beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

YUNUS SURƏSİNİN ŞƏRHİ 1-15

Mərhəmətli və Rəhimli Allahın adı ilə!

(10.1) “Əlif, Lam, Ra. Bunlar hikmətlə dolu Kitabın (Quranın) ayələridir!”
(10.2) “İçərilərindən bir adama: “İnsanları qorxut və iman gətirənləri müjdələ ki, özlərinin Rəbbinin dərgahında onların etdikləri yaxşılıqların savabı vardır!” – deyə vəhy etməyimiz insanlara qəribəmi göründü? Kafirlər: “Sözsüz ki, bu, açıq-aşkar bir sehrbazdır!” – dedilər”.

Fövqəluca Allah bu ayələrdə bildirir ki, Müqəddəs Quran bütün bəşəriyyətin bəyənməli, qəbul etməli və yerinə yetirməli olduğu mənəvi dəyərlər, dini ehkamlar və qadağalar haqqında şəhadət verən hikmət və hökmlərdən ibarətdir. Lakin insanların əksəriyyəti bu Kitabdan üz çevirir və əsil həqiqəti bilmirlər. Onlar təəccüb edirlər ki, adi bir insana (ona Allahın salavatı və salamı olsun) onları Allahın cəzalandıracağından çəkindirmək, onları Onun qəzəbi ilə qorxutmaq, onlara Onun ayələrini xatırlatmaq üçün və həmçinin əsil iman sahibləri olan möminlərə Rəbbin yanında saxlanan və sədaqətli əməlləri sayəsində layiq olduqları bol-bol savablar əta ediləcəyi barədə müjdə verməsi haqqında hökm nazil edilmişdir. Kafirlər bu böyük insana o dərəcədə mətəl qalırlar ki, hətta ona iman gətirməkdən imtina edirlər və onu (ona Allahın salavatı və salamı olsun) açıq-aşkar sehrbaz adlandırırlar. Onlar belə hesab edirlər ki, hər bir adama tamamilə aydındır ki, onun (ona Allahın salavatı və salamı olsun) möizələri açıq-aydın cadugərlikdir. Lakin bu iddia onların ancaq axmaqlığına və inadkarlığına dəlalət edir, axı onlar təəccüb doğurmayan şeylərə heyrətlənirlər. Əsil təəccüb doğuran isə onların cahilliyi və nəyin onların xeyrinə olmasını bilməməkləridir. Necə olur ki, onlar öz aralarından çıxmış və gözəl tanıdıqları nəcib və alicənab Elçiyə (ona Allahın salavatı və salamı olsun) iman gətirmirlər? Necə onlar onun (ona Allahın salavatı və salamı olsun) dəvətini rədd edir və onun (ona Allahın salavatı və salamı olsun) dinini inkar etməyə çalışırlar? Lakin Allah Öz dininin nurunu, bu, kafirlərin nifrətinə səbəb olsa da, mütləq yayacaqdır.

(10.3) “Şübhəsiz ki, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. İşləri yoluna qoyan Odur. Yalnız Onun icazəsindən sonra kimsə şəfaətçi ola bilər. Budur, Rəbbiniz Allah. Ona ibadət edin. Məgər düşünüb ibrət almırsınız?”
(Ayənin mətni redaktə edilmişdir. Bunun səbəbi ayənin Z. Bünyadov və V. Məmmədəliyev variantının tərcüməsində “...sonra ərşi yaradıb hökmü altına alan...” ifadəsi Allahın aləmlərin mütləq hökmdarı olması müddəasını və İslamın prinsipial əsaslarından birinin şübhə altına alınmasıdır. İfadədən belə bir məntiqi məna çıxır ki, göyləri və yeri yaratmazdan əvvəl bütün hüdudsuz aləm Onun hakimiyyəti altında deyilmiş?! Bu məntiq Quran və Sünnəyə müxalif səslənir. Azərbaycan dilində İstifadə etdiyimiz Quranın tərcümə edilmiş mətninə bir sıra redaktə səciyyəli təshihlər edilməsinə baxmayaraq, mən bu əsərdə, möhtərəm tərcüməçi alimlərimizin çəkdiyi zəhməti yüksək qiymətləndirərək, onları mətnindən axıradək istifadə etməyi özümə borc sayıram, hərçənd qarşımda alternativ variantlar da mövcuddur. Tərc. F.S.)

