beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vəfa Quluzadə

Vəfa Quluzadə — Azərbaycanın görkəmli dövlət xadimi, politoloq, Xəzər regionu dövlətlərinin siyasi tədqiqatı Fondunun prezidenti. Azərbaycan Respublikasının Xarici siyasət məsələləri üzrə dövlət müşaviri olmuşdur.

Həyatı

Vəfa Quluzadə 21 dekabr, 1940-cı ildə, Bakıda anadan olmuşdur. Anası Yaqut Dilbazi Mirvarid Dilbazinin bacısıdır

1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə qəbul olmuş, 1963-cü ildə məzun olmuşdur. V.Quluzadə iki il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparmışdır.

1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı almışdır.

Siyasi fəaliyyəti

1970-ci ildə Misirdəki SSRİ səfirliyində attaşe kimi işə başlamışdır. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ Xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak etmişdir.

1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlamışdır. Həmin illərdə Sov.İKP MK yanında İctimai Elmlər Akademiyasını bitirmişdir.

Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilmişdir.

1990-ci ildə Azərbaycana qayıdır və Azərbaycan Respublikasının xarici siyasət üzrə Dövlət Müşaviri işləyir. Növbəti iki prezidentin – Əbülfəz Elçibəy və Heydər Əliyevin hakimiyyəti dövründə də öz postunda qalır.

Bu zaman ərzində Vəfa Quluzadə Azərbaycan xarici siyasətinin formalaşmasında yaxından iştirak etmişdir.1999-cu ildə istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü olmuşdur.

O, Dağlıq Qarabağdakı münaqişənin həll olunması üzrə aparılmış danışıqlarda aktiv iştirak etmişdir. Azərbaycan-Ermənistan danışıqları zamanı nümayəndə heyətinə rəhbərlik etmiş, ATƏT-in sammitlərində, Cenevrə (1984) və İstanbulda keçirilmiş beynəlxalq konfranslarda, NATO-nun iclaslarında iştirak etmişdir.

V.Quluzudə, H.Əliyev administrasiyasının üzvlərindən (hətta daha aşağı vəzifə sahiblərindən belə) fərqli olaraq, prezidentin siyasi opponentlərinə qarşı çıxışlar etmirdi. Bu da onun professional imicini müəyyən edirdi.

Vəfa Quluzadə millət vəkili Aydın Mirzəzadə ilə fikir mübadiləsində

1999-cu ilin sonlarına yaxın, xarici işlər naziri Tofiq Zülfüqarov və prezident Heydər Əliyev administrasiyasının rəhbəri Eldar Namazovla bir vaxtda istefa verdi. İstefa ərəfisində V.Quluzadə H.Əliyevə məktub yazaraq, 41 illik ağır işdən yorulduğunu və istirahət etmək, sağlamlığının qayğısına qalmaq istədiyini bildirmişdi.

Lakin müşahidəçilər göstərilən səbəbləri diplomatik addım hesab edirlər. Əslində isə onun bu hərəkəti Azərbaycan-Ermənistan danışıqlarından uzaqlaşdırılmasına etiraz kimi dəyərləndirilirdi.

V.Quluzadə ərəb, rus, ingilis və fars dillərini bilir. Onun SSRİ XİN-dəki dosyesində yazılıb: "fövqəladə ünsiyyətcil, olduğu ölkənin yüksək dairələri ilə etibarlı əlaqələr qurmağı bacarır".

V.Quluzadə musiqi məktəbinin müəlliməsi Leyla Əhmədova ilə evlidir. Bir gızı və oğlu var idi. Oğlu Murad 2010-cu ildə vəfat etmişdir.


Tarix: 13.01.2013 / 12:45 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 761 Bölmə: Siyasətçilər