beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Piştaxta Ovuclu Qadınındramı

Bu məmləkətdə limonlar
ağacdamı bitir,
yoxsa qadınların
ovuclarındamı? Həmidin şeirindəndi,
vətəndaş Həmid
Herisçinin. Bu sətirləri
yazan Həmidin ömründə
bircə dəfə də olsun,
limonsatan qadına acıyıb, mərhəmət xatirinə ondan
“üçü bir manat” komplektli
limonlardan aldığına
inanmıram. Amma belə
real bədiiliyə görə, ona
minnətdaram. Mənim limon satan qadının
həyatını bircə sətirlə ifadə
edəcək istedadım yoxdur.
Amma içimdə o
limonsatanı ölkədəki bütün
limon istehlakçılarına tanıtmaq istəyən bir
reportyor ehtirası var. Və
düz on ildir ki, mən bu
reportaja hazırlaşıram,
daha doğrusu, on ildir ki,
bu reportajı yazıram... Limonsatanı dilənçiyə
çevirən on il
Səltənət xanımı (həyatın
adla bağlı ironiyasına
baxın!) on ildir tanıyıram.
Hələ universitetin birinci kursunda oxuyanda,
Zərgər-Palan küçəsində
kirayə qaldığım evdə
yaşayanda Səltənət həmin
küçənin tinindəcə dayanıb,
dörd limonu bir əlində hazır saxlayıb, bir gözü
ilə də, yanındakı sarı
limonla dolu hörmə
səbətini gözətləyərdi. O
vaxt Səltənət daha cavan,
həm də daha şux idi. Satdığı limonları
tərifləmək, təklif etməklə
kifayətlənərdi, alıcının
zəhləsini tökməz, inad
eləməzdi. Bəzən heç lazım
olmasa da, ondan su qiymətinə dörd limon (o
vaxt limonun dördü o
vaxtı pulla “bir məmməd”,
indiki ekvivalentlə 20
qəpik idi) almağa
qızırğalanmazdım. Səltənət dörd limonu
həmişə səliqə ilə nazik
“pinqvin”ə bükər, kulokun
başını burub,
gülümsəyərək, mənə –
tanış alıcısına uzadardı. İllər keçdi, universiteti
bitirdim, səkkiz-doqquz iş
yeri, üç-dörd yaşayış yeri
dəyişdim. Səltənət Zərgər-
Palan küçəsinin tinindən
heç əskik olmadı. Özü qocaldı, üzü qırışdı,
gözlərinin dibinə bir az
məzlumluq çökdü, əlləri
şaxtadan çatlayıb,
qalınlaşdı. İllər onun
əynindəki sarı kürkün, başındakı boz yaylığın
rəngini dəyişdi, bozartdı,
köhnəltdi, cındırını
çıxartdı. Səltənətin limon
satmaq üsulu da dəyişdi:
indi o, daha əvvəlki, canısulu vaxtlarındakı
kimi limonlarını açıq
eynəsiylə təklif eləmir,
ondan limon almaları
üçün gəlib-gedənlərə
yalvarır. Bu on il limon satan qadını tədricən
dilənçiyə çevirdi...
İndi yarılimonsatan,
yarıdilənçi Səltənətlə
müxbir, jurnalist kimi
deyil, onillik alıcısı, onun halına yanan qadın kimi
elədiyim söhbəti sizə
təqdim eləyirəm. Yaşı
əllini təzə haqlayıb. Amma
üzdən yetmiş yaşı varmış
kimi görünür. Əslində o danışdıqlarını kim
yaşasa, hələ ölmədiyinə
təəccüblənərdik...
“Qayınanam şorabanı
zibil vedrəsinə töküb,
dedi: get, ordan götür ye!”
- Səltənət xanım,
haralısınız?
- (Diksinir və cənub
ləhcəsində cavab verir)
Bıy, xanım nəydi sən allah? Astaralıyam, qıza.
- Sizə bir sual versəm,
xətrinizə dəyməz?
