beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ANA........

1988-ci ildi.

10 yaşındaydım. Tay-tuşlarımdan çox çevik, güclü və dalaşqan idim. Nəinki öz yaşıdlarımla, hətta özümdən bir neçə yaş böyük oğlanlarla da savaşar, ağız-burunlarını partladar, evlərinə al-qan içində göndərərdim. O qədər dalaşqan idim ki, hər gün evimizə dəstə-dəstə şikayətçilər- qurbanlarımın anaları, bibiləri, xalaları gələrdi. Atam respublika miqyasında tanınan alim idi, amma yaşadığımız Yasamalın ətraf məhəllərində hamı onu mənim adımla- Həmidin atası kimi tanıyırdı. Dalaşqanlığıma görə Anam hər gün məni danlayırdı, qulağımı çəkirdi, oxlovla döyürdü, amma xeyri yox idi. Elə evdə danlanmağımın hayfını məhləyə düşən kimi zəhləm gedən ilk oğlandan çıxırdım. Odur ki, bütün məhəllənin uşaqları mənimlə dostluq etməyə çalışırdılar. Ən yaxın dostumsa sinif yoldaşım Zaur idi.

Zaur imkanlı ailənin uşağıydı və Mən ona məktəbdə cangüdən kimi lazım idim. Burnunu hər yerə soxurdu, bütün siniflərin qızlarına sataşırdı, dava düşəndə isə Mənim arxamda gizlənirdi...

... Məktəb qurtarıb, yay tətili başlamışdı, Zaur və mən avara-avara küçələri dolaşırdıq. Susuzlamışdıq , ürəyimiz yanırdı. O zamanlar indiki kimi hər addımbaşı olmayan mağazalardan birinin qabağından keçəndə çöldə qutu ilə qoyulmuş limonadları gördük. Mən ciblərimi eşələyib qəpik axtarmağa başladım, Zaur isə qolumu çimdiklədi:

- Həmid, pulu neyləyirsən? Görmürsən, satıcı içəridədir, çöldən xəbəri yoxdur?

- Hə, nolsun?

- Sən dur burda. Mən gedim yavaşca 2 butılka götürüb gəlirəm.

Etiraz etmək istəsəm də, gözümü açıb yumana qədər Zaur əlində 2 limonad yanımda hazır dayanmışdı. Var gücümüzlə qaçmağa başladıq. Təngənəfəs halda öz məhləmizə çatıb, sevimli xar tut ağacının altında oturduq və oğurladığımız limonadı qurtum-qurtum içməyə başladıq. Zaur məni dilə tuturdu ki, əslində bu limonadları mağazaya dövlət ona görə verir ki, əhaliyə paylasınlar, onlarsa pulla satır. Deməli, bizim tam haqqımız çatırdı onları götürüb içməyə. Beləcə, Yasamaldan çıxmış Tom Soyyer və Huckleberry Finnin limonad oğurluqları başladı. “I əməliyyatı” düz bir həftə sürdü. 8-ci gün hiss etdik ki, dükançı bizim oğurluğumuzdan duyuq düşüb, çünki limonad qutularını içəri daşımışdı.

Aradan bir neçə həftə ötdü. Zaur xəstələnmişdi, ona görə də küçələrdə təkbaşıma dolaşırdım. Qızmar avqust ayı idi, bərk susuzlamışdım. Cibimdə 25 qəpik vardı- bir şüşə limonad almağa bəs edirdi. Həmişə qarşısından limonad oğurlayıb qaçdığımız dükana girdim, pul verib almaq istəyəcəkdim bu dəfə. Amma heyhat! Mağaza bomboş idi- içəridə heç kim yoxdu. İrəliyə gedib bir neçə dəfə səsləndim. Hay verən olmadı. Fikrimdən çölə çıxıb dükançını gözləmək keçdi, amma kassanın açarını üstündə görüncə yerimdə mıxlandım. Zaur o dövrün məşhur oğrularından, qızılbarmaq ləqəbli cibgirlərindən çox danışmışdı və Mən də bəzən xəyallarımda özümü o “əfsanəvi qəhrəmanlarla” bir cərgədə görürdüm. O an da nə etsəm də, ürəyimdəki şeytanı qova bilmədim, həyəcanla açarı burub kassanı açdım. Bu vaxt çöldən səs gəldiyini eşitdim. Əsə-əsə əlimi uzadıb kassadan tələmtələshik bir kağız pul çıxartdım və baxmadan maykamın içinə soxdum. Başımı çevirib qapıya baxanda ürəyim düşdü- dükançı qapının ağzında idi və sürətlə mənə tərəf gəlirdi. Qaçmaq istəsəm də tələyə düşmüşdüm. Məni tutdu və “tez ol, kassadan nə oğurlamısan düş bura” deyə bağırdı. Mən dartınır, heç nə oğurlamamışam deyə and içirdim. O da yaxamdan sürüyüb məni çölə çıxartdı, başqa bir kişiyə qollarımı tutdurub, özü 2 əllə üstümü axtarmağa başladı. Bilmirəm, o gün ən şanssız günüm idi, yoxsa ən şanslı, amma onu bilirəm, dayday üstümdəki pulu tapa bilmədi. Səs-küyə çoxlu adamlar yığışıb gəlmişdi və aralarında bir nəfər zəhləmgetmiş, hər dəfə tutub çırpdığım qonşu məhlədən bir uşaq da vardı. Həmin satqın bizim evimizi tanıdığını dükançıya söylədi, və birlikdə bizim binaya doğru getməyə başladıq. Yolboyu ürəyimdə yalvarırdım ki, atam evdə olmasın. Çünki atam oğurluq etdiyimi öyrənsəydi başımı küt bıçaqla kəsərdi. Yaxşı ki, məhləmizə çatanda qonşu kişilər məni dükançının əlindən aldılar, özünü isə bir uşağa baş qoşduğu üçün danladılar və geri qaytardılar.