Fövqəluca Allah insanlara izah edir ki, O, vahid və qüdrətli Rəbdir. O, göyləri və yeri altı günə yaratmışdır. Şübhəsiz ki, O, kainatı bir anda da yarada bilərdi, lakin bunu etməmişdir, çünki O, Öz fəaliyyətini təmkinlə və ilahi müdrikliyi ilə həyata keçirir. Allahın müdrikliyinin təzahürlərindən biri də Kainatı haqqı aşkar etmək xatirinə xəlq etməsidir ki, bunun da məqsədi, məxluqların öz Rəbbini, Onun gözəl adları və kamil sifətləri vasitəsilə, dərk edə bilmələri və təkcə Ona ibadət etmələridir.
Səmaları və yeri yaratdıqdan sonra isə, Allah Ərşə ucalmışdır və bu ucalma ancaq Onun əzəmətinə və qüdrətinə layiq halda baş vermişdir. O, ali və onlardan aşağı aləmlərin bütün işlərini idarə edir, qullarının bəzilərini öldürür, digərlərinə həyat bəxş edir, ruzi nazil edir və hakimiyyəti bir qulundan alıb, digərinə verir, onları müsibətlərdən xilas edir və dualarına diqqətlə qulaq asır. O, fasiləsiz olaraq hər cür tapşırıqlar verir və cürbəcür hesabatlar qəbul edir. Bütün məxluqlar Onun qüdrətinə itaət edirlər və Onun əzəməti qarşısında mütidirlər. Heç kim, hətta ən ləyaqətli qulları belə, O, icazə vermədikcə, Onun qarşısında digər bir məxluqun şəfahətçisi ola bilməz. O, yalnız razı qaldığı qullarından ötrü vasitəçilik etməyə yol verir. Allah isə, ancaq Ona səmimiyyətlə ibadət edənlərdən razı qalır.
Ey insanlar! Budur Fövqəluca Allah – sizin Vahid İlahınız – Onda bütün kamil sifətlər öz təcəssümünü tapmışdır və sizin Tək Rəbbiniz Öz ilahi fəaliyyətini təkbaşına həyata keçirir. Gücünüz çatan ibadət ayinlərinizi təkcə həsr etməlisiniz. Doğrudanmı siz, təkcə Onun ibadətə və həmdə layiq, əzəmət və şan-şöhrət sahibi olan məbud olduğunu təsdiq edən möcüzələr üzərində fikirləşmirsiniz?
Allah, Kainatın idarə edilməsində və Allaha şərik qoşmadan tək Ona ibadət etməyə çağıran səmavi şəriət ehkamlarında öz əksini tapan ilahi qədər qanunlarını xatırlatdıqdan sonra, ədalətli əvəz qanunları barədə xəbər verir ki, onlar, insan öldükdən sonra öz əməllərinə görə əvəz almaqla qüvvəyə minir. Fövqəluca Allah buyurur:

(10.4) “Allahın həqiqi vədi kimi hamınızın dönüşü Onadır. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır”.

Allah, siz öldükdən sonra hamınızı vəd edilmiş bəlli bir gündə Məhşər ayağında toplayacaq. Budur Rəbbin mütləq baş verəcəyini bildirdiyi haqq vədi! Axı O, məxluqları nəinki ilk dəfə yarda bilir, onları həm də təkrar yaratmağa da qadirdir. Əgər insan Allahın heçdən adamı yaratdığını qəbul edirsə, onda Onun onu öldükdən sonra təkrar yarada bilməsi imkanını inkar edirsə, onda o, sağlam təfəkkürdən məhrumdur, çünki bu halda insan bir hadisənin mövcudluğunu etiraf edirsə, ona bənzər digər bir hadisəni inkar etmiş olur.
Allah dirildilmənin gerçəkliyinin lehinə olaraq bu inandırıcı məntiqi dəlili gətirdikdən sonra, Axirət həyatının varlığını naslardan götürülən sübutlarla təsdiq edir. O, Allahın iman gətirilməsini əmr etdiklərinə bütün varlığı ilə iman gətirən, vacib və könüllü saleh işləri yerinə yetirən möminləri gözləyən savablardan xəbər verir. Bu savablar onların öz imanı və əməlləri ilə layiq olduqları ədalətli savab olacaqdır. Bu, Fövqəluca Allahın barəsində buyurduğu savab olacaqdır: “Etdikləri əməllərin savabı olaraq (Allah dərgahında) onlar (möminlər) üçün göz oxşayan (onları sevindirəcək) nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!” (Səcdə, 32/17).
Öz Rəbbinə iman gətirməkdən boyun qaçıran və Onun elçilərini inkar edən allahsızlara gəldikdə isə, onlar üçün kafirliyə etiqad etməklə və zalımlıq törətməklə layiq olduqları – üzləri yandıran və bağırsaqları parça-parça edən qaynar su və digər dözülməz əzabverici cəzalar hazırlanmışdır. Allah onlarla ədalətsizcəsinə davranmır – onlar özləri özlərinə qarşı zalım olmuşdular.


