəlil və sübutların vasitəsilə mübarizə aparmaq nəzərdə tutulur. Əgər kafirlər müsəlmanlara qarşı döyüşürlərsə, onda onlarla mübarizəni həm sözlə və əməllə və həm də qılınc və nizələrlə aparmaq lazımdır. Əgər kafirlər müsəlmanlara məğlub olurlarsa və onlarla sülh müqaviləsi və ya saziş bağlayırlarsa, onda onlarla dəlil və sübutların vasitəsi ilə mübarizə aparılaraq, İslamın üstünlüyü, müşrikliyin və kafirliyin yanlışlığı onlara izah edilməlidir. Belə aqibət kafirləri dünya həyatında gözləyir, ölümdən sonra isə onların cığınacağı alov püskürən Cəhənnəm olacaqdır ki, onlar oranı heç vaxt tərk etməyəcəklər.


(9.74) “(Münafiqlər) Allaha and içirlər ki, (Peyğəmbər haqqında nalayiq sözlər) deməyiblər. (And olsun ki) onlar küfr sözünü demiş, islamı (zahirən) qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə (Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə) girişmişdilər. (Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı) kin-küdurət bəsləmələ- rinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlan- dırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər (imandan) üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!”

Münafiqlər and içirlər ki, heç bir pis söz deməmişlər, halbuki, əslində, onlar İslam dinini və Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) məsxərəyə qoymuşdular. Hətta onlardan biri söz vermişdi ki, qüdrət sahibi olan zənginlər aciz müsəlmanları mütləq Mədinədən qovacaqlar. Onlar biləndə ki, söylədikləri bəzi sözlər Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) qulağına çatmışdır, onun (ona Allahın salavatı və salamı olsun!) yanına gəlmiş və Allaha and içməyə başlamışdılar ki, belə bir şey deməyiblər.
Fövqəluca Allah onların yalançı iddialarını təkzib edərək, bildirir ki, onlar artıq kafirliyi təsdiq edən sözü işlətmişlər və kafir olmuşlar. Onların bundan əvvəlki davranışına əsasən, onların İslamı qəbul etdiklərini və küfrün qucağını tərk etdiklərini demək olardı, lakin onların sonrakı ifadələri imanını pozdu və onları yenə allahsızlığın ağuşuna atdı.
Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) Təbuk yürüşünə çıxarkən müşriklər onu (ona Allahın salavatı və salamı olsun!) öldürmək niyyətindəymişlər, lakin Fövqəluca Allah onların niyyətlərini ona (ona Allahın salavatı və salamı olsun!) bildirmişdi və o (ona Allahın salavatı və salamı olsun!), sui-qəsdçilərin istəyinə manə olan tədbirlər görmüşdü. Onların Elçidən (ona Allahın salavatı və salamı olsun!) intiqam almağa və ya onda (ona Allahın salavatı və salamı olsun!) hər hansı bir nöqsan tapmağa heç bir əsasları yox idi. Onlar ondan (ona Allahın salavatı və salamı olsun!) yalnız ona görə intiqam almaq istəyirdilər ki, Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) onları dilənçilikdən xilas etməklə onlara iltifat göstərmişdilər. Acınacaqlı şəraitdə yaşayan miskin insanların onları cəhalət zülmətindən nura çıxmağa və varlanmağa kömək edəni lağa qoyması necə də qəribədir? Məgər belə bir insana iman gətirilməli və ona layiqincə ehtiram bəslənilməməliydi?!!
Sonra Allah münafiqlərə tövbə etməyi təklif edir və bildirir ki, tövbə onlara çox xeyir gətirərdi, çünki məhz tövbə həm bu dünyada və həm də ölümdən sonra xoşbəxtliyin rəhnidir. Lakin onlar tövbə etməkdən və Allahın yoluna qayıtmaqdan imtina edərlərsə, onda onlar həm bu dünyada və həm də Axirətdə əzabverici cəzaya məruz qoyulacaqlar. Bu dünyada onlar kədərlənəcək və Allahın Öz dinini müdafiə etməsindən, Öz Peyğəmbərini (ona Allahın salavatı və salamı olsun!) uca tutmasından və münafiqlərə istədiklərinə nail olmağa imkan verməməsindən iztirab çəkəcəklər, Axirət həyatında isə onlar Cəhənnəm odunda cəzanı dadacaqlar. Yer kürrəsi sakinlərindən heç kim onlara himayə etmək, işlərini sahmana salmaq və öz məkrli planlarını həyata keçirməyə yardım göstərmək və onları bədbəxtliklərdən və xoşagəlməz hallardan qorumaq məqsədilə heç kim onlara kömək etmək istəməyəcəkdir. Doğrudan da, əgər insan Fövqəluca Allahın himayəsindən məhrum edilirsə, onda yalnız şər və ziyan, bədbəxtlik və məhrumiyyətlər onun nəsibi olur.


