Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kimsəsiz Uşaq [ Hekayə ]

Bu gün tezdən durmuşdu. Düşünürdü ki, fərqli bir gün olacaq. Düşünürdü ki, indiyə kimi yaşadıqları sadəcə yuxudur. Pəncərənin qarşısında dayandı. Çox gözəl bir hava var idi. Bu gün bayramdır, ailəsi ilə birlikdə gəzməyə getmək istədi. Dönüb bacısına baxdı. Şirin –şirin yatmışdı. Onun yaşı az olduğundan olanların fərqinə elə də varmırdı. Üzülürdü, amma nə baş verdiyini dərk eləmirdi. Bəlkə də anlayırdı. Bacısı 3 yaşında olsa da, danışa bilmirdi. 1 yaşından sonra danışmadı. Susdu. Susmağı ilə üsyan eləyirdi. Elə onun da yaşı az idi. 8 yaşında olan uşağın yaşadığı həyat tərzindən uzaq idi. Nədənsə özünü böyüyüb boya-başa çatmış insan kimi aparırdı.

Bacısını oyatdı. Ona qırmızı don geyindirdi. Saçlarını daradı. Yığmağa çalışdı, amma bacarmadı. Bacısı da tərpənmirdi. Sakitcə qardaşının qarşısında oturub gəlinciyi ilə oynayırdı. Başını qaldırıb onun üzünə baxdı. Üzündə ona daha da şirinlik verən bir təbəssüm yarandı. O da əyilib bacısının üzündən öpüb bərk –bərk qucaqladı. “Gəzməyə gedəcəyik”dedi. Bacısı daha da sevindi. Əl- ələ tutub nərdivandan aşağı düşməyə başladılar. Səssizlikdir. Deyəsən, düşündüyü kimi bu gün fərqli olacaqdı. Bacısının əlini bərk- bərk sıxdı. Heç aşağıya çatmamış gördüyü mənzərə onun bütün ümidlərini puç elədi. Yenə anası başı bağlı, ağlaya- ağlaya, dilinin altında nəsə danışırdı. Atası da əlində siqaret, üzünü tük basmış, saçları səliqəsiz halda pəncərənin yanında dayanmışdı. Bacısı başını qaldırıb onun üzünə baxdı. O isə gözlərini yerə dikmişdi. Günahkar uşaqlar kimi başını aşağı salıb, qəmli halda dayanmışdır. Nərdivanda əyləşdi. Bacısıda onun yanında. Anası onları gördü.

- İkinizdə yuxarı qalxın. Tez gözüm görməsin sizi. Tez olun.

- Uşaqlardan hirsini alma.

- Onların mənim uşaqlarımdır özüm bilərəm.

- Eeeee yenə başladın da……..

Beləcə həmişəki mənzərə başlayır. O isə yuxarı qalxmadı. Qalıb bu mənzərəni seyr elədi. Artıq neçənci dəfədir şahidi olmuşdu. Öyrəşmişdi. Yox öyrəşməmişdi, bezmişdi, yorulmuşdu. Bacısı başını onun qollarının arasında gizlətməyə çalışdı. O da əlləri ilə onun qulaqlarını tutdu. Dayanmadan bir- birlərini təhqir edirdilər. Hətta atası anasını vurdu. Amma buna görə o atasına nifrət eləmirdi. Çünki hər ikisini günhalandırırdı. Yuxarı qalxdılar. Balacanın başını qatsın deyə gəlincikləri əlinə aldı və birini ona uzatdı. “Gəl oynayaq. Gəlinciklər əl-ələ verib gəzməyə

getsinlər hə?” Balaca tərpənmədi. Deyəsən aşağıdan gələn səsləri dinləyirdi. Anası yenə qışqırdı. Yəqin atası yenə onu vurmuşdu. O da əlində olan gəlinciyi ilə qardaşının əlində olan gəlinciyə bərk vurdu. Dayanmadan vururdu. O, dillənmədən gəlinciyə baxdı. Oyuncağın gözündə yaş var idi. Ağlayırdı. Yox bu mümkün deyildi. Axı oyuncaq ağlaya bilməz. Fərqinə varmamışdı. Gözlərindən yaş gəlinciyin üzünə düşürdü.

Bu gün bayram idi. Bütün qonşuları ailəsi ilə gəzməyə, qonaq gedirdilər. Onları heyranlıqla izləyirdi. Ən böyük arzusu. Sadəcə uşaq olmaq istəyirdi, yaşıdları kimi olmaq istəyirdi. Bezmişdi hər gün eyni səhnə. Valideynləri onların varlığının fərqinə varmırdı. Nə bir qayğı, nə bir sevgi. Evdən getməyi, tamamilə uzaqlaşmağı düşünürdü. Onsuzda onların yoxluğunun fərqinə varmayacaqdılar. Tərəddüd edirdi. Çünki bacısını tək, burda qoymaq istəmirdi. Özü ilə aparsaydı hara gedəcəkdilər? Axşam olurdu. Artıq gün bitmək üzrə idi. O hələ də düşünürdü. Gedəcəyi yeri tapmışdı bu dəfə ancaq bacısını düşünürdü. Aşağıdakıların səsi yenidən gəlirdi. Yenə dava eləyirdilər. Bacısı gəlib onun əlini tutdu. Gözlərinə baxdı.

- Kaş ki böyük olsaydın. Sən də bir şey danışsaydın. Bəlkə də qərar verməyimə kömək edərdin.

- Cedəy buydan.

- Nə? Sən. Sən danışdın.

- Cedəy buydan.

- Yaxşı yaxşı ağlama.

Hər ikisi aşağı düşdü. Onların yanından keçib çölə çıxdılar. Gedəcəyi yerin ünvanının bilmirdi, amma yenə də dayanmadan addımladı. Bir xeyli uzaqlaşmışdılar. İndidən özünü rahat, huzurlu hiss edirdi. Bacısı da elə. O da qorxmurdu. Qardaşının əlindən tutaraq tullana- tullana gedirdi. Üstəlik mahnı da oxuyurdu. Artıq danışırdı. Nə qədər həkimlərə getmişdilər, amma danışmırdı. İndi isə mahnı oxuyurdu. O, da bacısına

qoşuldu. Birlikdə mahnı oxumağa başladılar. Bu onun xoşuna gəldi. Uzun bir yol getdilər. Birdən hündürboylu, yaşlı bir adam onlara yaxınlaşdı. Uşaqların yol kənarında tək başına olmaları diqqətini çəkmişdi.

- Ey şirinlər, təkcə hara belə?

O başını qaldırıb mülayim təbəssümlə getmək istədiyi yerin adini dedi.

- Kimsəsiz uşaqlar evinə…


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Sevgi varmı?
loading...