(10.5) “Günəşi işıqlı (parlaq), ayı nurlu edən, illərin sayını və hesabı biləsiniz deyə, ay üçün mənzillər müəyyən edən məhz Odur. Allah bunları ancaq haqq olaraq yaratdı. O, ayələrini anlayıb bilən bir tayfa üçün belə müfəssəl izah edər!”
(10.6) “Gecə ilə gündüzün bir-birinin ardınca gəlməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında Allahdan qorxan bir tayfa üçün (Onun birliyini və qüdrətini sübut edən) dəlillər vardır”.

Fövqəluca Allah Özünün hökmranlığa və sitayiş edilməsinə olan haqqını bəyan etdikdən sonra, Onun hüquqlarını və Onun kamil adlarını, nöqsansız sifətlərini təsdiq edən məntiqi dəlilləri və bütün dünyaya yayılmış möcüzələrini sadalayır. Günəş və ay, göylər və yer, habelə onların arasında yerləşən müxtəlif varlıqlar bilik sahibləri və təqvalılar üçün aydın dəlillərdir. Bilik insana imkan verir ki, bu möcüzələrin nəyə şəhadət etdiyini başa düşsünlər və onları asanlıqla araşdıra bilsinlər, təqvalılıq isə insanın qəlbində yaxşılığa meyl və şər qarşısında qorxu oyadır və bunlar – biliyin və möhkəm əqidənin inandırıcı dəlillərinin məhsuludur.
Bütün deyilənlərdən aydın olur ki, Kainatın özünün bu tərzdə yaradılması ona dəlalət edir ki, Fövqəluca Allah hüdudsuz qüdrətə malikdir və Hərşeyibilən və canlı Hökmdardır. Kainatın kamilliyi, tarazlığı və gözəlliyi Onun Mütləq İdrakını, Hər şeyi əhatə edən Elmini və Mahir Yaratma İstedadını təsdiq edir. Kainatda həyatın onlarsız mümkün olmadığı günəş parlaqlığı, ay işığı və digər faydalı təzahürlər Fövqəluca Allahın mərhəmətini, xeyirxahlığını və habelə Onun Öz məxluqlarına bəslədiyi qayğıkeşliyini sübuta yetirir. Yaradılmışların bəzilərinin digərlərindən fərqlənməsinin özəllikləri də Allahın danışıqsız icra olunan istək və iradəyə malik olmasını təsdiq edir. Bütün bu sadalananlar birlikdə Allahın ibadətə, məhəbbətə, həmdə layiq və əzəmətə, şan-şöhrətə və digər ali sifətlərə malik Tək Rəbb olmasının dəlilidir. Yalnız O, sevilməyə, Ondan qorxmağa, insanların, özlərinin Allahdan asılı olan və hər bir təşəbbüslərində Ona ehtiyacı olan məxluqlarına deyil, məhz Ona səmimiyyətlə dua etməsinə layiq Olandır.
Bu Quran ayələri insanları Allahın yaratdığı varlıqlar üzərində düşünməyə, ətrafda baş verənləri diqqətlə müşahidə etməyə və bunlardan faydalı nəticələr çıxarmağa dəvət edir. Bunun sayəsində insan öz dünyagörüşünü genişləndirə, imanını möhkəmlədə, təfəkkürünü gücləndirə və öz bacarıqlarını artıra bilər. Əgər insan ətrafında gedən proseslərə biganə yanaşarsa, onda o, Allahın hökmlərinə laqeyd qalar və öz imanını sabitləşdirməkdən və ağlını artırmaqdan məhrum olar.