(9.75) “(Münafiqlərin) bəzisi də Allahla belə əhd etmişdir: “Əgər Allah bizə Öz nemətindən bəxş etsə, biz mütləq sədəqə verəcək və sözsüz ki, əməlisalehlərdən olacağıq”.
(9.76) “(Allah) Öz nemətindən onlara (istədiklərini) ehsan etdikdə xəsislik etdilər və (əhdə vəfa etməyib itaətdən də) üz döndərdilər. Onlar elə zatən dönükdürlər!”
(9.77) “(Allaha) verdikləri vədə xilaf çıxdıqlarına, yalan danışdıqlarına görə Allah da onların ürəyinə qarşılaşacaqları Günə (Qiyamət gününə) qədər (davam edəcək) nifaq saldı”.
(9.78) “Məgər (o münafiqlər) bilmirdilər ki, Allah onların (ürəklərindəki) sirlərini də bilir, gizli danışıqlarını da. Allah qeybləri (gizli şeyləri) çox gözəl biləndir?!”

Münafiqlərin arasında elələri də var ki, Allaha söz verib and içiblər və əgər O, onlara bol maddi nemət əta etsə, onlar mütləq zəkat verəcək, qohumluq əlaqələri saxlayacaq, qonaqlara hörmətlə yanaşacaq, öz haqqını qoruyanları müdafiə edəcək və digər xeyirxah əməllər yerinə yetirəcəklər. Allah da onları maddi nemətlərlə təmin etdi, lakin onlar öz vədlərini yerinə yetirmədilər. Bundan başqa, onlar Allaha itaət etməkdən yayındılar və xeyirxah əməllərə heç bir əhəmiyyət vermədilər. Onlar öz vədini pozdular və Allah da onları sərt cəzaya düçar etdi. O, münafiqliyi onların qəlbinə saldı ki, onlar ondan Qiyamət gününə qədər xilas ola bilməyəcəklər. Onlar özləri belə cəzaya səbəb oldular, çünki xəsislik və yalançılıq etməyə başladılar. Qoy möminlər bu çirkin keyfiyyətlərdən qorunsunlar və əgər onlar Allaha yaxşı əməllər edəcəklərinə söz vermişlərsə, onda Allah onların arzusunu gerçəkləşdirdikdən sonra, qoy öz vədlərini pozmasınlar. Doğrudan da, belə adamlar, özlərindən əvvəlkilər cəzalandırıldıqları kimi, münafiqliyə düşə bilərlər.
Əl-Buxari və Müslimin toplularında verilən bir səhih hədisdə rəvayət edilir ki, Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) demişdir: “Munafiqə üç xislət xasdır: bir söz danışırsa, yalan deyir; müqavilə bağlayırsa, onu xaincəsinə pozur və söz verirsə, onu yerinə yetirmir”.
Allah onlara nemət verəcəyi təqdirdə sədəqə paylayacaqlarını və mömin kimi yaşayacaqlarını Onun qarşısında vəd edən münafiqlər bütün bu keyfiyyətlərə malik idilər. Onlar yalan danışdılar, əhdlərini xaincəsinə pozdular və vədlərini yerinə yetirmədilər. Buna görə, Allah onları hədələyir və vəd edir ki, onlar, Ona yaxşı məlum olan, cinayətlərinə görə mütləq əvəz alacaqlar.
