beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kepenek Sevgiler

Köhnə nağıllardan oxuyuruq Leyli-Məcnun sevgisini. Bizə qəribə gəlir sevgidən dəli olub səhralara düşmək. Qeysin dönüb Məcnun olmağı ağlatmır, güldürür bizi. Fərhadın dağ yarmağı, Kərəmin saz çalmağı axmaqlıq gəlir daha. Olmasın Leyli, olmasın Əsli, olmasın Şirin, olsun bir başqası. Nə fərqi var, deyə düşünürük. Günlük sevgilər dəbdədi indi. Səhər tanışlıq, günorta bulvar skamyası, axşam “səni sevirəm”... Kəpənək Sevgilər yaşayırıq, bir günlük. Daha bir gül bəs eləmir, laləzar axtarırıq. Gül, bülbülün nəğmələriylə maraqlanmır, yaşadığı qəfəsə, yediyi yeməyə baxır. Bülbülün fikri, gülün yetişdiyi torpaqda deyil, bağbanın cibindədir...
Daha məktub yolu gözləyən yoxdur. Saatlarla poçt qutusunun qapağını gözləriylə döyən baxışlar tapılmır. Həsrətin ömrü bir telefon zəngi qədər qısadır. Ya da bir mesaj qədər konkret.
Evlilik bəsit və formal bir imzadır. Valideynlərin “halal süd əmmiş gəlin” və ya “pullu kürəkən” istəklərinin məcburi həyata keçirilmə prosesidir. “Filankəs arvad aldı”, “filankəsin qızı ərə getdi” sözlərini duymaq üçün qurulan evcik-evcik oyunu gündəmdədir. Təki elin tənəsindən, söz-söhbətindən uzaq olunsun. Sevmir? Eybi yox, uşaqdır. Öyrənər. Kəpənək sevgi qozasından çıxan kəpənək ailələr...
Hər ay xit olan qəmli mahnıları ilk dəfə metroda gördüyü oğlana hədiyyə etmək, sevməyin ilk atributudur. Yan-yörəsində qız qıtlığına düşüb elanlarda ömür-gün yoldaşı axtarmağın zəmanəsidir. Daha sevdiyini illərlə süründürməyə qorxur qızlar. Birdən evdə qalar. Kimdi daha gecə yarısına qədər pəncərə altında soyuqdan donan? Kimdi bir baxış üçün yüz yağış damlasını udan? Artıq yoldan ötən maşın siqnalı qədər asan olub kəpənək sevgilər...
Namus köhnə nənə sandığında, baba papağında gizlənib. Geyimdə parçaya qənaət arsızlığın limitindədir. Mentalitet, ağızlarda çürüyən çeynənmiş saqqızdı. Podyumlar ət, küçələr qeyrət bazarıdır. İndilərdə hamının azarıdır kəpənək sevgilər...
Daha gözlərdə namuslu baxışlara rast gəlmək olmur. Sevgi, beyinləri alt-üst edən bir neçə saniyəlik şəhvət qədər bəsitləşib. Həyəcandan söz tutmayan, dolaşıb düyün düşən dillər indi hər an yeni bir yalana hamilədir...
Məhəbbət dünyasında üsyan qalxıb. Ehtiras adlı qul zindandan azad olub. Sevgi taxtından düşüb, daha yeri ürəklər deyil... Öz doğma diyarından qovulub. Çətin bir də geri qayıda. O, öz yerini yanıq səslərdə, köhnə nəğmələrdə unutdu. Toz tutan kitab rəflərində, saralmış kinolentlərdə qaldı. Qorxub qaçmadı, məcbur olub tərk etdi. Dözmədi bu qədər alçalmağa, bir günlük yaşanıb yox olmağa. Tab gətirmədi bir gecəlik otel otağında unudulmağa. Mənliyinə sığışdırmadı və tərk etdi bizləri. Yerini bir günlük sevgilərə qoyub getdi.
Cəmi bircə günlük Kəpənək Sevgilərə.


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 142 Bölmə: Sevgi varmı?