(10.7) “Bizimlə qarşılaşacaqlarına (Qiyamət günü dirilib hüzurumuzda duracaqlarına, cəzamıza yetişəcəklərinə) ümid etməyənlərin, (Axirətdən vaz keçərək) dünyanı bəyənib ona bel bağlayanların və ayələrimizdən qafil olanların –“
(10.8) “Məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer Cəhənnəmdir!”

Fövqəluca Allah ayədə bildirir ki, elə insanlar da var ki, onlar Allahla görüşmələrini arzu etmirlər, məxluqların ən müqəddəs qayəsi və ən böyük istəyi məhz bu olmalıdır. Lakin belə insanlar bu qayədən boyun qaçırır və hətta onu yalan sayırlar. Onlar ölümdən sonra olan həyatı inkar edir, bu dünya yaşayışı ilə qane olaraq, ona böyük ümidlər bəsləyirlər. Onların əməlləri və düşüncələri yalnız maddi ləzzətlər bağlıdır ki, onların əldə edilməsi xatirinə işləyir və səy göstərirlər. Onlar öz alçaq istəklərini istənilən üsullarla təmin etməyə cəhd göstərir və bundan ötrü mümkün olan hər şeyi edirlər. Onların arzuları, niyyətləri, fikirləri və əməlləri təkcə bu dünya yönəlmişdir və sanki onlar yer üzündə əbədi yaşamaq üçün yaradılmışlar, sanki bu aləm, möminlərin də səadətinə və zövqünə yetişməyə can atdıqları, əbədi dünyaya səyahət etmək üçün yolçulara azuqə toplamaq imkanı verən və yaradılmışların birinci və sonrakı nəsillərinin düşəcəyi müvəqqəti sığınacaq deyilmiş. Bununla yanaşı onlar Quran ayələrindən faydalı nəticələr çıxarmır və Allahın, bütün dünyaya yayılmış və onların özlərində olan möcüzələrinə etinasızlıq göstərir və onlara qarşı belə biganəlik ayələrin nazil edildikləri məqsədlərə qarşı saymamazlıqdır. Elə buna görə də bu sifətlərə malik olan insanların sığınacağı yer günahkarların son məskəni – odlu Cəhənnəm olacaqdır. Onlar bu məskəni bir daha heç vaxt tərk etməyəcəklər, çünki onların qazandıqları ancaq küfr, müşriklik və hər cür günahlar olmuşdu.


(10.9) “Həqiqətən, iman gətirib yaxşı işlər görənləri Rəbbi, iman gətirdiklərinə görə, hidayətə qovuşdurar. Nəim bağlarında onların (ayaqları) altından çaylar axar”

Günahkarları cəzalandırmaq barədə xatırlatdıqdan sonra, Fövqəluca Allah itaətkar möminləri gözləyən savablardan xəbər verir. Onlar nəinki haqq dinə tərəf döndülər, həm də haqq dindən irəli gələn yaxşı əməllər etmişdilər. Onlar qəlbən və əzaları ilə xeyirxahlıqlar etmiş, onları Allah xatirinə səmimiyyətlə yerinə yetirmiş və Allahın elçilərinin örnəyini özlərinə nümunə götürmüşdülər. Məhz iman, onlara Allah tərəfindən ən böyük savabın – doğru yol bələdçisinin əta edilməsinə səbəb olmuşdu. Allah onlara xeyir gətirə bilən vasitələri öyrətmişdi və onları yaxşı işlər görməyə ruhlandırmışdı ki, bunlar haqq yol Təliminin məhsulları idi və onları ayələr üzərində düşünməyə alışdırmışdı. Dünya həyatında Allah onları düz yolla aparmış, Axirətdə isə onları bitməz-tükənməz çaylar axan Cənnətin Səadət bağlarına aparan yola yönəldəcəkdir.
Fövqəluca Allah Cənnət bağlarını “Səadət bağları” adlandırır, çünki onlarda ən kamil və insanın zövqünü oxşayan ləzzət verən şeylər toplanmışdır. Bu məmnunluq vasitələri, mömin insan Rəhmli Allahın üzünə baxmaq, Onun valehedici nitqini dinləmək, Onun xeyirxahlığına şadlanmaq, Onun yaxınlığında olmaqdan məmnun qalmaq, sevimli insanlarla, əziz qardaşlarla görüşmək, onlarla ünsiyyətdən zövq almaq, şən səslər və həzin mahnı eşitmək, heyranedici mənzərələr görmək imkanı əldə etdikdə, qəlbə hədsiz sevinc verir və onu fərəhləndirir. Bununla yanaşı, möminlər ləzzətli yeməklərdən, gözəl dadlı və füsunkar qoxulu içkilərdən, lətafətli zövcələrdən və bir çox digər fərəhləndirici şeylərdən cismani həzz alırlar ki, bunlar yer üzündə yaşayan insanlara məlum deyil, onların hətta xəyalından belə keçməmişdir və onları heç təsvir etməyə belə qabil deyillər.