Bu ayələr Sələbə adlı münafiq haqqında nazil edilmişdi. O, Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gələrək, ondan (ona Allahın salavatı və salamı olsun!) xahiş edir ki, onun üçün Allaha dua etsin. O deyir ki, əgər Allah ona Öz səxavəti sayəsində nemət əta edərsə, hökmən sədəqə verməyə, qohumluq əlaqələri saxlamağa və öz haqqını müdafiə edənlərə yardım etməyə başlayacaq. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun üçün dua edir və bundan sonra onun qoyun sürüsü sürətlə artmağa başladı. Sürü o qədər çoxsaylı oldu ki, Sələbə onları Mədinənin hüdudlarından kənarda otarmağa məcbur oldu və o zaman o, bütün vacib namazlara gəlməməyə başladı. Sonra o, adamlardan uzağa köçdü və təkcə cümə namazlarında görünməyə başladı. Daha sonra onun sürüləri daha da artdı və o, ümumiyyətlə camaatla və cümə namazları qılmaqdan əl çəkdi.
Bir dəfə Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) onun gözə görünmədiyi hiss etdi və ona (ona Allahın salavatı və salamı olsun!) nə baş verdiyini izah etdilər. Zəkat yığmaq üçün adamları göndərərkən, onlara Sələbənin yanına getməyi də tapşırdı. Onlar onun yanına gəldikdə, o dedi: “Bu ki, vergidir! Bu vergiyə oxşayır!” O, zəkat verməkdən imtina etdi və zəkat yığanlar bu barədə Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) xəbər verdilər. Bunu eşidib, o (ona Allahın salavatı və salamı olsun!) üç dəfə: “Vay Sələbəyə!” – dedi.
Bu ayələr nazil edildikdə qohumlarından biri bu barədə ona xəbər verdi. Belə olduqda, o, zəkatı Peyğəmbərə (ona Allahın salavatı və salamı olsun!) gətirdi, lakin o (ona Allahın salavatı və salamı olsun!) onları qəbul etmədi. Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) vəfatından sonra, o, zəkatı Əbu Bəkrə (A.o.r.) verməyə cəhd göstərdi, o (A.o.r.) isə həmçinin qəbul etməkdən boyun qaçırdı. Əbu Bəkrin vəfatından sonra o, zəkatı Ömərə (A.o.r.) verməyə çalışdı, lakin o da onları qəbul etmədi. Deyirlər ki, Sələbə ömrünün sonuna kimi zəkatı ödəyə bilmədi və Osmanın hakimiyyəti dövründə öldü.
Daha sonra Fövqəluca Allah münafiqlərin növbəti utanc gətirən hərəkətindən xəbər verir. Allah onları rüsvay etsin! Onların İslam dininə nifrət bəsləmələri o dərəcədə güclü idi ki, onlar istənilən dini hökmləri və müsəlmanların xeyirxah əməllərini yamanlayırdılar. Allah və Onun Elçisi (ona Allahın salavatı və salamı olsun!) adamları sədəqə paylamağa dəvət edəndə, müsəlmanlar ləngimədən bu əmri yerinə yetirməyə başlayırdılar. Onlardan hər biri öz imkanların uyğun olaraq sədəqə verirdi. Bəziləri çoxlu sədəqə verir, digərləri isə ancaq cüzi bir şey verməyə imkan tapırdılar. Bu zaman münafiqlər çoxlu sədəqə verən müsəlmanlara deyirdilər: “Siz şöhrət xatirinə belə edirsiniz və öz xeyirxah əməllərinizi nümayiş etdirirsiniz”. Cüzi sədəqə gətirənlərə isə deyirdilər: “Allahın sizin dilənçi payınıza ehtiyacı yoxdur!” Belə olduqda, Fövqəluca Allah növbəti ayəni nazil etdi:


(9.79) “Könüllü surətdə sədəqə verən möminlərə tənə edənləri və güc-bəla ilə əllərinə düşəni verən kəsləri məsxərəyə qoyanları Allah Özü məsxərəyə qoyacaqdır. Onlar şiddətli bir əzaba düçar olacaqlar!”

