beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rəsul Quliyev

Rəsul Quliyev (d. 10 dekabr 1947, Qazançı, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Milli Məclisinin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının lideri.

Həyatı

Rəsul Bayram oğlu Quliyev 10 dekabr 1947-ci ildə Naxçıvan MSSR-in Qazançı kəndində anadan olub.

Atası Bayram Quliyev hesabdar vəzifəsində işləmiş, anası Münnəvvər xanım isə evdar qadın olaraq, çoxuşaqlı ailənin qayğısı ilə məşğul olmuşdur.

Rəsul hələ balaca ikən - 9 yaşında atası vəfat etmişdir. Çoxuşaqlı ailənin maddi problemlərini ödəmək üçün kiçik yaşlarından o, digər qardaşları ilə birlikdə çalışmaq, evə qazanc gətirmək məcburiyyətində qalır.

1965-ci ildə orta məktəbi əla qiymətlərlə bitirərək Azərbaycan Neft ve Kimya İnstitutuna daxil olur.

Tələbəlik illərində ədəbiyyata bağlı olduğundan kiçik şerlər yazmağa başlayır. Müəllifi olduğu bir neçə şer o dövrün radio efirində tez-tez səsləndirilir.

İctimai-siyasi fəaliyyətini tələbəlik illərində də davam etdirir. Elə buna görə də 1968-ci ildə bir qrup tələbə ilə birgə həbs edilir. Komsomolun şəxsi vərəqəsində ona şiddətli töhmət vurulur və bir neçə günlük həbsdən sonra 3 ay oxuduğu instituta buraxılmır.

1970-ci ildə institutu neft kimyası və üzvi kimya mühəndisi (texnoloq-mühəndis) ixtisası üzrə bitirir. Elə həmin ildən Azərbaycanın Sumqayıt şəhərində kimya kombinatında işçi olaraq ilk əmək fəaliyyətinə başlayır.

1971-ci ilin aprelindən Bakı Neftayırma zavodunda yenə də işçi olaraq əmək fəaliyyətini davam etdirir. Bacarığına, zəhmətkeşliyinə görə tez bir zamanda kollektivin rəğbətini qazanır. Buna görə də rəhbərlik tərəfindən 1972-ci ildə qurğu rəisi təyin edilir.

1974-cü ildə baş mühəndisin müavini, 1980-ci ildə baş mühəndis, 1981-ci ildə isə direktor vəzifəsinə yüksəlir.

1985-ci ildə Bakı şəhər xalq deputatları sovetinə deputat seçilir. 1988-ci ildə SSRİ-də başlayan yenidənqurma və aşkarlıq siyasətinin ən aktiv müdafiəçilərindən olub.

1989-cu ildə Sovet İttifaqında ilk dəfə olaraq, rəhbərlik etdiyi Baki Neftayırma zavodunda alternativ əsasla seçki təşkil edir.

1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinə deputat seçilir.

1991-ci ildə Azərbaycan Respublikası Dövlət Müstəqilliyini bərpa etdikdən sonra - 1992-ci il dekabrın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti-Neft və qaz emalı üzrə Baş İdarənin rəisi təyin edilir.

11 may 1993-cü ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edilmişdir[1] və 9 noyabr 1993-cü ilədək bu vəzifədə çalışmışdır[2][3].

29 iyul 1993-cü ildə Azərbaycan Respublikasının xalq deputatı olan Rəsul Quliyev Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilmişdir[4]. 5 noyabr 1993-cü ildə isə Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir[5] və 1995-ci ilin noyabrınadək həmin vəzifədə işləmişdir.

1995-ci ildə yenidən Milli Məclisin üzvü və Azərbaycan Parlamentinin sədri seçilib.

1996-cı il sentyabrın 11-də Milli Məclisin sədri postundan istefa verib. Həmin ildən bu günə kimi ABŞ-da siyasi mühacir həyatı yaşayır.

16 dekabr 1997-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi onun deputatının səlahiyyətlərini itirməsi haqqında Qərar qəbul etmişdir[6].

2003-cü ildə keçirilmiş Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizədliyi irəli sürülmüş, lakin Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmamışdır[7].

2005-ci ildə Azərbaycanda parlament seçkilərinə qatılmag məqsədilə vətənə qayıdarkən, Azərbaycan beynəlxalq hava limanı Rəsul Quliyevin mindiyi təyyarəni qəbul etməkdən imtina edir. Buna görə də təyyarə məcburi olarag Ukraynanın Simferopol şəhərinə enir. Orada Rəsul Quliyev isə Azərbaycan hökumətinin təzyiqi sayəsində həbs edilir. ABŞ və nüfuzlu beynəlxalq təşkilatların təzyiqi nəticəsində 3 gündən sonra azadlığa buraxılır. 2011-ci ildə Strasburq Beynəlxalq Məhkəməsi onun 2005-ci ildə Azərbaycanda keçirilən parlament seçkilərində qələbə qazanması barədə qərar qəbul edib.

Ailəlidir. 3 övladı var.

Nailiyyətləri

Bir sıra ixtira və səmərələşdirici təkliflərin müəllifi, texniki elmlər namizədidir. Xeyriyyəçilik fəaliyyətinə görə H.Z.Tağıyev adına Xeyriyyə Fondunun fəxri mükafatına layiq görülüb.

Kitabları

7 siyasi və bədii-siyasi əsərin müəllifidir. Əsərləri ingilis, rus və türk dillərinə tərcümə edilib.
Neft və Siyasət, ABŞ, 1997
Demokratiyaya gedən yol
Mübarizəmizin məqsədi
Diktatorla üz-üzə
Axına qarşı, 2010
Həqiqətin qiyməti, 2011
Qarabağ: Müqavimətsizlikdən doğan faciə, 2011

İstinadlar
↑ "R. B. Quliyevin Azərbaycan Respublikası baş nazirinin müavini təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli, 595 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
↑ "R. B. Quliyevin Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 8 noyabr 1993-cü il tarixli, 16 nömrəli Fərmanı. e-qanun.az (azərb.)
↑ "R. B. Quliyevin Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsindən azad edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 9 noyabr 1993-cü il tarixli, 727 nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ "Azərbaycan Respublikasının xalq deputatı R. B. Quliyevin Azərbaycan Respublikası Milli Məclisinin üzvü seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 29 iyul 1993-cü il tarixli, 663 nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ "R. B. Quliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 1993-cü il tarixli, 726 nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ "R. B. Quliyevin Azərbaycan Respublikası Milli Məclisi deputatının səlahiyyətlərini itirməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 16 dekabr 1997-ci il tarixli, 413-I QR nömrəli Qərarı. e-qanun.az (azərb.)
↑ "2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikası prezidentinin seçkilərində Azərbaycan Demokrat Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Rəsul Bayram oğlu Quliyevin Azərbaycan Respublikası prezidentliyinə namizəd kimi təsdiq olunmaması haqqında" Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 2 iyul 2003-cü il tarixli, 6/44 nömrəli Qərarı.


Tarix: 13.01.2013 / 12:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 807 Bölmə: Siyasətçilər