(10.10) “Onların oradakı (möminlərin Cənnətdəki) duası: “Allahım! Sən pak və müqəddəssən!” və orada salamlaşması: “Salam!” və duasının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir”
(Ayənin tərcüməsi qismən redaktə edilmişdir və bunun əsas səbəbi isə duanın sonunda söylənən ifadənin ixtisarla: ﮂ ( ﮁ) kimi verilməsidir (“və axiru” sözləri yazılmamışdı). Bu, ayənin Z.B. və V.M. mətnində: “...duası: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir” kimi verilmişdi və düzəldib: “və duasının sonu: “Həmd olsun aləmlərin Rəbbi Allaha!” sözləridir” kimi vermiş və ayədə digər təshihlər etmişəm. F.S.
Qeyd: Bəzən ayələrin tərcüməsinə etdiyim qismən və ya tam redaktə müdaxilələri və bunların oxucu üçün izahına ehtiyac yarana bilər deyə, yeri düşdükcə, təshihlərin zəruriyyətini, Təfsirin mətninə müdaxilə etmədən sətiraltı qeydlərdə müxtəlif formatlarda açıqlamağa çalışıram. F.S. )

Əməlisaleh insanlar Cənnətdə yalnız Tək Allaha ibadət edəcəklər. Onların duası Allahın nöqsansız sifətlərinin təriflənməsi ilə başlayacaq və Allaha həmd etməklə sona yetəcəkdir. Cənnət sakinləri vəzifələrlə yüklənməsələr də, Allahı zikr edəcək və bundan ən böyük zövq alacaqlar ki, bunu yeməklərdən alınan ləzzətlə müqayisə etmək olmaz. Allahın xatırlanması əməlisaleh insanlara rahatlıq və sevinc gətirəcək. Allahı xatırlama onlar üçün ağır və çətin olmayacaqdır, çünki Allahı zikr etmək onlar üçün Cənnət havası ilə nəfəs almaq kimi asan olacaqdır. Cənnət sakinləri bir-biri ilə görüşdükdə və ya bir-birilərini yoluxmağa gəldikdə, onlar bir birilərini “Salam” söyləməklə qarşılayacaqlar. Bu o deməkdir ki, onların danışığında boş, faydasız və günaha yönəlmiş sözlər-söhbətlərə yer qalmayacaq.
Bu vəhyin təfsirində bildirilir ki, Cənnət sakinlərinin meylindən Cənnət yeməklərindən dadmaq keçdikdə, onlar sadəcə olaraq: “Sübhənallah!” deyən kimi, o saat onlara ürəklərindən keçirdikləri yemək veriləcəkdir və onlar yedikdən sonra: “Aləmlərin Rəbbi Allaha həmd olsun!” – deyəcəklər.

(10.11) “Əgər Allah insanlara, xeyri tezliklə istədikləri kimi, şəri də o teliklə versəydi, şübhəsiz ki, əcəlləri çoxdan tamam olmuşdu. (Allah insanların yaxşı dualarını tez qəbul etdiyi kimi, qəzəbli halda etdikləri bəd duaları da dərhal qəbul buyursaydı, onlar çoxdan məhv olub gedərdilər. Allah bəndələrinə əzab verməkdə tələsməz, özlərini islah edib pis əməllərdən çəkinmək üçün möhlət verər). Bizimlə qarşılaşcaqlarına ümid etməyənləri öz azğınlıqları içərisində şaşqın bir vəziyyətdə qoyarıq!”