Münafiqlər bol sədəqə paylayan müsəlmanları nümayişkəranəlikdə və özünütərifləməkdə günahlandırır və sədəqə vermək üçün böyük çətinliklə vəsait tapan yoxsul möminləri incidirlər. Münafiqlər onlara rişxənd edirlər və hökmən müvafiq əvəz alacaqlar. Allah isə onları Özü məsxərəyə qoyacaq və şiddətli əzaba düçar edəcəkdir. Onların dediyi sözlər o dərəcədə dəhşətlidir ki, eyni vaxtda özündə bir neçə günahı ehtiva edir.
Birincisi, onlar möminlərin əməllərini izləyirdilər ki, onlara yersiz irad tutmağa imkan tapsınlar, halbuki Fövqəluca Allah buyurmuşdur: “Möminlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayiələrin, atılan böhtanların doğru olub-olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz!” (Nur, 24/19).
İkincisi, onlar möminləri təkcə haqq dini qəbul etdiklərinə görə yamanlayırdılar, çünki özləri Allaha iman gətirməkdən imtina edir və Onun dininə nifrət bəsləyirdilər.
Üçüncüsü, müsəlmanları söymək, hətta bu dünyəvi məsələlərə aid olsa belə, ağır günahlardandır. Daha ağır cinayət müsəlmanları onların İslama mənsubiyyəti ilə əlaqədər söyməkdir.
Dördüncüsü, əgər insan Allahın hökmünü yerinə yetirirsa və könüllü saleh əməllər işləyirsə, onda ətrafdakılar ona kömək etməli və onu ruhlandırmalıdırlar, lakin münafiqlər qəlbə dəyən sözləri və təhqirləri ilə insanları xeyirxah əməllərdən çəkindirirdilər.
Beşincisi, münafiqlərin çoxlu sədəqə verən möminlər haqqında: “onlar bunu şöhrət xatirinə edirlər” demələri yalançı iyrənc söz idi. Onlar qeybə məxsus olan bir şey haqqında öz zənlərinə əsaslanaraq mühakimə yürütməyə cəsarət edirdilər. Bundan da yaramaz cinayət nə ola bilər?!!
Altıncısı, Allahın qullarının az miqdarlı sədəqələrinə ehtiyacı olmaması fikri əxlaqsız mahiyyət daşıyır. Şübhə yox ki, O, xeyriyyəçilərin ianələrinə, onların həcmindən asılı olmayaraq, qətiyyən möhtac deyil. Bundan başqa, O, göylərdə və yerdə məskunlaşan məxluqlarının heç birinə möhtac deyil. Buna baxmayaraq, O, qullarına onların özlərinin ehtiyacı olan hökmlər nazil etmişdir. O, onlara ehtiyac duymur, amma onlar Ona möhtacdırlar. Fövqəluca Allah buyurur: “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (savabını alacaqdır)” (Zəlzələ, 99/7). Lakin tamamilə aydındır ki, münafiqlər öz sözləri ilə insanları saleh əməllər işləməkdən çəkindirməyə can atırdılar və buna görə də Allah Özü onları şiddətli cəzaya məruz etməklə məsxərəyə qoyacaqdır.



(9.80) “(Ey Peyğəmbərim!) Onlar (o münafiqlər) üçün istər bağışlanma dilə, istər diləmə; onlar üçün yetmiş dəfə bağışlanma diləsən də, yenə Allah onları bağışlamayacaq. Bu onların Allahı və Onun Peyğəmbərini inkar etmələrinə görədir. Allah fasiq tayfanı doğru yola yönəltməz!”

