beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sen Getdin

Sən getdin... Getdin və dayandı zaman. Bitdi əqrəb ilə dəqiqə əqrəbinin yarışı. Susdu, ürəyimin ayaq səsləri, kəsildi nəfəsim. Axan bir tək sən idin gözlərimdə, gedişin idi. Və bir də xatirələrim idi, mavi mavi, gözlərimdən... Xatirələrimi də aldın yanına ayaq səslərinlə, mavi damlalarım qalırdı bir tək. Və onlar da axırdı gözlərimdən, ayaq səslərinlə damla damla…

Sən getdin… Arxana baxmadı gözlərin və eşitmədi yox olmağımı qulaqların.

Getdin… Geridə ayaq səslərin qaldı ..Artıq səkilərim sənsiz, səkilərim yaş, səkilərim yetim. Bir sən var idin həyatımda, getdin… Geridə sənsizlik qaldı, səkilərim qaldı… Və bir də ayaq səslərin.

Buraxıb getdiyin kimi hər yer, onsuz da zaman dayanmışdı artıq, nəfəs alan da mən deyiləm, səkilərdəki ayaq səsi də… Zaman dayandı… Ayrılarkən əllərin əllərimdən, zaman dayandı gözlərin qaçınca uzaqlara. Və sən də qaçdın gözlərin kimi… Bir tək əlinin istiliyi qaldı əllərimdə, və bir də xəyalin ağlımda, və bir də sevgin ürəyimdə… Sən getdin, və bir ürəyim qaldı və bir də sevgin ürəyimdə…
Sən getdin… Parça parça oldu hər yerim,hər şeyim… Ayaq səslərinlə töküldü bir-bir parçalarım, mavi mavi, göz yaşlarımla birlikdə, yaş səkilərə axdı parçalarım. Zaman dayanmışdı onsuz da,amma axan parçalarım idi yaş səkilərimdə, tək səkilərimdə təkliyə axan parçalarım idi, dayanan zamana inad.

Sən getdin… Getdin, və yanımda parçalarımı da apardın. Çünki sən nəfəsim idin. Çünki sən atəşim idin. Çünki sən mən idin. Gözlərin mənim bir parçam idi, və bədənin, və isti nəfəsin , və hər zərrən… Sən mən idin, mənliyim idin, hər zərrəm idin. Sən getdin və məni yanında apardın, buraxıb məni yaş səkilərdə. Getdin, getdin və mənliyimi apardın, məndəki səni apardın, buraxıb məni ayaq səslərinlə baş-başa.

Sən getdin... Getdin və dayandı zaman… mənliyimi aldı əllərin sürüşərkən əllərimdən. Mənliyim sən idin, sən mənliyim idin, sən mən idin, sən hər şeyim idin… Getdin və səni apardın yanında… bir tək gedişin qaldı, titrək titrək, gözlərimin içində…

Getdin və zaman dayandı… Sən mənsən, sən mənliyimsən, sən hər zərrəmsən… Getdin və zaman dayandı. Sən mən qalacaqsan,mənliyim qalacaqsan,sən məndə qalacaqsan


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 90 Bölmə: Sevgi varmı?