Qonşu arvadlar Anama əhvalatı danışanda mənim yanımda Anam onlara bu cavabı verdi:

- Düzdür, Həmid dalaşqandır, nadincdir, amma o heç vaxt oğurluq etməz. Mənim oğlum heç vaxt oğru ola bilməz. Mən ona inanıram.

Nə dükanda oğurluq üstündə yaxalanmağım, nə kobud dükançının qolumdan tutub dartmağı, nə məhlənin bir-birinə qarışmağı Mənə belə təsir etməmişdi- Anamın oğurluq etmiş oğlunun günahsızlığına ürəkdən inanmağı qədər. Qəhərdən boğulurdum artıq və göz yaşlarımı gizlətmək üçün məhlənin başındakı xar tut ağacına doğru qaçmağa başladım. Ağaca çatıb, ən yuxarı dırmaşdım və ürəyim boşalana qədər ağladım. Həmişə mən kimisə ağladırdım, indi isə ömrümdə birinci dəfə məni ağladırdılar. Oğurluq üstündə tutulmağım məni yandırmırdı, onsuz da maykamın altındakı pulu tapa bilməmişdilər, amma günahkar ola-ola Anam mənə niyə inanmışdı, bax bu mənə ağır gəlirdi. Əlimi atıb maykamın altındakı kağız pulu çıxartdım- üstündə Leninin şəkli olan qırmızı onluq idi. Onluğa elə nifrətlə baxırdım ki, bütün bugünkü hadisələrin günahkarı mən özüm yox, o idi sanki. Əvvəl cırmaq istədim, sonra atamın bir sözü yadıma düşdü- pulu cırmaq uğursuzluq gətirər, oğul,- demişdi. Xar tut ağacından yerə hoppandım və axşamın düşməyindən istifadə edib ağacın yanında torpağı qazıb qırmızı onluğu basdırdım, üstünü torpaqla bərk-bərk örtdüm. O zamanlar elə bilirdim basdırdığım sadəcə 10 rubl imiş, amma həyat göstərdi ki, o həm də sahib olduğum sonuncu haram pul oldu...

****

Aradan illər keçdi.

İqtisad universitetini fərqlənmə diplomu ilə bitirib yerli banklardan birində işə düzəldim. İş yerim şəhərin mərkəzində idi və pul əməliyyatlarında, bank hesablaşmalarında birbaşa iştirak edirdim. Müdirim səriştəli olduğumu görüb hər dəfə daha böyük məbləğli hesablaşmaları mənə həvalə edirdi, mən də onları qüsursuz həyata keçirirdim. Əməliyyatlar zamanı əlimin altındakı rəqəmlər doğrudan da çox böyük idi, amma onlar mənim üçün sadəcə rəqəm idilər, vəssalam. Bankımız getdikcə maliyyə cəhətdən güclənirdi və tezliklə yeni filiallarımızdan biri Yasamalda- yaşadığım evin düz yaxınlığında açılacaqdı. Müdirim söz arası mənə saymazyana demişdi ki, evimə yaxın olduğu üçün mənim iş yerimi mərkəzdən həmin filiala dəyişəcəklər, amma konkret hansı postu tutacağımı deməmişdi. Yeni filial münasibətiylə axşam mərkəzi ofisdə banket veriləcəkdi, mən də xüsusi kostyumda hazırlaşıb evdən çıxdım. Məhləni tərk edərkən bir anlıq ayaq saxladım və bütün uşaqlığımı keçirdiyim xar tut ağacına uzun müddət diqqətlə baxdım...

Yolboyu fikrim nəsə dağınıqdı, az qala maşını da qəza edəcəkdim. Amma işə çatdıqdan sonra sanki nağıllar aləminə düşdüm. Hamı deyir, gülür, şənlənirdi və tezliklə mənim də kefim açıldı. Müdirim mikrofona yaxınlaşıb hamını yeni filialın açılması münasibətiylə təbrik etdi və bir az danışdıqdan sonra mətləbə keçdi:

- Dəyərli qonaqlar, yəqin ki, hamınız çalışqan mühasibimiz Həmid Tahirzadəni tanıyırsınız. Son 3 ildə Həmid bəyin əzmkar işi və uğurlu sövdələşmələrdə yaxından köməyi sayəsində S.bank bir neçə milyon manat gəlir əldə etmişdir, biz buna görə ona tam səmimi qəlbdən minnətdarıq. Biz- bankın idarə heyəti olaraq düşündük, daşındıq və artıq Həmid bəyi müstəqil bir rəhbər kimi görməyin vaxtı çatdığına qərar verdik. Xanımlar və cənablar, icazənizlə sözü vermək istərdim bankımızın yeni Yasamal filialının müdiri- Həmid Tahirzadəyə.

Alqışlar başladı, hamı əlimi sıxmağa, üzümə gülümsəyərək məni təbrik etməyə başladı. Sözün düzü, mikrofona yaxınlaşıb nə danışdığım yadımda qalmayıb. Bircə onu bilirəm ki, beynim kifayət qədər dumanlanmışdı və gözlərimin qabağında ancaq bir səhnə vardı- xar tut ağacının başında ağlayan 10 yaşlı oğlan uşağı. O ağacın altında basdırılmış qızıl onluq hələ də durur, yoxsa çürüyüb gedib, bilmirəm. Amma bunu bilirəm ki, Anam indiyəcən əmindir ki, o pulu mən oğurlamamışdım


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 374 Bölmə: Sevgi varmı?