Bu vəhy Allahın qullarına qarşı bəslədiyi mərhəməti və rəhmini təsdiq edir, çünki əgər O, insanlardan sərt intiqam alsaydı və öz əməlləri ilə layiq olduqları halda, onlar yaxşı əməllərinə görə tezliklə mükafatlandırıldıqları kimi, tezcə də cəzaya düçar edilsəydilər, onda insanlar artıq çoxdan məhv edilmişdilər. Lakin Allah belə davranmır. O, insanların günahlarını unutmur, amma onlara möhlət verir və Onun qarşısında öz vəzifələrini yerinə yetirərkən yol verdikləri bir çox nöqsanlarını bağışlayır. Əgər O, insanların ədalətsiz hərəkətlərinə görə onları o saat cəzalandırsaydı, onda yer üzündə bir nəfər belə canlı məxluq qalmazdı.
Bu vəhy Allahın qulunun qəzəblənən zaman öz övladlarını, öz zövcələrini və ya öz malını lənəyləməsi hallarına da aid edilir. Əgər belə bir insanın lənəti qəbul olunsaydı, onda onun övladları məhv olardılar və bu insana çox böyük zərbə olardı, lakin bu baş vermir, çünki Fövqəluca Allah səbirli və müdrikdir. O, yalnız Axirət həyatına iman gətirməyənlərdən, Onunla görüşə hazırlaşmayanlardan, insanı Onun cəzalandırmasından xilas edən əməllər işləməyənlərdən Öz köməyini əsirgəyir. Belə adamlar halalın sərhədini aşır və öz yalanının zülmətində veyillənirlər. Onlar çaşqınlıq içində olurlar, çünki düz yolu tapmağı və inandırıcı dəlillərə istinad etməyi bacarmırlar. Özbaşınalıq etdiklərinə və Allahın ayələrinə iman gətirmədiklərinə görə cəza belədir!

(10.12) “İnsana bir sıxıntı (xəstəlik, yoxsulluq, bəla) üz verən zaman uzananda da, oturanda da, ayaq üstə duranda da Bizə dua edər. Lakin onu sıxıntıdan qurtardıqda ondan ötrü (əvvəlcə) Bizə heç dua etməmiş kimi çıxıb gedər. (Allaha şükür etməyi də unudub yaramaz işlərində davam edər). Həddi aşanlara etdikləri əməllər beləcə yaxşı göstərildi”.

Fövqəluca Allah, xəstəliyə düçar olan və ya başqa bir dərdə mübtəla olan və Ona ciddi-cəhdlə dua etməyə başlayan bir insanın təbiətindən xəbər verir. Həmin adam belə hallarda hər hansı vəziyyətindən asılı olmayaraq: ayaq üstə, oturmuş və ya uzandığı halda olsa da, Ona dua ilə müraciət edir. O, inadcıllıqla nail olmaq istəyir ki, Allah onu bu xoşagəlməz vəziyyətdən xilas etsin. Lakin O, onu bəladan qurtaran kimi, o, tam etinasızlıqla çevrilib gedir, sanki bədbəxtlik ona üz verməmişdi, sanki Allah onu acınacaqlı vəziyyətdən çıxarmamışdı. Məgər bundan böyük zalımlıq olarmı?!! İnsan Allahdan onun xahişini təmin etməyə yalvarır, istədiyinə nail olduqda isə, Onun qarşısında öz vəzifələrinə diqqət yetirmir, Allahın qarşısında heç bir öhdəliyi yoxdur. Bu – şeytanın azdırmasından başqa bir şey deyildir, çünki o, insanların qarşısında onların, ağıl və təhtəlşüurunun qınadığı yaramaz əməllərini bəzəkli göstərir. Amma o (şeytan), yalnız halalın hədlərini aşanları yoldan çıxarmağa nail ola bilir.


(10.13) “Sizdən əvvəlki nəsilləri də zülm etdiklərinə və elçiləri onlara açıq-aşkar dəlillər gətirdikləri halda onlara inanmadıqlarına görə məhv etdik. Biz günahkar adamları belə cəzalandırırıq”.