Fövqəluca Allah ayədə bildirir ki, münafiqlərə görə bağışlanmalarını xahiş etmək mənasızdır, çünki O, onları bağışlamayacaqdır, hətta Elçi (ona Allahın salavatı və salamı olsun!) onların bağışlanması üçün yetmiş dəfə xahiş etsə də. Əlbəttə, bu – mübaliğədir və qətiyyən onu bildirmir ki, daha uzunmüddətli dualar onlara xeyir gətirə bilər. Allah buyurur: “Sən onların bağışlanmasını diləsən də, diləməsən də, fərqi yoxdur. Onsuz da Allah onları bağışlamayacaqdır. Şübhəsiz ki, Allah fasiq qövmü doğru yola yönəltməz!” (Munafiqun, 63/6).
Sonra Allah onlara Rəbbin bağışlamasına nail olmalarına yol verməyən səbəb haqqında xəbər verir. Bu səbəb onların Allaha və Onu Elçisinə (ona Allahın salavatı və salamı olsun!) inanmamalarıdır, çünki insan kafir qaldıqca, bağışlanma haqqında dualar və digər əməllər ona heç bir fayda vermir. Axı Allah, ayrılmaz məziyyətləri şərəfsizlik olan günahkarları düz yola yönəltmir. Onlar günahdan başqa heç bir şey istəmirlər və belə vəziyyəti dəyişməyi də arzu etmirlər. Onlar aydın həqiqəti dinləyir, sonra onu rədd edirlər və buna görə Fövqəluca Allah onları cəzalandıraraq bir daha düz yola yönəltmir.


(9.81) “(Təbuk döyüşündə iştirak etməyib) arxada qalanlar (münafiqlər) Allahın Elçisinə qarşı çıxaraq (evdə) oturub qalmalarına sevindilər, Allah yolunda malları və canları ilə cihad etmək istəmədilər və (möminlərə): “Bu istidə döyüşə çıxmayın!” – dedilər. (Ey Peyğəmbərim!) De: “Cəhənnəm odu daha istidir!” Kaş biləydilər!”

Münafiqlər evdə qalmalarına sevinirdilər. Onlar buna heç bir əhəmiyyət vermirdilər, axı onlar iman gətirənlər deyildilər və kafirliyi haqq dindən üstün tuturdular. Onlar yürüşdə iştirak etməkdən imtina edəndə nəinki sadəcə günah etmişdilər. Onlar Allaha itaətsizlik göstərdiklərindən məmnun idilər və buna sevinirdilər. Öz mallarını ianə verməklə və canlarını təhlükə altında qoymaqla Onun yolunda döyüşmək onlarda nifrət doğururdu. Onlar üzürlü səbəblər üzündən evdə qaldıqlarına görə bərk kədərlənən möminlərə qətiyyən oxşamırdılar. Doğrudan da, möminlər öz mallarını qurban verərək və canlarını təhlükə altında qoyaraq Allah yolunda döyüşməyi sevirlər, çünki onların qəlbində iman kök salmışdır və buna görə də onlar öz Rəbbinin mərhəmətinə və xeyirxahlığına güvənirlər.
Münafiqlər deyirdilər: “Belə isti havada yürüşə çıxmaq çox ağırdır”. Onlar Axirətdə əbədi və kamil istirahət əvəzinə bu dünyanın fani və narahatçılıqlarla dolu istirahətinə üstünlük verdilər. Onlar kölgədə daldalanması mümkün olan, səhər və axşam çağları isə yoxa çıxan hərarətdən qorxaraq, istiliyinin dərəcəsini təsəvvür etmək belə mümkün olmayan Cəhənnəmin yandırıb-yaxıcı odunu unudmuşdular. Əgər onlar bunu başa düşsəydilər, əbədi səadət əvəzinə, keçici zövqlərə üstünlük verməz, əhəmiyyətsiz və qısamüddətli çətinliklərdən qaçınmaq xatirinə özlərini əzablı və əbədi işgəncələrə məruz qoymazdılar.