- Niyə dəyir ki?! Neçə ildi
buradan keçənlərdən elə
şeylər eşitmişəm ki! İndi sənin kimi nərmənazik
qızın sözü xətrimə
dəyəcək?
- Siz niyə limon
satırsınız?
- Qıza, bə neyniyim? - Nə bilim. Heç nə
eləməyin. Niyə uşaqlarınız
sizi dolandırmır?
- Üç dənə qızım var.
Hamısı Astarada ərdədi.
Qayınana, qayınata yanındadı. Gedim,
hansının yerini soyuq
eləyim? Ərinin-zadının
yanında niyə gözükölgəli
olsunlar? Elə limonumu
satıram da... - Səltənət xanım, lap
əvvəldən hər şeyi danışa
bilərsiniz?
- Nə təhər yəni, lap
əvvəldən?
- Deyirəm yəni, lap cavanlıqdan bu yana
həyatınızı nağıl
eləyərsiniz?
- Eləyərəm, e, amma sənin
nəyinə lazımdı mənim
həyatım? (doluxsunur) Mənim həyatım kimin
nəyinə lazımdı?
- Nə bilim. Mənə
maraqlıdı. Necə oldu ki,
bax əlinizə səbət alıb,
paytaxtda limon satmalı oldunuz?
Əlindən buraxmadığı üç
limonla yanandakı səbətin
yanına çökür. Gözü hələ
də gəlib-keçənlərdədi. Hər
yoldan ötən adama potensial alıcı kimi baxır.
Amma söhbətdən də
qalmır:
- 17-18 yaşım olanda elə
Astaradan Qasım adlı bir
oğlana ərə getdim. Zirək qız idim. Başıma dörd
qatlanmış əski qoyub, əlli
kiloluq un, lobya kisələrini
elə rahat daşıyırdım,
deyərdin kişi xeylağıyam.
Amma nolsun? Ərimin ailəsinin gözündə mənim
zirəkliyim heç nə idi. Mən
hələ heç vaxt elə qəddar
adamlar görməmişəm.
Qaynanam lap mənə zülm
eləyirdi. Qasıma qohumlarından kimisə
almaq istəyirmiş, o da
gəlib, məni almışdı deyə,
zəhləsi gedirdi mənnən.
Görməyə gözü yox idi.
Yediyim çörəyi də çox görürdü. Evdə ixtiyarım
yox idi ki, təknədən çörək
götürüm, hələ qalan
şeyləri demirəm. Hamilə
qalmışdım. Ürəyim şoraba
istəyirdi. Evdə balonlar doluydu şorabaynan.
Qayınanama yalvarırdım
ki, bircə tikə şoraba
versin. Dodağım yeddi
yerdən çatlamışdı
turşudan ötəri. Vermədi. Mən yeməyim deyə, neçə
ay balonları açmadı. Ev
əhlini də tamarzı qoydu.
Axırda balonları açıb,
zibil vedrəsinə boşaltdı.
Mənə dedi: ürəyin şoraba istəyir, get, zibil
vedrəsindən götür, ye.
Yeriyimin pis vaxtı idi.
İnanırsan, qızım, getdim,
şorabanı zibil vedrəsindən
götürdüm, yedim. ...Sarışın bir qadın
yaxınlaşıb, mənə əyri-əyri
baxıb, Səltənətdən üç
limon alıb, getdi.
- ...Uşaqların üçünə də
yerikləyəndə, belə elədi. Bir dəfə ürəyim alma
istəmişdi, inan, o uşağı
doğana qədər mənə bir
dənə alma alıb verən
olmadı.
- Bəs əriniz? Sizə tərəf durmurdu?