Fövqəluca Allah bu ayədə bildirir ki, Onun elçiləri onlara açıq-aşkar dəlillərlə gəldikdən sonra, zalımlığa və küfrə batmış qədim xalqları iman gətirmədiklərinə görə, O məhv etmişdir. Çünki onlar haqqı dərk etsələr də, ona itaət etməkdən və haqq dinə gəlməkdən boyun qaçırdılar. Belə olduqda, Allah onları cəzalandırdı və Onun qoyduğu hədləri pozmağa cəsarət etmiş cinayətkarları bu cəzadan qurtarmaq mümkün deyildi. Bütün ümmətlərə və xalqlara O, belə yanaşır.


(10.14) “Onların ardınca yer üzünün varisləri sizi təyin etdik ki, görək özünüzü necə aparacaqsınız”.

Ey insanla! Biz sizi qədim insanların varisləri etdik ki, baxıb özünüzü necə aparacağınızı, atacağınız addımları və törədəcəyiniz əməllərinizi görək. Əgər siz sizdən əvvəlkilər haqqında hekayətlərdən faydalı nəticələr çıxara bilsəniz, Allahın ayələri ardıyca getsəniz və Onun elçilərinə iman gətirsəniz, onda həm bu dünyada yaşadığınız zaman və həm də öldükdən sonra xilasa nail olarsınız. Lakin əgər siz sizə qədər yaşamış zalımların davrandığı kimi rəftar etsəniz, onda sizə də sizdən əvvəlkilərin başına gələnlər düçar olacaqdır. Əgər sizi cəzalandırıla biləcəyiniz barədə xəbərdar edilərsinizsə, onda özünüzdən başqa heç kim cinayətlərinizə görə məsuliyyət daşımayacaqdır.


(10.15) ”Açıq-aydın ayələrimiz onlara oxunduğu zaman Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər deyərlər: “Bizə bundan başqa bir Quran gətir və ya onu dəyişdir!” De: “Mən onu öz istəyimlə dəyişdirə bilmərəm. Mən yalnız mənə vəhy olunana tabe oluram. Əgər Rəbbimə asi olsam, böyük günün əzabından qorxaram”.

Fövqəluca Allah Muhəmməd Peyğəmbərə (s.ə.s.) iman gətirməkdən boyun qaçıran allahsızların inadkarlığından xəbər verir. Onlara aydın izah edilən Quran ayələri oxunduqda onlar ayələrdən üz çevirərək kobud və zalım bəyənatlar verirlər. Onlar belə deyirlər: “Ey Muhəmməd! Bizə başqa bir Quran gətir və ya Quran ayələrini başqaları ilə əvəz et”. Allah onları rüsvay etsin! Onlardan başqa kim Ona qarşı belə kobudcasına çıxmağa cəsarət göstərmiş və Onun vəhylərini bu tərzdə inkar etməklə misilsiz zalımlıq törətmişdir?!!
Onlar buna cürət etdilər və belə olduqda, Allah da Öz Böyük Elçisinə (s.ə.s.) əmr edir ki, desin: “Mənə Quran vəhylərini öz xoşumla dəyişdirmək yaramaz. Mən adi bir elçiyəm və heç bir hakimiyyətə malik deyiləm. Mən ancaq vəhylərlə mənə nazil ediləni yerinə yetirirəm və bundan başqa heç nə arzulamıram. Mən – mənə buyurulmuş əmrləri yalnız icra edən bir qulam. Mən Rəbbimin sözündən çıxmağa qorxuram, çünki əks halda məni əzabverici cəza gözləyər”.
Budur məxluqların ən yaxşısının sözü və onun (s.ə.s.) Allahın hökmlərinə və Səmavi Kitaba ehtiramla yanaşması! Nadanlıq, azğınlıq, zalımlıq, inadkarlıq və Allahın Özünü gücsüzlükdə ittiham etməyə cəhd göstərmək kimi keyfiyyətlərlə səciyyələndirilən və yolunu azmış axmaqlar haqqında nə demək olar?!!
Əgər onlar deyirlərsə ki, tələb etdikləri möcüzələr sayəsində haqqı aşkar etmək istəyirlər, onda onlar doğru danışmırlar, çünki Fövqəluca Allah onlara Özünün ən böyük möcüzələrini izah edib göstərmişdir və bu, insanın iman gətirməsi üçün tamamilə kifayət edərdi. Möcüzələr yalnız Onun Öz əlindədir və Özünün ilahi hikməti və qullarına rəhmli münasibətinə istinad edərək onlara sərəncam çəkir.


Tarix: 20.04.2013 / 13:42 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 581 Bölmə: Sureler