(9.82) “Qazandıqları (günahların) cəzası olaraq qoy az gülüb, çox ağlasınlar!”
Qoy onlar bu narahat dünyanın nemətlərindən zövq alsınlar, onun gözəlliklərinə sevinsinlər və faydasız məşğələlərlə əylənsinlər. Bütün bunlar onlara imkan verəcək ki, əbədi olaraq məşəqqətli cəzanın burulğanında qalsınlar. Kafirliyə etiqad etmələrinin, münafiqcəsinə müsəlman olduqlarının göstərmələrinin və öz Rəbbinin hökmlərini yerinə yetirməkdən imtina etmənin əvəzi belə olacaqdır!
(9.83) “Əgər (Təbuk döyüşündən sonra) Allah səni (Mədinədə qalıb cihada çıxmayan münafiqlərdən) bir dəstənin yanına qaytarsa və onlar səndən (döyüşə çıxmaq üçün) izin istəsələr, de: “Mənimlə əsla (cihada) çıxmayacaq, mənimlə birlikdə heç vaxt heç bir düşmənə qarşı döyüşməyəcəksiniz. Çünki əvvəlcə (evdə) oturmağa razı oldunuz. İndi də arxada qalanlarla (qadınlar və uşaqlarla) birlikdə (evdə) oturun!”

Ey Muhəmməd! Əgər Allah sənə icazə versə ki, üzürlü səbəb olmadan evlərində qalanlara və bu əməlinə təəssüflənməyənlərə qayıdasan, bil ki, onlar özlərinə yüngül gələn digər döyüşlərdə iştirak etmək istəyərlər. Onlar səndən bu barədə soruşsalar, de: “Siz bir daha mənimlə hərbi yürüşə getməyəcək və bir daha mənimlə birlikdə döyüşməyəcəksiniz. Allahın sizə ehtiyacı yoxdur. Siz birinci dəfə düşmənlə döyüşməyə çağırılanda evdə qalmağa sevindiniz və buna görə də siz həmişə cihadda iştirak etməyənlərlə qalmalı olacaqsınız”.
Buna oxşar bir ayədə Fövqəluca Allah buyurur: “Biz onların ürəklərini və gözlərini əvvəlcə ona (Qurana və ya göndərdiyimiz hər hansı ayəyə) iman gətirmədikləri kimi tərsinə çevirər və onları öz azğınlıqları içində şaşqın bir vəziyyətdə qoyarıq” (Ənam, 6/110). Əgər insan dini hökmü yerinə yetirmək imkanı yarandıqda ondan imtina edirsə, onda Allah ona bu hökmü sonradan yerinə yetirməyə kömək göstərmir və bir çox şərtlər bunu onun etməsinə mane olur.
Münafiqlərlə belə rəftar onlar üçün cəza idi, çünki bütün müsəlmanlara məlum olmuşdu ki, Allah onlara cihadda iştirak etməyi, onlar Ona ilk çağırışda itaətsizlik göstərdiklərinə görə, qadağan etmişdi. Münafiqlər üçün bu rüsvayçılıq və cəza idi, qalanları üçün isə belə hərəkətlərin edilməməsinə xəbərdarlıqdı.


(9.84) “Onlardan (münafiqlərdən) ölən heç bir kəsə heç vaxt namaz qılma, qəbrinin başında durma. Çünki onlar Allahı, Onun Peyğəmbərini dandılar və fasiq olaraq öldülər”.

Ey Muhəmməd! Münafiqlərdən heç kimə cənazə namazı qılma, dua oxumaq üçün qəbrinin başında dayanma! Sənin duaların və sənin ölünün qəbri yanında olman onun üçün şəfaətdir, lakin münafiqlərə heç kimin şəfaəti kömək etməz. Onlar Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməkdən imtina etmiş və fasiqlər kimi ölmüşlər. Əgər insan ölənədək fasiq qalmışsa, onda heş kimin şəfaəti ona heç bir fayda verə bilməz. Bu – münafiqlər üçün cəza və bütün qalanlar üçün ibrət dərsidir.
Bu ayədən aydın olur ki, münafiqlər üçün cənazə namazı qılmaq olmaz. Eyni zamanda, vəfat etmiş möminlər üçün onu qılmaq və habelə onların qəbri yanında dayanaraq, onlar üçün dua etmək olar. Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) məhz belə edərdi. Allah ona (ona Allahın salavatı və salamı olsun!) münafiqlərin qəbri yanında dayanmağı və qadağan etmişdi, bu isə, onun (ona Allahın salavatı və salamı olsun!) mömin mərhumların məzarı yanına tez-tez gəlib dayanmasına dəlalət edir.