- Ərim elə əvvəldən damarı
boş idi. Kim nə desə, ona
baxırdı. Həm də gözü
sıyıq idi, ona-buna
baxmaqdan mənə vaxtı qalırdı ki? Səksən altıncı
ildə köçdük Rusetə. O
vaxt Rusetdə heyvan
saxlayanlara ehtiyac
vardı. Beşillik
müqaviləynən aparırdılar. Qızların üçün götürüb,
getdik Rusetə. Sibirə
yaxın bir yer idi. Çatan
kimi ev verdilər, ərzaq
verdilər. Urus qonşular
vedrə-vedrə kələm, çuğundur, yumurta
daşıyıb, gətirirdilər.
Dillərini bilməsəm də, məni
başa salırdılar ki, sizə
pay gətirmişik. Qasım
malabaxan işləyirdi, mən də sağıcı. İnan, o qədər
soyuğu-zilləti neynirsən,
qarnım doyurdu, üzümə
hər dəqiqə tüpürən, döyən
yox idi deyə, elə bilirdim,
ora cənnətdi. Yavaş- yavaş rus dilini də
öyrənirdim. Rus sağıcılar
soruşanda ki,
Azərbaycana
qayıdacaqsan, deyirdim,
qıza, (bunun mənasın onnara öyrətmişdim)
Azərbaycan nədi, heç
yana gedəsi deyiləm.
Kişidi, öləsidi, elə burada
da basdırasıyam. Qızlar
gül kimi məktəbə gedirdilər. İndi-indi özüm
adam kimi hiss eləyirdim.
“Ərimə dedim ki, səni
bıçaqlayaram!”
- Bəs, nə oldu? Elə yaxşı
şeylər danışırsınız ki, adamın inanmağı gəlmir.
Elə yaxşı həyatdan sonra
niyə burada limon
satırsınız?
- Qıza, yaxşı olmağına
yaxşıydı, amma bir dərd var idi ki, bayaq dedim
axı, ərim sıyıq adam idi.
Gözü hələ Astarada
onda-bunda idi. O ki,
qalmışdı, sarı-sarı urus
arvadları ola. Onlar da hamısı deyib-gülən, dünya
veclərinə deyil, hamısı
içir, siqaret çəkir.
Qasıma da zarafatla “Ka
semsot” deyirdilər.
Qasımın ağlı başından çıxırdı. İlişdi birinə. Üç
uşaqnan məni qoydu evin
altında, getdi girdi o
urusun evinə. Mən işdən
gələnə qədər qızlarım oda
tökülürdü, o boyunu yerə soxduğum da urusun
evində oturub, onun yad
kişidən olan uşağının
“kalyaska”sını
yırğalayırdı. Qonşuları
görmüşdü, mənə gəlib, fermada deyirdilər.
Axırda qeyrətim yol
vermədi. Bıçağı
götürdüm, getdim girdim
evinə. Dedim, səni
bıçaqlayacam! Heç nədən qorxmuram. Buranın
hökuməti yaxşı hökumətdi,
məni tutsalar da,
qızlarıma yaxşı baxarlar.
Oxudarlar, adam
eləyərlər. Sənin kimi biqeyrət atadansa, elə
yetim qalsalar yaxşıdı.
Gördü ki, ciddiyəm. Əl-
ayağıma düşdü, yalvardı,
tövbə elədi.
- Azərbaycana niyə qayıtdınız?
- Doxsanıncı illərdə ara
qarışdı, məzhəb itdi.
İyirmi yanvar qırğınından
sonra oralarda da
vəziyyət pisləşdi. Evdə qorxa-qorxa yatırdıq.
Böyür-başımızda erməni
çox idi. Hər gecə elə
bilirdik, gəlib bizi
öldürəcəklər. Sonra da
söhbət çıxdı ki, urusetnən ara bağlanacaq.
Buradakılar bu tayda
qalacaq,
azərbaycandakılar da
orda. Bayaq elə dediyimə
baxma ki, deyirdim, ölərəm, qayıtmaram. Vətən
ayrı şeydi, qıza! Adamı
yandırıb-yaxır.
Raşotumuzu aldıq,
yığışdıq, gəldik Astaraya.