(9.85) “Onların nə var-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər”.

Allahın bu dünyada münafiqlərə var-dövlət və övladlar bəxş etməsinə aldanma. Bu, onları heç də şərəfləndirmir. Tamamilə əksinə, bu dünyanın firavanlığı, rifahı onlar üçün alçaldılmadır. Maddi aləmdə zənginlik və uşaqlar cəzadır, çünki onlar əldən düşənə qədər işləyir, maddi nemətlər qazanmağa cəhd göstərir və onları itirəcəklərindən vahiməyə düşürlər və onlardan heç bir məmnunluq duymurlar. Bundan başqa, maddi nemətlər onlara daima narahatçılıq və çoxsaylı bəlalar gətirir, onlar dünya həyatından, kafir olaraq, ayrılanadək, onları Allahdan və Axirətdən yayındırır. Maddi nemətlərə bəslənən məhəbbət onları qalan hər şeydən məhrum edir və onlar hətta öləndə belə ürəkləri maddi ləzzətlərə bağlı qalır və onlardan mümkün qədər daha çox həzz almaq həvəsi ilə yanır.


(9.86) “Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!” – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: “Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!” – deyərlər”.

Fövqəluca Allah izah edir ki, münafiqlər həmişə Onun hökmlərinə olduqca könülsüz itaət edirlər. Quran surələri və ayələri onlara təsir göstərmir. Allaha iman gətirilməsi ilə və Onun yolunda buruşmaqla bağlı surə nazil edildikdə, varlılar və təmin olunmuş münafiqlər evdə qalmaq və cihadda iştirak etməmək üçün icazə istəyirlər, halbuki buna görə onların üzürlü səbəbi yoxdur, çünki Allah onları sərvət və övladlarla təmin etmişdir. Bəs onda niyə onlar Ona minnətdarlıq etməkdən, Onun şanını ucaldaraq Ona həmd etməkdən və Onun hökmlərini yerinə yetirməkdən imtina edirlər? O, onların taleyini asanlaşdırmışdır, onlar isə zəhmət çəkmək istəmir və evdə qalmağa icazə verilməsi üçün yalvarırlar.



(9.87) “Onlar arxada qalanlarla (qadınlar, uşaqlar və xəstələrlə) bir yerdə qalmağı özlərinə rəva bildilər. Onların ürəkləri möhürlənmişdir, buna görə də (Allahın öyüd-nəsihətini, cihadın savabını, ondan boyun qaçırmağın rəzalətini) anlamazlar”.

Necə oldu ki, onlar cihadda iştirak etməyən qadınlarla birlikdə qalmağa qane oldular? Onları bu qərarı qəbul etməyə hansı düşüncələr və ya nəticələr sövq etdi? Yaxud onların qəlbi elə möhürlənib ki, artıq xeyirxahlıq gətirməyə qadir deyillər və fayda və uğur gətirən işlər görməyi daha arzulamırlar? Onlar doğrudan da nəyin onlara fayda verə biləcəyini anlamırlar. Əgər onlar bunu başa düşsəydilər, heç vaxt əsil kişilərə layiq olmayan bu hərəkətə qədər alçalmazdılar.


(9.88) “Lakin Peyğəmbər və onunla birlikdə olan möminlər malları və canları ilə cihad etdilər (vuruşdular). Bütün nemətlər məhz onlarındır, nicat tapanlar da məhz onlardır!”