Xeyli pul gətirmişdik. Dedim, ayrı ev tikdirək, ta
qayınatamgilnən
yaşamayaq. Qasım dedi,
evi neynirsən, o pula
maşın alacam. Pulu verdi
maşına. Rusetdən qayıdanda yanağımdan
qan damırdı. Hər şey
təzədən başladı. İndi
düşmənim lap çoxalmışdı.
Qaynım da evlənmişdi,
istəmirdilər onlarla qalaq. Qaynım arvadı ilə
qaynanam birləşirdilər,
yenə məni döyürdülər.
Qaynanam ölənə qədər elə
oldu. Qaynanam öləndən
sonra ərimə Rusetdən məktub gəldi. O evində
yaşadığı urus arvadı
yazmışdı. Yazıbmış ki,
arvad-uşağını qoy orda,
qayıt gəl. Burada
qazanıb, onlara pul göndərərsən. Ağlına
batdı. Mən yalvardım,
qızlar yalvardı. Fikir
vermədi. Bizi qoydu
qaynımgillə bir evin
altında, getdi. Əvvəl pul göndərirdi. Qızlara babat
cehiz düzəltdim. Üçü də
yaşları 17-18 olan kimi,
hərəsi birinə qoşulub
qaçdı. Kim idi, atası
başlarının üstündə olmayan qızlara elçi
gələn? Elə gözəlliklərinə
susayıb, aldılar. Qasım
da pul göndərməyin
arasın kəsdi. Qaynımgil
də pul kəsiləndən sonra məni yola vermədilər.
Dedilər, halal ərin səni
atıb, gedib, biz səni niyə
saxlayırıq? Get, qızlarının
evində otur. Qaldım
naəlac. “Köhnə alıcılarımın çoxu
məni görəndə qaşqabaq
sallayır”
Kəndə bir alverçi gəlmişdi
Bakıdan. Qoca arvad idi.
Rəngbərəng şəp-şəp zad satırdı. Təsadüfən onnan
dərdləşdim. Dedi ki,
bakılıdı, “sovetski”də tək
yaşayır. Ərindən
boşanandan sonra
atasının evinə qayıdıb. Atası öləndən sonra
dədələrindən qalma evi
qardaşı ilə bölüblər.
Elmiraya bir balaca otaq
düşüb. Kuxnası-zadı, hər
şeyi elə içindədi. Mənə dedi ki, burada limon-zad
ucuzdu. Bir-iki səbət al,
götür, mənnən gedək
Bakıya. Satarsan,
qalanına gəlib yenə limon
alarsan. Orada limon satdığın vaxtı da mənim
otağımda qalarsan. Kirə
haqqı istəmirəm, amma
yemək almağa kömək
eləyərsən. Ağlıma batdı.
Dedim, tək arvaddı, ondan mənə nə zərər
gələr? Bir-iki səbət limon
alıb, gəldim Bakıya.
Zərgər-palanı mənə
Elmira məsləhət gördü.
Dedi, burada yaşayan adamlar çoxu babat
dolanan adamlardı. Elə
limonu-zadı da səndən
alacaqlar. Üzləri-gözləri
öyrəşəndən sonra lap
alverin yaxşı gedəcək. O vaxtdan burada limon
satıram. Qıza, sən də
əvvəl burada qalırdın, bə
noldu? Ərəmi getdin, qıza?
- Yox, mən burada kirayə
qalırdım. İndi öz evimizdə yaşayıram.
Səltənət xanım, limon
satmaqdan gündə,
həftədə, ayda nə qədər pul
qazanırsınız?
- Mayasını çıxsam, gündə 5-6 manat. Əvvəllər lap
çox qazanırdım. O vaxt
həvəsli idim, gəlib-gedənin
üzünə gülürdüm, eynələri
açılırdı. İndi qocalmışam,
yorulmuşam. Neçə il limon alanlar indi üzümü
görəndə qaşqabaq
sallayırlar. Eləsi olur,
yanındakına deyir: “Mən
yoruldum bu arvaddan
limon almaqdan, bunun limonu qurtarmadı! İldən-
ilə də lap zəhlətökən olur!”
Bax, qıza, belə deyillər
indi. Amma yenə də
görürsən, aralarında
yaxşı adamlar da olur. Elə adam olub ki, bir
manatlıq limona beş
manat verib, qalanın
istəməyib. O qədə dua
eləmişəm ki, eləsinə!
“Tualet üçün Elmiranın qardaşının həyətinə
gedirik”
- Yenə Elmiranın evində
qalırsınız?
- Hə. Qıza, ev nədi? Elə
ev olar? Dördün dördə bir otaqdı, küçədən birbaşa
qapını açıb, otağa
girirsən. Yeməyi də orda
bişirirəm, paltarı da orda
yuyuram, orda yeyirik,
orda yatırıq. Çiməndən- çimənə məhlədə bir arvad
var, pulnan hamamında
çimməyə icazə verir, onun
hamamında çimirəm. Bir
manatdı çimmək haqqı.
Özü də müştərisi o qədər çox olur ki, çimmək üçün
gərək bir gün əvvəlcədən
deyəsən, pulunu da
verəsən. Evin heç tualeti
də yoxdu, Elmiranın
qardaşının tualetinə gedirik. Hər dəfə də
üzümə acıqlı-acıqlı baxır
kişi. Elmira evi bölüb,
otaq alıb deyə, arası
yoxdu nə onnan, nə də
mənnən. O da, uşaqları da, arvadı da gözləyirlər
ki, Elmira ölsün, otağı
təzədən evə qatsınlar.
Gecə-gündüz Allaha
yalvarıram ki, Elmira
ölməsin! O ölsə, mənim axırım nə olar?
- Elmira ilə necə yola
gedirsiniz?
- Qocaldıqca ağlı azalır.
Boş-bekar adamdı,
deyinməyə bəhanə axtarır. Mən yorğun evə gedirəm,
yemək bişirirəm, çay
hazırlayıram, yeyirik,
qabları yuyuram. Sonra
da ölü kimi yatmaq
istəyirəm. Neynim, candı, dincəlmək istəyir.
Döşəyimi yerdən salıb,
yatmağa hazırlaşıram.
Elmira da bütün günü
televizora baxıb deyə,
baxdıqlarını mənə danışmaq istəyir. Elə bilir,
Faiq Ağayev-zad mənə
çox maraqlıdı. Mən ona
qulaq asmayanda da
hirslənir. Hələ nəsə
xəstəliyi var, gecələr yerindən atılıb, qışqırır.
Ürəyim qopur, deyirəm,
ölüb-eləyər, məni evdən
atmaq bir tərəfə, deyərlər
sən öldürmüsən. İçimi
yeməkdən bu günə qalmışam.
“On ildir, dilənçi kimi
yaşayıram”
- Sizə dəxli olmayan bir
sual verim. Nə bişirirsiniz
ən çox? - Qıza, əlimdən bir ləvəngi
bişirmək gəlir, bir plov
gəlir ki, gəl görəsən!
Amma neçə ildi, heç birini
bişirmirəm. Ləvəngiyə
pulum hardandı? Çox vaxt qəssabdan əti yonulmuş
sümük alıram, ucuz
qiymətə. Qaynadıram,
suyuna düyüdən,
noxuddan atıram, yeyirik.
Nə bilim, yazda-yayda, göyərtinin bol, ucuz
vaxtlarında kükü
bişirirəm. Mən o qədər
yoruluram ki, yeməyə də
heyim qalmır, Elmira
basıb yeyir. Qurbanlıqda- zadda, qonşular qurban
kəsir, bizə də verirlər,
onda dilimizə ət dəyir.
- Bəs, günorta nə
yeyirsiniz?
- Nə bilim, əlimə nə düşsə. Peraşkidən, dönərdən-
zaddan. İndi dönər də
çox bahalaşıb. Şorqoğal
alıram, quru-quru getmir,
termosda çay satanlar
gəzir buralarda, çay da alıram, onnan yeyirəm.