Əgər münafiqlər müqəddəs müharibədə iştirak etməkdən imtina edirlərsə, onda bilməlidirlər ki, Allaın onlara ehtiyacı yoxdur. Onun məxluqları arasında seçilmiş qulları var ki, O, onları Öz mərhəməti ilə şərəfləndirmişdir və onlar özlərinə həvalə edilmiş vəzifəni nöqsansız icra edirlər. Bunlar – Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) və digər möminlərdir. Onlar Allah yolunda döyüşür, öz mallarını qurban verir və canlarını hər hansı təhlükə qarşısında əsirgəmirlər. Onlar tənbəllik etmir və yorulmaq bilmirlər və Allah yolunda mübarizə etmək imkanı qazandıqlarına görə sevinirlər. Onlar üçün həm bu dünyada və həm də ölümdən sonra böyük savablar hazırlanmışdır və onlar uğur qazanmış salehlər sırasında arzu etdikləri müqəddəs istəklərinə nail olacaqlar.


(9.89) “Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur!”

Vay o kəslərin halına ki, onlar bu möminlərin üstün saydıqlarını üstün tutmurlar! Vay o kəslərin halına ki, öz imanlarına zərbə vurdular və öz həyatlarını həm bu dünyada və həm də ölümdən sonra üçün məhv etmişlər! Bu vəhy digər bir ayəyə bənzəyir: “(Ey Elçim, müşriklərə) de: “İstər (Qurana) inanın, istərsə də inanmayın. Şübhə yoxdur ki, ondan əvvəl elm verilmiş kimsələr (Tövrat və İncil verilmiş Kitab əhli) yanlarında (Quran) oxunduğu zaman üzüstə səcdəyə qapanar” (İsra, 17/107);
“Onlar Bizim Kitab, hökm və peyğəmbərlik verdiyimiz kimsələrdir. Əgər (indi) bunlar (Qüreyş müşrikləri və başqa kafirlər) bu dəlilləri dansalar, Biz onlara həmin dəlilləri inkar etməyən bir tayfanı müvəkkil edərik (onların yerinə dəlillərimizi inkar etməyəcək bir zümrə gətirərik)” (Ənam, 6/89).

(9.90) “Bədəvilərdən (Təbuk döyüşünə getməmək üçün) izin almağa üzrxahlar gəldi. Allaha və Onun Peyğəmbərinə yalan söyləyənlər isə (üzr belə istəməyib evlərində) oturdular. Onlardan kafir olanlara şiddətli bir əzab üz verəcəkdir”.

Bədəvi ərəblər arasında elələri oldu ki, Allahın hökmlərinə laqeyd yanaşdılar və yürüşə çıxmamaq üçün icazə istəməyə başladılar. Onlar o dərəcədə kobud və abırsız idilər ki, özlərini doğrultma üçün uydurduqları bəhanələrinin həqiqətə uyğunluğuna heç əhəmiyyət belə vermirdilər. Bunun səbəbi isə onları kəmetiqadlılığı idi. Onlardan Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) iman gətirməyənlər, ümumiyyətlə, özlərini doğrultmaq üçün heç bir əsas gətirmədilər.
Bir başqa şərhə görə isə, burada söhbət, həqiqətən də, yürüşə getməməyə üzürlü səbəbləri olan bədəvilərdən gedir. Onlar Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) yanına gəlib üzr və bəraət qazanma istəyirdilər, çünki o (ona Allahın salavatı və salamı olsun!), həmişə özlərinə haqq qazandırmaq istəyənlərin inandırıcı sübutlarını qəbul edirdi. Amma onlardan Allaha və Onun Elçisinə (ona Allahın salavatı və salamı olsun!) yalan söyləyənlər yürüşdə iştirak etməkdən imtina edənlər idi. Onlar özlərini yalandan mömin adlandırırdı və unudurdular ki, məhz iman onları yürüşə çıxmağa məcbur edirdi. Buna görə Allah onlara həm bu dünyada və həm də ölümdən sonra şiddətli cəzalandıracağını vəd etmişdi.


Tarix: 20.04.2013 / 13:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 748 Bölmə: Sureler