Onsuz da az yeyirəm,
iştaham yoxdur. Yanında
dayandığım mağaza var
ha, oradakı uşaqlar çox
yaxşı uşaqlardı. Günorta yeməklərindən bir-iki tikə
mənə də verirlər çörəyin
arasında...
- Astaraya gedəndə,
qızlarınızın evinə qonaq
gedirsiniz? - Gedirəm. Onlar bilmir
ki, mən burada limon
satıram. Elə demişəm,
yanında qaldığım arvad
tək qalmağa qorxur, məni
də yanında saxlayır. Ora gedəndə Elmiranın cavan
vaxtlarında tikdirdiyi
paltarlardan geyirəm.
Havayı vermir geyməyə,
deyir, gələndə mənə
Astara meyvələri gətirərsən. Elmiranın
yanına qohumları qonaq
gələndə ona nəsə pay
gətirirlərsə, həmin pay-
ürüşü mənə satır. Mən də
alıb, Astaraya gedəndə, qızlarımın evinə pay
aparıram.
- Ərinizdən nə xəbər var?
- Heç xəbər-zad yoxdur.
Cəhənnəmə olsun. Onu
Allaha tapşırmışam. Bilirəm, ölüm ayağı gəlib
it kimi mənə, qızlarına
yalvaracaq. Bəlkə də
qızları bağışladı. Neyləyə
bilərəm, atalarıdı. Amma
mən heç vaxt bağışlamaram. On ildi
dilənçi kimi yaşayıram.
Elə gec-gec çimirəm ki,
əynimdə altdan-üstdən
geydiklərim bir-birinə
yapışır. Yay-qış canım çıxır. Ayaqlarımı güclə
sürüyürəm. Gəlib-keçənə
yalvarıram ki, limon
alsınlar. Bir gün limon
sata bilməsəm, sabah ac
qalacağıq. Yenə sağ olsunlar, çox vaxt
avtobusa minirəm,
şoferlər məndən pul
götürmür. Amma eləsi
var, səbətimi görüb, heç
avtobusa minməyə qoymur. Qıza bu ölkənin
peyğəmbər kimi üzü nurlu
adamı da var, şümürdən
betəri də. Allah ondan
saxlasın ki, qabağına tez-
tez şümür çıxa. Gözləri dolur, ovcundakı
limonları buraxmayaraq,
əlinin dalı ilə gözlərini
silir. Hiss eləyirəm ki,
özüm də alınıram.
Səltənətə baxıram, anam yadıma düşür: saçı xınalı,
totuq-motuq, arada
qalxan qan təzyiqinə,
şəkərinə görə hər dəfə bizi
ürəkqopmasına salan
anam. Anam bu haqqı iyirmi ildən artıq balaları
üçün kipriyi ilə od
götürərək qazanıb. Amma
Səltənət də bunu eləyib
axı... Səltənətin əllərinə
baxıram. Anamın əllərinə oxşayır. Daha doğrusu,
bütün zəhmətkeş
qadınların, anaların əlinə.
Əlini öpmək istəyirəm.
Amma bilirəm ki, nə
Səltənət, nə ötüb-keçənlər bu hərəkətimin səbəbini
heç vaxt başa düşməzlər.
Başa düşsələr də, saxta,
süni bilərlər, inanmazlar
səmimiyyətimə. Bu ölkədə
utanmadan sədəqə uzada bilmədiyim dilənçinin,
utanmadan limon ala
bilmədiyim limonsatanın
qarşısında özümü
vətəndaş kimi, insan kimi,
qadın kimi günahkar bilməyimə inanmazlar.
İnsanlar bir yana,
Səltənətin indi heç kimə
inanmamağından daha
təbii nə ola bilər ki?
On dənə limon alıb, uzaqlaşıram. Limon bir
az çox oldu, amma eybi
yox: anamın qan təzyiqi
var.
Özümə nifrət eləyirəm!


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 334 Bölmə: Sevgi varmı?